Arda (Tolkin)
Árda (kv: /'arda/) — C. R. R. Tolkinin legendariumunda Yer kürəsinin adı, "Üzüklərin hökmdarında" və əlaqəli əsərlərdə bütün qeyd olunan yerləri özündə cəmləşdirən bir dünya, aləm. Faktiki olaraq bu Tolkinin icad etdiyi mifik tarixdə Yer planeti və günəş sistemidir. Ardada bir neçə dəniz və okean, Orta Dünya və Aman qitələri, İkinci Dövrdə mövcud olan nəhəng Númenor adası və Tolkinin qaralamalarında qeyd etdiyi digər torpaqlar yerləşirdi[1][2].
Ümumi məlumat
Arda Tolkinın kosmologiyasında Eä kainatının bir hissəsidir. O, Eä-nın qalan hissəsi kimi, Ainur Musiqisi vasitəsilə İlúvatarın övladları yəni elflər və insanlar üçün yaradılmışdır[3].
Tolkin kosmologiyasında Günəş, Ay, ulduzlar və digər göy cisimləri bu planetin orbitində olduğundan, onlar da Ardanın bir hissəsi hesab olunur, ona görə də Arda bəzən “Günəş sistemi” kimi təxmin edilir[4]. Göy cisimlərsiz bu Planetin özü isə Ambar və ya İmbar adlanır.
Əvvəldən Arda yastı formasında idi, burada yerləşən qitələr nəhəng Ekkaya (kv. Ekkaia) və ya Vaya (kv. Váya; ing. Encircling Sea «Əhatə dənizi» və ya «Zahiri dəniz») okeanı ilə əhatə olunmuşdu, Beleqaer (sind. Belegaer; ing. Great Sea «Böyük dəniz») okeanı və Ayıran dənizlər isə (ing. Sundering Seas) qitələri bir-birindən ayırırdı. Birinci Dövrdə Orta Dünyanın şimal-qərbində yerləşən Beleriand, Qəzəb Müharibəsi nəticəsində məhv edilmişdir.
Orta Dünyanın cənubunda və şərqində Qaranlıq diyar (ing. Dark Land) adlanan bir qitə mövcud idi. Şərqdə nisbətən kiçik Günəş Diyarı qitəsi yerləşirdi, yastı dünyanı işıqlandıran Günəş Qapısına yaxın olduğuna görə bu qitə belə adlanırdı.
Orta Dünyanın cənubu və şərqi haqqında çox az məlumat olduğu kimi, bu qitələr haqqında da çox az məlumat var. Ola bilsin ki, Tolkin ayrı qitələri yox, Orta Dünyanın uzaq bölgələrini nəzərdə tuturdu. Orta Dünyanın cənubunda Yaxın Torpaqlar (ing. Hither Lands) yerləşirdi, hara ki Harad adlı ərazi də daxil idi. Harad sözü ümumi mənada cənub bölgəsini ifadə edirdi və təkcə Qondor və Mordorun cənubundakı torpaqlara deyil, ümumiyyətlə Orta Dünyanın cənubuna aid edilirdi. Yaxın Harad'da çoxlu gün altında yanmış səhralar var idi, bu səhralar daha cənubda, çox guman, mumakillərin vətəni olan keçilməz cəngəlliyə keçirdi. Uzaq Haradın sakinlərinin də tünd, sanki günəşdə yanmış dəriləri var idi.
Geniş şərq torpaqları ümumi olaraq Run adlanırdı, baxmayaraq ki, bu söz yalnız Run dəniziylə (ing. Sea of Rhûn) və Qaçan çayla (ing. River Running) birbaşa bitişik əraziyə aid edilə bilərdi. Burada yaşayan isterlinglər (ing. Easterlings), Haradrimlər kimi müxtəlif xalqların konqlomerasiyası idi.
Orta Dünyanın dənizə çıxan uzaq şərq sərhədləri haqqında məlumat daha da azdı. Məlumdur ki, qədim zamanlarda orada şimaldan cənuba nəhəng Orokarni (“Qırmızı dağlar”) dağ silsiləsi uzanırdı, oxşar dağ silsiləsi Ered Luin ("Göy Dağlar") qitənin qərbindədə mövcud idi (dərin qədimlikdə dünya simmetrik idi). Elflər ilk dəfə orada, uzaq şərqdə peyda olurlar. Onların vətəni Kuiviénen (kv. Cuiviénen) artıq Üçüncü Dövrdə mövcud deyildi. Üçüncü Dövrdə Orokarninin mövcudluğu məlum deyil (Ered Luin ölçüdə çox azalsa da, yoxa çıxmır). Runun uzaq şərqində, Sauronun fəth etdiyi torpaqlarda ona qarşı üsyan qaldırmaq üçün oraya Göy cadugərlər yollanmışdır, lakin onların fəaliyyəti haqqında məlumat qərb torpaqlarına heç vaxt çatmamışdı. Yəqin ki, Göy cadugərlər öz tapşırıqlarını yerinə yetirə bilməmişdilər, ya Saruman kimi onlar da insanları idarə etməyə başladılar, ya da Radaqast kimi müəyyən bir ərazinin və ya xalqın himayədarı oldular və bütün Orta Dünyanın taleyi ilə narahat olmağı tərgitdilər. Onların heç birinin geri qayıtmaması dəqiq məlumdur.
