Aqrar Tədqiqatlar Mərkəzi
Aqrar Tədqiqatlar Mərkəzi' — ölkədə həyata keçirilən aqrar islahatların müasir mərhələsinin tələbləri, habelə qlobal çağırışlar əsasında aqrar siyasətin daha da təkmilləşdirilməsi məqsədilə zəruri elmi əsaslandırmanı və analitik bazanı təmin edən "beyin mərkəzi"dir.
Aqrar Tədqiqatlar Mərkəzi | |
---|---|
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi | |
atm.gov.az/az |
Tariximiz
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi 1962-ci ildən fəaliyyət göstərən Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi Tədqiqat İnstitutunun bazasında yaradılmışdır.
Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 may 2018-ci il tarixli Fərmanına əsasən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi Tədqiqat İnstitutu publik hüquqi şəxs statusu olan Aqrar Tədqiqatlar Mərkəzinə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir.
Bu institusional islahatın məqsədi 60 ilə yaxın tarixi olan tədqiqat qurumunu ölkədə həyata keçirilən aqrar islahatların müasir mərhələsinin tələbləri, habelə qlobal çağırışlar əsasında aqrar siyasətin daha da təkmilləşdirilməsi məqsədilə zəruri elmi əsaslandırmanı və analitik bazanı təmin edən "beyin mərkəzi" kimi yenidən formalaşdırmaq olmuşdur.
Hazırda Aqrar Tədqiqatlar Mərkəzi yeni missiya, yeni iş prinsipləri, yeni vəzifələr, ən əsası isə innovativ metodlar və müasir texnologiyalar əsasında fəaliyyətini davam etdirir.
Missiyamız
Aqrar sahə ilə bağlı məlumat bazasının yaradılması, təhlil, qiymətləndirmə və proqnozlaşdırmanın aparılması, aqrar siyasətə dair tövsiyələrin, proqramların, layihələrin və innovativ inkişaf mexanizmlərinin hazırlanması.
Strateji baxışımız
Aqrar sahənin davamlı inkişafı tədbirləri çərçivəsində zəruri elmi əsaslandırmanı və məlumat bazalarını təmin edən "beyin mərkəzi" kimi formalaşmaq.
Prinsiplərimiz
Sürət – Aqrar islahatların yeni mərhələsinin tələblərinə uyğun olaraq çevik qərarların qəbul edilməsini təmin etmək məqsədilə Mərkəzdə elmi əsaslandırmaların hazırlanması işi maksimum sürətlə həyata keçirilir.
Məsuliyyət – Mərkəzin əməkdaşları kənd təsərrüfatının inkişafının təmin olunması məqsədilə aparılan elmi və analitik fəaliyyətlərin icrasına öz səlahiyyətləri çərçivəsində peşəkar məsuliyyət daşıyırlar.
Keyfiyyət – Mərkəzdə məlumat bazalarının yaradılması, tədqiqatların aparılması və analitik fəaliyyətin həyata keçirilməsi işi innovativ metodlardan və müasir texnologiyalardan istifadə olunmaqla aqrar siyasətə dair qərarlar üçün keyfiyyətli əsaslandırmaları təmin etməlidir.
Fəaliyyətimiz
Ümumilikdə Aqrar Tədqiqatlar Mərkəzinin fəaliyyəti hər ilin əvvəlində Elmi Şuranın iclasının qərarı ilə təsdiq olunan İş Planına əsasən 5 istiqamət üzrə qruplaşdırılmışdır:
- Məlumat bazalaraının yaradılması
- Monitorinq və qiymətləndirmə
- Diaqnostika və təhlil
- Elmi tədqiqatlar
- Doktorantura təhsili
Məlumat bazaları
Mərkəzdə 5 altqrup üzrə məlumat bazaları yaradılır:
- Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi
- Kənd Təsərrüfatı Sahəsi üzrə Statistik Məlumatlar Bazası
- Fermer Təsərrüfatı Məlumatlarının Monitorinqi Sistemi
- Kənd Təsərrüfatı Məhsullarının Qiymət Bazası
- Coğrafi Məlumatlar Bazası
Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) — Kənd Təsərrüfatı Nazirliyinin əsas fəaliyyət prinsiplərini (fermerlərə yaxınlıq, şəffaf və səmərəli idarəetmə və innovasiyaların tətbiqi) özündə ehtiva edən, daxili və xarici sistemlərlə inteqrasiya imkanlarını təmin edən və kənd təsərrüfatı sahəsi üzrə geniş əhatəli informasiya bazasının qurulmasına zəmin yaradan vahid sistemdir.
