Azər Həsrət

Azər Həsrət (tam adı: Həsrət Azər Hacıqulu oğlu; 3 avqust 1968, Dədəli, Xaçmaz rayonu) — Azərbaycan Respublikasının əməkdar jurnalisti,[1] hüquq müdafiəçisi.

Azər Həsrət
Doğum tarixi 3 avqust 1968(1968-08-03) (55 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti jurnalist
Partiyası
Mükafatları "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı"Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı  — 2015
azerhasret.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Azər Həsrət 3 avqust 1968-ci ildə Azərbaycan SSR-in Xaçmaz rayonunun Dədəli kəndində anadan olmuşdur.

1976–1986-cı illərdə elə həmin kənddəki orta məktəbdə oxumuş, sonra Bakı Baza Energetika Texnikumuna daxil olmuşdur. 1986-cı ilin payızında həqiqi hərbi xidmətə çağırılan Azər Həsrət iki il Almaniyanın Zerbst şəhərində Almaniyadakı Sovet Qoşunları Qrupunun tərkibində sıravi əsgər kimi xidmət keçmişdir. Eyni zamanda o, xidmət etdiyi batalyonda idman təşkilatçısı vəzifəsini də yerinə yetirmişdir.

1988-ci ilin dekabrında hərbi xidmətini başa vurub Azərbaycana qayıdandan sonra texnikumda təhsilini davam etdirməklə bərabər Bakı Məişət Maşınları Təcrübə Zavodunda fəhlə kimi işləmişdir.

1991-ci ildə texnikumu bitirdikdən sonra doğma kəndinə qayıdıb Xaçmazdakı "Vəlvələçay" Kooperativində işə düzəlmiş, 1992-ci ilin sonunadək burada işləmişdir. 1992-ci ildə Elçibəy hökumətinin tələbə qəbulu ilə bağlı yeni qaydalarından yararlanaraq imtahan vermiş və Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsinə qəbul olunmuşdur.

O, 1997-ci ildə həmin fakültəni "kitabxanaçı-biblioqraf" ixtisası üzrə qırmızı diplomla bitirmişdir. Eyni zamanda universitetdəki Hərbi kafedranı bitirdiyinə görə, ona ehtiyatda olan leytenant hərbi rütbəsi də verilmişdir. Universitetdə oxuduğu illərdə ictimai və elmi fəaliyyətlərdə yaxından iştirak edən Azər Həsrət fakültədə fəaliyyət göstərən Tələbə Elmi Cəmiyyətinə sədr seçilmiş və həmin qurumun dirçəldilməsinə, tələbələr arasında elmi araşdırma və müzakirələrin genişlənməsinə nail olmuşdur. Eyni zamanda o, BDU Azad Tələbə Həmkarlar İttifaqı İdarə Heyətinin üzvü kimi də fəaliyyət göstərmişdir.

Hələ tələbə ikən ictimai-siyasi fəaliyyətə və jurnalistikaya meyl etdiyindən o, 1995-ci ilin fevral ayından etibarən "Vətən ocağı" qəzetində yazılarla çıxış etmişdir.

Universiteti bitirdikdən sonra Azər Həsrət əmək fəaliyyətini davam etdirməyə başlamış və "Xəbər Servis" İnformasiya Agentliyində siyasi məsələlər üzrə xüsusi müxbir kimi fəaliyyət göstərmişdir. Bundan sonra isə o, bir müddət "Olaylar" İnformasiya Agentliyində Prezident Aparatı və Milli Məclisdən sorumlu müxbir kimi işləmişdir.

1998-ci ilin yanvar ayından Azadlıq qəzetində müxbir fəaliyyətinə başlamış, 1999-cu ildən 2005-ci ilin sonunadək həmin qəzetdə köşə yazarlığı etmişdir. Elə həmin illərdə paralel olaraq ingilisdilli "Baku Today" İnternet qəzetində müxbir, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) ingilis və rus dillərindəki İnternet xəbər saytında redaktor işləmiş və bu fəaliyyətini indiyə qədər davam etdirir. 2008-ci ilin aprel ayından isə o, Beynəlxalq Avrasiya Mətbuat Fondunda informasiya meneceri vəzifəsində çalışır. 2003-cü ildə "Cümhuriyyət" və "Bizim yol" qəzetlərində köşə yazıları ilə çıxış etmişdir.

