Andre Jid
Andre Jid (tam adı: Andre Pol Giyom Jid) (fr. André Gide; 22 noyabr 1869[1][2][…], Paris, İkinci Fransa İmperiyası[3] – 19 fevral 1951[1][2][…], Paris, Dördüncü Fransa Respublikası[4]) — fransız yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1947).
Andre Jid | |
---|---|
fr. André Gide | |
Doğum adı | André Paul Guillaume Gide |
Doğum tarixi | 22 noyabr 1869[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 19 fevral 1951[1][2][…] (81 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Təhsili |
|
Fəaliyyəti | jurnalist, film prodüseri, esseist, dramaturq, roman yazıçısı, gündəlik yazıçısı[d], yazıçı-səyyah[d], tərcüməçi, avtobioqraf[d], yazıçı, nasir, ssenarist |
Əsərlərinin dili | fransız dili |
Janrlar | roman, nəsr, dramaturgiya |
Mükafatları | |
Andre Jid Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Fransız romançısı, tənqidçi və esseist Andre Pol Giyom Jid Paris universitetinin professoru Pol Jidin oğlu idi. 11 yaşında atasını itirdiyindən təhsili və tərbiyəsi ilə anası Jülyetta Rondo-Jid məşğul olmuşdu.
Səhhətindəki problemlər ucbatından Andre ardıcıl təhsil ala bilməmişdi. Paris protestant liseyində oxuduğu illərdə ədəbiyyata, xüsusən də qədim yunan poeziyasına böyük maraq göstərmişdi. Anasının məsləhəti ilə musiqi ilə də ciddi maraqlanmışdı. 1889-cu ildə liseyi bitirəndə yazıçı olmaq qərarı qəti idi. Atasından qalan maddi və mənəvi irs buna tam imkan verirdi.
İlk kitabı – "Andre Valterin dəftərləri" 1891-ci ildə çap edilmişdi. Başlanğıc mərhələdə Stefan Mallarme və digər simvolistlərlə tanışlıq nəticəsində bu ədəbi cərəyanın təsiri altına düşmüş və simvolist üslublu iki povest yazmışdı. Lakin həmin maraq ötəri xarakter daşımışdı. Hətta "Bataqlıq" (1895) adlı əsərində Andre Jid simvolist salonlarının daimi sakinlərinin satirik portretlərini yaratmışdı.
Aralıq dənizi sahillərində – Tunis və Əlcəzairdə keçirdiyi bir neçə il gənc yazıçının uşaqlıqdan əziyyət çəkdiyi vərəmdən sağalmasına kömək etmişdi. Əvəzində isə başqa xəstəliyə tutulmuşdu - təkcə həyatına deyil, yaradıcılığına da ciddi təsir göstərən homoseksual əlaqələri ilk dəfə burada başlanmışdı.
İnsanın şəxsi azadlıq və sərbəstliyi ilə bağlı fikirlərini Andre Jid ilk dəfə mənsur şeirlə yazdığı "Yer nemətləri" (1897) kitabında ifadə etmişdi. Əsər xüsusi maraq doğurmamışdı. Üstəlik də real mövzularda yazmağa başlaması simvolist dostları ilə o qədər də səmimi olmayan münasibətlərini tamam korlamışdı. Lakin "Yer nemətləri" Andre Jidin diqqətəlayiq əsərlərindən biri kimi gənc fransız yazıçılarına, ilk növbədə isə ekzistensializm cərəyanının nümayəndələrinə — Alber Kamyu və Jan Pol Sartra təsirsiz qalmamışdı.
Andre Jid fransız mədəniyyəti tarixinə həm də səviyyəli ədəbi məcmuələrdən birinin — 1909-cu ildə təsis olunan "Nuvel revyü fransez" jurnalının yaradıcısı kimi daxil olmuşdu. Sonralar bu jurnalın bazasında Jidin sevimli müəlliflərinin — Dostoyevski, Cozef Konrad, Uolt Uitmen və b. dünya ədəbiyyatı klassiklərinin əsərlərini nəşr edən "Qallimar" nəşriyyatı qurulmuşdu.
1902-1919-cu illərdə Andre Jid "İmmoralist", "Dar qapılar", "İzabella" və "Pastoral simfoniya" adlı dörd kiçik psixoloji roman yazmışdı. Fransız ədəbiyyatı mütəxəssisləri şəxsiyyətin özünütəsdiq uğrunda mübarizəsinin əsas yer tutduğu bu romanları müəllifin uğuru kimi qiymətləndirmişdilər. Mövzunu davam etdirən Andre Jid kompozisiya və psixologizm baxımından daha mürəkkəb, çoxlaylı "Vatikan zirzəmiləri" (1914) romanında katolik kilsəsinin və mason təşkilatının konformizmini kəskin istehza hədəfinə çevirmişdi. Roman protestant tərbiyəsi almış müəllifin bir sıra katolik dostları ilə münasibətlərinin korlanmasına, şəxsiyyətinə və yaradıcılığına hücumların daha da artmasına səbəb olmuşdu.
