Anqola

Anqola (Angola), Anqola Respublikası (Republika de Angola) — Cənubi Afrikada, Atlantik okeanı sahilində dövlət.

Anqola
República de Angola
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
"Angola Avante" (pt.)
"İrəli Anqola"
Tarixi
  Portuqaliyadan 11 noyabr 1975
Rəsmi dilləri
Paytaxt Luanda
İdarəetmə forması Qarışıq respublika
Prezident Juan Lorensu
  Əhali
  • 32.866.270 nəf. (2020)[1]
  Siyahıyaalma (16.V.2014) 24 383 301 nəf.
  Sıxlıq 20 nəf./km² (199-cu)
ÜDM (AQP)
  Ümumi $21 738 milyard dollar
  Adambaşına $6,116 dollar
ÜDM (nominal)
  Ümumi (2008) $13 350 milyard dollar
  Adambaşına $1 066 dollar
İİİ (2008) 0.502 (artış; 153-cü)
Valyuta Anqola kvanzası
İnternet domeni .ao
ISO kodu AO
BOK kodu ANG
Telefon kodu +244
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d][2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

Paytaxtı Luanda şəhəridir. Rəsmi dövlət dili portuqal dili, pul vahidi kvanzadır. İnzibati cəhətdən 18 əyalətə bölünür. Anqola BMT-nin (1976), Afrika İttifaqının (1999), BYİB-in (1989), BVF-in (1989), ÜTT-nin (1996) üzvüdür. Anqolanın Namibiya, Konqo Demokratik RespublikasıZambiya ilə quru sərhəddi vardır. Ölkə qərbdən Atlantik okeanı ilə əhatə olunmuşdur. Kabinda adlı anqlav bölgə (Atlantika okeanı sahilində, Konqo Respublikası və Demokratik Konqo Respublikası ərazilərində yarımanklav) Konqo Respublikasının tərkibində yerləşsə də, Anqolanın ərazisi hesab olunur. Anqolada əhalinin tərkibi müxtəlifdir, yəni portuqal, ingilis, ambundu, konqo, luçazi və digər xalqlar bu ölkənin sakinləridir.

Adın etimologiyası

"Nqola" — ali hökmdarın titulunun təhrif edilməsi deməkdir.

Tarixi oçerk

Anqolanın qədim tarixi çox az öyrənilmişdir. Avropalılar Anqolaya gələrkən (1482-ci ildə portuqal dənizçisi Dioqu Kanın ekspedisiyası) burada erkən dövlətlərKonqo, Ndonqo, Lunda və Bengela mövcud idi (17-ci əsrdə Matamba və Kasanje dövlətləri yarandı). Ndonqoda hakimiyyətdə olan Nqola sülaləsinin adı sonradan bütün ölkəyə şamil edildi. 16-cı əsrdə portuqallar Anqola sahillərində möhkəmləndirilmiş məntəqələrin, o cümlədən San-Paulu-di-Luanda məntəqəsinin əsasını qoydular. Elə bu vaxtdan Anqolanın işğalına başlanıldı. Anqolalılar 17-ci əsrə qədər işğalçılara müqavimət göstərdilər. Portuqallar Anqolanın işğal olunmuş ərazilərindən zənciləri Braziliyaya və s. ölkələrə zorla köçürürdülər. Anqola qul alverinin ən mühüm bazalarından birinə çevrildi. Üç əsr ərzində ölkədən 5 mln. nəfər çıxarıldı. Qulların daşınması 1836-cı ildə qadağan olundu. Lakin Anqolada köləlik 1878-ci ilədək qalmaqda idi. 1885–94-cü illərdə Portuqaliya, Belçika, AlmaniyaB. Britaniya arasında müqavilə bağlandı. Bu müqavilə ilə Anqolanın müasir sərhədləri müəyyən edildi. Anqolanın bütün ərazisinin Portuqaliya tərəfindən işğalı 20-ci əsrin 20-ci illərinin əvvəlində başa çatdırıldı. 1951-ci ildə Anqola Portuqaliyanın "dənizaşırı əyaləti" elan edildi. Anqolada fasiləsiz davam edən milli-azadlıq hərəkatı İkinci dünya müharibəsindən sonra yeni vüsət aldı. 1961-ci ildə müstəmləkəçilik əleyhinə anqolalıların silahlı mübarizəsi başladı. Mübarizə Anqolanın qələbəsi ilə nəticələndi. 1975-ci il yanvarın 15-də Portuqaliya ilə Alvor razılaşmaları (Anqolanın müstəqil elan edilməsini nəzərdə tutan razılaşmalar) imzalandı. 1975-ci il noyabrın 11-də müstəqil Anqola Xalq Respublikası elan edildi. Anqola Netto ölkənin prezidenti seçildi. 1975–1996-cı illər ölkə tarixinə Vətəndaş müharibəsi kimi düşmüşdür. 1976-cı ilin sonlarında Anqolanın ordusu Kubanın hərbi yardımı ilə ZairCAR-ın işğalçı ordusunu ölkədən qovdu. 1977-ci ildə Milli Birlik Hökuməti formalaşmışdır. 70-ci illərin sonu–80-ci illərin əvvəllərində CAR-ın dəstəyi ilə müxalifət qoşunları Anqola ərazisinin böyük hissəsini yenidən işğal etdi. 1992-ci ildən ölkə Anqola Respublikası adlanmağa başladı. Yenidən başlanan vətəndaş müharibəsi gedişində müxalifət lideri J. Savimbi öldürüldü (2002). Bundan sonra müharibənin dayandırılması haqqında razılaşma imzalandı.