Azər Həsrət 1998–2000-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında oxumuş, həmin illərdə institutda kiçik elmi işçi kimi də işləmişdir. 2006–2008-ci illərdə o, "Multimedia" İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi və Azərbaycan İnternet Forumunun dövlət qurumlarının İnternet resurslarının monitoringi üzrə eksperti vəzifəsini də icra etmişdir.

İctimai çalışmaları və peşəkar üzvlüklər

Azər Həsrət 1994–1996-cı illərdə Bakı Dövlət Universiteti Kitabxanaçılıq Fakültəsi Tələbə Elmi Cəmiyyətinin sədri, eyni zamanda BDU Azad Tələbə Həmkarlar İttifaqı İdarə Heyətinin üzvü olmuşdur.

Eyni zamanda o, 1994–1997-ci illərdə qurucularından biri olduğu Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının sədr müavini, 1997–2002-ci illərdə isə Jurnalistlərin Həmkarlar İttifaqının qurucusu və başqanı kimi fəaliyyət göstərmişdir. Azərbaycan mediasını beynəlxalq səviyyədə təmsil edib mövqelərini möhkəmləndirmək kimi ümdə vəzifənin öhdəsindən gələn Azər Həsrət uzun zaman beynəlxalq jurnalist qurumları ilə işbirliyi etmiş, 1999-cu ildə baş qərargahı Vyanada yerləşən Beynəlxalq Mətbuat İnstitutuna üzv olmuşdur.

Bundan sonra isə o, 2000-ci ildə həmin qurumun Azərbaycan Milli Komitəsini quraraq 2004-cü ilədək onun direktoru olmuşdur. 1999-cu ildə başçılıq etdiyi Jurnalistlərin Həmkarlar İttifaqını Torontoda (Kanada) yerləşən Beynəlxalq Söz Azadlığı Mübadiləsi (IFEX) təşkilatına və Brüsseldəki Beynəlxalq Jurnalistlər Federasiyasına üzv edən Azər Həsrət iki il sonra – 2001-ci ildə birincinin Şura üzvlüyünə seçilmiş və 2005-ci ilədək bu vəzifədə qalmışdır.

2001-ci ildə qurulan Azərbaycan İnternet Forumu İdarə Heyətinə üzv seçilmiş və bu günədək də həmin vəzifədə qalmaqdadır. 2002-ci ildə onun öncüllüyü ilə Azərbaycan Jurnalistlər Konfederasiyası qurulmuş və onun ilk baş katibi vəzifəsinə Azər Həsrət seçilmişdir.

O, bu vəzifəni 2005-ci ilin yayına qədər icra etmişdir. 2003-cü ilin mart ayında qurulan Azərbaycan Mətbuat Şurasının formalaşmasında da önəmli rol oynamaqla onun ilk İdarə Heyəti üzvlüyünə seçilən Azər Həsrət 2005-ci ildə könüllü şəkildə oradan uzaqlaşmış və siyasi fəaliyyətlə mətbuat fəaliyyətini bir-birinə qarışdırmamaq üçün bu addımı atdığını bildirmişdir.

2003-cü ildə onun uğurları sırasına daha bir neçəsi əlavə edilmişdir. Bunlardan biri baş qərargahı Nyu-Yorkda yerləşən Türk Forumu lobbi təşkilatının Məsləhət Şurasına, digəri isə yeni qurulan Beynəlxalq Xəbər Təhlükəsizliyi İnstitutu (INSI, Brüssel) İdarə Heyəti üzvlüyünə seçilməsidir. Birincidəki üzvlüyü hələ də davam etsə də ikincidəki üzvlüyü 2006-cı ildə sona çatmışdır. Bundan başqa, yenə də həmin ilin martında Bakıda onun başçılığı ilə Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) qurulmuş, o, təşkilatın ilk sədri vəzifəsinə seçilmişdir.

