Antisiklon
Antisiklon (yunanca anti — "əks" və kyklon — "fırlanan") — atmosferin maksimum təzyiqin mərkəzdə olduğu yüksək təzyiq sahəsi.
Antisiklonda küləklər zəif, mərkəz hissədə isə tam sakit (şəlekət) olur. Antisiklonda külək şimal yarımkürəsində saat əqrəbinin istiqaməti üzrə, cənub yarımkürəsində isə saat əqrəbinin əksi istiqamətində hərəkət edir. Antisiklonda havanın yuxarıdan aşağıya doğru güclü hərəkəti var. Ona görə də hava quru, açıq və buludsuz olur. Antisiklonlar Şərqi Arktikanın, Antarktidanın soyuq, buz səthi üzərində, qışda isə həm də Şərqi Sibir üzərində yaranaraq, dayanıqlı olurlar.
Arktika hava kütlələri qışda şimaldan mülayim qurşağa doğru hərəkət etdikdə bütün Şərqi Avropa üzərində antisiklon əmələ gəlir və bəzən Qərbi və Cənubi Avropanı, o cümlədən Azərbaycan ərazisini də əhatə edir. Antisiklonda atmosfer təzyiqi yüksək olduğundan hava yuxarıdan aşağı enir, sıxlaşır, rütubətlə doyma nöqtəsindən uzaqlaşır. Bununla əlaqədar antisiklonda hava aydın, buludsuz və yağıntısız olur.
Antisiklonlar daxilində küləklərin zəif olması və üfüqi təzyiq qradiyentinin azlığı ilə fərqlənir. Antisiklonlar əsasən qışda materiklər üzərində yaranır və böyük sahə tuturlar. Burada həmişə mövcud olan enən hava axınları havanı doymağa qoymur və nəticədə əksəriyyət halda aydın hava şəraiti müşahidə edilir. Əksər hallarda antisiklonlar qərbdən şərqə doğru 30–40 km/s sürətlə hərəkət edirlər, bəzən isə onlar stasionar xarakter daşıyaraq uzun müddət eyni yerdə qala bilirlər. Antisiklonlarda enən hava axınları üstünlük təşkil etdiyindən yerüstü təbəqədə inversiya qatının yaranması üçün əlverişli şərait yaranır.
İnkişaf mərhələləri
Antisiklonlar öz inkişafında üç mərhələdən keçirlər:
- gənc antisiklon;
- maksimal inkişaf etmiş antisiklon;
- dağılan antisiklon 1) Gənc antisiklon siklonların arxa hissəsində soyuq hava kütlələrində yaranmaqla, əvvəlcə yallar şəklində olurlar. Bu inkişaf mərhələsində antisiklonların yerüstü mərkəzinə 5,5 km-lik səviyyənin (500 hPa) təzyiq yalı uyğun gəlir, yəni başlanğıc mərhələdə antisiklonlar siklonlar kimi alçaq barik sistem olurlar. Bu mərhələ üçün antisiklonların termobarik sahəsinin sxemi şəkil 66-da verilmişdir. Müəyyən vaxtdan sonra həmin yallarda sərbəst antisiklonlar yaranır və ilk vaxtlar sinoptik xəritədə bir izobarla, sonra bir neçə qapalı izobarla əhatə olunurlar. Antisiklonlar bu mərhələdə 2,0–2,5 km hündürlüyə qədər yayılırlar.
2) II mərhələ — maksimal inkişafa çatmış antisiklon. Bu mərhələdə antisiklonlar öz inkişafının maksimal intensivliyinə çatır. 500 hPa izobarik səthdə çoxlu sayda qapalı izohipslər əmələ gəlir. Antisiklonlar sinoptik xəritələrdə bir neçə izobarla əhatə olunurlar. Bu mərhələdə antisiklonlar daha böyük hündürlüklərdə müşahidə olunmaqla, geniş əraziləri əhatə edirlər. Antisiklonların ön hissəsində (şərqində) atmosfer təzyiqi artdığı halda, onun arxa hissəsində (qərbində) əksinə, atmosfer təzyiqi düşməyə başlayır.
3) III mərhələ — antisiklonların dağılması mərhələsidir. Axırıncı mərhələyə keçidin əsas əlaməti antisiklonların mərkəzində atmosfer təzyiqinin düşməsi hesab olunur. Bu proses nəticəsində antisiklonlar öz əvvəlki əhəmiyyətini və gücünü itirir. Ancaq, aşağı və yuxarı qatlarda antisiklonların mərkəzləri üst — üstə düşürlər və bu onu göstərir ki, antisiklonlar artıq isti hava kütlələrindən ibarət barik sahələrə çevrilməyə başlayırlar. Antisiklonların inkişaf silsiləsi bir neçə gündən bir neçə həftəyə, bəzən isə bir aya qədər davam edə bilir. Ən uzun müddətli, davamiyyətli antisiklonlar qışda yaranan azhərəkətli antisiklonlardır ki, bunlara da Sibir antisiklonlarını misal göstərmək olar. Sibir antisiklonları demək olar ki, bütün qış ərzində fəaliyyətdə olurlar.