Dövlət quruluşu

Anqola unitar dövlətdir. Anqolanın Konstitusiyası 1975-ci ilin 11 noyabr tarixində qəbul edilib (düzəlişlərlə qüvvədədir). Ölkənin idarəetmə forması — qarışıq respublikadır. Dövlət başçısı və icra hakimiyyəti ümumi və birbaşa səsvermə yolu ilə 5 il müddətinə seçilmiş prezidentdir. Prezidentin bütün ərazi inzibati vahidlərə nəzarət etmək hüququ vardır. Onun səlahiyyətlərinə dövlətin müdafiəsi və hakimiyyət qolları arasında münasibətləri əlaqələndirmək aiddir. Prezident silahlı qüvvələrin ali baş komandandır. Qanunvericilik hakimiyyətinin ali orqanı ümumi və birbaşa səsvermə ilə 4 il müddətinə seçilmiş birpalatalı Milli Məclisdir. Anqola Milli Məclisi 220 deputatdan ibarətdir. 130 deputat bütün ölkə üzrə proporsional sistem, 90 deputat isə majoritar sistem üzrə seçilir. Daimi komissiya sessiyalararası dövrdə onun funksiyalarını yerinə yetirən Yığıncaq orqanıdır. Hökumətə prezident, baş nazir və nazirlər daxildir. Hökumət Milli Məclis qarşısında məsuliyyət daşıyır. Anqolada çoxpartiyalı sistem mövcuddur. Partiyalar sırasında Anqolanın Azadlığı Uğrunda Xalq Hərəkatı (MPLA; 1956-cı ildə yaradılmışdır), Anqolanın Tam Azadlığı Uğrunda Milli İttifaq (UNİTA; 1966-cı ildə əsası qoyulmuşdur) və s. partiyalar var.

Əhali

Anqola əhalisinin əsas hissəsi bantu xalqları – ovimbundular (25%), ambundular (23%), konqolar (13%), luenalar (8%), çokvelər (5%), kvanyamalar (4%), nyanekalar (4%), luçazilər (2%), ovambolar (2%), mbvelalar (2%), nyembalar (2%), şimal lundalar (1%), mbundalar (1%), gererolar (103 min), həmçinin bantu dilində danışan piqmeylərdən (tva; 0,1%) ibarətdir (2000). Koysan xalqları (kvadilər, xukvelər, kunqların müxtəlif qrupları) Anqola əhalisinin 0,5 % təşkil edir. Avroafrikalılar adlanan mulatlar (1%; portuqal dilində və ya onun kreollaşdırılmış variantında danışırlar) ayrıca qrup sayılırlar. Anqolada 0,09 %-dən az portuqallar yaşayır.

Silahlı qüvvələr

Silahlı qüvvələr quru qoşunları (QQ), hərbi hava qüvvələri (HHQ) və hərbi dəniz qüvvələrindən (HDQ) ibarətdir (2004). Ali baş komandan prezidentdir. QQ-nın (11 300 nəfərdən artıq) tank, motopiyada, piyada, artilleriya, zenit və s. hissələri var. HHQdə 5 aviasiya bazası və hava hücumundan müdafiə (HHM) polku mövcuddur. HDQ-nə desant gəmi divizionu (1 gəmi), patrul gəmi divizionu (4 kater) və 4 dəniz piyada rotası daxildir. Anqolanın 18–23 yaşlı vətəndaşları (kişilərqadınlar) 3 illik hərbi xidmətdə olurlar.

