Aydınqışlaq
Aydınqışlaq — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd.
Aydınqışlaq | |
---|---|
40°55′23″ şm. e. 47°48′38″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 544 m |
Saat qurşağı | |
Ümumi məlumat
Aydınqışlaq Qəbələ şəhərindən 7 kilometr cənub-şərqdə, Qəbələ-Ağdaş magistral yolundan 2 km aralı, Dəmiraparan çayının sağ sahilində Alazan (Qanıx)-Həftəran vadisində yerləşir. Əhalisi 1992-ci ildə yaşayış yerlərini tərk etmiş 30 nəfər məcburi köçkünlər də daxil olmaqla milliyyətcə azərbaycanlılardan ibarət 2244 nəfər, ərazisi 11,9 kv.km-dir. Aydınqışlaq şimal və qərbdən Zarağan, cənubdan Kiçik Pirəli, Soltannuxa, Yengicə, şərqdən isə Tümtül kəndləri ilə həmsərhəddir. Kənd Böyük Qafqaz sıra dağlarının ətəklərində, qışı quraq keçən mülayim isti qurşaqda yerləşir, geomorfoloji relyefinə görə qəhvəyi dağ-meşə torpaq tipinə malikdir. Hazırda Aydınqışlaq kəndində 1 bələdiyyə, 1 İƏD üzrə nümayəndəlik, 1 tam orta məktəb, 1 mədəniyyət klubu, 1 kitabxana, 1 feldşer məntəqəsi, 1 məscid, eləcə də 6 ziyarətgah vardır.
Yaşayış məskəninin adını ifadə edən Aydınqışlaq sözünün təhlili, əsasən 2 fərziyyə üzərində qurulmaqla kəndin yaranma və inkişaf tarixini özündə əks etdirir. Məlumdur ki, Aydınqışlaq iki sadə sözün birləşməsindən əmələ gələn mürəkkəb sözdür.
Qışlaq-əsasən qış aylarında yaşayış üçün nəzərdə tutulan, yataq və yaşayış evlərini özündə birləşdirən ərazi deməkdir. İlin 8-9 ayını qışlaqlarda keçirən Azərbaycanın maldar tayfaları yalnız yay aylarında yaylaqlara qalxmışlar. Qışlaq digər müvəqqəti yaşayış məskəni növlərindən daimiliyi ilə fərqlənir və kəndə keçidin son mərhələsi hesab olunur.
Mövcud olan birinci fərziyyə Aydın sözünün konkret şəxsin adı ilə bağlılığına əsaslanır. Həmin fərziyyəyə görə, heyvandarlıq fəaliyyəti ilə məşğul olan Aydın adlı şəxs qışlaq kimi istifadə etdiyi ərazidə sonradan daimi məskunlaşmış və bu amil, Aydının qışlağı, sonradan isə yer adı kimi Aydınqışlaq sözünün yaranmasına səbəb olmuşdur. Araşdırmalar, qeyd edilən fərziyyənin tam şəkildə təkzib edilməsinə əsas verir. Belə ki, kəndin əsasını təşkil edən tayfalar, eləcə də yer adları içərisində Aydın adlı şəxslə bağlı heç bir fakt aşkar edilməmişdir. Eyni zamanda, fərziyyənin özünü doğrultması üçün Aydınoba, Aydın uşağı, Aydının yeri və s. kimi sözlərin dövrümüzə qədər gəlib çatması zəruri idi.
Aydınqışlaq adı ilə əlaqədar ikinci, əsas fərziyyə Aydın sözünün həqiqi mənasının təhlili nəticəsində meydana çıxır. Həmin fərziyyəyə əsasən kəndin adındakı Aydın sözü özündə açıq, təmiz, görünən fikirlərini ifadə edir. Belə ki, heyvandarlıq məqsədilə yaylağa çıxmış köçəri türk tayfaları, qışlaq kimi istifadə edilən digər ərazilərdən fərqli olaraq Qafqaz sıra dağlarının ətəklərinə yaxınlığı ilə əlaqədar bu kəndin yerləşdiyi yeri vizual baxımdan daha aydın müşahidə etmək imkanına malik olmuşlar. Bu amil əvvəlcə aydın görünən qışlaq, sonradan Aydınqışlaq sözünün formalaşmasına gətirib çıxarmışdır.
