Azərbaycan İnvestisiya Şirkəti

“Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ)Azərbaycanda investisiya fəaliyyətinin məqsədini, əsasən, ölkə iqtisadiyyatının qeyri-neft sahələrində fəaliyyət göstərən səhmdar cəmiyyətlərinin və digər kommersiya təşkilatlarının nizamnamə kapitalındakı iştirak payını, o cümlədən səhmlərini almaqla müddətli investisiya qoyuluşunun həyata keçirilməsini təşkil edir.

Azərbaycan İnvestisiya Şirkəti
  • “Azərbaycan İnvestisiya Şirkəti” ASC
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yaradılma tarixi 2006
Baş qərargah
Ünvan Bakı şəhəri 8 Noyabr pr. 25E, Bakı Ağ Şəhər ofis binası, 3cü mərtəbə
Rəhbərlik
İcraçı direktor Ülvi Mansurov
Müavinlər

Murad Abdullayev

Yasin Cəlilov
Rəsmi saytı aic.az

Prezident İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli “Sahibkarlığın inkişafına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Fərmanına əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyindəki Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsin və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin birləşmə formasında yenidən təşkili yolu ilə İqtisadiyyat Nazirliyinin tabeliyində “Azərbaycan Biznesinin İnkişafı Fondu” publik hüquqi şəxs yaradılıb. Fond Sahibkarlığın İnkişafı Fondunun və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin hüquqi varisidir, onların hüquq və öhdəlikləri, habelə əmlakı Fonda keçib.[1]

Tarixi

Şirkət Azərbaycan Respublikası Prezidentinin 30 mart 2006-cı il tarixli 1395 nömrəli "İnvestisiya Fəaliyyətinin Təşviqi üzrə Əlavə Tədbirlər haqqında" Sərəncamı ilə yaradılmışdır.[2]

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 2014-cü il tarixli 288 nömrəli “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Fərmanı ilə regionlarda sənaye məhəllələrinin fəaliyyətinin təşkili və tənzimlənməsi "Azərbaycan İnvestisiya Şirkəti" ASC-yə həvalə edilmişdir.[3]

Eyni zamanda 2007-ci ildə AİŞ, İslam İnkişaf Bankı (İDB), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (İCD), Küveytin “Saham Holdinq” investisiya fondu və Yəmənin “Al-Ahmar Group” şirkəti tərəfindən Azərbaycanın qeyri-neft sektorunun inkişafına töhfə verilməsi məqsədi ilə “Xəzər Beynəlxalq İnvestisiya Şirkəti” QSC (XBİŞ) yaradılmışdır. XBİŞ iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə kənd təsərrüfatı (istixanalar, bağlar, kənd təsərrüfatı məhsullarının emalı və s.) sahəsində həyata keçirilən layihələrə investisiya yatırmışdır.[4]

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 oktyabr tarixli Fərmanı ilə sənaye məhəllələrinin təşkili və idarə edilməsi AİŞ-ə həvalə edilmişdi.[5]

Azərbaycan Respublikası Prezidentinin 22 yanvar 2021-ci il tarixli müvafiq Fərmanlarına əsasən Neftçala, Masallı, Hacıqabul və Sabirabad sənaye məhəllələri “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin əsasında yaradılmış İqtisadi Zonaların İnkişafı Agentliyinin tabeliyinə verilib.[5]

Prinsipləri

Azərbaycan İnvestisiya Şirkəti"nin Nizamnaməsinə əsasən [6] prinsipləri aşağıdakılardır:

  • Kommersiya səmərəliliyi;
  • Şirkətin investisiya qoyuluşu üçün müəyyən edilmiş məqsədlərə uyğunluğu;
  • İnvestisiya obyekti tərəfindən istehsal olunan malların və göstərilən xidmətlərin yüksək əlavə dəyərinin təmin olunması;
  • İstehsal olunacaq məhsulların (malların və xidmətlərin) rəqabətədavamlı olması;
  • Obyektin fəaliyyətinin yüksək səviyyədə təşkilini təmin edən və həmin fəaliyyət sahəsində kifayət qədər təcrübəyə malik olan strateji investorun (investorlar qrupunun) olması;
  • Maliyyə (mühasibat) hesabatlarının Beynəlxalq Standartlara uyğun aparılması və ya onların tətbiqi;
  • Maliyyə (mühasibat) hesabatlarının kənar auditor tərəfindən yoxlanılması;
  • İnvestorların, səhmdarların və digər maraqlı şəxslərin hüquqlarının müdafiəsini təmin edən korporativ idarəetmə prinsiplərinin tətbiq edilməsi;
  • AİŞ-in minoritar paya (30%-dək) sahib olması;
  • AİŞ-in Müşahidə Şurasında iştirakı (Direktorlar Şurası).[7]

