Azərbaycan Dövlət Dəniz Akademiyası

Azərbaycan Dövlət Dəniz AkademiyasıHeydər Əliyevin təşəbbüsü və Nazirlər Kabinetinin 1996-cı il 15 iyul tarixli qərarı ilə Bakı Dəniz Yolları Məktəbinin bazasında Azərbaycan təhsilinin yeni istiqaməti kimi ali təhsilli dənizçi kadrlar hazırlayan, dövlət ali təhsil müəssisəsi.[1]

Dəniz Akademiyası
Azərbaycan Dövlət Dəniz Akademiyası
40°22′13″ şm. e. 49°50′36″ ş. u.
Şüar Dənizləri bizimlə fəth edin!
Əsası qoyulub 1996
Tip Dövlət ali təhsil müəssisəsi, akademiya
Rektor Heydər Əsədov
Tələbə sayı 1093
Doktor sayı 30
Professor sayı 6
Müəllim sayı 107
Şəhər Bakı Bakı
Ölkə
Ünvan Səbail rayonu, Z.Əliyeva küçəsi 18, AZ 1000
Metro Sahil metrostansiyası
Sayt adda.edu.az

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) strukturuna daxildir.

Nazirlər Kabinetinin 19 may 2016-cı il tarixli, 197 nömrəli qərarı ilə Elm və Təhsil Nazirliyinin Dəniz Balıq Sənayesi Kolleci “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyinə verilib və Azərbaycan Dövlət Dəniz Akademiyası nəzdində Dənizçilik Kolleci adlandırılıb.[1]

Haqqında

Heydər Əliyevin təşəbbüsü və Nazirlər Kabinetinin 1996-cı il 15 iyul tarixli qərarı ilə Bakı Dəniz Yolları Məktəbinin bazasında Azərbaycan təhsilinin yeni istiqaməti kimi ali təhsilli dənizçi kadrlar hazırlayan Azərbaycan Dövlət Dəniz Akademiyası yaradıldı.[1]

Diplomu dünyanın 170-dən çox ölkəsi tərəfindən tanınan Akademiya bu gün Beynəlxalq Dənizçilik Ali Məktəbləri Assosiasiyasının, Sankt-Peterburq şəhərindəki admiral S.O.Makarov adına Dövlət Dəniz və Çay Donanması Universiteti yanında fəaliyyət göstərən MDB ölkələrinin dənizçilik ali məktəblərinin Tədris-Metodiki Şurasının üzvüdür, Xəzəryanı dövlətlərin Ali Məktəbləri Assosiasiyasının fəal iştirakçısı və dünyanın 11 ölkəsinin 18 universiteti ilə ikitərəfli əməkdaşlıq edən ali təhsil müəssisəsidir.[1]

Akademiya Rusiyanın admiral S.O. Makarov adına Dövlət Dəniz və Çay Donanması Universiteti, Həştərxan Dövlət Texniki Universiteti, F.F. Uşakov adına Novorossiysk Dövlət Dəniz Universiteti, Nevelski adına Dövlət Dəniz Universiteti, Polşanın Şetsin Dəniz Akademiyası, Latviya Dəniz Akademiyası, Estoniya Dəniz Akademiyası TTU, Çernoqoriyanın Monteneqro Dövlət Universiteti, Bolqarıstanın Varna Texniki Universiteti, Ukraynanın Admiral Makarov adına Milli Gəmiqayırma Universiteti, Getman Petr Konaşeviç-Saqaydaçnı adına Kiyev Dövlət Su Nəqliyyatı Akademiyası, Odessa Milli Dəniz Universiteti, Qazaxıstanın Ş. Esenov adına Kaspiysk Dövlət Texnologiya və Mühəndislik Universiteti, Gürcüstanın Batumi Dəniz Akademiyası və Batumi Naviqasiya Tədris Universiteti, Litvanın Klaypeda Universiteti, Türkiyənin İstanbul Texniki Universiteti kimi Ali Təhsil Müəssisələri ilə aktiv əməkdaşlıq edir. Eyni zamanda, ADDA Litvanın İnformacine Raida və Türkiyənin “Turksen Eğitim Ltd” beynəlxalq şirkətləri ilə sıx əlaqələr qurub.

