Azərbaycanın təbiət abidələri
Azərbaycanın, eləcə də Qafqazın bütöv ərazisi subtropik zonada yerləşir və bu da iqlimin bəzi tiplərinin və yarım tiplərinin formalaşmasına təsir edir. Planetdə mövcud olan 11 iqlim tipindən 9-u çoxda geniş ərazisi olmayan Azərbaycanda (86,6 min km2 ) yerləşir. Relyef forması ziddiyyətliliyi ilə xarakterizə olunur: O 28 km dünya okeanı səviyyəsindən 4466 km (Bazardüzü zirvəsi) mütləq hündürlüyədək dəyişir. Ölkənin bir hissəsində yaşı 500 milyon ili aşan dağ süxurları, o biri yerdə dünən yaranan cavan çöküntülər diqqət çəkir.
Dağların hündürlüyünün yüksəkliyə doğru artımı relyefin formalaşmasına səbəb olur və bu da coğrafi zonaların dəyişikliyini yaxşı ifadə edir. Əlaqələr, qarşılıqlı təsir, iqlim tipləri və yarım tiplərinin qarşılıqlı təsirləri, yamacların quruluşu və ərazidə üstünlük təşkil edən küləklərin istiqaməti təbii relyef formasının əmələ gəlməsinə səbəb olur. Azərbaycan təbiətinin unikal gözəlliyi və onun ətraf mühiti turistlərin diqqətini cəlb edir.
Azərbaycanın təbii abidələri aşağıdakı qruplara bölünür:
- Geoloji
- Geoloji-geomorfoloji
- Hidrogeoloji
- Hidroloji
- Flora
- Fauna
- Landşaft
Geoloji abidələr
Azərbaycan Respublikasının ərazisi və Qafqazın bütün ərazisi Alp qırışıqlığı zonasındadır və mürəkkəb tektonik quruluşa malikdir. Son 13-15 min illər ərzində Azərbaycan Respublikasının ərazisində mövcud olan geoloji-geomorfoloji prosesləri iqlim şəraiti və dənizin çəkilməsi unikal relyef formasını yaratmışdır. Bütün dövrlərdə dağ süxurlarının yaşı (Alt paleolit dövründən indiyədək) insanların diqqətini cəlb etmişdir. Azərbaycan ərazisində olan tərkibi metomorfizləşən kristal şistlərdən ibarət olan ən qədim süxurlar aşağı paleozoy dövrünə aid olan yataqlardadır. Azərbaycan ərazisi Paleontoloji və mineroloji abidələrə görə çox zəngindir. Azərbaycanın dağ süxurlarının yaş fərqliliyi 570 milyon illərdən (şist, qneys) son dövr dəniz yataqlarının yaşına kimi dəyişir (əhəngdaşı, palçıq, qum, çınqıl və s.)
Tovuz, Yardımlı və Cəlilabad regionlarında Erkən Kembri və Kembri dövrünə aid yataqlar və Xəzər sahilində yerləşən dəniz yataqları turizm baxımdan çox əhəmiyyətlidir. Sarmat yataqları da unikal geoloji abidələr sırasındadır və onlar 3600 m mütləq hündürlükdə qorunmuş və bəzi yerlərdə ayrıca qalıq formalarında da tapıla bilir. Eyni yataqlardan Qafqazın başqa yerlərində də rast gəlinir. Şahdağda onların yayıldığı ərazilərin qorunması məqsədəuyğun olardı.
Geoloji-geomorfoloji abidələr
Quraqlıq-eroziya-denudasiya kimi relyef yaradan proseslərin nəticəsində qədim relyef formaları üzərində dağlar, təpələr və müxtəlif qayalar formalaşdı. Onların əksəriyyəti intruziv süxurlardan ibarətdir (İlandağ, Naxacar, Əlincə). Bəzi ərazilərdə Devon dövrünün qədim kristal süxurlarından üzə çıxır (Dəhnə, Sarıdağ, Vəlidağ). Pliosen dövrünün süxurlarına Ambizlər qalıq dağlarında, Qobustanda Quşqayasında rast gəlinir. Cənub-şərqi Qafqazda təbaşir dövrünün Lusitan əhəngdaşlarından ibarət olan Dibrar növünün qayaları var. Bütövlükdə onlar kəskin qayalar ilə ifadə edilir . Burada keçmişdə müdafiə məqsədilə tikilmiş qalaların qalıqları turist və alpinistlərin diqqətini cəlb edir (Çıraqqala, Şexubqala və s.); Onların bəziləri Şabran (Çıraqqala) və İsmayıllı (Talıstan) rayonlarında yerləşir. Kəpəz dağı Yura dövrünün əhəngdaşlarından ibarətdir.