EKTİS ilk növbədə kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi tədbirlərinin bütün mərhələləri ilə bağlı biznes prosesləri əhatə edən modulların formalaşdırılmasını özündə ehtiva edən şəffaf və operativ idarəetmə alətidir. Hazırda EKTİS bazasında fermerlərlə yanaşı, təchizatçılar və xidmət göstərənlər də daxil olmaqla təqribən 600 min subyekt qeydiyyatdan keçmişdir. Ətraflı
Kənd Təsərrüfatı Sahəsi üzrə Statistik Məlumatlar Bazası - Bu məlumat bazasında Azərbaycanın kənd təsərrüfatına aid bütün statistik məlumatlar sistemləşdirilmişdir. Bu baza əsasında Aqrar Tədqiqatlar Mərkəzi tərəfindən kənd təsərrüfatı statistikası, o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalına dair operativ məlumatlar, kənd təsərrüfatı və ərzaq məhsullarının idxal və ixracına, kənd təsərrüfatı sahəsi üzrə subsidiya məlumatlarına dair müxtəlif mənbələrdən toplanmış statistikanı əhatə edən hesabatlar hazırlanır.
Mərkəzdə kənd təsərrüfatı sahəsi üzrə statistik məlumatlarla yanaşı, subsidiya və digər dövlət dəstəyi məlumatlarına dair məlumat bazalarının, eləcə də Kənd Təsərrüfatı Nazirliyinin və tabeli qurumlarının fəaliyyəti ilə bağlı məlumatlar toplanır, strukturlaşdırılır və vizual hesabatlılıq hazırlanır, işlənmiş məlumatlar AgroData statistik portalına yerləşdirilir.
Aqrar sahə ilə bağlı məlumatların vahid mənbədən əldə edilməsini həyata keçirmək məqsədilə yaradılmış http://agrodata.az/ portalı mütəmadi olaraq təkmilləşdirilir, istifadəçi interfeysi yenilənir, kənd təsərrüfatı sahəsi üzrə göstəriciləri müntəzəm olaraq yenilənir.
Portalda kənd təsərrüfatının ümumi göstəriciləri ilə yanaşı, ayrı-ayrı sahələrdə də illər və rayonlar üzrə əkin sahələri, istehsal həcmi ilə bağlı göstəricilər yer alır.
Müəyyən məlumatlar vizuallaşdırılmış formada təqdim edilir. İstifadə təyinatından və istifadəçinin məqsədindən asılı olaraq həm birbaşa axtarış, həm də çoxfunksiyalı filtrlə axtarış sistemi mövcuddur.
Sistemə məlumatların seçilmiş formada müxtəlif yükləmə funksiyaları əlavə edilmişdir.
Portalın bütün statistik məlumatların tam şəkildə əhatə olunduğu vahid mənbə kimi təkmilləşdirilməsi və istifadəçi rahatlığının təmin olunması üçün işlər davam etdirilir. Ətraflı
Fermer Təsərrüfatı Məlumatlarının Monitorinqi Sistemi (FTMMS). Hər hansı ölkədə həyata keçirilən aqrar siyasətin kənd təsərrüfatı məhsulları istehsalçılarının fəaliyyətinə təsirini xarakterizə edən göstəricilər bu siyasətin səmərəliliyinin qiymətləndirilməsi üçün vacib indikatorlar sistemidir. Avropa Birliyi səviyyəsində tətbiq olunan Fermer Təsərrüfatları Məlumatlarının Monitorinqi Sistemi (Farm Accountancy Data Network, FADN) Avropa Birliyinin Vahid Aqrar Siyasəti (Common Agricultural Policy) üçün mühüm informasiya bazası olmaqla bu sahəyə dair qərarların qəbulu prosesi ilə bağlı zəruri idarəetmə alətlərindən biri kimi çıxış edir.