Coğrafiya

Malangedə olan Qara Qayalar

Ölkə sərhədlərinin uzunluğu 5.198 km-dir. Sərhədin 2.511 km-i Konqo Demokratik Respublikası (bu sərhədin 225 km-lik hissəsi Cabinda bölgəsindən keçir.), 1,376 km-i Namibiya, 1.110 km-i Zambiya və 201 km-i isə Konqo Respublikasının payına düşür. Anqola Respublikasının ərazisi 1.246.700 km²-dir. Dünyada ölkələr üzrə ərazisinə görə 23-cü yerdədir.[3]

Anqola ərazisinin çox hissəsi ensiz (50–160 km) sahilboyu düzənlikdən sıldırım yamacla yüksələn yastı dağlıqdır (hünd. 1000–1500 m). Qərbə doğru yüksəklik artır (1500–2000 m); burada bəzi yerlərdə əlahiddə dağlar ucalır.

Bu ərazinin əsasını təşkil edən Bie (hünd. 2620 m-ədək) dağlıq sahələri Anqolanın mərkəzinə doğru irəliləmişdir.

Ölkənin ən yüksək nöqtəsi Moco dağıdır (2.619 m). Ölkənin cənub bölgəsi isə daha alçaq bir mövqedədir. Anqolanın şərq hissəsində isə Zambezi çayının qolları axır.

Yastı dağlıq tədricən şimal (Konqo çökəkliyinə doğru), cənub-şərq (Kalahari çökəkliyinə doğru) istiqamətlərdə alçalır.

Xarici iqtisadi əlaqələr

Ölkənin ixracı idxalını üstələyir. Əsas ixrac maddələri xam neft, almaz, neft məhsulları, təbii qaz, qəhvə, sizal, pambıq, balıq, ağac oduncağıdır. 2003-cü ildə ixracın 47,7%-i ABŞ-nin, 23,4%-i Çinin, 8%-i Tayvanın, 7,4%-i Fransanın payına düşmüşdür. İdxalın əsas maddələri maşınlarelektrik avandanlıqları, nəqliyyat vasitələri və onların ehtiyat hissələri, dərman, ərzaq, toxuculuq məmulatı, silahlardır. Başlıca ticarət tərəfdaşları Portuqaliya, CAR, ABŞ, Niderland, Fransa, Braziliya və B. Britaniyadır.

Təhsil

Anqola təhsil sisteminə uşaq bağçaları (3–4 yaşlı uşaqlar üçün), hazırlıq sinifləri (5 yaşlı uşaqlar üçün), ümumtəhsil və peşə məktəbləri, ali məktəblər daxildir. İbtidai təhsil (1–4 siniflər) məcburi və pulsuzdur. Anqolada 8 illik orta təhsil verən ümumtəhsil məktəblərinin bazası əsasında ixtisaslı işçilər hazırlayan (1 ildən 4 ilədək) təhsil müəssisələri fəaliyyət göstərir. Anqolada baş verən siyasi və iqtisadi çətinliklərlə bağlı 1980-ci illərdə tam orta təhsildən əsas həlledici iki illik sikl götürülmüş, onun həyata keçirilməsi və abituriyent kontingentinin formalaşdırılması ali məktəblərin xüsusi hazırlıq kursları və fakültələrinə həvalə edilmişdi. Ölkədə ali təhsil verən Anqola Neto ad. Anqola Dövlət Universiteti (1963; Luanda) və 3 özəl universitet fəaliyyət göstərir. 8 elmi tədqiqat institutu (hamısı Luandada) – Geofizika və Hidrometeorologiya Elmi Tədqiqat İnstitutu (1879), Geoloji Xidmət İnstitutu (1914), Sənədləşdirmə və Tarixi Tədqiqatlar Milli Mərkəzi (1933), Tibbi Tədqiqatlar İnsstitutu (1955), Baytarlıq İnstitutu (1965), Pambıqçılıq Mərkəzi (1970), Afrika dillərini və Xarici Dilləri Öyrənmə İnstitutu (197)), Sosial və Pedaqoji Tədqiqatlar İnstitutu (1980) var.

