Ay Fen

Ay Fen (çin. 艾芬; 1974) — Çində Uhan Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinin müdiri. O, dünyada koronavirus epidemiyasının başlandığını elan edən ilk həkim olmuşdur. Çində nəşr edilən "People" jurnalı tərəfindən yayımlanan bir məqalədə ona "The whistle-giver" (发哨子的人) adı verilmişdi(发 哨子 的 人) (ilk həyəcan təbilini çalan). Məqalə Çin senzurası tərəfindən dərhal məhv edilmişdi. Lakin senzuranı keçmək üçün Çin internetində emoji, Morze əlifbası ilə tərcümə edilmiş repostlar şəklində saxlanılmışdır.[1]

Ay Fen
çin. 艾芬
Doğum tarixi 1974
Təhsili
  • Tonzi Tibb Kolleci[d] (–1997)
Fəaliyyəti həkim

Həyatı

Ay Fen Tonzi Tibb Kollecini (indi Xuaçjun Elm və Texnologiya Universitetinin bir hissəsi) bitirib və Uhan Mərkəzi Xəstəxanasının ürək-damar xəstəlikləri şöbəsində çalışıb. 2010-cu ildən o, xəstəxananın təcili yardım şöbəsinə rəhbərlik etmişdir.[2]

COVID-19 epidemiyası

Ay Fen 2019-cu il dekabrın 18-də ilk dəfə koronavirusa yoluxmuş xəstə ilə üzləşib. Belə ki, həmin gün Uhan Mərkəzi Xəstəxanasına indiyə qədər müşahidə olunmayan qəribə tənəffüs yolu iltihabı ilə 65 yaşlı bir kişi müraciət edib. O, bir neçə gün xəstə yatdıqdan sonra klinikaya müraciət edib və ona antibiotik təyin edilib. Ancaq dərmanlar kömək etməyib, xəstənin temperaturu yüksək olaraq qalıb. Bronxoskopiya, kompüter tomoqrafiya edilib və ondan analizlər götürülüb.

Qəbul şöbəsinin müdiri Ay Fen müayinə etdiyi bu şəxsdə yeni koronavirus infeksiyası olduğunu düşünüb. Məlum olub ki, xəstəlikdən əvvəl həmin şəxs Vuhan "Huanan" dəniz məhsulları bazarında işləyib. Bu bazarda ekzotik heyvanlar və bitkilər satılırdı. Məhz mutasiya olunmuş COVID-19-un törədicisinin də həmin məhsullar olduğu ehtimal edilir. Dekabrın 27-də eyni simptomları olan ikinci bir xəstə Vuhan Mərkəzi Xəstəxanasına yerləşdirilib. O, əvvəlki xəstədən 20 yaş kiçik olub və xroniki xəstəliklərdən əziyyət çəkməyib. Lakin ondakı daha ağır yoluxma idi. Bu xəstəxanaya köçürülənə qədər ikinci xəstə Vuhanda başqa bir klinikada on gün müalicə alıb, lakin buna baxmayaraq vəziyyəti get-gedə pisləşib.

Üç gün sonra Ay Fen ikinci xəstənin analizlərinin nəticələrini alıb. Orada ağciyərlərdə aşkarlanan patologiyalar, tənəffüs orqanlarında bakteriyalar, SARS koronavirusu qeyd olunmuşdu. "Jenyu" nəşrinə verdiyi müsahibədə həkim Ay Fen siyahını soyuq tər içində yenidən oxuduğunu xatırlayıb. O, bildirib ki, SARS koronavirusu 2003-cü ildə pnevmoniyanın törədicisi idi. "O zaman virusu məhv etmək mümkün olmuşdu, amma yoluxanlar arasında ölüm doqquz faizə çatırdı, 50 yaşdan yuxarı xəstələrin hər iki nəfərdən biri vəfat edirdi. O vaxt xəstəxanamızın pulmonologiya şöbəsinin müdiri, atipik pnevmoniya ilə mübarizədə fəal iştirak edən həkimlərdən biri mənim otağımın yanından keçirdi. Mən onunla görüşdüm və analizin nəticələrini göstərdim. Baxdı və dərhal bunun çox pis olduğunu söylədi", - Ay Fen qeyd edib.

