Aslan Aslanov (filosof)
Aslanov Aslan Məhəmməd oğlu (20 avqust 1925, Ağstafa – 1995, Bakı) — fəlsəfə elmləri doktoru (1974), professor (1976), Azərbaycan Respublikası EA-nın həqiqi üzvü (1989), Əməkdar elm xadimi, Azərbaycan Dövlət İncəsənət Universitetinin rektoru (1977–1987), Azərbaycan Milli Elmlər Akademiyasının vitse-pezidenti, Fəlsəfə və Hüquq İnstitutunun direktoru (1990–1995).[1]
Aslan Aslanov | |
---|---|
Aslan Məhəmməd oğlu Aslanov | |
Doğum tarixi | 20 avqust 1925 |
Doğum yeri | |
Vəfat tarixi | 1995 |
Vəfat yeri | |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Elm sahəsi | fəlsəfə |
Elmi dərəcəsi | |
İş yeri | |
Mükafatları | Qızıl qələm |
Haqqında
Aslan Aslanov 20 avqust 1926-cı ildə Ağstafa rayonunda anadan olmuşdur. Məktəbi qurtardıqdan sonra II Dünya müharibəsi illərində müəllim çatışmadığından bir il Ağstafa şəhəri Dəmiryol məktəbində ibtidai sinifdə müəllim işləmişdir. Ali təhsilini 1945–1950-ci illərdə Bakı Dövlət Universitetində almışdır. O, Tarix fakültəsini Fəlsəfə ixtisası üzrə bitirmişdir.[1]
Əmək fəaliyyəti
Aslan Aslanov 1961-ci ildən 1977-ci ilədək Azərbaycan Dövlət Universitetinin "Estetika və etika" kafedrasının müdiri olmuşdur. 1977-ci ildən 1987-ci ilə qədər Azərbaycan Dövlət İncəsənət İnstitutunun rektoru vəzifəsini icra etmişdir. 1987-ci ilin martında Azərbaycan Milli Elmlər Akademiyasının Tarix, İqtisadiyyat, Fəlsəfə və Hüquq bölməsinin akademik-katibi vəzifəsinə təyin olunan Aslan Aslanov 1995-ci ilədək bu vəzifəni icra etmişdir. O, həm də 1990–1995-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun direktoru olmuşdur.[1]
Elmi fəaliyyəti
Aslan Aslanov 1959-cu ildə fəlsəfə doktoru, 1974-cü ildə isə elmlər doktoru elmi dərəcəsini almışdır. O, 1976-cı ildə professor elmi adına layiq görülmüşdür. Aslan Aslanov 1989-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.[1]
Aslan Aslanov Qərb fəlsəfi-estetik fikrinin məsələlərini tədqiq etmiş, milli mədəniyyətlərin qarşılıqlı zənginləşməsi təsirinin fəal tərbiyəvi mahiyyətinin estetik aspektlərini araşdırmışdır. O, Aristotelin "Poetika"sını və Deni Didronun "Qardaşım oğlu Ramo" əsərini, Corc Bayronun "Gavur", A-Tvardovskinin "Vasili Tyorkin" poemalarını Azərbaycan dilinə tərcümə etmişdir və şeir kitablarının müəllifidir.[1]
Aslan Aslanov 1968-ci ildə İsveçdə keçirilən Estetika üzrə VI Beynəlxalq Konqresin iştirakçısı olmuşdur. Eyni zamanda 1970-ci ildə Berlində keçirilmiş VII Beynəlxalq Hegel yubiley Konqresində və 1972-ci ildə Buxarestdə Estetika üzrə VIII Beynəlxalq Konqresdə məruzələrlə çıxış etmişdir.[1]
Kitabları
- "Səni düşünürəm" (1957)
- "Qızlar və bənövşələr" (1961)
- "Nəğməli günlərim" (1985)[1]
Vəfatı
Aslan Aslanov 1995-ci ildə Bakı şəhərində vəfat etmişdir.[1]
Mənbə
- "O, estetika aləminin memarı idi…". Vidadi Xəlilov. Ömür yollarında. Bakı: Nərgiz, 2012. — səh. 23
İstinadlar
- "Aslanov Aslan Məmməd oğlu" (Azərbaycan). science.gov.az. 16-9-2021 tarixində arxivləşdirilib.