Avropa Konserti
Avropa konserti (ing. Concert of Europe) yaxud Vyana Sistemi — Napoleon müharibələrinin sona çatdığı 1815-ci ildən I Dünya Müharibəsinin baş verdiyi 1914-cü ilə qədər keçən dövrdə, Avropa dövlətlərinin beynəlxalq arenada siyasi qüvvələr nisbətini nəzərə alaraq hərəkət etmələrini təmin edən sistem. Vyana konqresindən sonra həyata keçirildiyi üçün Konqres Sistemi olaraq da bilinir. Konsert sistemi adətən böyük dövlətlərin sülh şəraitinin pozulmasına inandıqları zaman topladıqları konfranslar şəklində aparılırdı.
Ümumi məlumat
Avropanın konserti, Napoleonun imperatorluğunu məğlub edən, Dördlü İttifaq ölkələri tərəfindən, yəni Avstriya, Prussiya, Rusiya və Britaniya tərəfindən yaradılmış, daha sonra isə Fransanın da daxil olması ilə üzv ölkələrin sayı beçə çatmışdır.
Bu yaradılmış sistemdə, əvvəllərdə İngiltərənin Xarici İşlər Naziri Robert Stüart, Avstriya Kansleri Klement von Metternix və Rusiya Çarı I Aleksandr baş rol oynayırdı. Şarl Moris de Talleyrand-Prigord, Fransanın yenidən beynəlxalq diplomatiyada digər böyük dövlətlərin yanında yer almasını təmin etdi.
Avstriyanın Almaniya Konfederasiyası daxilində dominant güc olması və Avstriya Kansleri Metternixin mühafizəkar mövqeləri səbəbiylə Konsert dövrü, "Metternix Dövrü" olaraq xatırlandığı kimi, Vyana Konqresinin Avropanı Fransa inqilabından əvvəlki status-kvoya gətirmək yolunda reaktiv səyləri üzündən "Avropa Bərpa Dövrü" olaraq da adlandırılır. Almanca (alm. Pentarchie (pentarşi)) və rusca isə Vyana Sistemi (rus. Венская система Venskaya sistema) kimi tanınmışdır.
Avropa konserti adlandırılan bu sistemin yazılı qanunları olmadığı kimi məlum olan qurum və orqanları da yox idi. Amma böhran anında üzv dövlətlərdən hər hansıssa biri konfrans tələb edə bilərdi.[1] Bu dövr ərzində Böyük güclər dəfələrlə müxtəlif konfranslarda bir yerə gəldilər:
- Aaxen konqresi (1818)
- Karlsbad qərarnaməsi (1819)
- Troppau konqresi (1820)
- Laybax konqresi (1821)
- Verona konqresi (1822)
- London konfransı (1832)
- Berlin konqresi (1878).
Nəhayət, Avropada milliyyətçi axınların yüksəlməsi, 1848-ci il inqilabları, Krım müharibəsi, Almaniyanın birləşməsi, Risorgimento və Şərq Problemi kimi böhranlar səbəbindən Avropa konserti sistemi fəaliyyətini getdikcə itirdi.
Konsert fikrinin yaranması
Qotfrid Leybnits kimi mütəfəkkirlər[2] və Uilyam Uindem Qrenvill[3] kimi siyasətçilər “Avropa federasiyası” fikrini əvvəldən meydana atıb, mübahisəni başlamışdılar. Avropa konserti konsepsiyası, bu adamların fikirlərinə beynəlxalq güc tarazlığı anlayışını əlavə edərək Metternix tərəfindən inkişaf etdirildi. Beləliklə böyük güclər, bir-birlərinin acgözlü əməllərini və ehtiraslarını tənzimləyəcəklərdi;
Avropa konserti həyata keçər keçməz, beynəlxalq hüquq platformasında tənzimləyici quruluş olaraq meydana çıxdı. Gücünü də Vyana konqresi Yekun Aktında qeyd olunan və konqresin qərarı ilə Avropada yaradılan sərhədlərin, səkkiz imzaçı tərəfin razılığı olmadan dəyişdirilə bilməyəcəyi, şəklində olan maddədən alırdı.[4]
Fransa İnqilabı
1792-ci ildə Fransa inqilab müharibələri ilə başlayıb, Napoleonun Müqəddəs Yelena sürgünə göndərildiyi 1815-ci ilə qədər Avropa ölkələri daim müharibə vəziyyətində idi. Fransanın hərbi fəthi ilə, liberalizm ideyası qitənin böyük hissəsinə yayıldı. Belə bir siyasi yayılma, bir çox Avropa dövlətinin Napoleon Qanunlarını daxili hüquqlarına uyğunlaşdırması ilə nəticələndi. Napoleon Müharibələrindən qalib çıxan ölkələr, Fransa İnqilabının radikal dəyişikliklərinə reaksiya olarak,[5] liberal və millətçi cərəyanları əzərək, Avropada 1789-cu ildən əvvəlki status-kvoyu təsis etməyə çalışdılar.[6]
Müqəddəs İttifaq
Avstriya, Prussiya və Rusiya, 1815-ci il 26 sentyabr tarixində, Xristian ictimai dəyərləri və ənənəvi monarxiyanı qorumaq məqsədilə Müqəddəs İttifaq adı ilə bir ittifaq yaratdılar.[7] Koalisiyanın hər bir üzvü, özlərindən daha çox liberal bir siyasi fəlsəfəylə yaradılmış, Birləşmiş Krallığın konstitusiyalı monarxiyasını xilas etmək üçün tərəddüd etmədən hərəkətə keçdilər.