Akademiya 2002-ci ilin oktyabrından etibarən davamlı olaraq dənizçi mütəxəssislərin hazırlanması sahəsində keyfiyyətin menecmenti sistemi üzrə İSO 9001:2000 Beynəlxalq standartı ilə işləyib və 2010-cu ildən Akademiyada İSO 9001:2008 keyfiyyətin menecmenti sistemi tətbiq edilib. 2018-ci ilin fevral ayından Akademiya keyfiyyətin menecmenti sisteminin İSO 9001:2015 standartının yeni sertifikatı ilə işləyir.[2]

2016-cı ilin fevralından dünyanın nüfuzlu təsnifat cəmiyyətlərindən olan Amerika Gəmiçilik Bürosunun (ABŞ) TTM-də apardığı beynəlxalq auditin nəticələri əsasında ABŞ-nin “Tədris müəssisələrinin və təlim kurslarının sertifikatlaşdırılması üzrə standartları”na uyğunluğu təsdiqlənib və beləcə Akademiya 2016-cı ildə ABŞ-nin uyğunluq sertifikatını əldə edib.[2]

Tarixi

Çar Rusiyasi və AXC dövrü

Azərbaycanda dənizçi kadrların hazırlanmasına 1881-ci ilin noyabrından başlanılmışdır.

Azərbaycan Respublikasının Dövlət Tarix Arxivində Bakı şəhər başçısının Qafqaz baş idarə rəisinə Bakıda 21 noyabr 1881-ci ildə Dənizçilik siniflərinin açılması barədə məlumatı vardır. Həmin illər Bakı dənizçilik siniflərində oxuyanların əksəriyyəti dənizdə işləyənlər idi.

1896-cı ildə dənizçilik sinifləri nəzdində mexanika kursu (sonralar gəmi mexanikləri məktəbi) açıldı.

1 iyul 1902-ci ildə Bakı dənizçilik sinifləri əsasında üç illik Bakı uzaq səfərlər məktəbi yaradıldı və eyni zamanda məktəbin tərkibində hazırlıq kursları təşkil edildi.

SSRİ dövrü

1 oktyabr 1921-ci ildə isə Bakı Su Nəqliyyatı Texnikumunda istehsalatdan ayrılmamaqla axşam şöbəsi və istehsalatdan ayrılmaqla əyani şöbə açıldı.

1925-ci ildə ilk dəfə olaraq, texnikumun tərkibində Azərbaycan bölməsi açıldı.

Müstəqillik dövrü

1995-ci ilin may ayında Azərbaycan Beynəlxalq Dəniz Təşkilatına üzv qəbul olundu və bu təşkilatın bütün konvensiyalarını qəbul etdi. Azərbaycan Konvensiyaya qoşulduqdan sonra Dəniz Akademiyası ilk gündən BDT-nin "Dənizçilərin hazırlanması, onlara diplom verilməsi və növbə çəkməsi haqqında" 1978-ci ildə qəbul edilmiş Beynəlxalq Konvensiyanın tələblərinə uyğun olaraq təhsilini qurmuşdur.

Azərbaycan Dövlət Dəniz Akademiyası 2000-ci ilin yanvar ayında Beynəlxalq Dəniz Təşkilatının dəniz təhsil məktəbləri kataloquna 012 sayla daxil edilmişdir.[1]

Adının tarixi

  • Bakı Su Nəqliyyatı Texnikumu (1921–1924)
  • Bakı Su Yolları Texnikumu (1924–1930)
  • Bakı Dənizçilik Texnikumu (1930–1944)
  • Bakı Dəniz Yolları Məktəbi (1944–1996)
  • Azərbaycan Dövlət Dəniz Akademiyası (1996-..)

