Anlayış

Anlayış — predmet və hadisələrin ümumi, mühüm əlamətlərini əks etdirən fikirdir, təfəkkür formasıdır. O, real gerçəkliyin dərkində əsas rol oynayır.

Obyektiv gerçəkliyin özündə anlayış yoxdur, bunlar insan şüurunda meydana gəlir və gerçəklikliyin predmetlərini, hadisə, proseslərini əvəz edir, insan təbii ünsiyyət dilinin və formallaşmış dillərin köməkliyi ilə əldə olunmuş bilikləri sistemləşdirir, nəsildən-nəslə keçirir, inkişaf etdirir.

Məntiq tarixində anlayışlara münasibətdə iki cür ifratçılığa yol verilmişdir. Bir çox məntiqçilər anlayışları gerçəklikdən təcrid edərək ona qarşı qoyurdular, gerçəkliklə anlayışların üzvi əlaqəsini izah edə bilmirdilər. Digər qrup alimlər isə anlayışlarla gerçəkliyi eyniləşdirirdilər, anlayışlarların dərin keyfiyyət fərqini, onun spesifikliyini anlamırdılar.

Anlayışların meydana gəlməsi

Bu proses insan təfəkkürünün təşəkkül tapmasının və inkişafının obyektiv qanunauyğunluğudur. Təfəkkürümüzdə anlayışların meydana gəlməsi və mövcudluğunun obyektiv əsasını bizi əhatə edən gerçəkliyin predmetli xarakter kəsb etməsidir, başqa cür desək, gerçəklikdə keyfiyyət müəyyənliyinə malik olan ayrı-ayrı predmet və hadisələrin olmasıdır. Məsələn, bitki, canlı, Yer, Günəş, planetlər, kosmik səma, çaylar, dağlar və i. a. Əgər belə predmetlər olmasaydı, ona uyğun anlayışlar da yaranmazdı. Bizi əhatə edən gerçəklikdəki predmet və hadisələr rəngarəngdir,bir-biri ilə oxşar və fərqli cəhətləri vardır.

Anlayışların genezisi haqqındakı bilik bizə onların həqiqi təbiətini aşkarlamağa imkan verir. Anlayış — elə təfəkkür formasıdır ki,onun vasitəsiylə predmet və hadisələrin ümumi, mühim əlamətləri beynimizdə əks olunur.

Anlayışın səciyyəsi əlamətlərdən başlamalıdır. Cismin əlaməti onun digər cisimlərlə oxşaq və fərqli cəhətləridir. Əlamətlər özü də ümumi, fərqləndirici, mühüm, qeyri-mühüm, zəruri, təsadüfi və s. yerlərə bölünür. Bundan başqa anlayışların yaranması prosesi də bəzi əməliyyatların əsasında gedir: müqaisə, analiz, sintez, mücərrədləşdirmə, ümumiləşdirmə.

Ədəbiyyat

  1. M.M.İsrafilov Məntiq kursu (dərslik). Bakı-2001
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.