Arslanşah (İraq Səlcuq hökmdarı)

Arslan şah (11331176, Həmədan) — Sultan II Toğrulun oğlu idi. 1133-cü ildə anadan olmuşdu. Əmisi Sultan Məsud onu himayəsini götürmüş və təlim-tərbiyəsi ilə məşğul olmuşdu.[1] 1160-cı ildə Atabəy Eldəniz tərəfindən İraq Səlcuq sultanlığının hökmdarı elan edilmişdi.

Arslan şah
Arslan şah ibn Toğrul
1160 1175
ƏvvəlkiSüleyman şah
SonrakıIII Toğrul
Şəxsi məlumatlar
Doğum tarixi 1133
Vəfat tarixi 1176
Vəfat yeri
Atası II Toğrul
Anası Möminə Xatun
Uşağı

Həyatı

Sultan Məsud 1145–46-cı illərdə Azərbaycana yürüşü ərəfəsində Səlcuq şahzadələrini Tikrit qalasında həbsə atdı. Şahzadələr illərlə qalada həbsdə qaldılar. 1152-ci ildə Məsudun ölümündən sonra Abbasi xəlifəsi Müqtəfi-Lidillah İraq Səlcuqlarının başda Bağdad Ərəb İraqındakı torpaqlarını ələ keçirməyə başladı. Xəlifənin qüvvətlənməsindən narahat olan Sultan Məhəmməd və tərəfdarları qoşun yığaraq Bağdada doğru hücuma başladılar. Bu ərəfədə həbsdə olan şahzadələri də azad etdilər. Arslan şaha ordunun mərkəzində rəhbərlik verildi, lakin baş vermiş döyüşdə İraq Səlcuq sultanlığı məğlub edildi.[1]

21 yaşındakı Arslan şah isə Alp Quş tərəfindən Mahqi qalasına onun ölümündən sonra isə Atabəy Eldənizin yanına aparıldı. Sultan Məhəmmədin ölümündən sonra İraq Səlcuq sultanlığında ara müharibələri başlandı. Hakimiyyətə gələn 1160-cı ildə İraq Səlcuq sultanı Süleyman şah əmirlərin çıxışları nəticəsində taxtdan salınıb öldürülən zaman, qəsdin təşkilatçıları, başda nüfuzlu əyyanlardan olan Şərafəddin Müvəffəq Qord-Boz Eldənizə müraciətlə xahiş etdilər ki, öz oğulluğu Arslan şahı İraq sultanlığı taxtına çıxarmaq üçün Həmədana gətirsin.[2] 1160-cı ilin noyabrında Eldəniz 20 minlik ordunun başında Arslan şahla Həmədana daxil oldu. Burada onları dövlətin bütün əyan və əmirləri (Reyin hakimi İnancdan başqa) qarşıladılar və təntənəli mərasimdən sonra Arslan şaha tac qoydular. Sultan hakimiyyəti altında olan bütün yerlərdə onun adına xütbə oxundu.[3]

1160-cı ildə Şəmsəddin Eldəniz "Böyük Atabəy" titulu aldı və İraq Səlcuq sultanlığının idərisini faktiki olaraq ələ keçirdi. Böyük oğlu Məhəmməd Cahan Pəhləvan sultanın hacibi oldu, kiçik oğlu Qızıl Arslan isə ordunun ali baş komandanı təyin edildi.[4]

Tezliklə Arslan şaha qarşı taxtın 2 iddiaçısı meydana çıxdı. Marağa atabəyi nəzarəti altında olan Mahmud şah və Fars hakiminin nəzarəti altındakı Məlik şah. Bu iki iddiaçı xəlifənin təkidilə Eldənizə qarşı hərəkət keçdilər. Ancaq Eldəniz tez tərpənib onların birləşməsinə imkan vermədi. 2 avqust 1161-ci ildə Rey ətrafında Mahmud şah ibn Məhəmmədin ordusunu darmadağın etdi. Reyi ələ keçirib oranı Cahan Pəhləvanın iqtası elan etdi.[5] Rey hakimi Əmir İnanc da Eldənizin vassalına çevrildi.[6]