Strukturu

Təlim Tədris Mərkəzi

Diplom və sertifikatları beynəlxalq səviyyədə tanınan Akademiyanın fəaliyyəti çoxşaxəli olmaqla, həm yüksəkixtisaslı dənizçi kadrların hazırlanması, həm də onların ixtisasartırma və yenidən hazırlanması istiqamətlərilə xarakterikdir. Bu məqsədlə Akademiyada Nazirlər Kabinetinin 2000-ci il 8 may tarixli 83 nömrəli qərarı ilə "Dənizçilərin hazırlanması və sertifikatlandırılması mərkəzi" yaradılıb. 2014-cü ildən isə dənizdə işləyən mütəxəssislərin hazırlanması və sertifikatlandırılmasını Akademiyanın nəzdində fəaliyyət göstərən Təlim Tədris Mərkəzi həyata keçirir. Təlim Tədris Mərkəzinin fəaliyyətinin əsas məqsədi gəmi heyətlərinin və dəniz obyektlərində işləyən mütəxəssislərin Dənizçilərin Hazırlanması, Sertifikatlandırılması və Növbə Çəkmələri (DHSNÇ) haqqında Beynəlxalq Konvensiyanın və ona edilmiş əlavələrin tələblərinə və standartlarına uyğun hazırlanmasıdır. Mərkəzin nəzdində müvafiq ixtisaslar üzrə sıravi heyət mütəxəssislərinin hazırlanması da həyata keçirilir.[1]

Təlim Tədris Mərkəzi Beynəlxalq Keyfiyyət İdarəetmə Sistemi İSO 9001:2015 standartına uyğun fəaliyyətini təşkil etmiş və “Bureau Veritas” Beynəlxalq Sertifikatlaşdırma təşkilatı tərəfindən audit olunaraq Sertifikata layiq görülmüşdür.

Böyük Britaniyanın nüfuzlu “The Nautical İnstitute” təşkilatının nümayəndə heyətinin 2017-ci ilin 6-7 iyul tarixlərində keçirdiyi yoxlamanın nəticələrinə əsasən, Azərbaycan Dövlət Dəniz Akademiyasının Təlim Tədris Mərkəzinin Dinamik Mövqe Saxlama Simulyatoruna sertifikat verilmişdir.[1]

Maddi-texniki Bazası

Akademiyada 4 elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir. Tələbələr tədrislə yanaşı, həm də kafedraların elmi-tədqiqat laboratoriyalarının araşdırmalarında iştirak edirlər.

Professor-müəllim və tələbə heyətinin effektiv fəaliyyəti üçün Akademiyada hər cür şərait yaradılmışdır. Onların tələbatını ödəyən kompüter mərkəzi, poliklinika, yeməkxana, şəhərin mərkəzində rahat, təmirli yataqxana vardır. Akademiyanın Azərbaycan, rus və ingilis dillərində 80.000-nə yaxın dənizçilik ixtisasları üzrə dərslik və dərs vəsaitləri, elmi, bədii ədəbiyyat toplanmış zəngin elmi-texniki kitabxanası fəaliyyət göstərir.

Tədris gəmisi

Akademiyada müasir tədrisi təmin edən vasitələrdən biri də tədris gəmisidir. Tədris gəmisindən konvension ixtisaslarda təhsil alan tələbələrin nəzəri və praktiki məşğələlərinin tədrisində və istehsalat təcrübələrinin keçirilməsində istifadə olunur. 2015-ci il sentyabrın 15-dən tədris gəmisi kimi ADDA tələbələrinin ixtiyarına verilən “General Əsədov”, 2017-ci ildən isə “Sabit Orucov” sərnişin gəmisində, digər müasir dünya standartlarına cavab verən gəmilərdə, Bakı Gəmiqayırma Zavodunda tələbələrimiz həm ixtisas fənlərini, həm də istehsalat təcrübəsini öyrənirlər.[1]

