Avinyon əsarəti
Avinyon əsarəti — papalığın tarixində papaların Romada deyil, Fransanın cənubunda yerləşən Avinyon şəhərində 1309–1377-ci illərdə məcburi yaşadıqları dövr.
Fransa kralı IV Filiplə dini və mülki hakimiyyətlərin səlahiyyətləri haqqında mübahisədə papalar məğlub edildikdən sonra kralın tələbi ilə katolik kilsəsinin başçısı V Klement papanın iqamətgahını 1309-cu ildə Avinyon şəhərinə köçürmüşdü. Avinyon əsarəti dövründə papalar fransızların əllərində oyuncaq olub təsirlik baxımından dərin böhrana uğramışdır. Papaların özləri və saray əyanlarının əxlaqi pozğunluqlarına qiymət verən, o zamanlar Avinyonda yaşayan italyan humanisti, şair və alim Françesko Petrarka yazırdı ki, bu şəhər "dünyada mövcud olan bütün şərlərin yuvasına çevrilib", xəyanət yuvasına dönübdür. Papaların və onların əyanlarının Romaya qayıtdıqdan sonra Avinyon əsarətinin bilavasitə təsiri özünü katolik kilsəsinin "böyük parçalanmasında" göstərdi, çünki bu dövrdə kardinalların bir qismi (xüsusən ingilis, alman və italyanlar) papanın birini Romada, digərləri isə (fransız, ispan və şotlandlar) başqasını Avinyonda seçirdilər. Babilistanda qədim yəhudilərin əsarətini nəzərdə tutub Avinyon əsarətini bəzən Babil əsarəti də adlandırırlar.[1]
İstinadlar
- Ziya Bünyadov. Dinlər,təriqətlər, məzhəblər. Bakı,2007.