Altinq
Altinq (isl. Alþingi "Ümumi yığıncaq") — İslandiyanın parlamenti. Altinq 930-cu ildə açılmışdır. Bu göstərici ilə Altinq Avropada fəaliyyətə başlamış ilk parlament hesab olunur.
İslandiyanın milli parlamenti Altinq (tərcümədə-ümumi yığıncaq) adlanır. O, dünyada ən qədim parlament hesab olunur. İlk dəfə olaraq parlament 930-cu ildə Tinqvelir adlı yerdə toplanıb. Bununla da, İslandiya dövlətinin əsasının qoyulması hesab olunur. Altinqin toplandığı ərazi Tinqvadlvatn adlı gölün sahilində yerləşib. Tinqvadlvatının özəlliyi ondan ibarətdir ki, göl iki materik tavasının üzərində yerləşib: Şimali Amerika və Avrasiya. Həmin dövrdə Altinqdə yalnız azad kişilər iştirak edə bilərdi. əvvəllər Altinq təkcə qanunların qəbul olduğu yer olmayıb. Burada həmçinin, mübahisələr də həll olunardı. 1000-ci ildə Altinqdə iştirak edənlərin əksəriyyəti xristianlığın qəbul olunması lehinə səs verir.
Altinq ildə 2–3 dəfə keçirilərdi.bütün İslandiya əhalisinin burada iştirakı üçün adətən Altinq yay aylarında baş tutardı. Ada kəndli və fermerlər və hər hansı mühahisəni həll etməyə təşrif buyuran insanlar Qanun Qayası (Lögberg) ətrafında toplaşardı.
Qədim zamanlarda qəbul olunmuş qanunlar İslandiyada günü bu günədək qüvvədə qalır. Məsələn, adadan kənara aparılan at (lap atçılıq üzrə dünya çempionatına aparılsa belə) o, geri qaytarıla bilməz. Bu qərar İslandiya parlamentində 982-ci ildə qəbul olunub və heç kim bu qanunu dəyişmək niyyətində deyil.
İslandiya Norveçə birləşdikdən sonra (1262-ci il) belə, Altinq 1799-cu ilədək fəaliyyətini davam etdirir. Həmin ildən etibarən Altinq, xüsusi Ali məhkəmə ilə əvəzlənir. 1844-cü ildə İslandiyalı alim və dövlət xadimi Youn Siqurdssonun fəal iştirakı altında Altinq bərpa olunur və Reykyavikə köçür. Müasir İslandiya parlamentinin binası 1881-ci ildə inşa olunur. İndi isə (1991-ci ildən) Altinq birpalatalı parlamentdir və 63 deputatdan ibarətdir.