MDB məkanında FTMMS-in qurulmasına ilk dəfə Azərbaycanda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) layihəsi çərçivəsində başlanılmış, Aqrar Tədqiqatlar Mərkəzi məsul icraçı qurum kimi müəyyən edilmişdir. İlkin təcrübə olaraq bir neçə regionda təsərrüfatlarda pilot sorğu keçirilmişdir. 2015-ci ildən etibarən FTMMS üzrə məlumatların toplanması işi ölkənin bütün rayonları əhatə olunmaqla aparılır.
FTMMS sorğusuna cəlb etmək üçün təsərrüfatların müəyyən edilməsi məqsədilə aparılan seçmə EKTİS bazasına əsaslanır. Bu bazada olan təsərrüfatlar əkin sahələrinə və əkilən bitkilərin növünə görə beş təbəqəyə ayrılaraq təbəqəli təsadüfi nümunə seçmə metodu tətbiq edilmişdir. Seçmədəki nümunə sayı subsidiya alan təsərrüfatların sayının 1%-ni təşkil edir. Bununla da FTMMS üzrə məlumatların toplanması üçün bütün qruplardan olan təsərrüfatlar arasında seçmə aparılır.
Avropa Birliyinin Tvinninq layihəsi çərçivəsində FTMMS-in FADN standartlarına uyğun daha da təkmilləşdirilməsi üçün Aqrar Tədqiqatlar Mərkəzinin mütəxəssislərinə beynəlxalq ekspertlər tərəfindən təlimlər keçilmiş, formalaşmış məlumat bazalarının qiymətləndirməsi aparılmışdır.
Hazırda Aqrar Tədqiqatlar Mərkəzinin FTMMS bazasında 2015–2020-ci illəri əhatə edən hesabatlar mövcuddur ki, Mərkəzdə tədqiqatların aparılması və analitik materialların hazırlanmasında bu hesabatlardan geniş istifadə olunur. 2021-ci ilin nəticələri üzrə isə fermerlər arasında sorğuların aparılması məqsədilə EKTİS bazası əsasında 5000 təsərrüfat seçmə metodu ilə müəyyən olunmuş və sorğu keçirilmişdir.
FTMMS sorğuları ilə yanaşı, Aqrar Tədqiqatlar Mərkəzi tərəfindən fermerlərin resurslara əlçatanlığı və bazara çıxışı, eləcə də müxtəlif sektorlar üzrə dəyər zənciri analizlərinin aparılması üçün də mütəmadi olaraq sorğular aparılır. Mərkəz tərəfindən sorğuların keçirilməsi, məlumatların toplanması prosesinin təkmilləşdirilməsi məqsədilə 2021-ci ildən etibarən CATI (Kompüter Telefon Sorğuları — Computer-Assisted Telephone Interviewing) və CAPI (Planşet Sistemli Sorğu — Computer-Assisted Personal Interviewing) sistemlərinin tətbiqinə başlanılıb. Bu sistem sorğuların şəffaflığını və keyfiyyətini təmin edir, tam olaraq tədqiqat etikası standartları çərçivəsində keçirilməsinə imkan verir.
Bu çərçivədə hər il fermerlər arasında "Kənd təsərrüfatı məhsulları istehsalçılarının bazara çıxışı və istehsal resurslar ilə təminatına dair mövcud vəziyyətin öyrənilməsi" mövzusunda sorğular keçirilir (artıq 2017–2021-ci illər üzrə baza mövcuddur).
Bunlarla yanaşı, 2021-ci ildə günəbaxan dəyər zənciri üzrə diaqnostikanın aparılması məqsədilə istehsalçılar, ticarətçilər və emalçılar arasında sorğular və dərinləşdirilmiş müsahibələr keçirilmişdir. Ətraflı
Kənd Təsərrüfatı Məhsullarının Qiymət Bazası. 2015-ci ildə Kənd Təsərrüfatı Nazirliyinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birgə həyata keçirdiyi layihə çərçivəsində Kənd Təsərrüfatı Məhsullarının Qiymət İnformasiya Portalı qurulmuş, daha sonra bu portal Nazirlik tərəfindən təkmilləşdirilərək Kənd Təsərrüfatı üzrə Elektron Qiymət İnformasiya Portalı — aqrarbazar.az yaradılmışdır. Bazada bütün kənd təsərrüfatı məhsullarının sahədənsatış, topdansatış və pərakəndə satış qiymətləri toplanır. 2021-ci ildən portala yeni məhsul kimi balığın, eləcə də zoğalın, gilasın və s. meyvələrin bir sıra çeşidlərinin topdansatış və pərakəndə satış qiymətləri daxil edilir.