Səhiyyə

Anqolada əhalinin hər 100 min nəfərinə 8 həkim (hər 12500 nəfərə 1 həkim), 115 orta tibb işçisi, 4 mama düşür. 2001-ci ildə səhiyyəyə qoyulan xərc ÜDM-in 3,6%-ini təşkil etmişdir.

Ədəbiyyat

Anqola xalqlarının zəngin şifahi ədəbiyyatı var. İctimai-siyasi xadim Kordeyru da Matta və yazıçı Kaştru Soromenyu xalq ədəbiyyatını toplayıb tədqiq etmişlər. Anqolada yazılı ədəbiyyat 19-cu əsrin ortalarında yaranmış, lirika (J. da Silva Mayya Ferreyra, J. D. Kordeyru da Matta) və məişət romanları (P. F. Ma şa du, A. Troni, A. di Asis Junior) Anqola ədəbiyyatının əsasını təşkil etmişdir. 1940–70-ci illər Antoqa ədəbiyyatında müstəmləkə əleyhinə mübarizə mövzusu (A. Neto, M. Antoniu, A. Lara, J. L. Vieyra, M. F. di Kaştru Soromenyu, A. Jasintu və b.) əsas yer tuturdu. 1990-cı illərdən sonra Anqola ədəbiyyatında tarixi roman geniş yayılmış (M. Pakavira, E. Abranşiş), dramaturgiya inkişaf etmiş (Pepetelanın pyesləri), siyasi və inqilabi meyillərdən uzaq bədii əsərlər yaranmışdır (Pepetela, J. E. Aqualuza). Müasir yazılı ədəbiyyat, əsasən, portuqal dilindədir.

Təsviri sənət və memarlıq

Ölkənin şimal ərazisində qədim qayaüstü heyvan təsvirləri saxlanılmışdır. Anqolanın kəndləri dairəvi plan üzrə salınmışdır; kəndlərin mərkəzində yığıncaq üçün bina, onun ətrafında yaşayış evləri, daha sonra təsərrüfat tikililəri olmuşdur. San-Miqel (1576) və Bengela (1617) qalaları avropalıların Anqolaya gəlişindən sonra tikilmişdir. 20-ci əsrin əvvəllərində Anqolada Avropa memarlıq üslubunda binalar inşa edilmişdir. Anqola toxuma sənəti (ot, çubuq və samandan) hələ qədimdən mövcud olmuşdur. Toxunulan əşyalar dəqiq, həndəsi ornament ilə bəzədilmişdir. Qədim və orta əsrlərdə ağac üzərində oyma inkişaf etmiş, mürəkkəb kompozisiyalı əsərlər (heykəltaraşlıqda) yaranmışdır. Bədii oyma üsulu ilə stilizə edilmiş insan və heyvan heykəlcikləri düzəldilmiş, mebellər üzərində mürəkkəb dekorativ kompozisiyalar həkk olunmuşdur. Peşəkar təsviri sənətin inkişaf dövrü 1970-ci illərə təsadüf edir.