İkinci Dövrdə édain üçün Böyük dənizdə Numenor adası yaradılır. İkinci Dövrün böyük qismi bu ada mövcud idi, lakin numenorluların təşəxxüsü səbəbindən Valar qadağasını pozaraq hərbi əmiliyyatla Amana getməsinə görə Numenor məhv edilmişdir.
Numenorun məhv olmasından sonra Arda kürə formasına dəyişdi, dünya kiçildi. Aman dünya dairələrindən uzaqlaşdırıldı insanlar üçün həmişəlik əlçatmaz oldu, bundan sonra ora Düz Yolla yalnız elflər çata bilərdi[5]. İluvatarın istəyi ilə yoxa çıxan torpaqlar əvəzinə Orta Dünyanın şərqində və qərbində yeni torpaqlar yarandı.
"Arda" sözü Tolkin tərəfindən çox güman german dillərindən (nid. "aarde", alm. "Erde") götürülmüşdür və analoji olaraq ingiliscə "Earth" sözü ilə eynidir. Amma əlbəttə, Tolkinin mifologiyasında bu sözün real dillərlə heç bir əlaqəsi yox idi və Kvenya dilinə aid idi.
Təhriflənməmiş Arda
Valar tərəfindən yaradılan əzəli dünya «Təhriflənməmiş Arda» adlanırdı (ing. Arda Unmarred; ya da kv. Arda Alahasta). Bu dünya Valar və Melkor arasındakı müharibələr nəticəsində dəyişmişdir, yalnız bir hissəsi, Valinor, toxunulmamış qalır. Təhrif edilməmiş Arda hava (Vista), işıq (İlmen) və efir qişaları içərisində yerləşən və Zahiri Okean Ekkaya ilə əhatə olunmuş yastı simmetrik disk idi. Ekkaya okeanı, öz növbəsində, İllumbarla - dünyanın görünməz divarları ilə əhatə olunmuşdu, onun arxasında sonsuz bir Boşluq - Kuma mövcud idi. Birinci Müharibə zamanı Ardanın mükəmməl simmetriyası dağılır və qitə bölünür.
Təhriflənmiş Arda
Yeni dünya Təhriflənmiş Arda (ing. Arda Marred) adlanmaqa başlayır, çünki Melkorun ruhu Fëa bütün dünyaya yayılmışdır. Bu dünyada şər və zorakılıq, xəstəliklər, dözülməz soyuq və isti həmdə başqa şeylər mümkündür, hansılar ki Təhriflənməmiş Ardada mümkün deyildi.
Təhriflənmiş Arda, həmçinin elflərin ölümsüzlüyü ideyasını təhrif etdi, Təhriflənmiş Ardada elflər yavaş-yavaş zəifləyirlər, bədənləri ruha çevriləcək qədər incələşir. Bu proses yalnız Valinorda dayandırıla bilərdi, bu və başqa səbəblərdən bütün elflər əvvəl-axır Valinora getməyə məcbur oldular. Qüvvət üzüklərinin qabiliyyətlərindən biri də zamana hakim olmaq idi, bunun sayəsində Elrond və Qaladriel onlara tabe olan krallıqlardakı elflərin solma prosesini dayandıra bilirdilər. Tək Üzük məhv edildikdən sonra elflərin üzükləri güclərini itirdi və Dördüncü Dövrün əvvəlində bir çox elf Orta Dünyanı həmişəlik tərk etdi.
İstinadlar
- Garbowski, Christopher. Middle-earth // Drout, Michael D. C. (redaktor ). J.R.R. Tolkien Encyclopedia: Scholarship and Critical Assessment. Routledge. 2013 [2007]. 422–427. ISBN 978-0-415-86511-1.
- Larsen, Kristine. Sarah Wells (redaktor ). "A Little Earth of His Own: Tolkien's Lunar Creation Myths". In the Ring Goes Ever on: Proceedings of the Tolkien 2005 Conference. The Tolkien Society. 2. 2008: 394–403.
- Bolintineanu, Alexandra. Arda // Drout, Michael D. C. (redaktor ). J. R. R. Tolkien Encyclopedia. Routledge. 2013. 24–25. ISBN 978-0-415-86511-1.
- Larsen, Kristine, "A Little Earth of His Own: Tolkien's Lunar Creation Myths." In The Ring Goes Ever On: Proceedings of the Tolkien 2005 Conference, Vol. 2, ed. Sarah Wells. The Tolkien Society, 394–403, 2008.
- Shippey, Tom. The Road to Middle-Earth (Third). The Lost Straight Road: HarperCollins. 2005 [1982]. 324–328. ISBN 978-0261102750.
Ədəbiyyat
David Day. An Atlas of Tolkien. San Dieqo: Thunder Bay Press. 2015. səh. 256. ISBN 978-1-62686-493-1.