Aydın Süleymanlı

Aydın Süleymanlı (d. 22 mart 2005, Bakı, Azərbaycan) — azərbaycanlı şahmatçı, qrosmeyster (2021). Yeniyetmələr arasında dünya və ikiqat Avropa çempionu. "Aeroflot open 2020" turnirinin qalibi.

Aydın Süleymanlı
Aydın Süleymanlı 2023-cü ildə
Aydın Süleymanlı 2023-cü ildə
Ölkə Azərbaycan Azərbaycan
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan
Titulu Qrossmeyster (2021)
Son reytinqi
  • 2.609 (dekabr 2023)[1]
Maksimal reytinqi 2.609 (dekabr 2023)
FİDE nömrəsi 13413937
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Uşaqlığı və şahmata başlaması

Aydın Elşən oğlu Süleymanlı 2005-ci il martın 22-də Bakıda anadan olub.[2] 6 yaşında 249 nömrəli tam orta məktəbin birinci sinfinə gedib. 5 yaşından şahmatla məşğul olmağa başlayıb. İlk vaxtlar evlərinin yaxınlığındakı Xətai Rayon Mədəniyyət Mərkəzində şahmat məşğələlərinə qatılıb. Sonra valideynlərinin arzusu ilə Aydın Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbində Xalid Atababayevdən şahmatın sirlərini dərindən öyrənməyə başlayıb.[2]

Şahmat karyerası

Aydın Süleymanlı — 2017-ci il U-12 Avropa çempionatının qalibi.

Aydın 6 yaşından başlayaraq beynəlxalq yarışlara qatılıb.[2] O, müxtəlif yaş kateqoriyalarında Azərbaycanı uşaq və yeniyetmələr arasında şahmat üzrə dünya və Avropa çempionatlarında təmsil etmişdir. 2013-cü ildə Monteneqronun Budva şəhərində keçirilmiş qitə birinciliyində 8 yaşlı şahmatçılar arasında birinci olub.[2] Həmin ilin dekabrında Birləşmiş Ərəb Əmirliklərinin Əl-Əyn şəhərində keçirilmiş şahmat üzrə dünya çempionatında eyni yaş kateqoriyasında üçüncü yeri tutub.[2]

2014-cü ilin noyabrında şahmatın blits və rapid növü üzrə keçirilmiş Avropa çempionatında bütün rəqiblərini üstələyərək həm blits, həm də rapiddə 10 yaşlı oğlanlar arasında birinci olub.[3]

2017-ci ildə Rumıniyanın Mamaya şəhərində təşkil olunmuş Avropa Çempionatında 9 oyundan 7 xal yarım yığmaqla 12 yaşlı oğlanlar arasında Avropa çempionu adını qazanıb.[4]

2019-cu ildə Hindistanın Mumbay şəhərində keçirilmiş dünya çempionatında 11 oyundan 9 xal yığmaqla 14 yaşlı oğlanlar arasında dünya çempionu olub.[5]

2019-cu ilin noyabr ayında Azərbaycanın gənclərdən ibarət şahmat üzrə yığma komandasının heyətində Türkiyənın Çorum şəhərində keçirilmiş 16 yaşadək şahmatçılar arasında Dünya Şahmat Olimpiadasının qalibi olub.[6]

Aydın Süleymanlı — 2020 -ci il "Aeroflot open" festivalının qalibi

27 fevral 2020-ci ildə Moskvada "Aeroflot open" beynəlxalq şahmat festivalının A turnirində 9 turdan 6,5 xal toplayaraq festivalın qalibi olub.[7]

2023-cü ilin dekabrında 11 xal toplayaraq "Vüqar Həşimov Memorial-2023” superturnirinin rapid yarışlarının qalibi olub.[8]

Şəxsi həyatı

Aydın Süleymanlı 2023-cü ilin yanvarında blokçeyn əsaslı şirkət ilə birlikdə şahmat sənayesində ilklərdən olan çoxillik NFT əməkdaşlığını açıqladı.[9]

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.