Musiqi

Dağlıq Biyedə tapılmış dəmir idiofonlar (8 əsrədək) Anqola arxaik mədəniyyətinin nümunələridir. Lunda, Ndonqo dövlətlərinin orta əsrlər mədəniyyətini təntənəli orkestrlər təmsil edirdi; 1491-ci ildə Konqonun kralı Portuqaliyanın diplomatik heyətini qarşılayan zaman fil sümüyündən hazırlanmış trubalardan (kərənay) istifadə olunmuşdur. 1490-cı illərdən Anqolaya portuqaliyalılar vasitəsilə Avropa nəfəs alətləri gətirilməyə başladı. Xristianlığın yayılması ilə əlaqədar kilsələrdə xor ifasından, zəngdən, şax-şaxlı kiçik zınqırovlardan da istifadə edirdilər. Bakunqo və ambundu xalqlarının hərbi musiqisinin təsviri 1578-ci ilə, şimal-qərb Anqolada ksilofonda ifa etmə ənənəsi isə 1648-ci ilə təsadüf edir. 17-ci əsrdə idiofonların müxtəlif növləri, o cümlədən marimba, birüzlü baraban (nqaba), zənglər (lonqa), buynuz (epuqu), musiqili yay (nsambi) qeydə alınıb. Şəhər musiqi mədəniyyəti Portuqaliya və Braziliyanın təsiri altında formalaşmışdır. Şəhər musiqisinin spesifik formaları: Birinci dünya müharibəsindən sonra "hərbi musiqi" ansamblı kalukuta (Cənub-Şərqi Anqola); 1920-ci illərdən lamellafon musiqisi likembe (Şimal-Şərqi Anqola) meydana gəlmişdir. 20-ci əsrdə Luandanın ambundu-portuqal rəqs mədəniyyətində (kaduka, semba, rebita rəqsləri) musiqi əsas rol oynayır. 1957-ci ildə "Nqola ritmuş" ansamblı yaradılır [Latın Amerikası rəqslərini (rumba, merenge, samba) ifa edir, gitara və ənənəvi idiofonlardan istifadə olunur]. Ansamblın rəhbəri Liseu Vieyra Diaş 1982-ci ildən rəsmi olaraq müasir Anqola musiqisinin lideri kimi tanınır. 1960-cı illərin ortalarında siyası məzmunlu mahnılar yayılır. 1960–80-ci illərdə "Kisanje", "İllya" ansamblları, solistlərdən M. Tete, P. Kaştru, bəstəkarlardan F. Mukenqa, J. M. Maşadu, F. da Siş daha məşhur idilər. 1975-ci ildən sonra müğənni və gitaraçı Massano məşhurlaşır; həmin illərdən qonşu ölkələrlə mədəni əlaqələr inkişaf edir. Anqolada sayca üstünlük təşkil edən ovimbunduların ənənəvi musiqisi ilk dəfə 1913-cü ildə, çokve və luvale xalqlarının musiqisi isə 1950-ci illərdə lentə alınıb. 1956-cı ildə Luandada Musiqi və Rəqs Məktəbi yaradılıb.

İdman

Anqola Olimpiya Komitəsi 1980-ci ildə Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmış və həmin ildən Anqola idmançıları Olimpiya oyunlarında iştirak edir. Anqolada daha çox inkişaf etmiş idman növləri yüngül atletikafutboldur. Anqolanın futbol klubları "Primeyru di Aqoştu" və "İnter Klub" Afrika Kuboklar kubokunun final mərhələsində çıxış etmişlər (1998, 2001).

Nəqliyyat

Ölkə dəmiryolunun uzunluğu 2,8 min km; sıxlığı 22,5 km/10000 km2 -dir. Vahid dəmiryol şəbəkəsi yoxdur. Dəmiryol daxili vilayətlərdən sahilə doğru uzanır, relslərarası ölçülər müxtəlifdir və yollar bir-biri ilə əlaqələndirilməmişdir. Onlar xammalı ölkənin uzaq rayonlarından Luanda, Namibe və Lobitu limanlarına daşımaq üçün nəzərdə tutulmuşdur. Anqolanın bütün dəmiryollarının modernləşdirilməyə ehtiyacı var. Avtomobil yollarının uzunluğu 76,6 min km-dir (onun 19,2 min km-i bərkörtüklüdür; sıxlığı 61,4 km/1000 km2 ). Ölkə daxilində hava nəqliyyat üstünlük təşkil edir. 244 aeroportdan 32-sinin enmə-qalxma zolağı bərkörtüklüdür. Beynəlxalq aeroport Luandadadır. Çay gəmiçiliyi böyük əhəmiyyət daşımır. Dəniz kabotaj gəmiçiliyi inkişaf etmişdir. Ən böyük dəniz limanları: Lobitu (dərin sulu), Kabinda və Luanda (neft ixracı limanı), Namibe, Portu-Amboindir. Ticarət donanması ümumi tonnaji 42,9 min ton dedveyt olan 7 gəmidən ibarətdir. Boru kəmərlərinin uzunluğu 179 km-dir (1997).

Geoloji quruluş və faydalı qazıntılar

Anqolanın ərazisi Afrika platforması hüdudlarında yerləşir. Burada Arxeozoy və Alt Proterozoy süxurlarından təşkil olunmuş kristallik özül Kasai, Anqola, Banqveulu qalxanlarını və Kvanza çıxıntısını əmələ gətirir. Üst Kembriyə qədər ki çöküntülər ölkənin şimal-qərbində Qərbi Konqo qırışıqlıq qurşağını, şərqində və cənubunda Kibarid-Katangid və Damarid qırışıqlıq sistemlərinin fraqmentlərini formalaşdırır. Platforma örtüyünü təşkil edən süxurlar qədim buzlaşma izlərinin olduğu Üst Kembriyəqədər və Üst Paleozoy–Trias yaşlıdır. Təbaşir yaşlı kontinental çöküntülər və Kaynozoyun qumlu layları geniş yayılmışdır. İri neft, dəmir filizi, almaz, gips, fosforit, boksit, daşduz, uran, mis, qızıl, manqan, titan, vanadium, litium və s. faydalı qazıntı yataqları var.

