Aslan qayası (poema)
Aslan qayası — Azərbaycan SSR xalq şairi Səməd Vurğunun 1938-ci ildə yazdığı poema. Əsərin məzmununu əfsanəvi və tarixi faktlar təşkil edir.[1] Poema ilk dəfə "İnqilab və mədəniyyət" jurnalında (1938, № 4–5) dərc edilib.[2] Səməd Vurğunun "Aslan qayası" poemasına epiloq əvəzinə yazdığı bəndlərin çapına 1938-ci ildə senzura icazə verməmişdir. Dərc olunmayan bu bəndlər M.Füzuli adına Respublika əlyazmaları İnstitutunun fondunda (Arxiv 46-da) saxlanılır.[3]
Aslan qayası | |
---|---|
Janr | poema |
Müəllif | Səməd Vurğun |
Orijinal dili | Azərbaycan |
Yazılma ili | 1938 |
Nəşr ili | 1939 |
Əvvəlki | Vaqif |
Sonrakı | Xanlar |
Məzmunu
"Aslan qayası" poeması Səməd Vurğunun yaradıcılığında xüsusi yer tutur. Poemada əfsanəvi və tarixi faktlar vəhdətdə verilir. Şair poemanı 1938-ci ildə qələmə alıb. Poemanın süjeti iki elementdən ibarətdir. Birinci element Ağ at, ağ çuxa barədə el əfsanəsidir. Bu, xalq içindən çıxmış kasıb, amma qoçaq və igid Aslan haqqında rəvayətdir. Ağ at şah qızının mindiyi atdır. Bu at şah qızından başqa heç kəsi yaxına qoymur. Şah elan edir ki, kim Ağ atı minib cıdırda qalib gəlsə, qızını ona verəcəkdir. S.Vurğun bu əfsanəni 1806-cı il fevral ayının 8-də İçərişəhərin Qoşa qala qapıları ağzında rus generalı Sisianovun şəhərin açarını təhvil alma mərasimi zamanı qətlə yetirilməsi haqqında tarixi faktla birləşdirmişdi.[4]
SSRİ-də represiyanın qızğın vaxtında şairin bu mövzuya müraciəti və tarixi faktların əks olunması əsəri maraqlı edir. Xüsusən general Pavel Sisianovun öldürülməsi səhnəsinin təsviri şair tərəfindən cəsarətli addımdır.[4] "Aslan qayası"nda 1806-cı ildə Bakı xanı olmuş Mehdiqulu xan əfsanəvi xanın, onun qızı Mahnigar xan qızının, əfsanəvi qəhrəman Aslan isə tarixdə Sisianovu öldürmüş tarixi şəxsin yerini tutur. Şair əsərdə mövzuya xalq yaddaşında həmişə balaca xalqın böyük rus imperiyasından intiqamı, böyük mənəvi qələbəsi fikri kimi yaşamışdır.
Mehdiqulu xan özünə arxa axtararaq cıdırda qonşu xanların oğlanlarının iştirakına imkan yaradır ki, qızı Mahnigar onlardan birinə qismət olsun və bu yolla öz hakimiyyətinə dayaq qazansın. Lakin onların heç biri Ağ atı ram edib onu minə bilmir. Ağ atı ancaq Aslan minə bilir və cıdırda qalib gəlir. Şair Aslanı el qəhrəmanı, dastan qəhrəmanı kimi tərənnüm və təqdim edir:[5]
Baş əymədin xanlara,
Sığındın ormanlara.
Yurdun oldu yaylaqlar,
Durna gözlü bulaqlar.
Adın düşdü dillərə,
Bayraq oldun ellərə.
Cütçülərin ağzında,
Aşıqların sazında
Dinlədik dastanını,
Ellər qəhrəmanını.
Səməd Vurğun dövrün tələbinə uyğun olaraq qəhrəmanlarını sinfi əlamət üzrə qütbləşdirir: Bakı xanı Mehdiqulu xan və Sisianov hakim sinfin nümayəndələri kimi mənfi planda verilir. Onların hər ikisi qəddar və öz hakimiyyətlərini hər şeydən yüksək tutan adamlardır. Mehdiqulu xan Bakının açarlarını Sisianova verməyə hazırdır. Lakin Aslan buna imkan vermir. O, açar general Sisianova təqdim edilən zaman onu qətlə yetirir. Əlbəttə ki, burda Aslan zülmkar və işğalçı generala və istismarçı feodal Mehdiqulu xana qarşı çıxır. Əsərdə şair tarixi faktları bolşevik ideologiyasına uyğunlaşdırır. Aslanı işğalçılara qarşı yox, sinfi mübarizə aparan xalqın qəhrəmanı kimi təqdim edir.
Tənqidi
Mərhum şair-tədqiqatçı A.Zeynallı "Aslan qayası" əsərini obyektiv təhlil etməyə səy göstərib. O, "Səməd Vurğun sənəti" (Bakı, "Elm", 1990) kitabında əsər haqda bunları yazırdı: "1948-ci ildə SSRİ Yazıçılar İttifaqının Milli Komissiyasının növbəti iclasında S.Vurğunun rus dilində buraxılmış kitabının müzakirəsi zamanı tənqidçi P.Q.Skosıryev "Aslan qayası"nı tarixi təhrif edən zərərli bir əsər adlandırmışdır. Heç şübhəsiz ki, poemada Azərbaycanın Rusiyanın tərkibinə daxil olması dövrünün hadisələri qələmə alındığı üçün burada çar Rusiyasına qarşı, onun işğalçılıq siyasətinə qarşı mübarizə motivləri vardı. Bu motivlər bədxah, vulqar-sosiologizm təsəvvürlərindən ayrılmamış ayrı-ayrı tənqidçi və ədəbiyyatşünaslara xoş gəlmirdi. Onlar böyük beynəlmiləlçi olan S.Vurğunun şair mövqeyini şübhə altına almaq istəyirdilər. P.Q.Skosıryev S.Vurğunu nəzərdə tutaraq deyirdi: "Millətçilik qalıqları elə adamların kitablarına daxil olur ki, onlar özlərini bu qalıqlara qarşı mübariz sayırlar".[2]
İstinadlar
- "Səməd Vurğun (1906–1956), Həyatı və fəaliyyəti". 2022-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-14.
- "Səməd Vurğunun "Aslan qayası" poeması niyə qadağan olunmuşdu?". 2020-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-14.
- Səməd Vurğunun "Aslan qayası" poemasına epiloq əvəzinə yazdığı, 1938-ci ildə SENZURAnın icazə vermədiyi bəndlər…
- Очерк истории азербайджанской советской литературы. Москва: Издательство Академии наук СССР. 1963. 302.
- Габиб Бабаев. Самед Вургун. Очерк творчества. Советский писатель. 1981. 35.