Dördlü İttifaq
Britaniya Dördlü İttifaqı, İkinci Paris sülh müqaviləsinin imzalandığı tarixdə, 1815-ci il 20 noyabrda təsdiq etdi. 1818-ci ildə Fransanın da daxil olması ilə koalisiya Beşli İttifaq adını aldı.[8]
Müqəddəs İttifaq və Beşli İttifaq arasındakı fərq
Napoleon müharibələrindən sonrakı iyirmi il ərzində, Avropadakı beynəlxalq münasibətlərdə ən təsirli olan müqavilənin hansı olduğu barədə, tarixçilər arasında bir çox mübahisələrə səbəb olmuşdur. Ancaq tarixçi Tim Çapmana görə, tərəflərin müqavilə qaydalarını işlərinə gəldiyi kimi çeynəməsini əngəlləyəcək qaydalarla təmbehlənmədiklərinin müəyyən edilməməsi vəziyyətində, bu iddialar akademik mübahisə ölçüsündən xaricə getməyəcəkdi.[9]
Müqədəs İttifaq fikri Rusiya çarı I Aleksandr tərəfindən meydana atılmışdır. Digər Avropa monarxlarının, bu məsələdə Rusiyanı sıxmaq istəməmələri səbəbilə, bu fikir xeyli tərəfdar və imza topladı. Bu müqavilə hökumətlərdən çox, şəxsən kralları öhdəlik altına salırdı. İmzalandıqdan sonra asanlıqla gözardı edilə bilərdi.İttifaq müqaviləsi yalnız üç böyük dövlət tərəfindən imzalanmadı: Papa VII Piy (çünki ittifaq kifayət qədər Katolik deyildi), Sultan II Mahmud və İngiltərə Kralı IV Corc. İngiltərə, Avropa qitəsinin siyasətlərinə daxil olmaq istəmirdi. Dövrün ingilis xarici işlər naziri Robert Stüarta görə belə bir ittifaq təşəbbüsü, "mistik və mənasız fikirdən" başqa bir şey deyildi.[9] Müqəddəs İttifaq fikri, Napoleon müharibələrindən sonrakı mürəkkəb güc və diplomatiya oyunlarının baş verdiyi vaxta qədər uyğun görünməsə də, bu İttifaq, dövrün siyasilərinin və mütəfəkkirlərinin gözlədiklərindən çox daha uzun, 1820-ci illərə, Beşli İttifaq ortaya çıxana qədər varlığını davam etdirdi.[10]
Müqəddəs İttifaqın əksinə, Dördlü İttifaq standart bir müqavilə idi. Dörd böyük dövlət, öz müttəfiqlərini bu müqaviləni imzalamağa dəvət etməmişdi. Bu müqavilənin əsas məqsədi, tərəflərin II Paris müqaviləsinin qaydalarına sadiq qalmalarını təmin etmək idi ki, bu da 20 il ərzində uğurla nəticələndi. Müqavilə, müəyyən dövrlərdə bir araya gələrək, ortaq maraqlar istiqamətində millətlərin rifahı və Avropada sülhün təsisi kimi müqavilənin nəzərdən keçirilməsini də nəzərdə tuturdu.[11] Belə bir nəzarət nəzərdə tutulsa belə, müqavilədə müəyyən bir toplantı periodu müəyyən olunmamışdı. Bunun nəticəsi olaraq, tərəflər 1818-ci il tarixində təkrar bir araya gələndə, Fransa müharibəsindən qalan problemlərdən başqa bir şeylə maraqlanmadılar. Daha sonrakı iclaslar da əvvəlcədən müəyyən edilmiş gündəlik və müəyyən bir proqrama sadiq qalaraq, baş tutmadı. Növbəti iclaslar xüsusi olaraq və tərəflər üçün təhlükəli şərait yarananda müqavilədə nəzərdə tutulmamış olmasına baxmayaraq Avropada meydana gələn inqilablar kimi mövzularla bağlı keçirildi.[12]
Müqavilələr
Aaxen konqresi (1818), Fransanın müttəfiqlər tərəfindən içğalı məsələsi həll olundu. Fransanın, Britaniya, Prussiya, Avstriya və Rusiya dövlətləri ilə yenidən bərabər bir səviyyəyə gətirilməsi təmin olundu.