Ruakana şəlaləsi (Kunene çayı)

Təbiət

Anqola materikdəki coğrafi mövqeyi (okean sahilində yerləşməsi və s.) geoloji-geomorfoloji quruluşunun mürəkkəbliyi ilə əlaqədar təbiətinin xeyli zənginliyi ilə səciyyələnir.

İqlim

Ölkənin iqlimi daxili rayonların əksər hissəsində ekvatorial-musson, sahilboyunda tropik-passat və quraqdır. Ən isti ayın (sentyabr və ya oktyabr) orta temperaturu yamacların yuxarı hissələrində 17 °C, aşağı hissələrində 28 °C, ən sərin ayda (iyul və ya avqust) uyğun olaraq 13 °C və 23 °C-dir. İllik yağıntı şimalında 1000–1500 mm-dən, cənubda 600–800 mm-ədəkdir. Sahilboyu düzənliklərdə soyuq Bengela cərəyanı havanın temperaturunu iyulda (ən soyuq ay) 16–20 °C-yədək, martda (ən isti ay) 24–26 °C-yədək aşağı salır. Burada yağıntıların miqdarı şimalında 250– 500 mm-dən cənubda 50–100 mm-ədəkdir.

Çaylar

Anqolanın şimal-şərqində çaylar Konqo hövzəsinə (Kasai çayı və onun sol qolu Kvanqo), qərbində isə Atlantika okeanı hövzəsinə (Kvanza, Kunene) aiddir. Ölkənin şərqində və cənub-qərbində Kvando qolu ilə Zambezi (yuxarı axını) və Kubanqo çayları axır. Quraq mövsümlərdə çayların suyu xeyli azalır və ya onlar quruyurlar (xüsusilə cənubda və cənub-qərbində). Onların demək olar ki, hamısı astanalıdır və gəmiçiliyə yaramır, lakin böyük hidroenerji ehtiyatına malikdirlər.

Təsərrüfat

Anqola inkişaf etmiş hasilat sənayesi olan aqrar ölkədir. Sənaye potensialı Afrika miqyasında əhəmiyyətə malikdir. Ümumi daxili məhsulun (ÜDM) mütləq həcmi 20,4 mlrd. dollar təşkil edir, əhalinin hər bir nəfərinə ÜDM-dən 1900 dollar düşür (2003). ÜDM-in 67%-i sənayeyə, 25%-i xidmət sahələrinə, 8%-i kənd təsərrüfatına məxsusdur. Anqolada sosial-iqtisadi yeniləşmə baş verir. Sənaye sahələrinin əksəriyyəti milliləşdirilir, kənd təsərrüfatı assosiasiyaları və kooperativləri, iri plantasiyalarda dövlət təsərrüfatları yaradılır. Demək olar, fasiləsiz davam edən müharibələr iqtisadiyyata neqativ təsir göstərmişdir. Nisbətən inkişaf etmiş iqtisadi rayonları: qəhvə plantasiyaları ilə zəngin Şimal rayonu, neft yataqlarına malik Kabinda və iri almaz yataqları olan Şimal-Şərq rayonu. Ən iri iqtisadi mərkəzləri: Luanda (əsas inzibati, sənaye və maliyyə mərkəzi; iri liman); Lobitu (sənaye mərkəzi və ən iri dəniz limanı; Beyra–Lobitu transafrika dəmiryol magistralının terminalı); Namibe və Bengela (balıq ovu və balıq emalı mərkəzləri); Uambo, Malanje, Lubanqo və Kvito (ölkənin daxili rayonlarının inzibati, kənd təsərrüfatı və nəqliyyat mərkəzləri). Kənd təsərrüfatı torpaqları 0,57 mln. km2 -dir (ölkə ərazisinin 21,8%-i), onun 2,4%-ini əkin sahələri, 0,4%-ini çoxillik bitkilər, 97,2%-ini çəmənlik və otlaqlar tutur. Suvarılan torpaqlar 0,75 min km2 -dir. Anqola müstəqilliyini elan etdikdən sonra iri plantasiyalar milliləşdirilərək dövlət təsərrüfatlarına çevrildi. Bu təsərrüfatlar ixrac olunan sizal, qəhvə, palma yağı, günəbaxan, banan, pambıq, tütün, sitrus meyvələri məhsullarının əsas hissəsini istehsal edir. Onlarla yanaşı, assosiasiyalar, fermalar, kooperativlər və xüsusi təsərrüfatlar fəaliyyət göstərir. Qarğıdalı, kalış, paxla, tərəvəz, maniok daxili təlabat üçün becərilir. Kənd təsərrüfatının texnika ilə təchizatı çox aşağı səviyyədədir (1000 ha-ya 3,5 traktor düşür). Anqola otlaq maldarlığı üçün çox əlverişli olan şəraitə malikdir. Ölkədə ət — süd maldarlığı, donuzçuluq, quşçuluq, arıçılıq inkişaf etmişdir. Balıqçılıq, o cümlədən çay balıqçılığı mühüm əhəmiyyətə malikdir. Balıq anqolalıların əsas qida məhsuludur. Çin, Portuqaliya, Yaponiya, Cənubi KoreyaRusiyaya Anqola sularında balıq ovlamağa icazə verilmişdir. Tropik ağac oduncağı tədarük edilir. Kustar istehsal inkişaf etmişdir.