Toponimikası
Aydınqışlaq oyk., mür. Qəbələ r-nunun Zarağan i.ə.v.-də kənd. Dəmiraparan çayının sağ sahilində, Alazan-Həftəran vadisindədir. Oykonim aydın (etn.) və qışlaq (yaşayış məntəqəsi termini) sözlərindən düzəlib. Etnotoponimdir.[1]
Kəndin əhalisi, milli mənşəyi və yaranma tarixi
Aydınqışlaq Qəbələ rayonunda yerləşən, əhalisinin milli mənşəyi azəri türklərindən ibarət, etnik qarışığı olmayan azsaylı kəndlərdən biridir. Kənddə yaşayan 12 əsas tayfanın mənşəyinin araşdırılması nəticəsində etnik qruplarla əlaqə aşkar edilməmiş və aşağıdakılar müəyyən olunmuşdur (tayfaların sıra ardıcıllığı onların məskunlaşma tarixlərinə uyğunlaşdırılmışdır):
- "Dostu uşağı", mənşəyi Qəbələ rayonunun Kiçik Əmili kəndi ilə bağlıdır (Babayev, Valehov, Nurməhəmmədov və s. soyadlı kənd sakinləri).
- "Hacı uşağı" mənşəyi, İslam dininin təbliği ilə bağlı Oğuz rayonunun Xaçmaz kəndinə, oradan isə Aydınqışlağa gəlmiş Hacı adlı türk vətəndaşının adı ilə bağlıdır ( Mütəllibov ,Həsənli ,İsgəndərov, Əhmədov, Qəribov, Abdulxalıqov və s.)
- "Şöpülülər" (Bilalov,Əzizov və s.).
- "Hacı Osman məhəlləsi", Quba rayonunun Xınalıq kəndindən gələrək məskunlaşmışlar (Osmanov, Cəbrayılov, İsrayılov və s.).
- "Sərrəcilər", İİR əsillidirlər (Yahyayev, Cavadov, Babayev və s.).
- "Tarverdilər", (Mikayılov, Cabbarov, Məmmədov və s.).
- "Ağapərilər", (Mehdiyev, Xasməmmədov Baloğlanov və s.).
- "Allahqulu uşağı", (Alxasov, Quliyev, Əhmədov və s.).
- "Mollababa övladları", İsmayıllı rayonunun Basqal kəndindən gələrək məskunlaşmışlar (Babayev, Məcidov, Abdurəhmanov və s).
- "Hacıqasım ustanın nəsli", (Qasımov, Əfəndiyev, Həşimov və s.).
- "Cuvar uşağı", (Göyüşov, Əhmədov və s 12.."Qafarovlar",...Aydınqışlaq kəndində bu soyadda cəmi 3 ailə vardır ki..bu ailələrin kökü Ix-cu əsrin əvvəllərində bu kəndə Türkiyədən ticarətlə baglı gəlib burada məskunlaşan Masum bəylə və onun oglu Qafarla baglıdır.Masum bəy tacir kimi kəndin zəngin və savadlı sakinlərindən biri olmuşdur.(..Qafarovlar).
- "Sofular", (Abdullayev soyadlı kənd sakinləri)
Məlum olmuşdur ki, Aydınqışlaq ərazisində ilk məskunlaşma Dəmiraparan çayına yaxın, kəndin şərq hissəsində, "Dostu uşağı" və "Hacı uşağı" tayfaları ilə başlamışdır. Həmin tayfaların nəsil şəcərəsinin, həmçinin qəbiristanlıqlarda mövcud olan yazılı qəbir daşlarının təhlili nəticəsində, kəndin yaranma tarixinin təxminən 1780-1830-cu illərə təsadüf etdiyi meydana çıxır. Lakin bir neçə dəfə, əsasən 1933, 1944 və 1949-cu illərdə baş vermiş sel və daşqınlar nəticəsində kənd mərhələ-mərhələ məskunlaşma yerini dəyişərək qərb istiqamətində formalaşmağa başlamışdır. Eyni zamanda, kəndi Qəbələ şəhəri ilə əlaqələndirən cənubdan şimala uzanan 3 paralel yollar da sel suları nəticəsində yararsız hala düşmüş və əhali Zarağan kəndinə döğru istiqamətlənmişdir. Sonuncu sel daşqınları nəticəsində 23 ev su altında qalaraq məhv olsa da, təbii fəlakətlə bağlı sakinlər arasında tələfat halları baş verməmişdir.
