Azərbaycan-Ermənistan sazişi (1919)
Azərbaycan-Ermənistan sazişi – 23 noyabr 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti ilə Ermənistan Demokratik Respublikası arasında Tiflisdə imzalanan saziş.[1][2]
Azərbaycan-Ermənistan sazişi | |
---|---|
Hazırlanma tarixi | 23 noyabr 1919 |
İmzalanma yeri | Tbilisi, Gürcüstan |
İmzalayanlar |
Azərbaycan Ermənistan |
Azərbaycan-Ermənistan sazişi Vikimənbədə |
Əvvəli
Cənubi Qafqazda müstəqil respublikalar yarandıqdan sonra qarşıda ərazi-sərhəd probleminin həll edilməsi məsələləri dururdu. Ermənistan Respublikası istər Azərbaycana, istərsə də Gürcüstana qarşı ərazi iddialarını təcavüzkarlıq və etnik təmizləmə siyasəti ilə həyata keçirməyə çalışırdı. 1919-cu ilin payızında Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları daha kəskin şəkil aldı. Azərbaycan hökumətinin dövlətin ərazi bütövlüyünü qorumaq üçün həyata keçirdiyi tədbirlər ermənilərin hərbi-diplomatik fəaliyyətini puça çıxardı.[2]
Sazişin imzalanması
ABŞ-nin və İngiltərənin Qafqazdakı nümayəndələri bölgədə hərbi vəziyyətin kəskinləşməsinin Paris Sülh Konfransının işinə maneçilik göstərəcəyi barədə narahatlıqlarını Azərbaycan və Ermənistan hökumət başçılarına bildirdilər. ABŞ nümayəndəsi C.Rey tərəflər arasındakı mübahisəli məsələləri dinc yolla həll etmək üçün Tiflisdə konfrans keçirilməsini təklif edirdi. Noyabrın 20–22-də Tiflisdə Azərbaycan və Ermənistan hökumət başçıları Nəsib bəy Yusifbəyli və Aleksandr Xatisyanın başçılığı ilə nümayəndə heyətlərinin görüşləri keçirildi. Noyabrın 23-də isə vasitəçi-təminatçılar olan müttəfiqlərin Qafqazdakı Ali komissarının müavini C.Rey və Gürcüstan xarici işlər naziri Y.Gegeçkori iştirakı ilə tərəflər arasında saziş imzalandı. Saziş beş maddədən ibarət idi:[1]
- Ermənistan və Azərbaycan hökumətləri baş verən toqquşmaları dayandırmağı və yenidən silah gücünə əl atmamağı öhdələrinə götürürüdülər.
- Tərəflər Zəngəzura gələn yolların düzəldilməsi və açılması, bu yollarda hərəkətin təhlükəsizliyi üçün təsirli tədbirlər görülməsinə razılaşırdılar.
- Tərəflər sərhədlər haqqında məsələlər də daxil olmaqla, bütün məsələləri dinc yolla həll etməyi öhdələrinə götürürdülər. Dinc yolla razılıq əldə etmək münkün olmadıqda isə, hər iki tərəf Amerika polkovniki Reyi münsiflər məhkəməsi sifəti ilə bitərəf şəxs kimi qəbul edir və onun qərarlarını məcburi yerinə yetirməyə razılaşırdılar.
- Noyabrın 26-da Bakıda Azərbaycan-Ermənistan konfransının keçirilməsi qərara alındı.
- Saziş imzalandığı gündən qüvvəyə minirdi. Parlamentlərin təstiqindən sonra isə hüquqi qüvvəyə minirdi.
Nəticə
Sazişin imzalanmasından dərhal sonra Azərbaycan tərəfi Ermənistanı 300 müsəlmanın ölümü ilə nəticələnən Zəngəzura hücumda günahlandırır. Noyabrın 29-da Ermənistan Zəngəzur yaxınlığında hərbi toqquşmalar faktını təsdiqləyir, lakin əməliyyatın yalnız türk qoşunlarına qarşı həyata keçirildiyini bildirir. Dekabrın 8-də Azərbaycan Zəngəzurla bağlı komissiyanın yaradılmasını tələb edir, əks halda müqavilədən çıxacağını bildirir. Nəticədə noyabrın 26-na planlaşdırılan Azərbaycan-Ermənistan konfransı yalnız 14–21 dekabr tarixlərində baş tutur. Bu konfransda heç bir praktiki qərar qəbul edilmir. 1920-ci ilin aprelində aparılan müzakirələr də müsbət nəticə vermir.
1920-ci ili 28 aprelində Bakıda bolşeviklər hakimiyyəti ələ keçirir.
10 avqust 1920-ci ildə RSFSR ilə Birinci Ermənistan Respublikası arasında müqavilə bağlanılır. Bu müqaviləyə əsasən RSFSR Qızıl Ordusu Ermənistan və Azərbaycan SSR arasında mübahisəli Qarabağ, Zəngəzur və Naxçıvan ərazilərini işğal edir.[1][2]
Həmçinin bax
Mənbə
- Azərbaycan-Ermənistan sazişi // Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I. Bakı: "Lider". 2004. səh. 153. ISBN 9952-417-14-2.
- Nigar Camalova. "23 noyabr 1919-cu il sazişi və Zəngəzur". Qərbi Azərbaycanın tarixi və mədəni irsi" mövzusunda respublika elmi konfransının materialları (20.10.2023): 130-137.