Elektron kitabxana

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 1996-cı il tarixli 91 nömrəli “Bakı Dəniz yolları məktəbi bazası əsasında Azərbaycan Dövlət Dəniz Akademiyasının təşkili haqqında” qərarına uyğun olaraq, Akademiyanın Elmi-texniki kitabxanasının ali məktəb kitabxanaları səviyyəsində təşkil olunması üçün əsaslı yenidənqurma işləri aparılmışdır. Hazırda kitabxana dənizçilik ixtisasının bütün sahələrini əks etdirən, çox zəngin ədəbiyyat fonduna malikdir. Burada 1800-cü illərin sonundan başlayaraq, müxtəlif elm sahələrinə aid 80 minə yaxın ədəbiyyat toplanmışdır. “Nadir və qiymətli ədəbiyyat fondu”, “Dərslik fondu”, “Bədii ədəbiyyat fondu”, “Mühazirələr fondu”, “Sorğu-məlumat fondu”, “ADDA-nın Elmi əsərləri” məcmuə fondu oxucuların istifadəsinə verilmişdir. Kitabxanada “Elektron kitabxana” zalı fəaliyyət göstərir. Oxucular fənn mühazirələrinin, laboratoriya işlərinin, metodik vəsaitlərin elektron versiyasından, həmçinin İNTERNET xəttilə digər kitabxanaların materiallarından çox rahatlıqla istifadə edə bilirlər. Elmi-texniki kitabxanada tələbələrə, professor-müəllim heyətinə, magistr və doktorantlara kitabxana-biblioqrafiya xidməti göstərilir. Kitabxananın qiraət zalları müasir standartlara uyğunlaşdırılmışdır, yeni, rahat mebel avadanlıqları, kompüter texnikası ilə təchiz edilmişdir.[1]

Təhsil sistemi

Azərbaycan Dövlət Dəniz Akademiyasında dənizçilik ixtisasları üzrə təhsilin bütün pillələrində (bakalavriat, magistratura, doktorantura) yüksək səviyyədə, müasir standartlara cavab verən tədris prosesi qurulub.

Hazırda ADDA-da 2 fakültə və 7 kafedra fəaliyyət göstərir. Akademiyada 1093 tələbə təhsil alır. Burada 4 ixtisas - "Dəniz naviqasiyası mühəndisliyi", "Gəmi energetik qurğularının istismarı mühəndisliyi", “Elektrik və elektronika mühəndisliyi” , "Gəmiqayırma və gəmi təmiri mühəndisliyi" ixtisasları üzrə qəbul aparılır.[3]

Bu gün Dəniz Akademiyasında təkcə ölkə gəncləri deyil, Rusiya, Türkiyə, Gürcüstan, QazaxıstanUkraynadan gələn tələbələr də təhsil alır.

"Gəmi mexanikası və elektromexanikası" fakültəsi dənizçilik sahəsində bakalavr, magistratura və doktorantura pillələrində aşağıdakı ixtisaslar üzrə mütəxəssislərin, həmçinin elmi-pedoqoji kadrların hazırlığını aparır:

Bakalavriat səviyyəsində:

  • Gəmi energetik qurğularının istismarı mühəndisliyi
  • “Elektrik və elektronika mühəndisliyi”

Magistratura səviyyəsində:

  • Dəniz texnikası və avadanlıqlarının istismarı mühəndisliyi
  • Elektrik mühəndisliyi

Doktorantura pilləsi üzrə:

  • Gəmiçilik texnikası[3]

Fakültənin tərkibinə 3 kafedra daxildir:

  • “Gəmi energetik qurğuları” kafedrası
  • “Gəmi elektroavtomatikası” kafedrası
  • “Tətbiqi mexanika” kafedrası

Fakültənin məzunları yalnız Xəzər dənizində deyil, dünyanın bütün sularında üzən gəmilərdə, aparıcı beynəlxalq şirkətlərdə, limanlarda, gəmi təmiri müəssisələrində çalışırlar.

“Gəmi energetik qurğularının istismarı mühəndisliyi” ixtisası üzrə hazırlanan mütəxəssislər gəminin daxiliyanma mühərriklərinin və energetik qurğularının istismarı sahəsində çalışa bilərlər. Təhsil aldıqları dövrdə ali təhsil diplomu ilə yanaşı işçi diplom və müvafiq sertifikatlar alırlar ki, bu da məzunlara Azərbaycanın və xarici ölkələrin gəmiçilik şirkətlərində gəmi mexaniki və ya növbətçi mexanik kimi işləməyə imkan verir.