Təbiəti
Aydınqışlaq kəndinə məxsus 1169 ha torpaq sahəsinin 15 ha bələdiyyə fondu, 560 ha əkinə yararlı, 181 ha pay torpağı, 950 ha. meşə fondu təşkil edir. Kəndin ərazisində yerləşən əkinə yararlı sahələrin hər biri - "Məlik talası", "Gödəklər", "Göycə yeri", "Kollu tala", "Molla Əhməd yeri", "Şöpül yeri", "Qəmbər yeri", "Fərrux bağı", "Əzimin bağı", "İsrafil yeri", "Mollababa şotu", "Paşa yeri", "Sofu yeri", "Tutdibi", "İki çay arası", "Zoğallı qoruq" və "Əmrahın dar talası" əsasən onların təmizlənərək istifadəyə verilməsini təmin edən şəxslərin adı ilə bağlıdır. Yalnız "Davalı tala" adlanan yer Dəmiraparan çayının dövrü olaraq yatağını dəyişməsi səbəbindən Aydınqışlaq və Tümtül kənd sakinləri arasında mübahisə predmetinə çevrildiyi üçün bu adı qazanmış və bu problem kolxoz təsərrüfatlarının yaranması ilə həllini tapmışdır.
Kəndin cənub-şərq tərəfində yerləşən vələs, yalanqoz, palıd, fıstıq, qızılağac, görüc və s. ağac növlərindən ibarət meşə zolağının kütləvi qırıntıya məruz qalması, ərazidə olan təbii otlaqların, xarasoların və bulaqların məhv olması ilə nəticələnmişdir. Göstərilən ərazilərdə RLS-ə məxsus 21 ədəd artezian quyusunun fəaliyyət göstərməsi də təbii landşaftın məhvinə səbəb olan amil kimi qiymətləndirilir. Əvvəllər meşə zolağında yerləşmiş "Ayran", "Hacıməhəmməd" və "Meşə dəyirmanı" adlı bulaqlar qeyd edilən səbəblərdən yoxa çıxmışlar. Aydınqışlaq kəndində suptropik bitgilər istisna olamaqla, Azərbaycanın florasına daxil olan meyvələrin əksəriyyəti yetişir. Bununla belə, kəndin əsasını fındıq, şabalıd, qoz və qızıləhməd alma bağları təşkil edir.
Təsərrüfatların yaranma tarixi
Kolxoz təsərrüfatlarının yaranmasından əvvəl Aydınqışlaqda əkinə yararlı torpaqlar əsasən kənddə nüfuz sahibi olan Əhməd, İsa və Nəsib adlı şəxslərin əllərində cəmləşmişdir. Həmin şəxslər torpaq və digər əmlaklarını o dövrdə qəza mərkəzi olan Nuxa şəhərində qeydiyyata saldıraraq özlərinə bəy titulu almağa nail olmuş və kənd sakinlərinə pulsuz ziyafət təşkil etməklə bu adı rəsmiləşdirmişlər. Bundan əlavə, ətrafda tacir kimi tanınan kənd sakinləri Mollasəid, Hacıqasım, Hacıməcid və Hacıümid ipəkçilik və arışılıqla məşğul olaraq təsərrüfat subyektləri yaratmaqla, eləcə də Həşim Bədrəddinov, Quşeyri Məmmədov və Abdulqafur Məcidov şəxsi dükan sahibləri kimi geniş maddi imkanlar əldə etmişlər. Kəndə “yüzbaşı” təyin olunmuş Hüseyn Mikayılov isə vergilərin yığılmasına, onun sosial problemlərin həlli istiqamətində xərclənməsinə, eləcə də xırda münaqişələrin aradan qaldırılmasına cavabdeh olmuşdur.
