Auşvitz həbs düşərgəsi
Auşvitz həbs düşərgəsi (alm. Konzentrationslager Auschwitz, pol. Obóz Koncentracyjny Auschwitz) — ikinci dünya müharibəsi və holokost zamanı nasistlərin yaratdığı ən böyük ölüm düşərgəsi. Polşanın Krakov şəhərindən 60 km. qərbdə yerləşir. Bu həbs düşərgəsi Auşvitz I (əsas həbs düşərgəsi), Auşvitz II-Birkenau (məhvetmə düşərgəsi), Auşvitz III-Monovitz (işçi düşərgəsi) və 45 peyk düşərgədən ibarət idi.
Auşvitz | |
---|---|
Həbs düşərgəsi | |
Digər adları | Birkenau |
Tanınır | Holokost |
Yerləşir | Osventsim |
İdarə edən | Nasist Almaniyası və SS |
Komendant | Rudolf Hess Artur Libexenşel |
İlkin istifadəsi | Ordu kazarması |
Fəaliyyət dövrü | 1940–1945 |
Dustaqlar | Əsasən yəhudilər, polyaklar, qaraçılar və Sovet hərbi əsirləri |
Öldürülüb | 1.1 milyon |
Azad edən | Sovet İttifaqı (27 yanvar 1945) |
Görkəmli kitablar | Bu insandırsa (1947) Gecə (1956) Məna axtaran insan (1946) |
Veb sayt | en.auschwitz.org.pl/m/ |
Auşvitz I ilk olaraq 1940-cı ilin may ayında polyak siyasi məhbusların saxlanılması məqsədilə inşa olunmuşdur. Burada ilk dəfə kütləvi məhv etmə prosesinə 1941-ci ilin sentyabrında başlanılıb. 1942-ci ilin əvvəlindən 1944-cü ilin sonlarına qədər almanlar tərəfindən işğal olunmuş Avropanın hər yerindən qatarlar vasitəsilə yəhudilər buradakı qaz kameralarına gətirilir və burada zəhərli maddə olan Siklon B vasitəsilə zəhərlənirdilər ki, bu da məhbusların kütləvi şəkildə ölməsinə səbəb olurdu. Hesablamalara görə bu düşərgədə saxlanılan 1.3 milyon nəfərdən 1.1 milyon nəfəri öldürülmüşdür. Auşvitzə deportasiya olunanlar arasında 150,000 nəfər polyak, 23000 nəfər qaraçı, 15000 nəfər Sovet müharibə əsiri, 400 nəfər Yehovanın Şahidləri beynəlxalq təşkilatının üzvü, həmçinin on minlərlə müxtəlif millətlərin nümayəndələri də var idi. Burada ölənlərin əksər hissəsi qaz kamerasında saxlanılma nəticəsində deyil, daha çox aclıq, məcburi əmək, yoluxucu infeksiyalar və tibbi sınaqlar zamanı həlak olmuşdur.[1]
Müharibə ərzində düşərgənin şəxsi heyəti yeddi min nəfərdən ibarət olan SS qüvvələrindən ibarət idi ki, onların da təqribən 12 faizi müharibə cinayətləri törətməkdə günahkar elan olunmuşdur. Bu düşərgənin komendantı olan Rudolf Höss də daxil olmaqla bəzi üzvləri isə edam olunmuşdur. Müharibənin sonuna qədər 144 nəfər məhbus Auşvitzdən qaçmağı bacarmışdır.
1945-ci ilin yanvar ayında Sovet Ordusu Auşvitzə çatanda artıq burdakı məhbusların çox hissəsi qərbə aparılmışdı. Sovet qoşunlarının buranı azad etdiyi 27 yanvar 1945-ci il tarixi Beynəlxalq Holokost qurbanlarının Anım Günü olaraq qeyd edilir. Müharibə başa çatdıqdan sonra Auşvitz həbs düşərgəsi Holokostun əsas simvolu hesab olunurdu. 1947-ci ildə Polşada yerləşmiş Auşvitz I və II düşərgələrinin ərazisində Auşvitz-Birkenau Dövlət Muzeyi yaradıldı. 1979-cu ildə bu muzeyin adı UNESCO tərəfindən Ümumdünya irsi siyahısına əlavə edildi.
İstinadlar
- Tarixin 10 ən rəzil möcüzəsi. ann.az Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine (az.)