Torpaqlar, bitki örtüyü və heyvanlar aləmi

Namib səhrası

Anqolanın torpaqları qırmızı, qırmızı-qəhvəyi, qara və qırmızı-qonurdur; ucqar c.-u səhralardır. Anqola ərazisinin demək olar ki, 40%-i meşələr və seyrək meşələrlə örtülüdür. Şimal-şərqindəki tropik meşələrdə ebonit və s. qiymətli ağac növləri vardır. Şimalı və sahilyanı yaylanın mərkəzi hissəsinin bitkisi hündür otlu savannalardan, cənub hissəsi seyrək savanna meşələrindən, şimal hissəsinin qərb yamacları həmişəyaşıl tropik meşələrdən ibarətdir. Anqolada fil, şir, leopard, zebr, müxtəlif antilop növləri, meymunlar, çoxlu sayda sürünənlər, həşəratlar və s. yaşayır. Sahil suları balıqlarla zəngindir. Anqolada 13 qorunan təbiət ərazisi (ümumi sahəsi 8,2 mln ha), o cümlədən Kameya, İona, Mupa, Kisama, Kanqandala milli parkları var.

Sənaye

Anqola iqtisadiyyatının əsasını hasilat sənayesi təşkil edir. Anqola neft hasilatına görə (2001-ci ildə 37 mln. ton; ÜDM-in 45%-i) Afrikada Nigeriya, Liviya, MisirƏlcəzairdən sonra 5-ci yerdədir. Son illərdə 20-dən çox neft yatağı istismara verilmişdir. 100-ə yaxın neft quyusu istismar edilir. Neftin, təqribən 90%-i Kabinda əyalətində, onun da 65%-i dənizdə hasil edilir. Ölkənin neft Qanununa (1978) əsasən neft sənayesi dövlətin "Sonanqol" şirkətinin inhisarındadır. Qanunun qəbulundan sonra yeni yataqların işlənməsi xarici (amerikan, ingilis, fransız və s.) kapitalın köməyi ilə aparılır. "Şevron" ("Chevron"), "Ekson" ("Exxon"), "Şell" ("Shell"), "Petrofina", "Teksako" ("Texaco"), "Britiş petroleum" kimi məşhur şirkətlərin fəal iştirakı nəticəsində Kabinda sahillərinin kontinental şelf rayonu mənimsənilir. Əsas neft terminalları: Luanda, Malonqo (Kabinda), Palanka və s. Ölkə üzrə bütün ixrac dəyərinin 80–90%-ini neft ixracından gələn gəlir təşkil edir. Valyuta daxilolmalarının neftdən sonra ikinci mənbəyi almazdır. Anqola dünyada almaz hasilatına görə 6-cı və hasil edilmiş almazların ümumi dəyərinə görə 3-cü yerdədir. Ölkədə, əsasən yüksək keyfiyyətli zərgərlik daşları çıxarılır. 2000-ci ildə çıxarılmış 5,17 mln. kar almazın 4,4 mln. kar-ı zərgərlik almazı olmuşdur. Anqola ərazisində bütün almaz hasilatı və ticarətinə nəzarət edən dövlət müəssisəsi – "Endiama" 1981-ci ildə yaradılmışdır. Almazın çox hissəsi Şimali Luanda əyalətindəki Katoka yatağından (dünyada ən iri yataqlardan biri) çıxarılır. Almaz hasilatının yarıdan çoxu (1998-ci ildə 55%-i) qeyri-qanuni yolla əldə olunur. Anqolada dəmir filizi, az miqdarda mis, nəcib və radioaktiv (uran) metallar çıxarılır. Dəmir filizi Kasala-Kitunqu (şm. Kvanzanın əyaləti) mədənlərindən hasil