Azərbaycan Memarlıq və İnşaat Universiteti
Azərbaycan Memarlıq və İnşaat Universiteti və ya qısaca AzMİU — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi.
Azərbaycan Memarlıq və İnşaat Universiteti AzMİU | |
---|---|
| |
Əsası qoyulub | 1975 |
Rektor | Gülçöhrə Məmmədova |
Tələbə sayı | 8.500 |
Şəhər | Bakı |
Ölkə | |
Ünvan | Ayna Sultanova küçəsi, 5 |
Metro | Elmlər Akademiyası |
Sayt | azmiu.edu.az |
Tarixi
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) 1920-ci ildən Bakı Politexnik İnstitutunun tərkibində inşaat fakültəsi, 1930–1934-cü illərdə müstəqil İnşaat və Memarlıq İnstitutu, 1934-cü ildən Azərbaycan Sənaye İnstitutunun, 1951-ci ildən isə Azərbaycan Politexnik İnstitutunun tərkibində inşaat-memarlıq yönümlü ixtisasları birləşdirən bir neçə fakültə kimi fəaliyyət göstərmişdir. 1975-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan İnşaat Mühəndisləri İnstitutu yaradılmışdır. 1992-ci ildə institut universitet statusu almışdır.
2000-ci il iyun ayının 13-də Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin Fərmanı ilə bu ali məktəb Azərbaycan Memarlıq və İnşaat Universiteti adlandırılmışdır.
Maddi-texniki bazası
Hazırda ali məktəbin ümumi sahəsi 49000 m² olan 5 tədris korpusu vardır. AzMİU-nun Musabəyov qəsəbəsində yerləşən tələbə şəhərciyində 5 yataqxana korpusu, o cümlədən xarici tələbələr üçün ayrıca doqquz mərtəbəli 2 yataqxana korpusu vardır.
Burada "OCAQ" tələbə klubu, şahmat klubu, idman meydançaları, "Çənki" kinokonsert salonu və tələbə kafesindən istifadə edə bilirlər. Tələbə şəhərciyində sanatoriya-profilaktoriya fəaliyyət göstərir. Universitetin nəzdində tələbə poliklinikası, əsaslı kitabxana, tədris korpuslarında şöbələri və oxucu salonları, aspirantura şöbəsi, elmi tədqiqat bölməsi, istehsalat təcrübə şö’bəsi vardır. Öz səhifələrində Universitet həyatını işıqlandıran "İnşaatçı kadrlar" adlı çoxtirajlı qəzet buraxılır.
NetcadKampus
Azərbaycan Memarlıq və İnşaat Universitetində NetcadKampus yeni tədris mərkəzinin açılışı olub. Mərkəz Memarlıq və İnşaat Universiteti, həmçinin Türkiyənin Netcad şirkəti tərəfindən açılıb. NetcadKampus tədris mərkəzində bütün texniki avadanlıq, o cümlədən memarlıq və inşaatda istifadə edilən xüsusi proqramlar qurulan kompyuterlər yerləşdirilib. Məqsəd Memarlıq və İnşaat Universitetinin müəllim-tələbə heyətinə bu sahə üzrə kompüter proqramlarının istifadəsi üzrə biliklərin effektiv yiyələnməsini təmin etməkdir. Mərkəzdə Türkiyənin aparıcı mütəxəssisləri mütəmadi xüsusi treninqlər keçəcək. Tədris mərkəzi nəzəri tədrislə yanaşı, Netcad məhsulları ilə praktik tədris də verəcək. Burada təhsilini başa vuranlara sertifikat veriləcək. Türkiyənin ən önəmli informasiya texnologiyaları tədrisi mərkəzi olan Netcadkampus Azərbaycanda da yüksək səviyyəli mütəxəssislər yetişdirməyi planlaşdırır.
