Romalıların kralı

Romalıların kralı (lat. Rex Romanorum; alm. König der Römer) — Müqəddəs Roma İmperiyasında II Henrixin (1002–1024, 1014-cü ildən imperator) dövründən kürfürstlər tərəfindən seçildikdən sonra alman zadəganlar tərəfindən istifadə edilən titul idi. Bu titul əsasən Müqəddəs Roma İmperiyasının imperatoru titulu ilə eynilik təşkil edirdi və uzun müddət papanın tacqoyma mərasimindən asılı idi.

Frankfurtda kafedralında II İosifin Romalıların Kralı olaraq tacqoyma mərasimi, 3 aprel 1764

Titul əvvəlcə imperiya reqaliyasını və papanın əli ilə imperator titulunu almamış hər hansı seçilmiş alman kralını bildirir. Daha sonra bu titul imperatorluğun varisi üçün — hakimiyyətdə olan imperatorun sağlığında və ya imperatorun ölümündən sonra — istifadə olunmağa başladı. 1508-ci ildə imperatorların papa tərəfindən taclandırılması tələbinin ləğvi ilə bu titul funksional olaraq köhnəldi, lakin 1806-cı ildə imperiyanın sonuna qədər imperatorun rəsmi titullarının bir hissəsi kimi istifadə olunmağa davam etdi.

Rəsmi titul zamanla fərqli olub. Otto və davamçılarının dövründə Frankların Kralı (alm. König der Franken, lat. Rex Francorum), daha sonra Roma Kralı (alm. Römischer König) və ya Romalıların Kralı oldu. Müasir dövrdə "Almaniyada kral" (alm. König in Germanien,lat. Germaniae Rex) titulu istifadə edilməyə başlandı. Müasir Alman tarixşünaslığı onu həm klassik Roma imperatorundan, həm də müasir Alman imperatorundan fərqləndirmək üçün Roma-Alman Kralı (alm. Römisch-deutscher König) terminini yaratdı. "Almaniya Kralı" titulu bəzən ingilisdilli mətnlərdə və alman mənbələrində nadir hallarda görünür, lakin heç vaxt de-yure Almaniya Krallığı olmamışdır.

Mənbə

  • H. Beumann: Rex Romanorum: Lexikon des Mittelalters (Orta əsrlər lüğəti, 9 cild., Münhen-Sürix 1980–98), cild. 7, col. 777 f.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.