Amfibiya adam (film, 1961)
Amfibiya adam (rus. Человек-амфибия) — Aleksandr Belyayevin yazdığı fantastik "Amfibiya adam" romanı[1] əsasında çəkilmiş film 1961-ci ilin sonunda ekranlara çıxmışdır. Filmin rejissorları Gennadi Kazanski və Vladmir Çebotaryov, operatoru Eduard Rozovski, bəstəkarı isə Andrey Petrovdur. Filmdəki baş qəhrəmanları gənc aktyorlar Vladimir Korenev və Anastasiya Vertinskaya ifa edirlər.
Amfibiya adam | |
---|---|
rus. Человек-амфибия | |
Janr | Fantastika |
Rejissorlar |
Gennadi Kazanski Vladmir Çebotaryov |
Əsərin müəllifi | Aleksandr Belyayev |
Ssenari müəllifləri |
Akiva Qolburt Aleksandr Ksenofontov Aleksey Kapler |
Baş rollarda |
Vladimir Korenev Anastasiya Vertinskaya |
Operator | Eduard Rozovski |
Bəstəkar | Andrey Petrov |
İstehsalçı | "Lenfilm" kinostudiyası |
Distribütor | Netflix |
İlk baxış tarixi | 1961, 3 yanvar 1962 |
Filmin növü | bədii film |
Müddət | 95 dəqiqə |
Ölkələr | SSRİ |
Dil | rus dili |
İl | 1961 |
Rəng | rəngli |
Çəkiliş yeri | Krım, Bakı |
IMDb | ID0055844 |
Vikianbarda əlaqəli mediafayllar |
Ümumi məlumat
Rejissor Vladmir Çebotaryov çəkilişə başlayanda bu əsərin müvəffəqiyyət qazanacağına inanırdı. Ondan fərqli olaraq, filmə bir qədər skeptik yanaşanlar da vardı. Ona görə də çəkilişə kifayət qədər maliyyə vəsaiti ayrılmamışdı. Elə ilk günlərdən rejissor Vladimir Çebotaryov texniki imkansızlıqdan yaranan problemlərlə qarşılaşmalı oldu. Sualtı epizodlarda baş rolların ifaçıları müəyyən çətinliklərlə rastlaşdılar.
Lakin film SSRİ və ondan kənarda böyük müvəffəqiyyət qazandı. Mədəniyyət naziri Furtseva bu ekran əsərini SSRİ Maliyyə Nazirliyinə ən qiymətli hədiyyə adlandırdı. İlk yarım il ərzində filmə artıq 65 milyon tamaşaçı baxmışdı.[2]
Filmin bir çox epizodları Bakıda çəkilib. Bu səbəbdən "Amfibiya adam" Azərbaycanlı tamaşaçılar üçün ikiqat maraqlıdır. Kütləvi səhnələrdə çəkilən Bakı əhalisi o günləri yaxşı xatırlayır.
Filmin yaranma tarixi
Filmin yaranma tarixi maraqlıdır. Rejissor Vladimir Çebotaryov demək olar ki, Aleksandar Belyaevin bu fantastik əsərinə təsadüfən müraciət edib. Çebotaryov sənətdə yeni söz demək, ekrana yeni mövzu gətirmək arzusundaydı. «Lenfilm» kinostudiyasında bir neçə ssenariylə tanış oldu və onların arasında «Amfibiya adam» daha çox diqqətini cəlb etdi. Ssenari zəif yazılsa da bu, rejissoru qorxutmadı, onun üzərində yenidən işləndi.
Daha bir problem filmin ruhuna uyğun aktyorların tapılması idi. Vladimir Çebotaryov gözləri dənizi xatırladan gənc aktyor axtarırdı. Aktyorun xarici görünüşü, üzünün ifadəsi, baxışı, manerası əsərin qəhrəmanına uyğun gəlməlidi. Ən başlıcası isə taleyin hökmündən suda-quruda həyat sürməyə, sonda isə yalnız okeanda yaşamağa məhkum olmuş bir gəncin ürək çırpıntılarını, məhəbbətini, həyat eşqini tamaşaçıya çatdırmaq idi. Bu isə aktyordan böyük bacarıq, ustalıq tələb edirdi. Real qəhrəmanlardan fərqli olaraq, fantastik qəhrəmanları tamaşaçıya sevdirmək bir o qədər də asan deyil.
Çebotaryov bunu yaxşı bilirdi və rolda gözlərində dəniz maviliyi, dəniz dərinliyi olan bir gənc görürdü. Uzun axtarışdan sonra o, teatr institutunun birinci kurs tələbəsi Vladimir Korenevin üzərində dayandı. Çəkilişə başlamazdan əvvəl, altı ay müddətində Vladimir və on altı yaşlı Anastasiya dalğıclıq bacarığına yiyələnmək üçün ciddi məşq keçməli oldular və məhz onların səyi sayəsində epizodların çoxu dublyorsuz çəkildi. On-iyirmi metr dərinlikdə çəkiliş aparmağın çətinliyini və təhlükəli olmağını hamıbilirdi. Sualtı çəkilişlər zamanı Vladimir Korenevin həyatının təhlükədə qalan anları da olmuşdu.
Filmdə yadda qalan surətlərdən biri də bədxah, xəbis Zurita obrazıdır. İstedadlı aktyor Mixail Kazakov bu rolu özünə məxsus bir ustalıqla oynayıb.
Filmin uğurları
1962-ci ildə İtaliyanın Triest şəhərində keçirilən fantastik filmlər beynəlxalq kino festivalında "Gümüş yelkən" mükafatına layiq görüləndən sonra tənqidçilərin əsərə münasibəti dəyişdi. Tənqid, tənqidçi fikri öz yerində, əsl sözü onlardan öncə tamaşaçılar demişdilər. Film sözün əsl mənasında ölkənin kino dünyasında bir partlayış idi. Və təsadüfi deyil ki, bu ekran əsərindən sonra Belyayevin yaradıcılığına, o cümlədən fantastik janrdakı əsərlərə maraq xeyli artdı.
Filmin musiqisi haqqında
Musiqi filmin ideya və məzmununa tam cavab verir desək, yanılmarıq. Kinoda musiqi ikinci dərəcəli iş sayıla bilməz. Təsadüfi deyil ki, «Amfibiya adam» ekranlara çıxandan sonra onun musiqisi dillərdən düşmürdü. Filmdəki mahnını konsertlərdə, stadionlarda, restoranlarda sevə-sevə oxuyurdular. Rejissor Vladimir Çebotaryov müsahibələrindən birində deyir ki, musiqini sifariş verəndə biz Bakıda çəkilişdəydik. Lent yazısını göndərdilər, dinlədim, doğrusu, ürəyimə yatmadı, mən istədiyim romantika yox idi, filmin tələblərinə cavab verəcək stildə, müasir ruhda yazılmamışdı. «Lenfilm»dəki etirazlara baxmayaraq mən yeni bəstəkar axtarmalı oldum. Leninqraddan tanıdığım Andrey Petrovu Bakıya dəvət elədim. Çəkilmiş materiallarını göstərdim. O, filmin ruhunu tutdu. Leninqrada qayıdandan on gün sonra filmin musiqisini yazdı.
İstinadlar
- "Aleksandr Belyayev. Amfibiya adam". 2014-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-27.
- "Bir filmin tarixçəsi". 2013-11-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-02-27.
Həmçinin bax
Rusiya filmlərinin siyahısı