Azərbaycan-Gürcüstan hərbi müdafiə sazişi (1919)
Azərbaycan-Gürcüstan hərbi müdafiə sazişi — Denikin qoşunlarının təcavüzü təhlükəsinə qarşı iki respublika arasında qarşılıqlı müdafiə haqqında 1919-cu ilin iyunun 16-da Tiflisdə imzalanmış sənəd.[1]
Müqavilənin imzalanması və şərtləri
Sazişi Azərbaycan tərəfdən xaric işlər naziri Məmməd Yusif Cəfərov, hərbi nazir Səməd bəy Mehmandarov, Baş Qərərgah rəisi general-leytenant Süleyman bəy Sulkeviç, Gürcüstan tərəfdən xarici işlər naziri Y.P.Gegeçkori, hərbi nazir N.Ramişvili, hərbi nazirin müavini general-mayor Gedevanov və general Odişelidze 3 il müddətinə imzalamışdılar. Müqavilənin şərtləri belə idi:[1]
- Tərəflər onlardan birinin və ya hər ikisinin müstəqilliynə və ərazi bütövlüyünə yönəlmiş hər hansı bir təcavüzə qarşı sərəncamlarında olan bütün qüvvələrlə birgə çıxış etməyi öhtələrinə götürürdülər.
- Qonşu dövlətlərdən hər hansı biri əvvəlinci bəndə uyğun olaraq başlanmış hərbi əməliyyatlar zamanı sərhəd mübahisələrini silah gücünə həll etmək üçün müqavilədə iştirak edən tərəflərin birinə yaxud hər ikisinə hücum edərsə, həmin tərəf vuruşan tərəf kimi tanınır.
- Sazişə görə, tərəflər bir-birindən ayrı separat sülh bağlamamalı, sərhəd münaqişələrini danışıqlar yolu ilə həll etməli idi.
- Tərəflər, həmçinin, qabaqcadan xəbərdarlıq etmədən digər dövlətlə hərbi saziş bağlamamağı, hər iki dövlətin suveren hüquqlarının və müstəqilliyinin qorunmasına yönəlmiş diplomatik danışıqlarda həmrəy çıxış etməyi də öz üzərlərinə götürürüdülər.
- Ermənistanın da bu sazişə qoşulmaq hüququna malik olması və iki həftə ərzində buna öz münasibətni açıqlaması barədə razılıq əldə olunmuşdu. Ancaq Ermənistan bu sazişə qoşulmadı.[1]
Nəticəsi
Sənədə əlavə olaraq, hərbi-texniki sazişin də imzalanması iki respublika arasında hərbi-texniki əməkdaşlığı genişləndirdi. Qonşu respublikadan mümkün olan hərbi texnikanın, vəsaitlərin, ərzağın alınması üçün hərbi nazirin əmri ilə xüsusi komissiya yaradıldı və ona rəhbərlik general-mayor Murad Gəray bəy Tlexasa həvalə olundu.[2] Komissiyanın fəaliyyəti nəticəsində qısa müddətdə Gürcüstandan 12 ədəd dağ topu, dağ topları üçün 10 qutu partladıcı maddə, 3000 ədəd tüfəng, toplar və tüfənglər üçün xeyli sayda ehtiyat hissələr, 8 ədəd yüngül top, həmin toplar üçün 16 qutu partladıcı maddə, 4 min pud qənd, 12885 manat dəyərində dərman və tibb ləvazimatı, topoqrafiya əşyaları alınaraq Azərbaycana gətirildi.[2] Qarşılıqlı əməkdaşlığın genişlənməsi ilə gürcüstanlı hərbi mütəxəsislər şimal sərhədlərinin, Abşeronun və Bakının müdafiə sistemlərinin yaradılmasına cəlb edildilər. Azərbaycan-Gürcüstan hərb müdafiə sazişinin yerinə yetirilməsini həmin sazişə əsasən yaradılmış hərbi şura təmin edirdi.[2]
Lakin bolşevik qoşunları Azərbaycanı işğal edərkən, Gürcüstan bolşeviklərlə separata danışığa gedərək, müqaviləylə öhtəsinə götürdüyü öhtəlikləri yerinə yetirmədi.[1]
İstinadlar
- Cəmil Həsənli. Azərbaycan beynəlxalq münasibətlər sistemində. (1918-1920). Bakı: 1993
- Azərbaycan Xalq Cümhuriyyəti ordusu. Bakı: 1998
Mənbə
- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. "Azərbaycan-Gürcüstan hərbi müdafiə sazişi" məqaləsi.