Aydınqışlaq kəndində birgə təsərrüfatların yaranma tarixi ilə bağlı kəndin o dövürkü ziyalılarından olmuş Qərib Mövsümzadənin “Qalibiyyət” qəzetinin 03.11.1967-ci il tarixli nömrəsinə verdiyi müsahibədə bildirilir: “1927-ci ilin aprel ayı idi. Kəndimizdə kənd təsərrüfatı şirkəti yaratmaq üçün həvəs göstərənlər vardı. Həmkəndlilərimin fikrini partiya özək katibinə bildirdim və Aydınqışlaqda təsərrüfat birliyi yaratmaq üçün kömək göstərməsini xahiş etdim. Katib mənim təklifimi bəyəndi və kəndə bir traktor göndərilməsinə sərəncam verdi. Ertəsi gün səhər tezdən bizə verilən traktorla kəndə getdim (sürücü Qutqaşendən olan Murad Abdullayev idi). Kənddə ilk traktorun görünməsi əsl bayrama çevrilmişdir. Elə həmin gün keçmiş muzdurlar və yoxsul kəndlilərdən 15 nəfəri birliyə üzv yazıldı. Həmin şəxslər Kərim Əhmədov (artelin sədri seçilmişdir), Abdulla İsgəndərov, Hüseyn Əliyev, Cəmalədddin Əzimov, İslam, Abbas, Vahab Mövsümzadələr, Şirin Babayev, Manaf Manafov, Şəmsəddin Quliyev, Əmrah Əliyev. Seyfəddin Səlimov, Məhərrəm Sadıqov, Gülməmməd Yəhyayev və Əbdürrəhim Əfəndiyev olmuşlar.Axşamüstü hamımız traktorun ətrafına toplaşdıq və Qəza mərkəzi olan Nuxadan gəlmiş fotoqraf şəklimizi çəkdi.”
Aydınqışlaq kəndinə gətirilən ilk traktor kənd sakini Mövlam Dəmirov tərəfindən idarə olunmuşdur. Növbəti mərhələlərdə kəndə verilmiş “XTZ-7” markalı traktorlar Cabbarov Fərhad Cabbar oğluna və Mıxlıqovaq kənd sakini Seyfullah Abdullayevə təhkim olunmuşdur. Eyni zamanda, kənd sakinləri Alxasova Sayad Abdulkərim qızı F.Cabbarova, Yahyayeva Leyliman Gülməmməd qızı isə S.Abdullayevə köməkçi təyin edilmişdir.
1931-ci ildən başlayaraq Azərbaycanda kolxoz təsərrüfatlarının iqtisadi səmərəsinin artırılması məqsədilə onların birləşdirilməsinə start verildi. Həmin dövrdə kənddə yaranmış artel “Aydınlıq” adlandırılmış və inzibati bina kimi Əbdürrəhim Əfəndiyevin şəxsi mənzilindən istifadə olunmuşdur. Kolxozun sədri əvvəlcə Hüseyn Hüseynov, sonradan isə Məhəmməd Abdullayev olmuşdur. 1950-ci illərdə “Aydınlıq” koloxozu ləğv edilmiş, əvvəlcə Böyük Pirəli kəndi ilə birlikdə M.F.Axundov adına, sonradan Aydınqışlaq, Zarağan və Daşca kəndlərini birləşdirən Karl Marks adına kolxoz yaradılmışdır. Aydınqışlaq kəndinin daxil olduğu sovetlik isə Zarağan kənd sakini Qəhrəman Şirin oğlunun mənzilində fəaliyyət göstərmiş və orada Vəndamdan olan Çələbi adlı şəxs sədr vəzifəsində işləmişdir.
Kolxoz təsərrüfatının yaranması ölkənin hər yerində olduğu kimi Aydınqışlaq kəndində də birmənalı qarşılanmamışdır. Belə ki, ölkədə aparılan bu siyasətə qarşı çıxdıqları üçün kənd sakinləri Məmmədov Rizvan Məhəmməd oğlu və Məmmədov Əzim Əziz oğlu represiyanın qurbanı olmuş və siyasi məhbus kimi güllələnmişlər. R.Məmmədovun oğlu Vahid Məmmədov isə siyasi məhbusun övladı olduğu üçün II Dünya müharibəsində döyüş adı ilə minalanmış sahələrə göndərilməklə məhv edilmişdir.
