Art haus

Art haus kino (ing. Art house) - müstəqil çəkilən (“müstəqil kino”), kommersiya (satış) üçün nəzərdə tutulmayan filmlərdir. “Art haus” məhsulu kütləvi deyil, məhdud auditoriya üçün nəzərdə tutulur.[1]

Adətən bu cür filmlərdə kinematoqrafçılar bədii təsvirin daha ifadəli formalarının axtarışı ilə məşğul olur və kino dilini genişləndirir. Buna görə də həmin filmlər kino sənətini kifayət qədər anlayan, fərdi bilik səviyyəsi buna imkan verən tamaşaçı üçün nəzərdə tutulub. Hələ ilk filmlərdə - Jorj Melyes, D.Qriffit və ya Sergey Eyzenşteynin ekran əsərlərində “kino qaydaları” yenicə təşəkkül tapırdı. Lakin sonrakı dövr avanqardizmin nümayəndələri Luis Bünüelin, Jan Koktonun filmlərində kino əsl yaradıcı sənət növü kimi çıxış etməyə başladı.[2]

Daha sonrakı mərhələdə Fransa kinosunda “Yeni dalğa” cərəyanının nümayəndələri Jan Lük Qodar, Fransua Trüffo, Erik Romer hələ “çılğın” tənqidçi kimi çıxış etdikləri zaman “Kaye dü Sinema” (Les Cahiers du cinema) kinojurnalında “müəllif kinosu” terminini icad etdilər. Onları müəllif imzasının fərdiliyi maraqlandırırdı. Lakin bu termini ünvanladıqları sənətkarlar fərdiliyin fərqinə varmadan filmlər çəkirdilər. Onlardan biri isə məşhur Alfred Hiçkok idi. O, filmdə formanı dəyişərək müxtəlif kino həllinə nail olurdu. Klassik variant - “Həyətə pəncərə” - kameranın hərəkətini məhdudlaşdırmaqla nə baş verər? Və ya tammetrajlı detektiv filmi səkkiz kadra yerləşdirmək? (“İp” filmi). Həqiqətən onun dünyası individual və fərqli idi.

Tarixi

Beləliklə, XX əsrin 20-30-cu illərində kinematoqrafda formalaşmış avanqardizm ənənələrində “art haus” kinoya gedən yol təşəkkül tapmağa başladı. Məhz həmin dövrdə kütləvi auditoriyaya yönəlmiş “əyləncəli kino” və əsl sənət sayılaraq intellektual auditoriyaya ünvanlanmış “ciddi kino” anlayışları meydana gəldi.[3] “Təmiz kino” (Cinema Pur) - fransa avanqardizminin nümayəndələri “Art Film” ideyasının inkişafına təkan verdilər. Dadaistlər - Rene Kler və Marsel Düşan Aristotel dövründən hökm sürən “zaman və məkan” anlayışına qarşı çıxaraq klassik incəsənət qanunlarını inkar edir və montaj yolu ilə “Təmiz kino” anlayışını təsdiqləməyə çalışırdılar. Bu cərəyan özlüyündə Almaniyada “mütləq kino”ya da təsirsiz ötüşmədi. Hans Rixter, Valter Ruttmann və Vikinq Eqqelinq alman kinosunda “art haus” ənənələrini yaratdılar. “Art haus” termini isə 1940-cı illərdə ABŞ-də yaranıb. Həmin dövrdə müharibəyə qədər çəkilmiş klassik Hollivud filmlərini, xarici (ABŞ istehsalı olmayan) filmləri, həmçinin yerli “müstəqil filmlər”i nümayiş etdirən kinoteatrlar bu cür adlanırdı. 1955-ci ildə Parisdə Beynəlxalq Arthaus Kinoteatrlar Konfederasiyasının (CICAE - fransızca Confederation Internationale des Cinemas d"Art et d"Essai) əsası qoyuldu. “Art film” anlayışı Avropaya nisbətən ABŞ-də daha geniş istifadə olunur. Avropa kinoşünasları fərqli xüsusiyyətlərinə görə “art” filmləri “kütləvi” filmlərdən ayırırlar. Kinoşünas Devid Bordvell təsdiq edir ki, “art kino” öz qanunları olan ayrıca janrdır. Lakin əksər hallarda “art haus” janrında çəkilmiş filmləri müasir kinematoqrafın heç bir klassik janrına aid etmək mümkün olmur. Avropada “art film” kommersiya filmlərinə aid edilmir və əyləncəli janr sayılmır. “Art haus” kinonun prokatı da çox məhduddur.

İstinadlar

  1. ""Art haus" kino nədir?". medeniyyet.az. 2020-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 Fevral 2018.
  2. Ebert, Roger. "Chungking Express Movie Review (1996)". Chicago Sun-Times. March 15, 1996. April 14, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 22, 2018 www.rogerebert.com vasitəsilə.
  3. Manchel, Frank. Film study: an analytical bibliography. Fairleigh Dickinson University Press. 1990. səh. 118.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.