Aydan Höccətova
Aydan Höccətova (doğ. 6 aprel 1999, Bakı) — Azərbaycan şahmatçısı. Qadınlar arasında Beynəlxalq qrosmeyster (2018).
Aydan Höccətova | |
---|---|
| |
Ölkə | Azərbaycan |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan |
Titulu | qadınlar arasında beynəlxalq qrosmeyster (2018) |
Son reytinqi |
|
Maksimal reytinqi | 2.356 (avqust 2018) |
FİDE nömrəsi | 13401491 |
Vikianbarda əlaqəli mediafayllar |
Erkən illəri
Aydan 1999-cu ildə aprelin 6-da Bakı şəhərində anadan olmuşdur.[2] İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında təhsil alıb.[2] Televizorda şahmat haqqında veriliş gördükdən sonra onda bu oyuna maraq yaranıb.[3]. Şahmat məşqçisi qrosmeyster Fərid Abbasovdur.[3]
Şahmat karyerası
Aydan iki yaş yarımından şahmat oynamağa başlamış, üç yaşında dördüncü dərəcəli şahmatçı normasını yerinə yertirmişdir. Dörd yaşında artıq Bakı çempionatında iştirak etmişdir. Beş yaşında ikən Azərbaycanda ilk dəfə 10 yaşlı qızlar arasında Respublika çempionatına vəsiqə qazanmışdır. Aydan Azərbaycanda 6 yaşında I dərəcəli şahmatçı normasını yerinə yetirən yeganə şahmatçıdır.[4]
2004-cü ildə Moskva şəhərində keçirilən ilk beynəlxalq yarışına qatılıb və dünya çempionu Anatoli Karpov tərəfindən xüsusi diplom və hədiyyə ilə mükafatlandırılıb. 2005-ci ildə Türkiyədə 12 yaşa qədər məktəblilərin 1-ci dünya çempionatının komanda yarışında 3-4-cü yerləri bölüşdürüb və Türkiyə Şahmat Federasiyasının prezidenti Əli Nihat Yazıçı tərəfindən diplom və hədiyyə ilə mükafatlandırılıb.[4]
2005-ci ildə Serbiyada keçirilən Avropa çempionatında iştirak etmişdir. Eyni ildə 6 yaşında ikən 10 yaşlı qızlar arasında Bakı çempionatında və 15-ci Bakı kubokunda 2-ci yeri, "Yay kubokunda" isə 1-ci yeri tutub.[4]
2006-cı ildə isə Batumi şəhərində keçirilən dünya çempionatında iştirak edib. Həmçinin Lənkəranda keçirilən Respublika Olimpiadasında, "Payız kubokunda" və Azərbaycan çempionatında 1-ci yeri, 10 yaşlı qızlar arasında Bakı çempionatında 2-ci yeri, və Respublika çempionatında 3-cü yeri tutub.[4]
2007-ci ildə Gürcüstanın Batumi şəhərində keçirilən 8 yaşlıların ilk Avropa çempionatında 1-ci yeri qazanmışdır.[5] Həmin ildə Türkiyənin Antalya şəhərində keçirilən 8 yaşlıların dünya çempionatında 8 xal yarım toplayaraq onunla eyni nəticə göstərmiş Günay Məmmədzadə ilə 2-3-cü yerləri bolüşdürmüşdür.[6] Bunlardan əlavə 2007-ci ildə Bakı çempionatında və Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Prezident kubokunda" 10 yaşlı qızlar arasında 1-ci yeri, Azərbaycan çempionatında 2-ci yeri, və Zaqatalada keçirilən Olimpiadada 3-cü yeri tutub. 24 dekabr 2007-ci ildə Aydan Höccətova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 fevral 2007-ci il tarixli 1956 saylı sərəncamına əsasən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi ilə birgə təşkil etdiyi mərasimdə ilin şahmatçısı seçilmiş, gənclər və idman naziri Azad Rəhimov tərəfindən medal və diplomla təltif olunmuşdur.[4]
2009-cu ildə İtaliyanın Fermo şəhərində keçirilən 10 yaşlı qızların Avropa çempionatında 2-ci yeri tutmuşdur.[7]
2013-cü ilin noyabr ayında Türkiyənin Əskişəhər şəhərində keçirilən türkdilli xalqların olimpiadasında 2-ci yeri tutmuşdur.[4]
2014-cü ilin oktyabr ayında Gürcüstanın Batumi şəhərində keçirilən 16 yaşlı qızların Avropa çempionatında 2-3-cü yerləri bölüşdürmüşdür.[8][9]
2015-ci ildə qadınlar arasında FİDE ustası adına, 2018-ci ildə isə qadınlar arasında beynəlxalq qrosmeyster adına layiq görülüb.
2016-cı ilin sentyabrında Bakıda keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın qadınlardan ibarət əsas (birinci) komandasının heyətində Azərbaycanın qadınlardan ibarət yığma komandasında debüt edib.
Reytinqi
FİDE-nin rəsmi saytında dərc olunmuş 2017-ci ilin fevral ayına olan məlumata görə Aydan 2308 xalla Azərbaycan qadın şahmatçıları arasında 5-ci,[10] "Top 100 Girls February 2017" reytinq cədvəlində 21-ci[11] və "Top 100 Women February 2017" reytinq cədvəlində isə 181-ci yerdə qərarlaşıb.
İstinadlar
- FİDE FIDE Standard Ratings as of 28 February 2022. 2022.
- "Avropa çempionu, olimpiadalar qalibi" (az.). muallim.edu.az. 21 февраля 2015. 2021-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-07.
- "Айдан Ходжатова: Моя мечта – попасть в женскую сборную Азербайджана" (rus). Chessdom.ru. 7 февраля 2015. 2018-02-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-09-07.
- "İlin şahmatçısı". Mir-azerbaydjana.az. 12 Fevral 2017 tarixində arxivləşdirilib.
- "European Youth U-8 Chess Championship 2007" (ingilis). Fide.com. 2015-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-11.
- "WORLD YOUTH CHAMPIONSHIP 2007 (8G)" (ingilis). Wycc2007.tsf.org.tr. 2009-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-11.
- "АЙДАН ХОДЖАТОВА ЗАНЯЛА НА ЧЕМПИОНАТЕ ЕВРОПЫ ВТОРОЕ МЕСТО" (rus). AzərTAc. 10 сентября 2009. 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-07.
- "Təhsil Nazirliyinin idman məktəblərinin yetirmələri Gürcüstanın Batumi şəhərində şahmat üzrə yeniyetmələr arasında keçirilən Avropa çempionatında iştirak ediblər". Azərbaycan Respublikası Təhsil Nazirliyi. 31 Oktyabr 2014. 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-11.
- "18 yaşadək yeniyetmələrimiz Avropa Çempiontında 5 medal qazandılar !". Chess.az. 2015-10-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-02-11.
- "Federations Ranking Women Azerbaijan". Fide.com. 16 Fevral 2017 tarixində arxivləşdirilib.
- "Standard Top 100 Girls February 2017" (ingilis). fide.com. 2020-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-07.
Xarici keçidlər
- FIDE Chess profili
- Aydan Hojjatova. Chess-DB.com (ing.)
- Aydan Hojjatova. Chessgames.com (ing.)
- Aydan Hojjatova. 365Chess.com (ing.)