Respublikamızda ictimai-siyasi quruluşun dəyişməsi ilə əlaqədar 1999-cu ildə Aydınqışlaq kəndində müstəqil bələdiyyə, 2005-ci ildə isə RİH-nin İƏD üzrə nümayəndəliyi fəaliyyətə başlamışdır.
Din
Aydınqışlaq kəndinin əhalisi bütünlüklə İslam dininin sünnü məzhəbinə sitayiş etsə də dindar sakinlər arasında digər təriqətçilik meylləri müşahidə olunmur. Aydınqışlaqda ilk məscid kəndin şərq hissəsində, hazırda “Hacıcabbar” piri kimi tanınan ziyarətgahın yaxınlığında yerləşmişdir. Qeyd edilən məscidə əvvəlcə Hacı Cabbar əfəndi, sonradan onun nəslindən olan Nurəmməd Cabbarov rəhbərlik etmişdir. Məscid XX əsrin əvvəllərində sel daşqınları nəticəsində tamamilə dağılmış və həmin dövrdə kənd sakinlərinin vəsaiti hesabına əvvəlcə “Məscid bağı” adlanan ərazidə kiçik həcimli, sonradan isə kəndin mərkəzində bir qədər iri tutumlu məscid inşa edilmişdir. Kiçik həcimli məscidin mollası Mollarəhman Mütəllimov olmuş və o, əhalinin dini biliklərinin artırılması üçün məsciddə dərsanələr təşkil etmişdir. Bolşevik inqilabından sonra dindarlığın ləğvi istiqamətində aparılan dövlət siyasəti nəticəsində həmin məscid 1925-ci ildə yerlə-yeksan edilmiş, Mollarəhman Mütəllimov isə gənc komsomolçular tərəfindən belinə minilərək təhqir olunmuşdur. O, bir müddət rayonun Mamaylı kəndində qaçıb gizlənmiş, sonradan yaşayış yerinə qayıtmışdır.
Kəndin mərkəzində yerləşən məscidin ilk mollası, hacı titullu, ətrafda geniş dini biliklərə malik, nüfuzlu şəxs kimi tanınan Hacıqasım Qasımov, müəzzin isə Hacıməhəmməd Məmmədov olmuşdur.Sonradan o, məscidin rəhbərliyini öz bilik və bacarığı ilə kənd sakinləri arasında hörmət və nüfuz qazanmış Əhmədov Məmmədbağır Əhməd oğluna vermişdir.M.Əhmədov fəaliyyəti dövründə kənd sakinlərinin savadlanması istiqamətində xüsusi rol oynamışdır. 1935-37-ci illərdə məscid dövlət orqanları tərəfindən bağlanılaraq əvvəlcə dükana, sonradan isə taxıl anbarına çevrilmişdir.M.Əhmədov uzun müddət kənd sakini Quşeyri Məmmədovun mənzilinin damında gizlənərək təqiblərdən yayına bilmişdir. Qeyd edilən ərazidə 1991-ci ildə yenidən məscid tikilərək sakinlərin istifadəsinə verilmişdir. Məscidin fəaliyyətinin dayandırılması kənd sakinləri arasında dindarlığın ləğvi ilə nəticələnməmişdir.Belə ki, M.Əhmədovdan dini biliklər almış kənd sakini Sadəddin İsgəndərov, sonrakı dövrlərdə Aydınqışlaq kəndi ilə yanaşı Qəbələ rayonunun hər yerində dindarlığın qorunub-saxlanılması, eləcə də inkişafı istiqamətində mühüm rol oynamışdır.