edilir. Perspektiv fosforit yataqlarının ən iriləri Zayri, Kindonakaşi əyalətlərində, həmçinin Kabinda əyalətindədir. Bunlardan başqa, qranit, mərmər, kvars yataqlarının işlənməsi davam etdirilir. Anqolanın enerji ehtiyatları: neft, qaz və hidroenerji sərvətlərinin ehtiyatına görə Afrikanın ən zəngin ölkələrindən biridir (cəmi 65%-i istifadə olunur). Elektrik stansiyalarının müəyyən edilmiş gücü 430 MVt-a bərabərdir. Elektrik enerjisinin yarıdan çoxu (60%-i) SES-lərdə istehsal olunur. Ölkənin elektrik şəbəkəsi 3 böyük: Şimal, Cənub və Mərkəz elektrosistemlərinə bölünmüşdür. Elektrikötürücü xətlərinin 40%-dən azı iş vəziyyətindədir. Çünki yüksəldici yarımstansiyaların çoxu yaxınlarda baş vermiş hərbi fəaliyyət nəticəsində ya dağılmışdır, ya da tam gücü ilə işləmir. Emal sənayesi müəyyən mərkəzlərdə: Luanda (50%-dən çox), Lobitu, Bengela, Uambo, Namibe şəhərləri r-nlarında cəmlənmişdir. Luandada illik gücü 1,6 mln. ton olan neft emalı zavodu işləyir və ölkənin neft məhsullarına daxili tələbatını tam ödəyir. Toxuculuq məhsulları, kibrit, sabun və yuyucu vasitələr, kimyəvi gübrə, dərman, avtomobil şinləri, penoplast, sement istehsal edən müəssisələr fəaliyyətdədir. Qara metallurgiya və metal emalı sahəsində bir sıra kiçik zavodlar, idxal edilmiş detal və qovşaqlardan "Volvo", "Fiat", "Folksvagen" avtomobillərinin, Yaponiya motosiklvelosipedlərinin yığılması üzrə bir neçə sex işləyir. Yeyinti sənayesinin əsas istiqaməti un, palma yağı, şəkər, içkilər, balıq konservi, balıq unu və s. istehsalıdır.[4]

İnzibati ərazilər

Nömrələnmiş inzibati ərazilər
Əyalət Sahəsi (km²) Əhalisi (min nəfər) İnzibati mərkəzi
1 Bengela 31.8 721.0 Bengela
2 Benqo 31.4 192.5 Kaşito
3 Biye 70.3 1336.5 Kvito
4 Cənubi Kvanza 55.7 653.1 Sumbe
5 Cənubi Luanda 45.6 146.1 Saurimo
6 Kabinda 7.3 214.4 Kabinda
7 Kunene 89.3 242.0 Onciva
8 Kvando-Kubanqo 199.0 130.0 Menonge
9 Luanda 2.4 2776.1 Luanda
10 Malanje 97.6 1058.4 Malanje
11 Moşiko 223.0 368.4 Luena
12 Namibe 58.1 164.7 Namibe
13 Şimali Kvanza 24.2 402.4 Ndalatando
14 Şimali Luanda 102.8 303.5 Lukapa
15 Uambo 34.3 1802.8 Uambo
16 Uije 58.7 1080.9 Uije
17 Uila 75.0 948.4 Luqanqo
18 Zayri 40.1 377.4 Mbanza-Konqo

Həmçinin bax

İstinadlar

  1. World Bank Open Data. Dünya Bankı.
  2. http://chartsbin.com/view/edr.
  3. "Arxivlənmiş surət". 2020-05-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-12.
  4. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A  Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 510 – 515. ISBN 978-9952-441-02-4.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.