Dağəmələgəlmə proseslərinin təsiri altında yaranan relyef formaları zaman və məkan baxımından müxtəlif dəyişikliyə uğrayır. Çay vadilərinin izləri allüvium, allüvium-prolüvium ( suayrıcı, Xızı kəndinin yaxınlığında Tuğçayın mənbəyində yerləşir, Kiş çayın hövzəsində Meşəbaşı, Suvagil kəndindən şərqə doğru Muxaxçay hövzəsində, Əlişçay vadisinin sağ yamacındakı suayrıcıda yerləşir) və allüvium-fluvioloji yataqlardan (Kəm moreni və konqlomeratlar) ibarətdir. Çay terrraslarının deformasiyaya uğramış əraziləri, Böyük Suval və Kələki yamaclarının düzənliklərində qədim dreyf konuslarının terraslarıda diqqət çəkən relyef formalarındandır.
Neogen dövründən fəaliyyətdə olan palçıq vulkanları Azərbaycanın unikal geoloji abidələri hesab edilir. Palçıq vulkanları həm quruda, həm də dənizdə mövcuddur. Palçıq vulkanları hündürlüyü 1 km-dən artıq olan qaz alovu və palçıq daş brekçiyasının atılması ilə püskürür. Qara tüstüyə bürünmüş alovlu dillər qorxu təəssüratı yaradır. Hətta palçıq vulkanlarının püskürməsindən sonra palçıq brekçiya axını yamacda alovlu lava axınını xatırladır. Azərabaycanda mövcud olan bəzi palçıq vulkanları:
- Ağzıbir
- Axtarma-Paşalı
- Ayrantökən
- Bəndovan
- Durovdağ
- Lökbatan
- Otmanbozdağ
- Torağay
- Üçtəpə
Hidrogeoloji abidələr
Mineral bulaqlar hidrogeoloji abidələrə aid olunur. Onlar Azərbaycanın ərazisində geniş yayılıb. Kimyəvi tərkibinə görə mineral bulaq mənbələrin 10-dan çox növü aşkar olunmuşdur: Hidrokarbonatlı, hidrokarbonat-xloridlı, hidrokarbonat –xlorid-sulfatlı, hidrokarbonat-sulfatlı, xlorid-hidrokarbonatlı, sulfat-xloridli və s. Bunlardan başqa, qeyri müəyyən kimyəvi tərkibə malik bəzi mənbələr var. Mənbələrin boşalması gün ərzində 10-dan 100 min litrə çatır. 30-dan çox mənbənin su temperaturu + 20 °C-dən +70 °C-yə çatır. Bu mənbələrin suları mədə-bağırsaq, dəri, ürək-damar, revmatizm xəstəliklərinin müalicəsi üçün istifadə edilir. Onlar arasında tibbi əhəmiyyətə malik mineral mənbələr var:
Hidroloji abidələr
Azərbaycan ərazisində əsasən dağ çayları üstünlük təşkil edir. Çayların yuxarı və aşağı axınlarının arasında hündürlük fərqi bəzən 2000-3000 metrə çatır və çayın mənbəyindən mənsəbinə qədər məsafə 15–20 km-dən 30 km-ə qədərdir. Məhz buna görə də dərin dərələr boyunca axan sürətli çaylar özünə məxsus relyef formaları yaradır. Qusarçay, Qudyalçay, Kişçay, Kürmükçay, Tərtərçay, Zəyəmçay, Naxçıvançay, Lənkərançay və digər çaylar çox cəlbedici gözəlliyə malikdir və bir çoxunda şəlalələr vardır. Azərbaycanda 2 növ şəlalələr mövcuddur: daimi və müvəqqəti şəlalələr. Onlardan ən hündür, bolsulu və əsrarəngiz gözəlliyə malik olanları bunlardı:
- Afurca (Vəlvələçay),
- İlisu (Kürmükçay),
- Mucuq (Dəmiraparançay),
- Həmzəli (Həmzəliçay),
- Katex (Katexçay),
- Yeddi gözəl
Hidroloji abidələrdən göllər daha çox maraqlıdır. Azərbaycan ərazisində 7 tip göl müşahidə edilsədə onlardan bəzilər öz forma və gözəlliyi ilə diqqəti cəlb edir.
- Buzlaq mənşəli göllər (Şahdağ, Bazardüzü, Murovdağ və s. zirvələr olan yüksəklik zonada yerləşirlər);
- Subasar mənşəli göllər (əsasən Kürün subasar hissəsində yerləşirlər – Sarısu, Hacıqabul, Mehman, Ağgöl və s.);
- Bənd mənşəli göllər (Kiçik Qafqazda müşahidə olunurlar – Göygöl, Maralgöl, Ağgöl, Qaragöl və s.);
- Laqun mənşəli göllər (Xəzər dənizinin sahilboyu zonasında yerləşirlər – Gümüşovan, Ağzıbirçala və s.);
- Karst mənşəli göllər (Qobustanda, Hacınohurda, Ceyrançöldə yerləşirlər);
- Sürüşmə mənşəli göllər (Ataçay, Sumqayıtçay, Girdımançay və s. çayların hövzələrində yerləşirlər);
- Relikt mənşəli göllər (Abşeron yarımadasında yerləşirlər – Masazır, Böyükşor, Kürdaxanı, Qanlıgöl və s.).