"Nuvel revyü fransez" məcmuəsindən və əsərlərinin nəşrindən gələn gəlir sayəsində Andre Jid maddi müstəqilliyini tam təmin etsə də, rəsmi dairələr və kilsə tərəfindən daim təzyiqlərə məruz qalırdı. Onu ilk növbədə gənclərin əxlaqını pozmaqda günahlandırırdılar. Andre Jid ünvanına söylənən tənqidlərə cavab kimi 1924-cü ildə homoseksualizmə haqq qazandıran "Koridon" adlı dialoqlarını çap etdirmişdi. Fransız cəmiyyətinin seksual azlıqlara indiki kimi dözümlü yanaşmadığı dövrdə bu çox riskli addım idi. Yazıçı tələskənliyinin acı nəticələrini tezliklə gördü. Ən yaxın dostları da ondan uzaq gəzməyə başladılar. Üzərinə hər tərəfdən tənqid yağanda müdafiəsinə qalxan olmadı. Andre Jidin ilk gənclik illərində xalası qızı ilə qurduğu ailə də onun homoseksual meyllərinə görə tezliklə dağılmışdı.
20-ci illərdə yazıçının "Sən haradansan?", "Əgər toxum çürümürsə" kimi fərqli qarşılanan, ciddi mübahisə doğuran əsərləri çap olunmuşdu. Xüsusən də avtobioqrafik çalarlarla zəngin olan etiraf xarakterli ikinci povest yarandığı dövrün əxlaqi əndazələrini aşan əsər kimi dəyərləndirilmişdi. Lakin aradan keçən müddətdə münasibətlər və zövqlər dəyişdiyindən Andre Jidin "Əgər toxum çürümürsə" povesti indi Jan Jak Russonun "Etiraf"ı ilə bir sıraya qoyulur.
Andre Jid "Qəlp pul kəsənlər" (1926) əsərini özünün yeganə həqiqi romanı hesab edirdi. Çünki o həm həcm, həm də ədəbi siqlət baxımından müəllifin digər əsərləri ilə müqayisədə daha samballı təsir bağışlayırdı. "Qəlp pul kəsənlər" həm də Jidin adını Avropa miqyasına çıxaran, ondan XX əsrin görkəmli sənətkarlarından biri kimi bəhs etməyə imkan yaradan uğurlu yaradıcılıq nümunəsi idi.
İctimai fəallıq, önəmli məsələlərə zamanında və obyektiv münasibət bildirmək hər zaman Andre Jidin fəaliyyətinin mühüm istiqamətlərindən biri olmuşdu. 1927-ci ildə Konqoya uzunmüddətli səyahətdən qayıtdıqdan sonra o, Afrikada fransız müstəmləkəçiliyini sərt şəkildə pisləyən səfər qeydlərini çap etdirmişdi. İspaniyada vətəndaş müharibəsi başlananda da Jid laqeydlər sırasında qalmamışdı. 30-cu illərdə Avropada get-gedə güclənməkdə olan faşizmə qarşı çıxmaq üçün kommunist ideologiyasını dəstəkləyənlərin sıralarına qoşulmuş, bir neçə dəfə SSRİ-də olmuşdu. Amma Sovet İttifaqına son səfərdən sonra çap etdirdiyi "SSRİ-dən qayıdış" (1936) kitabı ilə sovet modelinin və kommunizmin qatı əleyhdarı kimi tanınmışdı.
1942-ci ildə Andre Jid Şimali Afrikaya köçmüşdü. İkinci Dünya müharibəsi başa çatana qədər fransız müstəmləkəsi olan Tunisdə yaşamış və "ədəbi vəsiyyəti" adlandırdığı "Tezey" povestini burada yazıb başa çatdırmışdı.
Fransız yazıçısı "insanın problemlərini həqiqətə qorxu bilməyən məhəbbət və dərin psixoloji müdrikliklə təqdim edən mühüm və bədii cəhətdən əhəmiyyətli əsərlərinə görə" 1947-ci ildə Nobel mükafatı laureatı olmuşdu. Eyni ildə onu həm də Oksford universitetinin fəxri doktoru seçmişdilər. İctimai ünsiyyətdən qaçan yazıçı şərəfinə düzəldilə təntənələrin heç birinə qatılmamışdı.
Fransanın İSveçdəki səfirinin mərasim iştirakçılarına təqdim etdiyi nitqində Andre Jid İsveç Akademiyasına müraciətlə deyirdi: "Uzun illər boyu mənim səsim səhrada fəryad qoparan tənha adamın səsinə bənzəyirdi. Sonra mənə elə gəldi ki, sözlərimi çox az adama deyirəm. Lakin bu gün siz öz qərarınızla məhdud sayda oxuculara müraciətimdə haqlı olduğumu sübut etdiniz. Siz yalnız mənim əməyimə qiymət vermədiniz, mənim kitablarımda özünə yer alan, ancaq təəssüflər olsun ki, indi də təqiblərə məruz qalan azad və müstəqil ruha tərəfdar çıxdınız".
Andre Jid 1950-ci ildə son əsərini — altmış il ərzində fasiləsiz şəkildə üzərində işlədiyi, Fransa cəmiyyətinin və ədəbi-mədəni həyatının tarixinə işıq salan məşhur "Gündəliklər"inin sonuncu cildini çap etdirmişdi.
Jan Pol Sartr Andre Jidin ölümündən az sonra yazmışdı: "O, yorulmadan bizi öyrədərək deyirdi ki, hər şey haqqında yazmaq olar, təki bunlar yaxşı yazılsın". Görünür, yazıçının əsərləri bu meyarlara cavab verdiyindən onun yaradıcılığına olan maraq və diqqət bu gün də yetərincə böyükdür.
İstinadlar
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Andre Gide // Internet Broadway Database (ing.). 2000.
- Archivio Storico Ricordi. 1808.
- Deutsche Nationalbibliothek Record #118539124 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
Mənbə
- Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.