Avstriya zərbxanası
Avstriya zərbxanası (alm. Münze Österreich) — yalnız sikkələr deyil, həm də xatirə medalları istehsal edən Avstriya müəssisəsi. 2002-ci ilə qədər zərbxananın əsas məhsulları Avstriya şillinqi sikkələri idi. 2002-ci ildən bəri hər növ Avstriya avro sikkələrini istehsal edir. Zərbxananın mövcud olduğu illər ərzində Avstriyanın valyutası bir neçə dəfə dəyişmişdir. Məsələn, Mariya Tereza taleri Avstriya zərbxanasında zərb olunmuşdur.
Tarixi
Zərbxana haqqında ilk qeyd 1397-ci ilə aiddir. 1484-cü ildə Avstriya ershersoqu Sigizmundun əmri ilə ən qədim Avstriya sikkəsi olan quldiner buraxıldı. Avstriya ershersoqu I Ferdinandın Müqəddəs Roma İmperiyasının imperatoru olması səbəbindən Avstriyada taler pul vahidi tətbiq olundu, hansı ki 1524-cü ildən Müqəddəs Roma İmperiyasının pul vahidi idi. 1566-cı ildə Leypsiqdə 29.23 q kütləsi olan 889-cu əyarlı gümüş taler əsas gümüş sikkə kimi tanındı. Onun adı reyxsthaler (Reichsthaler) oldu. O, konvension taler (Conventionsthaler) çıxarıldığı 1753-cü ilə qədər Avstriyanın pul vahidi idi. 1700-cü ildə sikkə zərb edilməsi üçün vintli presdən istifadə edilməyə başlandı. 1780-ci ildə Mariya Tereza talerinin istehsalına başlandı. 1834-cü ildə Avstriya zərbxanası Landstraße küçəsində yeni bir binaya köçdü, köhnə binada isə geoloji idarə etmə binası yerləşdi. 1857-ci ildə Almaniya və Avstriyadakı ticarət əməliyyatlarını sadələşdirmək üçün vahid müttəfiq taler (Vereinsthaler) adlanan pul vahidinin istifadəsinə başlandı. Taler 1892-ci ildə Avstriya-Macarıstan hökuməti tərəfindən "krona" adlı yeni valyuta ilə əvəz olundu.