Ay Fen dərhal xəstəxana rəhbərliyinə məlumat verib və analiz nəticələrinin fotoşəkilini başqa bir klinikadakı tanış həkimə göndərib. Onlar birlikdə bu xəstəliyin Uhan dəniz məhsulları bazarından çıxması qənaətinə gəliblər. Bir neçə saatdan sonra bu məlumat Çinin "WeChat" şəbəkəsində tibbi qruplara yayılıb. Tezliklə SARS-in yeni bir növünün yayılması barədə şayiələr internet istifadəçiləri tərəfindən paylaşılmağa başlanıb. Ertəsi gün səhər Ay Fen xəstəxananın intizam komissiyasına çağrılıb və sərt şəkildə töhmət alıb. O, günahını öz üzərinə götürsə də, məlumatı "WeChat"da müzakirə edən daha səkkiz həkim cəzalandırılıb. Onlardan biri də Uhan Mərkəzi Xəstəxanasında işləyən oftalmoloq Li Venlian idi.[1] Bir ay sonra media onun iki dəfə polisə çağrıldığını, ictimai qaydanı pozmaqda günahlandırılmasını və əsassız şayiələr yaymayacağına söz verən bir sənədi imzalamağa məcbur edildiyini yazacaqdı.[3]

Rəhbərləri ilə görüşdükdən sonra Ay Fen vəzifəsindən uzaqlaşdırılmasını istədi, lakin rədd edildi: "Axşam evə qayıtdıqda həyat yoldaşıma əgər bir şey olsa, uşağı sən böyütməlisən söylədiyimi dəqiq xatırlayıram", - həkim deyib. Qohumlarına koronavirus və onun nəticəsi barədə məlumat verməməyi qərara alıb, lakin izdihamlı yerlərə getməmək və küçədə tibbi maskalarsız gəzməmək barədə xəbərdarlıq edib. Elə həmin gün Çin səlahiyyətliləri Vuhanda naməlum mənşəli bir neçə sətəlcəm xəstəliyinin aşkarlandığı barədə Ümumdünya Səhiyyə Təşkilatına məlumat veriblər. Bu problemin mövcud olduğunu ilk rəsmi tanıma idi. Yeni xəstəliyin hələ bir adı da yox idi və heç kim bunun necə ötürüldüyünü və təhlükəli olduğunu tam əminliklə söyləyə bilməzdi.

Yanvarın 1-də Ay Fen işə qayıdıb. O, hətta həkimlərin potensial təhlükə barədə xəbərdarlıq edilməməsindən narahat idi. İnfeksiyanın mövcudluğunu tanımağa yalnız şəxsi söhbətlərdə icazə verildi, mesajlaşma və ya SMS-də bu barədə yazmaq mümkün deyildi. Bundan əlavə, hakimiyyət həkimlərə və tibb bacılarına çaxnaşma yaratmamaq üçün qoruyucu vasitələr taxmağı qadağan etmişdi. Ay Fen işçilərinə qoruyucu kostyumları xalatların altında gizlətməyi əmr etdi, çünki başqa heç nə edə bilməzdi.[2][3]

Cəmi bir gündə eyni əlamətlərlə daha yeddi nəfər onun şöbəsinə gətirildi. Vəziyyət hər saatda pisləşirdi. Başlanğıcda bir çox xəstənin eyni növ dəniz məhsulları bazarı ilə əlaqəli olduğunu düşünürdülər, lakin tezliklə bu kimi hallar azaldı. Heç vaxt "Huanan"a getməyən insanlar da xəstələnməyə başlayıb və bəzən bütün ailələrdə xəstəlik aşkarlanıb.

Ay Fen rəsmi versiyadan fərqli olaraq, yeni koronavirusun insandan insana da keçə biləcəyindən şübhələnməyə başlayıb: "Dəniz məhsulları bazarı yanvarın 1-də bağlandı. İnsanlar bu virusu bir-birinə yoluxdura bilmirsə niyə xəstə sayı bu qədər artır?", həkim öz-özünə sual edib. Xəstəxana rəhbərliyi təcili yardım otağında tibb bacılarından biri xəstələndikdən sonra da onu dinləməkdən imtina edib. Yanvarın 16-da keçirilən təcili iclasda, Vuhan həkimləri bir daha virusun insandan insana ötürülməsinin istisna olunduğunu bildiriblər.[3]