Verona konqresi (1822), Fransanın İspaniyadakı qarışıqlığa "royalist" mövqedən müdaxilə etmə məsələsini müzakirə etmək üçün toplaşan konqres idi. Konqresdən bu icazəni alan XVIII Luis, İspaniya kralı VII Fernandonu yenidən hakimiyyətə gətirmək üçün, hərbi qüvvələrini köməyə göndərdi.
1830-cu ildə Hollandiya krallığına qarşı Belçikada üsyan başladı. Fransa Səfiri Çarlz-Moris de Talleyrand-Prigord Konsertin digər üzvlərinə Belçikanın bölüşdürülməsi üçün bir plan təqdim etdi. Bu plan qəbul edilməməklə bərabər, böyük güclər səy çoxluğu ilə Belçikanın Hollandiya krallığından ayrılmnasına razılıq verdilər və 1839-cu il London müqaviləsi ilə Belçikanın müstəqilliyini qeyd elədilər. Bu müqavilə eyni zamanda Belçikanın tərəfsizliyini də qəbul edirdi. Belçikanın tərəfsizliyi I Dünya Müharibəsində Almaniyanın Belçikanı işğal etməsi ilə sona çatdı.
Avropa konsertinin pozulması(1818–1914)
1818-ci ildə Britaniya, özünü bilavasitə maraqlandıran mövzular xaricində Avropa qitəsinin içlərinə qarışmamaq qərarı aldı. Çar I Aleksandrın növbəti inqilab və iğtişaşların birlikdə müdaxilə edilib yatırılması istiqamətindəki təklifini rədd etdilər.
Böyük güclərin, iqtisadi və siyasi sferada getdikcə artan maraq mübarizələri, Avropa konsertinin gedərək pozulmasına yol açmaqda idi. 1848-ci il inqilabları və bu inqilablarla yanaşı gələn sərhəd dəyişikliyi tələbləri, Vyana konqresi tərəfindən müəyyən edilən Avropa siyasi xəritəsini və bu xəritəylə yaradılmağa çalışan "Konsert" ittifaqını şiddətli dərəcədə sarsıtmışdı.
19-cu əsrin ikinci yarısında, üzv ölkələr arasında bir-birinin ardınca baş verən müharibələr Krım Müharibəsi(1854–56), İkinci İtaliya Müstəqillik Müharibəsi (1859), Prussiya-Avstriya Müharibəsi (1866) və Fransa-Prussiya Müharibəsi (1870–71) Avropa konsertinin dağılmasına gətirib çıxartdı. Bununla bərabər “konqreslər sistemi” bir müddət daha uğurla tətbiq olundu. 1878-ci il Berlin konqresində Balkanların siyasi xəritəsi yenidən çəkildi. Avropadakı qüvvələr tarazlığı bərpa edilməz şəkildə pozulmuş, yerini bir çox qərarsız və fırıldaqçı ittifaqlar almışdı.
I Dünya Müharibəsi(1914–1918)
20-ci əsrin əvvəlində Avropa, ittifaq və Antanta dövlətləri olaraq iki böyük cəbhəyə ayrılmışdılar. Müharibədən əvvəlki son konqres olan London Konfransı, Balkan müharibələrini müzakirə etmək üçün toplandı.[13] 1914-cü il iyul ayı böhran kimi başladı, Avstriya-Macarıstan və Almaniya konfrans təklif etsə də, ancaq Böyük Britaniya qatılmaqdan imtina etdi.[14] Konfransdan bir ay sonra I Dünya Müharibəsi baş verdi. Müharibədən sonra isə, daha möhkəm bir təşkilat, Birləşmiş Millətlər Təşkilatı yaradılacaqdı.
İstinadlar
- Stevenson, David. 1914 – 1918: The History of the First World War. Penguin Books. 2004. 4. ISBN 978-0-14-026817-1.
- Loemker, Leroy. Leibniz: Philosophical Papers and Letters. Reidel. 1969 [1956]. səh. 58, fn 9.
- Sherwig, John M. "Lord Grenville's Plan for a Concert of Europe, 1797–99". The Journal of Modern History. 34 (3). September 1962: 284–293.
- Soutou, Georges-Henri. "Was There a European Order in the Twentieth Century? From the Concert of Europe to the End of the Cold War". Contemporary European History. Theme Issue: Reflections on the Twentieth Century. 9 (3). November 2000: 330.
- Soutou, 2000. səh. 329
- Soutou, 2000. səh. 330
- "Spahn, M. (1910). Holy Alliance". 1 June 1910. 19 August 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 July 2018.
- Chapman, Tim. The Congress of Vienna 1814-1815. Routledge. 2006. səh. 60. ISBN 9781134680504.
- Chapman, 2006. səh. 60
- Chapman, 2006. səh. 61
- Chapman, 2006. səh. 62
- Chapman, 2006. səh. 61–62
- Stevenson, 2004. səh. 4
- Stevenson, 2004. səh. 5