Arzu Soltan

Arzu Soltan (tam adı:Arzu Əli qızı Həsənli) — Azərbaycanlı jurnalist, ssenari müəllifi.[mənbə göstərin]

Arzu Soltan
Arzu Əli qızı Həsənli
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti ssenarist

Həyatı

Arzu Soltan 1971-ci il fevralın 2-də Bakıda anadan olub. 1988-ci ildə Bakıdakı 250 saylı orta məktəbi medalla bitirib. 1995-ci ildə isə, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1988-ci ildən Azərbaycan mətbuatında çalışır. "İnşaatçı", "Ordu", "Azadlıq" qəzetlərində və "Olaylar" informasiya agentliyində müxbir, şöbə müdiri, redaktor vəzifələrində işləyib. 1989-cu ildə 18 yaşında ikən SSRİ Jurnalistlər İttifaqının üzvlüyünə qəbul edilib.

2000-ci ildə İsveçdə, 2003-cü ildə ABŞ-də, 2004-cü ildə Polşada jurnalistlər üçün keçirilən kursların iştirakçısı olub. Beynəlxalq Jurnalistlər Federasiyasının (Brüssel) Cənubi Qafqazda gender məsələləri üzrə regional koordinatorudur. Azərbaycanda, Gürcüstanda, Monqolustanda bir sıra təlimlərin aparıcısı olub. "Azərbaycanda qadın mətbuatı" adlı tədqiqat işi, "Cənubi Qafqazda gender situasiyası" mövzusunda çıxışı Azərbaycanda və xaricdə bir sıra mətbuat orqanlarında nəşr olunub.

"Körpəm" Eksperimental Uşaq Teatrında və Bakı Uşaq Teatrında ədəbi hissə müdiri kimi fəaliyyət göstərir. 1990-cı ildən indiyə kimi bu teatrlarda 20-yə yaxın pyesi səhnələşdirilib. Onlardan ikisi 2003-cü ildə Bakıda keçirilmiş Uşaq tamaşaları Festivalının diplomuna layiq görülüb. Bir sıra televiziya verilişlərinin və uşaq filmlərinin ssenari müəllifi , eyni zamanda ABŞ-nin Save the Children təşkilatının layihəsi əsasında hazırlanmış "Quşcuğazın hekayətləri" uşaq verilişinin ssenari müəlliflərindən biridir. Hazırda Bakı Uşaq Teatrının repertuarında olan narkomaniya və QİÇS mövzusuna həsr olunmuş "Xaşxaşın göz yaşı" tamaşası QİÇS-lə mübarizədə ən yaxşı fəaliyyət kimi Sağlamlıq Hüquqları Klinikasının keçirdiyi müsabiqənin qalibi olub.

Bakı Uşaq Teatrının nəzdində fəaliyyət göstərən və əsasən uşaq hüquqları sahəsində layihələr həyata keçirən FORUMCLUBun rəhbəridir. 2005-ci ildə uşaq hüquqlarına həsr olunmuş "Baş rolda hüquqlarımız" kitabı işıq üzü görüb.

2006-cı ildə "Diplomat körpəm" uşaq jurnalını təsis edib. Həmin jurnalın baş redaktorudur. Müstəqil jurnalist kimi müxtəlif mətbuat orqanlarında çıxış edir. Avrasiya Fondu, Avstriyanın Intercultural Centre, Litvanın the Association for non-formal Education təşkilatlarının gənc jurnalistlər üçün nəzərdə tutulan "Cənubi Qafqaz Avropanın bir hissəsidir" (2007-2010) layihəsində təlimçi-ekspert kimi çalışır. EITI Azerbaijan MSŞA İctimai Birliklər Koalisiyasının üzvüdür. 2008-2011-ci illərdə Bakının Səbayel rayonundakı N.Nərimanov adına Kütləvi Kitabxananın direktoru olub.

Ailəlidir. 3 övladı var.

Azərbaycanın tanınmış teatr və kino aktyoru, Bakı Uşaq Teatrının direktoru-bədii rəhbəri olan İntiqam Soltannın həyat yoldaşıdır

Filmoqrafiya

  1. Atama deyərəm (film, 2006)
  2. Əlamət (film, 2006)
  3. Pərvanələrin rəqsi (serial, 2012)

İstinadlar

    Əlavə ədəbiyyat

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.