Artek
"Artek" (rus. Арте́к) — Ukrayna ərazisində, Krım yarımadasında beynəlxalq uşaq mərkəzi. Krım yarımadasının cənub sahilində, Qurzuf qəsəbəsinin yaxınlığında yerləşir. Vaxtilə keçmiş SSRİ-nin ən məşhur pioner düşərgələrindən biri olmuşdur. Uzun müddət sosialist ölkələrindən gələn deleqasiyaların və xarici dövlət rəhbərlərinin qaldığı yer olmuşdur.
Adın mənşəyi
Düşərgə öz adını yerləşdiyi yerin adından götürmüşdür. Həmçinin yaxınlıqdan eyniadlı çay axır. "Artek" sözünün mənşəyi isə mübahisəlidir. Daha əsaslı versiyalar arasında bu sözün yunan dilindəki άρκτος ("ayı", yaxınlıqda Ayu-dağ adlı dağ yerləşir), oρτύκια (bildirçin), άρτος (çörək) və ya tatar dilindəki "artık" (artıq, əlavə) sözündən yaranması qeyd edilə bilər.
Düşərgənin özündə "bildirçin" versiyası daha populyardır və "Artek — bildirçin adacığı" deyimi və bu adda mahnı mövcuddur.
Tarixi
"Artek" Beynəlxalq Qızıl Xaç Komitəsinin Rusiya cəmiyyətinin təşəbbüsü ilə tuberkulyoz zəhərlənməsindən əziyyət çəkən uşaqlar üçün sanator-düşərgə kimi yaradılmışdır.[1].
Artekin yaradılması haqqında ilk dəfə 5 noyabr 1924-cü ildə Moskva pionerlərinin bayramında elan edildi. Düşərgənin yaradılmasında Qızıl Xaç Komitəsinin Rusiya Cəmiyyəti, Rusiya Gənclər Kommunist İttifaqı və Gənc Pionerlərin Mərkəzi Bürosu fəal iştirak etmişdir.
Düşərgə 16 iyun 1925-ci ildə açıldı. Birinci növbəyə Moskvadan və Krımdan 80 pioner qatılmışdı. Artıq növbəti il düşərgəyə ilk xarici deleqasiya — Almaniya pionerləri gəldilər.
İlk illərdə pionerlər brezent çadırlarda qalırdılar. Növbəti illərdə faner evciklər qoyuldu, 30-cu illərdə qış korpusunun tikilməsi ilə "Artek" bütün ili fəaliyyət göstərməyə başladı. 1937-ci ildə isə düşərgə vətəndaş müharibəsi şəraitində yaşayan İspaniyadan gəlmiş uşaqları qəbul etdi.
II Dünya Müharibəsi illərində "Artek" əvvəlcə Stalinqrada, daha sonra isə Belokurixa adlı Altay qəsəbəsinə evakuasiya olundu. 1944-cü ilin aprelində Krımın almanlardan azad olunmasından dərhal sonra "Artek"də bərpa işləri başlandı və avqustda müharibəsonrası ilk növbə açıldı. Bir il sonra isə düşərgə indiki ölçülərinədək genişləndirildi.
60-cı illərin əvvəllərindən başlayaraq düşərgədə yenidənqurma işləri aparıldı və 1969-cu ildə "Artek"də 150 bina, 3 tibb mərkəzi, məktəb, "Artekfilm" kinostudiyası, 3 üzgüçülük hovuzu, 7000 yerlik stadion və müxtəlif təyinatlı oyun meydançaları var idi.
Sovet dövründə "Artek"ə yollayış vərəqəsi sovet məktəbliləri üçün çox dəyərli sayılırdı. Məktəblərdə yalnız müxtəlif göstəricilərə görə (pioner hərəkatının işində iştirak, davranış, hazırlıq səviyyəsi və s.) ən yaxşı hesab olunan pionerlər yollayış vərəqəsini ala bilərdilər. Özünün ən yaxşı vaxtlarında "Artek" ildə 27000 nəfər qəbul edirdi. 1925–1969-cu illərdə düşərgədə 300 000 uşaq olmuşdu ki, ondan 13 000-i 17 xarici ölkədən gəlmişdi.
1983-cü ilin iyulunda "Artek"i Samanta Smit ziyarət etmişdi.
Poçt markaları
- 1948
- 1958
- 1958
- 1985
Xarici keçidlər
İstinadlar
- ["Artek — beynəlxalq uşaq mərkəzi (rus.)". 2017-12-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-08-23. Artek — beynəlxalq uşaq mərkəzi (rus.)]