Anşluss
Anşluss (alm. Anshluß – birləşdirmə) – Birinci Dünya müharibəsindən sonra Nasist Almaniyanın zorla Avstriyanı özünə birləşdirmək siyasəti.
Avstriyanın ilhaqı
Avstriyanın bəzi dairələrinin müdafiə etdikləri bu siyasəti həyata keçirmək üçün müharibədən sonra bir sıra cəhdlər göstərilsə də, Versal sülh müqaviləsi və Sen-Jermen sülh müqaviləsi anşlussu qadağan etmişdir. 1937-ci ildə anşlussu həyata keçirmək üçün əlverişli şərait yarandı; bu dövrdə Qərb dövlətləri Faşist Almaniyasının Avstriyanı işğal etməsini Versal sülh müqaviləsinin təftişi və təcavüz aktı kimi deyil, Almaniyanın Avropanı «sakitləşdirməsi» kimi qiymətləndirməyə başladılar. Qərb dövlətlərinin bu mövqeyi, Avstriya burjuaziyasının və sağ sosial-demokrat liderlərinin xəyanəti Almaniyaya bu planı həyata keçirməyə imkan verdi. 1938-ci il martın 11–12-də Avstriya alman-faşist qoşunları tərəfindən işğal olundu. Böyük dövlətlərdən yalnız SSRİ anşlussun əleyhinə çıxdı.
Müstəqil Avstriya
İkinci Dünya müharibəsi dövründə (1939–45) antihitler koalisiyasının əsas iştirakçıları – ABŞ, Birləşmiş Krallıq və SSRİ Avstriyanın müstəqilliyini bərpa etmək barədə razılığa gəldilər (1943). 1945-ci ilin aprel ayında Avstriya azad edildikdən sonra onun suverenliyi bərpa olundu. 1955-ci il mayın 15-də ABŞ, Birləşmiş Krallıq, Fransa, SSRİ və Avstriya tərəfindən imzalanan Müstəqil və Demokratik Avstriyanın bərpası barədə dövlət müqaviləsinə görə, Avstriyanın tam suverenliyi və müstəqilliyi təsdiq edildi, Anşluss isə qadağan olundu.[1]
İstinadlar
- Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 523. ISBN 978-9952-441-02-4.
Xarici keçidlər
- Anschluss – a soundbite history of the German invasion into Austria
- Pictures of Adolf Hitler in Vienna