Kənd Təsərrüfatı üzrə Elektron Qiymət İnformasiya Portalı aşağıdakı qiymət məlumatlarını da əhatə edir:
- Meyvə, tərəvəz, kartof və bostan məhsullarının sahədənsatış, topdansatış, pərakəndə satış və emal müəssisələri tərəfindən tədarük qiymətləri;
- Heyvandarlıq məhsullarının (ət, süd, yumurta, bal, balıq) pərakəndə satış qiymətləri;
- Südün qəbul məntəqələri tərəfindən satın alınan qiymətləri;
- Ətin diri çəkidə satış və topdansatış qiymətləri;
- Yunun və gön-dərinin əhali və ya ət kəsimi məntəqələri tərəfindən satış qiymətləri;
- Dənli bitkilərin mövsüm dövründə sahədən satış və mövsümdən sonra topdansatış qiymətləri;
- Texniki bitkilərin və sənaye xammalı təyinatlı digər məhsulların tədarük müəssisələri tərəfindən satın alınan qiymətləri;
- İstehsal vasitələrinin (ot yemi, gübrə, damazlıq heyvan) pərakəndə satış qiymətləri.
Bütün məhsul növləri və ya çeşidləri üzrə topdan və pərakəndə satış qiymətləri aşağı, orta və yuxarı səviyyələr nəzərə alınmaqla "Bakı-Meyvəli" topdansatış və "Bakı 8-ci km" pərakəndə satış bazarlarında həftənin 6 günü monitorinqlərin aparılması ilə toplanılır, sahədən satış qiymətləri isə həftədə 2 dəfə olmaqla DAİM-lər tərəfindən yerlərdə birbaşa istehsalçılardan öyrənilir. Qiymət məlumatları bazaya daxil edilir və bu məlumatlar əsasında gündəlik olaraq "Kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satış qiymət dəyişmələri haqqında" operativ məlumat bülletenləri hazırlanır. Ətraflı
Coğrafi Məlumatlar Bazası. Coğrafi İnformasiya Sistemləri (CIS) məkanca koordinasiya edilmiş informasiyaların toplanmasını, emalını, saxlanmasını, ötürülməsini, kartoqrafik və vizual təqdimatını təmin edən informasiya sistemidir.
Kənd Təsərrüfatı Nazirliyinin "AgroCİS" Coğrafi Məlumatlar Bazasının idarəedilməsi Aqrar Tədqiqatlar Mərkəzi tərəfindən həyata keçirilir. Bu məlumat bazasının strukturu kənd təsərrüfatı təyinatlı torpaqların faktiki istifadəyə görə ortofoto xəritələr üzərində aparılmış fotointerpretasiyasının nəticələri, eləcə də digər təyinatlı torpaqların, kateqoriyası dəyişdirilmiş torpaqların, iqtisadi və inzibati rayonların, inzibati ərazi dairələrinin və bələdiyyələrin torpaqlarının, Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumlarının torpaqları, binaları və s. haqqında, çoxillik əkmələr və istixanalar üzrə, bütün su hövzələri haqqında məkan və qeyri-məkan məlumatları, eləcə də ortofoto xəritələr və relyefin rəqəmli modeli və qeyri-məkan məlumatlarının statistikasını əhatə edir. Ətraflı
Monitorinq və qiymətləndirmə
Aqrar Tədqiqatlar Mərkəzi tərəfindən beynəlxalq təcrübədə istifadə olunan metodikalar əsasında aqrar siyasətin nəticələri ilə bağlı monitorinq və qiymətləndirmə həyata keçirilir. Mərkəzin Missiyasına uyğun olaraq kənd təsərrüfatının dayanıqlı inkişafı, ərzaq təhlükəsizliyi və kənd yerlərinin inkişafı məsələləri üzrə strateji hədəf göstəricilərinə, kənd təsərrüfatına dövlət dəstəyi siyasətinin müvafiq məqsədlər üzrə effektivliyinə, aqrar siyasətin kənd təsərrüfatı məhsulları istehsalçılarının təsərrüfat fəaliyyətinə təsirinə, aqrar siyasətə dair dövlət proqramlarının icrasına və Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan qurumlar tərəfindən göstərilən xidmətlərin səmərəliliyinə dair monitorinq və qiymətləndirmələr aparılır. Ətraflı