Daha sonra Eldəniz Marağa hakimi Nüsrətəddin Arslan-Abaya elçi göndərib, şahzadə Mahmud şah ibn Məhəmmədin verilməsini və özünün də sultan xidmətinə gəlməsini tələb etdi. Ancaq Nüsrətəddin bu tələbi yerinə yetirməkdən boyun qaçırdı və bildirdi: "Sultan mənim yanımda yaşayır!" Onda atabəy Eldəniz Cahan Pəhləvanın başçılığı altında ordu toplayıb, Marağa hakimi Nüsrətəddinə qarşı göndərdi. Nüsrətəddin yardım üçün Xilat hakimi şah-ərmən Seyfəddin bəy Teymura müraciət etdi və o da ordusunu köməyə göndərdi. Səfidrud çayındakı döyüşdə Cahan Pəhləvan məğlub oldu və Həmədana qaçdı.[7] Bir müddət sonra Marağa atabəyi Nüsrətəddin vəfat etdi. Eldəniz onun mülklərində çoxuna ələ keçirdi və Ağsunquriləri təsiri altına saldı.[8]

1167–1168-ci ilərdə Kirmanın hakimi Toğrul şah öldü və onun oğlanları arasında hakimiyyət uğrunda mübarizə başlandı. Toğrul şahın ortancıl oğlu II Arslan şah qaçıb Həmədana — Sultan Arslan şah və atabəy Eldənizin qulluğuna gəldi. 1168-ci ildə Atabəyin qüvvələri Kirmana daxil oldular. II Arslan şah Atabəyin vassalı kimi Kirmana hakim təyin edildi.[9]

Atabəy Eldənizin ölüm xəbəri Cahan Pəhləvana yetişən kimi o, dərhal Həmədandan Naxçıvana yola düşdü, dövlət xəzinəsini və taxt-tacın əmlakını öz nəzarəti altına aldı. Bütün qoşunları bir yerə toplayaraq, Atabəy hadisələrin sonrakı gedişini, Sultan Arslan şahın ona qarşı münasibətinin məqsədini gözləməyə başladı.[10][11]

1175-ci ildə Eldənizin ölümündən sonra onun siyasətindən narazı olan əmirlər Cahan Pəhləvanın Həmədanı tərk etməsindən istifadə edərək, sultan Arslan şahı böyük ordu ilə Azərbaycana hücum etməyə təhrik etdilər.[12] Lakin Zəncanda xəstələnərək, yenidən Həmədana qayıdan sultan Arslan şah, Cahan Pəhləvanı paytaxta dəvət edir, onunla barışır, dövlətin idarəsini ona tapşırdıqdan az sonra vəfat edir. Mənbələrin məlumatı Arslan şahın Cahan Pəhləvanın sərəncamı ilə zəhərlənməsi faktını təsdiq edir. Bu yolla rəqibini aradan götürən Atabəy, Arslan şahın 7 yaşlı oğlu III Toğrulu 1177-ci ildə sultanlıq taxtında əyləşdirir, özü də onun atabəyi olur.[13]

İstinadlar

  1. Faruk Sümer. İldenizliler (PDF). TDV İslam Ansiklopedisi. 2013. 404–405.
  2. Süleyman Əliyarlı.s.115.
  3. Ziya Bünyadov.s.39–40.
  4. Azərbaycan tarixi.s.306.
  5. Süleyman Əliyarlı.s.116.
  6. Əkbər N. Nəcəf.s.25.
  7. Ziya Bünyadov.s.41.
  8. Əkbər N. Nəcəf.s.26.
  9. Ziya Bünyadov.s.43.
  10. Əkbər N. Nəcəf.s.29.
  11. Süleyman Əliyarlı.s.119.
  12. Erdoğan Merçil.s. 89.
  13. Azərbaycan tarixi.313.

Ədəbiyyat

  • Ziya Bünyadov. Azərbaycan Atabəyləri dövləti (1136–1225-ci illər) Bakı, "Şərq-Qərb", 2007, 312 səh.
  • Əkbər N. Nəcəf. Səlcuqlu dövlətləri və atabəyləri tarixi (Oğuzların ortaya çıxmasından — XIV əsrə qədər). Bakı: Qanun, 2010
  • Azərbaycan tarixi. Yeddi cilddə. II cild (III–XIII əsrin I rübü). Bakı. "Elm". 2007. 608 səh. — 24 səh.
  • Erdoğan Merçil. İldenizliler: Azurbaycan Atabegleri, Doğuştan Günümüze Büyük İslam Tarihi, İstanbul 1993, c. 8.
  • Süleyman Əliyarlı. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, "Çıraq", 2007. 400 səh.

Həmçinin bax

Xarici keçidlər

  • Faruk Sümer. İldenizliler (PDF). TDV İslam Ansiklopedisi. 2013. 404–405.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.