İnvestisiya yatırılmış layihələr

Cari

  • Səba ASC
  • Milk-Pro MMC
  • Diamed Co
  • Azərsun İstehsalat və Logistika Mərkəzi MMC
  • Bakı Gəmiqayırma Zavodu MMC
  • Xəzər Beynəlxalq İnvestisiya Şirkəti QSC
  • “Balacans Agro Food” MMC[8]

Tamamlanmış

  • Ağstafa Aqrar Sənaye Kompleksi
  • Azərbaycan Duz İstehsalat Birliyi QSC
  • AzərToxum MMC
  • Holcim Azərbaycan ASC
  • Sanqaçal Terminal QSC

Sənaye məhəllələri

2015-2021-ci illərdə AİŞ-in tabeliyində 4 sənaye məhəlləsi fəaliyyət göstərmişdir.

Sənaye məhəlləsi - sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura malik olan kiçik və orta sahibkarlar tərəfindən məhsul istehsalı və xidmət göstərilməsi üçün istifadə edilən ərazi. Bu istiqamətdə AİŞ-in başlıca fəaliyyəti sənaye məhəllələrində sənaye istehsalının və müvafiq xidmət sahələrinin təşkili üçün zəruri infrastrukturu və biznes şəraitini yaratmaq, sənaye məhəllələrinin sənayeləşmə siyasətinin icrasında əsas vasitələrdən birinə çevirməkdir.

Neftçala Sənaye Məhəlləsi

Neftçala Sənaye Məhəlləsi İlham Əliyevin 2 fevral 2015-ci il tarixli 1011 nömrəli sərəncamı ilə yaradılmışdır.[9] 24 sentyabr 2017-ci il tarixində prezidentin iştirakı ilə Neftçala Sənaye Məhəlləsinin açılışı olmuşdur. Avtomobil, balıq yemi, metal məmulatlar, suvarma sistemləri, polietilen suvarma boruları, kağız stəkanlar və hazır içkilər istehsalı, balıq emalı və konservləşdirilməsi ilə məşğul olan müəssisələr sənaye məhəlləsinin iştirakçısı kimi qeydiyyata alınmışdır.[10] Azərbaycan Respublikası Prezidentinin 22 yanvar 2021-ci il tarixli müvafiq Fərmanına əsasən Neftçala sənaye məhəlləsi İqtisadi Zonaların İnkişafı Agentliyinin tabeliyinə verilib.[5]

Masallı Sənaye Məhəlləsi

Masallı Sənaye Məhəlləsi Azərbaycan Prezidentinin 13 iyun 2016-cı il tarixli 2115 nömrəli Sərəncamı ilə yaradılmışdır.[11] 2018-ci il 18 sentyabr tarixində Prezidentin iştirakı ilə Masallı Sənaye Məhəlləsinin açılışı olmuşdur. Hal-hazırda sənaye məhəlləsində döşək və metal yay, uşaq, mətbəx, yumşaq və metal profilli müxtəlif mebellər, taxta və metal emalı və məmulatları, işıq dirəkləri, park oturacaqları, dam örtükləri və aksessuarları, plastik qapı və pəncərələrin istehsalına dair layihələr həyata keçirilir. Eyni zamanda sənaye məhəlləsində fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə sıx əlaqədə olacaq onların dayanıqlı inkişaf tələblərinə uyğun çoxsaylı dəstəklərin verilməsi, hüquqlarının müdafiəsini həyata keçirəcək ilk regional KOB Dostu xidməti fəaliyyət göstərir.[12][13] Azərbaycan Respublikası Prezidentinin 22 yanvar 2021-ci il tarixli müvafiq Fərmanına əsasən Masallı sənaye məhəlləsi İqtisadi Zonaların İnkişafı Agentliyinin tabeliyinə verilib.[5]