Floristik abidələr
Azərbaycan ərazisinin bitki örtüyü başqa fiziki-coğrafi komponentlərdə olduğu kimi, istər yükəklik, istər isə üfüqi qanunauyğunluğa tabedir. Lakin bitkilər yerli təbii şəraitin, o cümlədən də iqlim və relyefin dəyişməsi ilə əlaqədar olaraq daxili diferensiasiyaya da uğrayırlar. Flora landşaftın parlaq komponentlərindən biridir. Düzənliklərdə və dağlarda landşaft dəyişikliyi bütün landşaft formalaşması faktorunu əks etdirir. Buna görə də flora təkcə fiziki-coğrafi mühitin əsas komponentlərindən biri deyil eləcədə landşaft formalaşmasının daxili quruluşunun kriteriyasını faktorların qarşılıqlı əlaqəsinə də xidmət edir. Floristik abidələr ətraf mühiti xüsusi gözəllik verir . Məsələn, yol boyu müşahidə edilən yaşı 1500-1700 il olan çinarlar təbiətin qiymətli hədiyyəsidir. Onlar mühafizə olunur və diqqətlə qorunurlar. Azərbaycan ərazisində Şərq çinarı təbii şəkildə ancaq Zəngilan rayonunun Bəsitçay hövzəsində saxlanılmışdır. Eldar şamının yeganə təbii vətəni Ceyrançöl dağlığının Elləroyuğu sahəsində, Eldar Şamı Dövlət Təbiət Qoruğunda saxlanılır.
Sultanbud meşəsi (püstə), Göygöl küknar ağacı və s. floristik abidələr kimi qorunur. Quba-Xaçmaz yolunda piramida şəkilli çinarlar və Oğuz-Şəki-Zaqatala-Balakən yolu boyunca fındıq plantasiyaları mənzərəli landşaft yaradır. Azərbaycanda mövcud olan endemik və qalıq flora (dəmirağac şabalıdyarpaq palıd) və s.əsasən Talış dağlarında inkişaf etmişdir.
Faunastik abidələr
Azərbaycan təbiətinin müxtəlifliyi heyvanlar aləminin də müxtəlif olmasına səbəb olmuşdur. Uzaq geoloji keçmişdən başlamış bu günə qədər heyvanlar aləmi ciddi dəyişikliklərə uğramış, Qafqaz, eləcə də ona qonşu olan İran, Orta Asiya, Aralıq dənizi ətrafı və başqa ərazilərdəki bəzi heyvan növlərinin miqrasiyası hesabına zənginləşmişdir.
Xəzər danizi sahil zonalarında, qamışlı bataqlıq və göllərdə çöl donuzu, qamış pişiyi, dovşan, tülkü, quşlardan iri qırmızı anqut, kiçik ağ vağ sultan toyuğu və s. yaşayır. Tuqay meşələrinin özünəməxsus heyvanlar aləmi vardır. Burda porsuq, kirpi, yarasa, ağacdələn, bayquş, ququ quşu, çalağan və s. geniş yayılıb.
Yarımsəhra və quru çöl təbiətli düzlərdə ceyran, cüyür nəyin ki ölkəmizin, həmçinin qafqazın nadır incilərindən hesab olunur. Düzənlik meşə və dağətəyi kolluqlarda (Şollar düzü, Alazan-Əyriçay çökəkliyi və s) ayı, cüyür, dovşan, vaşaq, vəhşi pişik, süleysin, sincab, yereşən yaşayır. Dağ meşələrində Qafqaz maralı, cüyür, qarapaça, Dağıstan dağ keçisi, ayı, vaşaq, daşlıq dələsi geniş yayılıb.
İlin mart-aprel və oktyabr-noyabr aylarında Abşeron arxipelaqı adalarına qədər gələn Xəzər suitisi Dünya okeanının ən kiçik suitisi kimi "Ginnesin Rekordlar Kitabı"na daxil edilmişdir. Eləcədə qağayılar, qaz, ördək, qutan və başqa quşlar bölgənin daimi sakinlərindəndir. Dənizdə nərə, bölgə, uzunburun, qızıl balıq, Xəzər siyənəyi, xəşəm, kütüm, sazan, ilanbalığı üstünlük təşkil edir. Kür çayının özünəməxsus 30-dan artıq balıq növü var. (Kür qumlaqcası, mursa və s)
İstinadlar
Ədəbiyyat
- B.A.Budaqov. "Azərbaycan təbiyyəti" Bakı. 1988.
- Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 2-ci cild: Argentina – Babilik (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2010. səh. 449–455. ISBN 978-9952-441-05-5.