“Elektrik və elektronika mühəndisliyi” ixtisasını uğurla bitirən tələbələr gəmiqayırma və gəmi təmiri müəssisələrində mühəndis, dünyada Beynəlxalq Dəniz Təşkilatının üzvü olan dövlətlərin bayrağı altında üzən bütün gəmiçilik şirkətlərinin gəmilərində elektrik mexaniki vəzifələrində çalışa bilərlər.

“Gəmi sürücülüyü” fakültəsi dənizçilik sahəsində bakalavriat, magistratura və doktorantura pillələrində aşağıdakı ixtisaslar üzrə mütəxəssis hazırlığını aparır:

Bakalavriat pilləsi üzrə:

  • Dəniz naviqasiyası mühəndisliyi
  • Gəmiqayırma və gəmi təmiri mühəndisliyi

Magistratura pilləsi üzrə:

  • Gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi
  • Dəniz texnikası və texnologiyası mühəndisliyi

Doktorantura pilləsi üzrə:

  • Gəmiçilik və su nəqliyyatının istismarı
  • Gəmiqayırma və gəmi təmiri texnologiyası

Fakültənin tərkibinə 4 kafedra daxildir:

  • “Dəniz naviqasiyası” kafedrası
  • “Gəmiqayırma və gəmi təmiri” kafedrası
  • “Hümanitar fənlər” kafedrası
  • "İngilis dili" kafedrası
  • “Dəniz naviqasiyası mühəndisliyi” ixtisasının məzunları dünyada Beynəlxalq Dəniz Təşkilatının üzvü olan dövlətlərin bayrağı altında üzən bütün gəmiçilik şirkətlərinin gəmilərində kapitanın növbə köməkçisi, baş köməkçi və kapitan kimi məsul vəzifələrdə çalışa bilərlər.[3]

“Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” ixtisası üzrə hazırlanan mütəxəssislər müxtəlif təyinatlı gəmilərin layihələndirilməsini, inşasını və onların təmirini həyata keçirirlər. Elmi-tədqiqat institutlarında, gəmiqayırma və gəmi təmiri müəssisələrində texnoloq, konstruktor, sex və şöbə rəisləri, elmi işçi kimi işləyə bilərlər.

Fotoqalereya

Əməkdaşlıq etdiyi universitetlər

Akademiya aşağıda qeyd olunan universitetlərlə əməkdaşlıq edir:

  • Admiral O. Makarov adına Dövlət Dəniz və Çay Donanması Universiteti (Sankt-Peterburq, Rusiya)
  • Şetsin Dəniz Akademiyası (Polşa)
  • Latviya Dəniz Akademiyası (Latviya)
  • Estoniya Dəniz Akademiyası TTU (Estoniya)
  • Monteneqro Dövlət Universiteti (Çernoqoriya)
  • Varna Texniki Universiteti (Bolqarıstan)
  • Admiral Makarov adına Milli Gəmiqayırma Universiteti (Ukrayna)
  • Həştərxan Dövlət Texniki Universiteti (Rusiya)
  • Ş. Esenov adına Kaspiysk Dövlət Texnologiya və Mühəndislik Universiteti (Qazaxıstan)
  • Odessa Milli Dəniz Universiteti (Ukrayna)
  • Uşakov adına Novorossiysk Dövlət Dəniz Universiteti (Rusiya)
  • Getman Petr Konaşeviç-Saqaydaçnıy adına Kiyev Dövlət su nəqliyyatı Akademiyası (Ukrayna)
  • Nevelskiy adına Dövlət Dəniz Universiteti (Vladivostok, Rusiya)
  • İstanbul Texniki Universiteti (Türkiyə)
  • Batumi Naviqasiya Tədris Universiteti (Gürcüstan)
  • Batumi Dəniz Akademiyası (Gürcüstan)[1]
  • Klaypeda Universiteti (Litva)

İstinadlar

  1. "ADDA-nın rəsmi veb saytı" (az.). 2017-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-03-02.
  2. "Azərbaycan Dövlət Dəniz Akademiyası" (az.). https://www.asco.az. Archived from the original on 2023-01-12.
  3. "Dəniz Akademiyası ilə bağlı ən çox verilən suallar – Qəbul qaydaları, xüsusi tələblər" (az.). Archived from the original on 2023-01-13.

Həmçinin bax

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.