Diaqnostika və təhlil
Aqrar Tədqiqatlar Mərkəzi tərəfindən kənd təsərrüfatı sahəsində mövcud inkişaf trendləri və konyunktur dəyişikliklər təhlil olunur, cari situasiyanı şərtləndirən faktorlar müəyyən edilir, proqnoz ssenariləri verilir, ehtiyac yarandıqca siyasətə dair qərarların qəbul edilməsi üçün təklif və tövsiyələr hazırlanır. Ətraflı
Elmi tədqiqatlar
Aqrar Tədqiqatlar Mərkəzi ölkədə həyata keçirilən aqrar islahatların müasir mərhələsinin və qlobal çağırışların tələblərinə uyğun olaraq aqrar siyasətin daha da təkmilləşdirilməsi məqsədilə elmi əsaslandırmaları həyata keçirir. Bu məqsədlə Mərkəz tərəfindən aşağıdakı istiqamətlərdə tədqiqatlar aparılır:
- Aqrar sahənin rəqabət qabiliyyətliliyinin yüksəldilməsi və ərzaq təhlükəsizliyinin təmin edilməsi;
- Aqrar sahə üzrə dövlət tənzimlənməsinin, o cümlədən dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi;
- Kənd təsərrüfatı məhsulları üzrə ticarət siyasətinin təkmilləşdirilməsi;
- Kənd təsərrüfatı məhsulları üzrə qlobal dəyər zəncirinə inteqrasiyanın gücləndirilməsi;
- Fermerlərin bazara çıxışının yaxşılaşdırılması üçün ehtiyacların müəyyən edilməsi;
- Aqrar sahə üzrə bazar infrastrukturunun inkişafı problemləri;
- Fermerlərin resurslar və xidmətlərlə təminatının yaxşılaşdırılması üçün ehtiyacların müəyyən edilməsi;
- Kənd təsərrüfatı sahəsi üzrə istehsal resursları, xidmətlər bazarı və infrastrukturun inkişafı problemləri;
- Aqrobiznes mühitinin təkmilləşdirilməsi və aqrar sahə üzrə investisiya cəlbediciliyinin artırılması məsələləri;
- Aqrar sahədə innovasiyaların tətbiqinin genişləndirilməsi üçün zəruri mexanizmlərin yaradılması;
- Kənd təsərrüfatının dayanıqlı inkişafının təmin edilməsinin iqtisadi mexanizmləri;
- Kənd təsərrüfatında məşğulluq, gəlir və kənd yerlərinin inkişafı problemləri.
Doktorantura təhsili
Aqrar Tədqiqatlar Mərkəzi kənd təsərrüfatının iqtisadiyyatı və aqrar siyasət məsələləri üzrə yüksək ixtisaslı kadrların hazırlığı üzrə təhsil proqramına malikdir. Bu proqram üzrə siyasətin əsasını yüksək bilik, müasir tədqiqat üsullarının öyrənilməsi və yerli şəraitdə tətbiqi, çevik, qarşıya qoyulmuş problemləri həll etmək bacarıqları olan tədqiqatçı mütəxəssislərin hazırlığı təşkil edir. Mərkəzdə kənd təsərrüfatının iqtisadiyyatı ixtisası üzrə fəlsəfə doktoru və elmlər doktoru proqramları həyata keçirilir və bu proqramlar üzrə yüksək ixtisaslı kadrlar hazırlanır. Doktorantura pilləsində təhsil əyani və qiyabi formalarda aparılır. Hazırlıq prosesində dissertasiya mövzuları müəyyən edilir, dissertasiyaları yüksək peşəkarlıqla yerinə yetirmələri üçün doktorantlara müvafiq təlimatlar və metodiki dəstək verilir, mütəmadi olaraq müzakirələr keçirilir və fəaliyyətləri dəyərləndirilir. Ətraflı
İstinadlar
https://atm.gov.az/ https://agro.gov.az/az/nazirlik/merkezi-aparat-ve-struktur/tabeliyindeki-qurumlar/aqrar-tedqiqatlar-merkezi https://e-qanun.az/framework/38976%20