Öz sıralarında Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, TacikistanÖzbəkistan jurnalist qurumlarını birləşdirən CASCFEN 2004-cü ildə Beynəlxalq Mətbuat İnstitutu (Vyana) və Freedom Forum (ABŞ) təşkilatlarının birgə Azad Media Öncülü (Free Media Pioneer) mükafatına layiq görülmüşdür. Mükafat həmin ilin mayında BMİ-nin Varşavada (Polşa) keçirilən qurultayında Azər Həsrətə təqdim edilmişdir. Azər Həsrət hələ də CASCFEN sədri vəzifəsini icra etməkdədir.

2007-ci ildə onun başçılığı ilə "YOL" İctimai Birliyi qurulmuş və o, təşkilata sədr seçilmişdir. 2008-ci ilin iyul ayında isə Azər Həsrətin də iştirakı ilə "Seçki 2008" QHT Koalisiyası qurulmuşdur.

2013-cü ildə keçirilmiş Azərbaycan Jurnalistlərinin Qurultayında 3 onlayn media təmsilçisindən biri kimi yenidən Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü seçilmişdir.

2017-ci ilin 14 aprel tarixində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 6 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçilmişdir.

Siyasi çalışmalar və iştirak

Azər Həsrət 1989–1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsinin üzvü olmuşdur. 1995-ci ildə hələ tələbə ikən Xudat Seçki Dairəsindən (Xaçmaz) müstəqil şəkildə deputatlığa namizədliyini irəli sürmüş, ancaq qeydiyyata alınmamışdır.

1998-ci ildə isə Azərbaycanda keçirilən prezident seçkilərində müşahidəçi kimi iştirak etmişdir. Deputatlığa namizəd kimi gücünü təkrar 2000-ci ildə Bakı şəhərindəki 9 saylı Xətai Seçki Dairəsində sınamaq qərarına gəlsə də qanunsuz şəkildə qeydiyyata alınmamışdır.

2004-cü ildə Ukraynada keçirilən prezident seçkisi zamanı uzunmüddətli müşahidəçi kimi Çerkassı vilayətində koordinator vəzifəsini icra etmişdir. Daha bir beynəlxalq müşahidəçiliyi isə o, 2005-ci ildə Albaniyada keçirilən parlament seçkiləri zamanı həyata keçirmişdir.

Azər Həsrət 2015-ci ilin aprelində Qazaxıstanda keçirilmiş prezident seçkisində ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçki müşahidə missiyasının tərkibində Taraz vilayətində müşahidə aparmışdır.

2005-ci ildə "Azadlıq" blokunun dəstəklədiyi deputatlığa müstəqil namizəd kimi seçkilərə qatılan Azər Həsrət 56 saylı Xaçmaz Kənd Seçki Dairəsində geniş dəstək qazansa da saxtalaşdırma sonucu onun qələbəsi etiraf edilməmişdir (lehinə olan səslərin rəsmi sayı 4138, qeyri-rəsmi sayı isə 8400-ə qədər olub).

2008-c ilin iyulunda həmin ilin 15 oktyabrında keçiriləcək prezident seçkisini müşahidə etmək üçün onun iştirakı ilə "Seçki 2008" QHT Koalisiyası qurulmuşdur.

2010-cu ildə Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 34 saylı Xətai II seçki dairəsindən müstəqil namizəd kimi seçkilərə qatılmışdır.

Türk, ingilisrus dillərini də mükəmməl səviyyədə bilir.

Bədii yaradıcılığı

  • Azər Həsrət "Bir əsgərin yaşantıları" (PDF). (2012) və "Mən tanıqlıq edirəm" (PDF). (2016) adlı iki romanın müəllifidir. Onun "Azər Qurdbasan"."Soysuzun ölümü". adlı iki hekayəsi var. Bundan başqa, rus şairi Konstantin Simonovun "Gözlə məni" şeirini, həmçinin Ukrayna şairi Taras Şevçenkonun "Vəsiyyət". şeirini Azərbaycan dilinə tərcümə edib. Bədii ədəbiyyatla bağlı bir çox publisistik yazıların müəllifidir.

Mükafatları

Ailəsi

Evlidir, bir qızı və bir oğlu var.

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.