Kitabxana
Azərbaycan Memarlıq və İnşaat Universitetinin daxilində kitabxana 1977-ci ildə yaranmışdır. Hal-hazırda fondunda 517.530 nüsxə ədəbiyyat, jurnal və referatlar vardır. Kitbxana fondunun başlıca vəzifəsi professor-müəllim və tələbələrin tədris və elmi-tədqiqat fəaliyyətlərində kömək etməkdir. Fond materiallarının keyfiyyəti universitetin profilinə uyğun mütəxəssislərin hazırlanması üçün qoyulan tələblərə cavab verir. Kitabxananın 2 abonementi, 5 qiraət zalı, memarlığa dair metodiki kabinet, nadir kitab fondunun, dissertasiya və avtoreferatların qorunduğu arxiv var. Hal-hazırda Universitetin kampusunun I və II korpusunda yerləşən kitabxananın 4 şöbəsi, 2 filialı fəaliyyət göstərir ki, bunların da başlıca vəzifəsi bacarıqlı mütəxəssis hazırlanmasına kömək etməkdir. Universitetdə həmçinin tələbə və müəllimlər üçün nəzərdə tutulmuş elektron kitabxana fəaliyyət göstərir. Elektron kitabxana və elektron kataloqla tanış olmaq üçün ünvana keçin.[1] AzMİU-nun elektron kitabxanası tədris prosesində və elmi fəaliyyətdə istifadəçilərin informasiya ehtiyaclarını təmin etməyə yönəldilmişdir. Burada elm və texnologiyanın müxtəlif sahələri, normativ-texniki və dövri nəşrlər, dissertasiyaların avtoreferatları, universitet tarixinə dair sənədlər və digər materiallar üzrə dərs vəsaitləri və elmi ədəbiyyatlar mövcuddur. Onların bir çoxu AzMİU-da nəşr olunmuşdur. Elektron Kitabxananın resursları AzMİU-nun Əsas Kitabxanasının vahid fondunun bir hissəsidir. Bu resurslar kitabxananın elektron kataloquna daxil edilmişdir. Lakin, elektron kataloqdakı axtarış nəticələri bir qədər fərqlənə bilər, çünki elektron kitabxanada tam mətnli və multimediya resurslarına yönəlmiş xüsusi texnologiyalardan istifadə edilir.
Fakültələr
Memarlıq fakültəsi
1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Fakültəyə daxil olmaq istəyən abituriyentlər test imtahanlarından əvvəl universitetdə qabiliyyət imtahanları verirlər.[2]
Fakültədə təhsil Azərbaycan, rus və ingilis dillərində aparılır.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsi memarlıq sahəsində bütün dünyada tanınan, nüfuzlu Britaniya Memarlarının Kral İnstitutunun (RİBA) 5 illik akkreditasiyasını alıb [3].
İnşaat fakültəsi
Fakültənin əsası 1920-ci ildə qoyulmuşdur. 1923-cü ildə Bakı Politexnik İnstitutu Azərbaycan Politexnik İnstitutu adlananda fakültə "Tikinti-mühəndis" fakültəsi adlandırılmışdır. Fakültə bu adla fəaliyyət göstərsə də onun nəzdində xalq təsərrüfatının müxtəlif sahələri üçün ixtisaslı kadrlar hazırlanmışdır.[4]
1975-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutu yaradılarkən fakültə bu ali məktəbin tərkibinə verilir.
Fakültədə təhsil Azərbaycan və rus dillərində aparılır.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin tabeçiliyində olan qurumlardan biri. İnstitutun direktoru əməkdar memar, professor Sabir Orucovdur. Bakı şəhəri, Azərbaycan Memarlıq və İnşaat Universitetinin 3 saylı tədris korpusunda yerləşir.[5]
Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsi
Azərbaycan Memarlıq və İnşaat Universitetinin ən böyük fakültələrindən biri olan Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsi təhsil sistemində aparılan reformlarla əlaqədar olaraq Universitetin Elmi Şurasının 20.09.2001-ci il tarixli qərarı ilə yaradılmışdır. Bu fakültə Su təsərrüfatı tikintisi və ekologiya, Mühəndis sistem və qurğuları fakültələrinin bazası əsasında təşkil edilmişdir.[6]
ST və MKS fakültəsi öz tələbələrinə günümüzün aktual məsələsi olan su təsərrüfatı mühəndisliyi və kommunikasiya sistemləri, ekologiya mühəndisliyi, enerji menecmenti və enerji effektivliyi, Yaşıl enerji, smart sistemlər və s. Sahələr üzrə müasir biliklərin öyrədildiyi və innovasiyaların tətbiq olunduğu təhsil proqramı təklif etməklə tələbələrin yeniliklərə açıq olmalarını təmin edir və bu sahədə innovativ texnologiyaların istifadəsini təmin edir.