Təhsili
Bolşevik inqilabından əvvəl Aydınqışlaq kəndində yalnız 3 nəfər təhsilli şəxs olmuşdur. Sonradan SSRİ məkanında əhalinin savadlanması istiqamətində aparılan dövlət siyasəti nəticəsində bəzi evlərdə qruplar təşkil edilmiş, yaşından asılı olmayaraq kəndin əksər sakinlərinə yazıb-oxumaq öyrədilmişdir. Kənddə ilk məktəb 1925-27-ci illərdə fəaliyyətə başlamışdır. Həmin illərdə kəndin mərkəzində bir sinifli məktəb inşa edilmiş, oraya 18 nəfər şagird cəlb olunmuş və kənd sakini Əbdürrəhim Əfəndiyev müəllim işləmişdir. 1930-cu ildə göstərilən ərazidə kənd sakinlərinin şəxsi vəsaiti hesabına çiy kərpicdən 3 sinif otağı və 1 müəllimlər odası tikilərək istifadəyə verilmiş, kənd sakini Əhmədov Kərim Əhməd oğlu məktəbin ilk direktoru təyin edilmişdir. Eyni zamanda məktəbdə Qəbələ şəhərindən olan Surə, Göygöl rayonunun Qarasaqqal kəndindən Tükazban Şirinova, Soltannuxa kəndindən Xəlil və Zarağandan Fərəcullah Həmidov müəllim kimi fəaliyyətə başlamışlar. 1966-cı ildə məktəbdə 4,5,6, və 7-ci siniflər, 1968-ci ildə isə 8-ci sinif açılmışdır. Həmin dövrlərdə məktəbin direktoru vəzifəsində Böyük Pirəli kəndindən olan Teymur müəllim işləmişdir.
1981-ci ildən Aydınqışlaq kəndində tam orta məktəb fəaliyyət göstərir və hazırda orada 350 nəfər şagird təhsil alır. Ali məktəblərə daxil olan məzunların sayına görə Aydınqışlaq kənd orta məktəbi Qəbələ rayonunda daim ön sıralardan birini tutmuşdur. Hazırda Aydınqışlaq kəndində 230-dan artıq ali təhsilli şəxs yaşayır və onlar ümumi əhalinin təxminən 10 faizdən çoxunu təşkil edir. Kənd müharibə dövründə:
1941-ci ildə başlamış böyük vətən müharibəsi hər bir Sovet vətəndaşı kimi Aydınqışlaqlıların da həyatında silinməz izlər buraxmışdır. Müharibə başlanan dövrdə həddi-bülluğa çatmış, sağlamlığı imkan verən hər bir kişi cəbhəyə yollanmış, onlardan təxminən 25 nəfəri geri qayıtmışdır. Bundan əlavə, 1941-1949-cu illər ərzində yaranmış aclıq nəticəsində 68 nəfər kənd sakini həyatını itirmişdir. Ölənlərin bəziləri qadınlar tərəfindən primitiv qaydada nərdivanla daşınaraq, paltarla dəfn edilmişlər. Təxminən 1942-44-cü illərdə kəndin ziyalılarından olan Qərib Mövsümzadə aclıqdan daha çox əziyyət çəkən uşaqlara yardım məqsədilə məktəbin otaqlarının birində gün ərzində bir dəfə pulsuz nahar yeməyi təşkl etmişdir. Müharibədə qəhrəmanlıqla vuruşduqları üçün kənd sakinləri Mikayılov Dursun Hüseyn oğlu, Qasımov Qasım Gəray oğlu, Qafarov Məmmədəli İsfəndiyar oğlu və Babayev Məlik Saleh oğlu çoxsaylı orden və medallara layiq görülmüşlər.
Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə də Aydınqışlaq kənd sakinləri fədakarlıqla iştirak etmişlər.Həmin döyüşlər zamanı kənd sakinləri Bilalov Mürvət Atakişi oğlu və Əhmədov Hidayət Muxtəsər oğlu qəhrəmanlıqla şəhid olmuş, Abdullayev Xanlar Cumar oğlu, Əzizov Təbriz Ramiz oğlu və Mikayılov Mənsur Həsənalı oğlu itkin düşmüş, eləcə də 4 nəfər yaralanaraq əlil olmuşdur.
Coğrafiyası və iqlimi
Aydınqışlaq kəndi Dəmiraparan çayının sağ sahilində, Alazan-Həftəran vadisindədir[2].
İstinadlar
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Mənbə
- Müəllif: Aydınqışlaq kənd sakini İsgəndərov Araz Ələddin oğlu.