Astrafobiya

Astrafobiya (həmçinin, astrapofobiya, brontofobiya, keraunofobiya və ya tonitrofobiya kimi tanınır) — ildırım və şimşəkdən anormal qorxudur. Bu, xüsusi fobiya növüdür. Astrafobiya insanlarda və heyvanlarda yarana bilər, lakin müalicə oluna bilən fobiyadır. "Astrafobiya" termini yunan sözləri olan "ἀστραπή" (astrape: şimşək) və "φόβος" (fobiya: qorxu) sözlərindən yaranıb.

Əlamətlər

Astrafobiyası olan şəxslər tufan zamanı narahatlıq keçirməyə başlayırlar, hətta onlar təhlükənin minimum olduğunu bilsələr belə, qorxmağa davam edirlər. Bəzi simptomlar digər fobiyalarda rast gəlinən əlamətlərlə eynidir. Məsələn, titrəmək, qışqırmaq, tərləmək, panikaya düşmək, öyümə, vahiməyə düşmək və ürək döyüntülərinin artması. Lakin yalnız astrafobiyada müşahidə olunan əlamətlər də var. Məsələn, digər insanların yanında olmaq ehtiyacı, tək qalanda yuxarıda sadalanan simptomların daha da güclənməsi. Astrafobiyadan əziyyət çəkən insanların əksəriyyəti qasırğa zamanı sığınacaq axtarırlar. Onlar çarpayının, xalçanın altında, dolabda, zirzəmidə və bu kimi təhlükəsiz hesab etdikləri yerlərdə gizlənə bilərlər. Bunu etməkdə məqsədləri ildırımın səsini eşitməməkdir, bunun üçün qulaqlarını yuma bilərlər. Eləcə də, pərdəni çəkə bilərlər.

Nəticəsi

Astrafobiyası olan insanların hava proqnozu xəbərlərinə marağı böyük olur. Qasırğa xəbəri alan astrafobik narahat olmağa başlayır. Onlar yağmurlu mövsümlərdə hava xəbərlərini davamlı olaraq izləyə bilərlər. Hətta, bu bir çox insanın hava vəziyyətini yoxlamadan küçəyə çıxa bilməməsilə nəticələnə bilər. Ən pis vəziyyətlərdə isə astrafobiya agorafobiya (evi tərketmə qorxusu) ilə nəticələnə bilər.

Müalicə

Astrafobiyadan qurtulmaq üçün ən effektiv müalicə üsulu tufanları müşahidə etmək və ona qarşı immunitet yaratmaqdır. Koqnitiv davranış terapiyaları da tez-tez istifadə olunan metodlardan biridir. Xəstəyə qasırğa zamanı sakitliyini qoruyub saxlamaq üçün təkrarlayacağı ifadələr öyrədiləcək. Dərindən nəfəsalma tapşırıqları da bu cəhdi daha effektiv edə bilər.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.