Fakültədə tədris Azərbaycan, rus və ingilis dillərində olmaqla, əyani və qiyabi əsaslarla aparılır.
Nəqliyyat fakültəsi
Nəqliyyat fakültəsi 1975-ci ildə yaradılmışdır. Fakultə ilk dövrlərdə “Yol inşaat” fakültəsi adlanmışdır.[7]
Nəqliyyat fakültəsi müasir avadanlıqlarla təchiz olunmuş tədris və elmi-tədqiqat laboratoriyalarına və güclü kadr potensialına malik olmaqla, əsas məqsədi nəqliyyat, yol tikintisi mühəndisliyi, yol hərəkətinin təşkili və logistika sahəsində idarəetmə və planlama bacarıqlarına sahib mütəxəssislər hazırlamaq, tələbələrin təcrübə toplaması və karyera qurmaları yolunda dəstək olmaqdır.
Fakültədə tədris Azərbaycan dilində aparılır.
Tikinti-iqtisad fakültəsi
Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun ən böyük fakültəsi “İnşaat” fakültəsi olduğundan 1990-ci ildə İnstitutun Elmi Şurasının qərarı ilə iki yerə bölünərək “İnşaat-I” və “İnşaat-II” müstəqil fakültələrə çevrildi. 1991-ci ildə yenidən İnstitutun Elmi Şurasının qərarı ilə “İnşaat-II” fakültəsinin adı dəyişdirilərək “Tikinti-iqtisad” olmuşdur.[8]
Fakültədə tədris Azərbaycan, rus və ingilis dillərində olmaqla, əyani və qiyabi formada aparılır.
Mexanika və İnformasiya Texnologiyaları fakültəsi
Tikinti sektorunda inşaat texnikasının rolunun əhəmiyyətli dərəcədə artması və istehsal proseslərində müasir informasiya texnologiyalarının tətbiqinin vacibliyi, bu sahələr üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanması zərurəti nəticəsində fakültə 1997-ci ildə "Mexanikləşdirmə və avtomatlaşdırma" adı ilə yaradılmışdır və rektorun 14.03.2013-cü il tarixli, 98/ş-d saylı əmri ilə adı dəyişdirilərək "Mexanika və İnformasiya Texnologiyaları" adlandırılmışdır.[9]
İnformasiya texnologiyaları, informasiya texnologiyalarının inkişafı və müxtəlif sahələrdə istifadəsi ilə bağlı təhsil proqramı olub, kompüter və informasiya texnologiyaları sahəsində karyera inkişafı üçün geniş imkanlar təmin edir. Həmçinin fərqli sahələrdə və şirkətlərdə informasiya təhlükəsizliyi ilə bağlı mühüm vəzifələri icra etmək üçün təhsil və təcrübə verir.
Fakültədə tədris azərbaycan, ingilis, rus dillərində olmaqla, əyani və qiyabi əsaslarla aparılır.
Layihə İnstitutu
2011-ci ildə "Azərbaycan Memarlıq və İnşaat Universitetinin Layihə İnstitutu" Məhdud Məsuliyyətli Cəmiyyəti kimi yaradılıb.
İnstituta ərazi planlaşdırma layihələrinin, o cümlədən müfəssəl plan layihələrinin işlənilməsi üzrə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən xüsusi razılıq (lisenziya) verilmişdir.[5]
İnstitut Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı və Bakının İnkişaf Planı ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun keçirdikləri tenderlərdə dəfələrlə qalib olub. İnstitut əməkdaşlarının birgə hazırladıqları layihələr əsasında paytaxtda və regionlarda bir sıra müxtəlif təyinatlı binalar ucaldılıb.
Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ilə bağlanmış müqavilələr siyahısında "Balakən şəhəri ərazisində 43 məcburi köçkün ailəsi üçün yeni çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi" və "Qəbələ rayonu, Zarağan bələdiyyəsinin ərazisində öncə salınmış yeni yaşayış məhəlləsində 155 məcburi köçkün ailəsi üçün 2 ədəd 5 mərtəbəli yaşayış binasının layihələndirlməsi" işləri yerinə yetirilib, müəlliflik nəzarəti aparılaraq tikintisi başa çatıb və məcburi köçkünlərə təhvil verilib. Həmçinin "Hacıqabul rayonu ərazisində 101 məcburi köçkün ailəsi üçün yeni yaşayış qəsəbəsinin layihələndirilməsi" və "Sabirabad rayonu ərazisində 440 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış qəsəbəsinin layihələndirilməsi" işləri başa çatdırılıb.
Kolleclər
AzMİU-nun nəzdində İnşaat Kolleci Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.12.2004-cü il tarixli 195 saylı qərarı ilə yaradılmışdır və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19.01.2005-ci il tarixli 47 saylı əmri ilə fəaliyyət göstərir.
Lisey
Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində Fizika-Riyaziyyat təmayüllü lisey fəaliyyət göstərir.
Liseydə təhsil alan şagirdlərin potensial imkanlarını üzə çıxarmaq, onların gələcəkdə yiyələnəcəkləri ixtisasların sirlərinə bələd olmağa istiqamətləndirmək, Azərbaycan Respublikasının prezidentinin 17 aprel 2006-cı il tarixli 1414 aylı əmrinə uyğun olaraq onların yaradıcılıq potensialını artırmaq, texniki ali məktəblərinə o cümlədən Universitetimizə daha istehdadlı şagirdlərin qəbul olunmasında müstəsna rol oynamaqdır.
AzMİU-nun nəzdində Fizika-Riyaziyyat təmayüllü liseydə Azərbaycan və rus bölmələrində VII,VIII, IX, X və XI siniflər mövcuddur. Liseyin Nizamnaməsinə əsasən hər sinifdə şagirdlərin sayı 12-dən artıq olmur. Təhsil ödənişlidir. Liseyə qəbul müsabiqə yolu ilə ildə iki dəfə: hər il may ayının axırıncı həftəsinin və sentyabr ayının birinci həftəsinin üçüncü günü keçirilir. Müsabiqə riyaziyyat, fizika və ingilis dilindən sorğu üsulu ilə aparılır.
Beynəlxalq əlaqələri
Xarici tələbələrlə iş üzrə dekanlıq 1977-ci ildən fəaliyyət göstərir və xarici ölkələr üçün mütəxəssislər hazırlayır.
AzMİU Avropa Birliyi ölkələri, Türkiyə, MDB-nin 100-ə yaxın aparıcı universiteti ilə imzalanmış ikitərəfli müqavilələr əsasında müəllim, elmi işçi, bakalavr, magistr və doktorantların mübadiləsinin, birgə proqramların həyata keçirilməsi istiqamətində tədbirlər görülür. Tərəfdaş universitetlər arasında İtaliyanın Milan Politexnik Universiteti, Roma La Sapienza Universiteti, Portuqaliyanın Leiria Politexnik Universiteti, Almaniyanın Brandenburq Universiteti, Böyük Britaniyanın Lester Universiteti, Tükiyənin İstanbul Texniki, Orta Doğu Texniki, Yıldız Texnik Universiteti kimi dünyada yüksək nüfuza malik universitetlər yer alır.
Qafqaz Universitetlər Birliyinin üzvüdür.[10]
İstinadlar
- "Arxivlənmiş surət". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-06.
- "Memarlıq fakültəsi". 2023-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-23.
- "Report of the RIBA" (PDF). 2023-06-29 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-05-23.
- "İnşaat fakültəsi". 2023-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-23.
- Ərazi planlaşdırma layihələrinin işlənilməsi üçün xüsusi razılığı (lisenziya) olan layihəçilər Arxivləşdirilib 2014-07-01 at the Wayback Machine. arxkom.gov.az (az.)
- "Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsi". 2023-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-23.
- "Nəqliyyat fakültəsi". 2023-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-23.
- "Tikinti-iqtisad fakültəsi". 2023-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-23.
- "Mexanika və İnformasiya Texnologiyaları fakültəsi". 2023-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-23.
- Tüm Uyeler Arxivləşdirilib 2019-02-15 at the Wayback Machine. kunib.com