Yalnız SARS koronavirusunu 2003-cü ildə kəşf edən məşhur Çin epidemioloqu, 83 yaşlı akademik Çjun Nanşan Uhana dəvət olunub və dərhal şəhərin bir epidemiya astanasında olduğunu anlayıb. 19 yanvarda jurnalistlərə açıqlamasında yeni koronavirus infeksiyanın insandan insana ötürüldüyünü söyləyib. Ertəsi gün rəsmi Pekin böhranı nəzarətə götürüb. Uhanda və şəhərin yerləşdiyi Hubey əyalətində bütün kütləvi tədbirlər dərhal ləğv edilib, sərt karantin elan edilib, giriş-çıxış bağlanıb və COVID-19 olan xəstələr üçün müvəqqəti xəstəxanaların inşasına başlanılıb.

Ay Fen deyir ki, şəhər bağlandıqdan bir neçə saat əvvəl bir tanış həkim onu çağırıb nə baş verdiyini soruşub. Ay Fen bu məlumatların onların arasında qalmasını istəyib və cavab verib ki, təkcə yanvarın 21-də 1523 nəfər xəstə onun şöbəsinə gətirilib. Bu həmişəkindən üç dəfə çoxdur. Xəstələrin 655-də yüksək hərarət müşahidə olunub.

Martın 29-da Avstraliya televiziyası Ay Fenin məqaləsi yayımlandıqdan sonra onun yoxa çıxdığını açıqlayıb. Süjet müəllifləri həkimin səlahiyyətli şəxslər tərəfindən gizli saxlandığını bildiriblər. Hazırda həkim Ay Fenin harada olması, sağ olub-olmaması məlum deyil. Hətta bəzi şayiələr də var ki, fevral ayında ölən həkim Li Venlian kimi Ay Fen də yeni növ koronavirusa yoluxub və ölüb.[4]

Birinci həyəcan təbilini çalan adam

2020-ci il martın 10-da Çində nəşr edilən "People" jurnalında "The whistle-giver" (发哨子的人, ilk həyəcan təbilini çalan) başlıqlı məqaladə onun müsahibəsi nəşr edimişdi. Lakin məqalə cəmi üç saat sora bütün resurslardan silinmişdi.[5][6] Həkim məqalədə klinika rəhbərliyini bu xəstəlik və onun nəyə gətirib çıxaracağı ilə bağlı məlumatları ört-basdır etməkdə ittiham etmişdi. Məqalə Çin senzurası tərəfindən dərhal məhv edilsə də, senzuranı keçmək üçün Çin internetində emoji, Morze kodu ilə tərcümə edilmiş repostlar şəklində saxlanıldı.[7] Məqalə ayrıca ingilis, alman, yapon dilinə olduğu kimi eyni formata tərcümə edilmiş və internetdə yerləşdirilimişdi.[8][9]

Həmçinin bax

İstinadlar

  1. Kuo, Lily. "Coronavirus: Wuhan doctor speaks out against authorities". The Guardian. 11 March 2020. 11 May 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 April 2020.
  2. 杜玮. "亲历者讲述:武汉市中心医院医护人员被感染始末" (çin). 中国新闻周刊. 18 February 2020. 18 February 2020 tarixində arxivləşdirilib.
  3. 龚菁琦. "发哨子的人" (çin). 人物周刊. 10 March 2020. 10 March 2020 tarixində orijinalından arxivləşdirilib.
  4. 品行. "武汉中心医院急诊科主任艾芬辟谣:没感染新冠肺炎,仍在一线" (çin). 澎湃新闻. 20 February 2020. 18 March 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 March 2020.
  5. "「发哨人」呼吁坚持「独立思想」 中宣部急删《人物》文章". Radio Free Asia (çin). 12 March 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 March 2020.
  6. 葉琪. "【新冠肺炎】「發哨人」反被指「造謠」源頭 李文亮同事望獲道歉". 香港01 (çin). 10 March 2020. 18 March 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 March 2020.
  7. 云昇. "肺炎疫情:"发哨人"引发反审查战,中国人用创意接力反击" (çin). BBC. 11 March 2020. 13 March 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 March 2020.
  8. "《发哨子的人》被屏蔽 网民接力转发出奇制胜" (çin). Radio Free Asia. 11 March 2020. 12 March 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 March 2020.
  9. Elizabeth, Elies. "Dr. Ai Fen, 艾芬, the Wuhan Whistle". Science Integrity Digest. 11 March 2020. 11 March 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 April 2020.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.