Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası — Azərbaycanda özəl ali təhsil müəssisəsi.

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası
AƏSMA
Əvvəlki adları Moskva Əmək və Sosial Münasibətlər Akademiyasının Bakı filialı
Əsası qoyulub 1999
Rektor Hüseyn Qaraşov
Şəhər Bakı Bakı
Ünvan Azadlıq prospekti 181
Sayt aesma.edu.az

Haqqında

Kadr hazırlığı həmişə Azərbaycan həmkarlar ittifaqlarının diqqət mərkəzində оlmuşdur. Kadr və fəalların iхtisasının artırılması və yenidən hazırlanması vəzifəsini 1952-ci ildən müхtəlif adlarla fəaliyyət göstərmiş həmkarlar ittifaqlarının tədris mərkəzi yerinə yetirmişdir. Eyni zamanda, ali təhsilli kadrlar hazırlamaq üçün 1962-ci ildə keçmiş SSRİ-nin Həmkarlar İttifaqları Hərəkatı Ali məktəbinin Bakı Tədris-Məsləhət Məntəqəsi yaradılmışdır. Həmin məntəqə 1998-ci ildə Rusiya Federasiyası Əmək və Sоsial Münasibətlər Akademiyasının Bakı filialına çevrildi. 2006-cı ildə isə Filialın bazasında müstəqil ali təhsil müəssisəsi — Azərbaycan Əmək və Sоsial Münasibətlər Akademiyası yaradıldı.Akademiyaya ümumi rəhbərliyi mövcud qaydada təşkil olunmuş və rektorun başçılıq etdiyi Elmi Şura həyata keçirir. Elmi Şura fəaliyyətini Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Ali təhsil müəssisəsinin Elmi Şurası haqqında əsasnamə"sinə uyğun həyata keçirir. Elmi Şuranın səlahiyyət müddəti 3 (üç) ildir. Elmi Şuranın üzvləri 17 nəfərdən ibarətdir.

Təsisçisi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, BHİK-in və Pan Avropa Regional Şurasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Suliddin oğlu Möhbalıyev.

Rəhbərlik

Rektor: Hüseyn Qaraşov

1978-ci ildən Azərbaycan Həmkarlar İttifaqları təhsil müəssisəsində çalışır. Tədris mərkəzində metodist, direktor müavini, direktor, 1999-cu ildən Həmkarlar ittifaqlarının ali təhsil müəssisəsi olan Rusiya Federasiyası Əmək və Sosial Münasibətlər Akademiyası Bakı Filialının direktoru, 2006-cı ildən isə Filialın bazasında yaradılmış Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektorudur.

Sosiologiya elmləri doktoru, professor, əməkdar müəllim, AHİK-in Məclis üzvü, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi Rəyasət heyətinin üzvüdür.

Təhsil

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında tədris ali təhsillə bağlı mövcud qanunvericiliyə əsasən təşkil olunur. Tədris ili iki semestrdən: payız və yaz semestrlərindən ibarətdir. Bundan əlavə, yay tətili müddətində altı həftədən çox olmayaraq yay semestri də təşkil oluna bilər. Tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə 30 kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbələrə əlavə fənn də seçməyə icazə verilir. Bütün hallarda bir semestrdə tələbənin götürdüyü kreditlərin sayı 40-dan çox olmamalıdır. Tələbənin beş günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır. Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir. Buraxılış işinin hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir.

Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyən edilir. Kreditlər tələbənin auditoriya (mühazirə, seminar, praktik məşğələlər, laboratoriya) dərslərində iştirak etməsi; auditoriyadankənar (tələbənin müstəqil və müəllimin rəhbərliyi ilə sərbəst işi) işi; təcrübələrdə iştirak etməsi; laboratoriya işlərini yerinə yetirməsi; imtahanlara hazırlığı və imtahanları verməsi; buraxılış işini hazırlaması və müdafiəsi, eləcə də buraxılış dövlət imtahanına hazırlığı və həmin imtahanı verməsi kimi fəaliyyəti üzrə müəyyənləşdirilir.

Tədris prosesi auditoriya və auditoriyadankənar şəkildə təşkil olunur. Sərbəst işlərin həcmi keçirilən mühazirələrə, seminarlara və praktik məşğələlərə ayrılan akademik saatlara müvafiq olaraq müəyyənləşdirilir. Bu zaman bütün növ dərslərin bir akademik saatına bir saatdan az olmayaraq sərbəst iş müəyyənləşdirilir. Müəllimin rəhbərliyi ilə tələbənin sərbəst işi fənnin tədrisindəki mürəkkəb məsələlərin həllindən, ev tapşırıqlarının, yoxlama işlərinin yerinə yetirilməsindən, hesabatların hazırlanmasından ibarət olub, xüsusi tərtib edilmiş cədvəllə həyata keçirilir.

Fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbə həmin fəndən imtahana buraxılmır.


Tərkibi

"Əmək və Sosial Münasibətlər" Jurnalı

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının əsas mətbu orqanı "Əmək və sosial münasibətlər" elmi-praktiki jurnalıdır. Jurnal ildə iki dəfə 8–10 çap vərəqi həcmində, 300 tirajla çap olunur. Bu gün, elmi jurnalların çoxluq təşkil etdiyi bir zamanda, "Əmək və sosial münasibətlər" elmi-praktiki jurnalının qarşısında təqdim edilən məqalələrdə elmi səviyyənin yüksək olması, intellektual potensialın yetişdirilməsi və möhkəmləndirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, sosialəmək münasibətləri problemlərinin öyrənilməsinə töhfə vermək, informasiya texnologiyaları sahəsində son illərdə əldə olunmuş uğurları beynəlxalq elmi əməkdaşlıqda tətbiq etmək və s. bu kimi mühüm vəzifələr durur."Əmək və sosial münasibətlər" elmi-praktiki jurnalı intellektual diskussiyalar və elmi məsələlər ətrafında fikir mübadiləsi aparmaq üçün həmişə açıqdır. Jurnal həmkarlar ittifaqı hərəkatı, sosial problemlər və müasir elmin iqtisadiyyat, sosiologiya, hüquq və s. inkişafı ilə bağlı olan aktual məsələlərin əsl müzakirə meydanıdır.

Gender Araşdırmaları Mərkəzi

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında "Gender Araşdırmaları Mərkəzi" (GAM) fəaliyyət göstərir. Mərkəzin yaradılmasında məqsəd Azərbaycanda gender sahəsində olan problemləri araşdırmaq, ölkədə müvafiq sahədə aparılan tədbir və islahatları təhlil etmək, yeni fikir və ideyalarla çıxış etmək, fərqli təklifləri aidiyyəti orqanlara çatdırmaq, cəmiyyətdəki cinslərarası zorakılıq hallarının aradan qaldırılması yollarını aramaq, tələbələr arasında gender mədəniyyətinin formalaşmasında maarifləndirici işlər aparmaqdan ibarətdir. Bunun üçün Mərkəzə bu sahədə təcrübəsi olan mütəxəssislər, qabaqcıl tələbələr cəlb olunub. Mərkəzin xətti ilə Akademiyada artıq üç dəfə "Azərbaycanda gender problemləri: mövcud vəziyyət və əsas istiqamətlərdə inkişaf" mövzusunda respublika konfransı keçirilib. Akademiyanın müəllimləri tərəfindən "Qadın: ailədə, cəmiyyətdə, təhsildə, dində, ədəbiyyatda" və "Gender asimmetriyası" adlı əsərlər yazılmışdır.

İqtisadi Araşdırmalar Mərkəzi

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında "İqtisadi Araşdırmalar Mərkəzi" (İAM) fəaliyyət göstərir. Mərkəzin yaradılmasında məqsəd ölkədə iqtisadi sahədə aparılan islahatları təhlil etmək, yeni fikir və ideyalarla çıxış etmək, fərqli təklifləri aidiyyəti orqanlara çatdırmaqdan ibarətdir. İqtisadi mövzularda dəyirmi masalar keçirmək, debatlar təşkil etmək, layihələr tərtib etmək bu yolda atılan addımlardandır. 2014-cü ildə Mərkəzin xətti ilə Akademiyada "Vergi yükünün iqtisadi artıma təsirinin müəyyənləşdirilməsi: I və II tip Laffer nöqtələrinin tapılması" mövzusunda dəyirmi masa, "Dövlət büdcəsinin gəlirlərinin formalaşmasında neft sektorunun rolu" və "Cəmiyyətin sosial-iqtisadi inkişafına kreditlərin təsiri" mövzularında debatlar keçirilmişdir. Sevindirici haldır ki, Mərkəzin gənc üzvlərinin hazırladığı iqtisadi layihə Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən bəyənilmiş və həyata keçirilməsi üçün maliyyələşdirilməsinə qərar verilmişdir.

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.