Hacıqabul Sənaye Məhəlləsi

Prezidentin 25 iyul 2017-ci il tarixli 3127 nömrəli Sərəncamı ilə yaradılmış Hacıqabul Sənaye Məhəlləsində infrastruktur layihələrinin tikintisi işləri 2019-cu ilin may ayında başa çatırılıb sahibkarlıq subyektlərinin istifadəsinə verilmişdir. Sənaye məhəlləsinə ağır maşınqayırma, xüsusi vaqonqayırma və kompozit materialları, plastik tara və su qabları, avtomobil, tikinti materiallarının istehsalı üçün avadanlıqlar və onların ehtiyat hissələri, müxtəlif növ gübrələr, balıq yemi, avtomobil şinlərinin və akkumulyatorların təkrar emalı, polipropilen kisələrin istehsalı, müxtəlif qablaşdırma məhsullarının istehsalı layihələri üzrə şirkətlərin iştirakçı kimi qeydə alınmaları barədə "Azərbaycan İnvestisiya Şirkəti" ASC tərəfindən qərar qəbul olunmuşdur.[14] Azərbaycan Respublikası Prezidentinin 22 yanvar 2021-ci il tarixli müvafiq Fərmanına əsasən Hacıqabul sənaye məhəlləsi İqtisadi Zonaların İnkişafı Agentliyinin tabeliyinə verilib.[5]

Sabirabad Sənaye Məhəlləsi

Azərbaycan Prezidentinin 27 noyabr 2017-ci il tarixli, 3407 nömrəli Sərəncamı ilə yaradılmış və 28 noyabr 2017-ci il tarixində Prezidentin tərəfindən təməli qoyulmuş Sabirabad Sənaye Məhəlləsində ilkin olaraq müxtəlif növ konfet və şirniyyat istehsalı, yun və təbii bitki tədarükü, orqanik gübrə istehsalı, bal məhsullarının qablaşdırılması, heyvan yemi istehsalı, ədviyyat istehsalı və qablaşdırılması sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin iştirakçı kimi qeydiyyata alınmaları barədə “Azərbaycan investisiya Şirkəti” ASC tərəfindən qərar qəbul edilmişdir.[15] Azərbaycan Respublikası Prezidentinin 22 yanvar 2021-ci il tarixli müvafiq Fərmanına əsasən Sabirabad sənaye məhəlləsi İqtisadi Zonaların İnkişafı Agentliyinin tabeliyinə verilib.[5]

Həmçinin bax

İstinadlar

  1. ""Azərbaycan Biznesinin İnkişafı Fondu" publik hüquqi şəxs yaradılıb". 2022-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-13.
  2. "İnvestisiya fəaliyyətinin təşviqi üzrə əlavə tədbirlər haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 2022-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-18.
  3. "Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". 2014-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-18.
  4. XƏZƏR BEYNƏLXALQ İNVESTİSİYA ŞİRKƏTİ QSC
  5. "SƏNAYE MƏHƏLLƏLƏRİ İQTİSADİ ZONALARIN İNKİŞAFI AGENTLİYİNİN TABELİYİNƏ VERİLDİ". 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-03.
  6. ""Azərbaycan İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyətinin NİZAMNAMƏSİ". 2018-08-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-05-18.
  7. "İNVESTİSİYA PRİNSİPLƏRİ". 2018-08-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-05-18.
  8. (#empty_citation)Azərbaycan İnvestisiya Şirkəti və “Balacans Agro Food” arasında investisiya müqaviləsi imzalanıb
  9. Neftçala Sənaye Məhəlləsinin yaradılması haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
  10. "İlham Əliyev Neftçala Sənaye Məhəlləsinin açılışında iştirak edib". 2018-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-18.
  11. "Masallı Sənaye Məhəlləsinin yaradılması haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 2022-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-18.
  12. "Masallı Sənaye Məhəlləsinin açılışında İlham Əliyevin nitqi". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-18.
  13. "İlham Əliyev Masallı Sənaye Məhəlləsinin açılışında iştirak edib". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-18.
  14. "Hacıqabul Sənaye Məhəlləsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2019-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-18.
  15. "Sabirabad Sənaye Məhəlləsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2019-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-18.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.