Almaniya kinosu

Almaniya kinematoqrafıAlmaniya mədəniyyətinin və dünya kinosunun vacib bir hissəsi. Almaniyada istehsal olunan filmlərdən ibarətdir. Dünyada kinematoqrafiyanın yaranmasının rəsmi tarixindən iki ay əvvəl, 1895-ci il noyabrın 1-də ixtiraçılar Emil və Maks Skladanovskilər Berlinin “Vinter qarten” müzik-hollunun binasında özlərinin hazırladığı proyeksiya aparatı (bioskop) vasitəsilə qısametrajlı filmlər nümayiş etdirdilər.[1] 1896-cı ildə Oskar Messter Almaniyda qısametrajlı sənədli və bədii filmlər istehsal edən ilk studiya açdı. Sonradan “Messter Film” və “Deutsche Bioskop” (hər ikisi 1897), “Münxener Kunstfilm” (1907), “Union” (1910) və başqa kinofirmalar fəaliyyət göstərirdi. 1910-cu illərdə görkəmli dramaturqlar A.Şnitsler, Q. Hauptman, Q.Zuderman və başqa kinematoqrafiya işində yaxından iştirak etməklə bu sahənin çiçəklənmə dövrü başladı. Bir çox tanınmış teatr aktyorları P.Vegener, A.Basserman, M.Pallenberq və s. kinematoqrafa gəldi. “Mavi siçan” (1912, rej. M.Mak), “Praqalı tələbə” (1913, rejisorlar S.Rie və Vegener) və s. bu dövrün ən əhəmiyyətli filmləri sırasındadır.

Emil və Maks Skladanovskilərin nümayiş etdirdiyi ilk diafilm. 1895

1910-1933 -cü illər

Birinci dünya müharibəsi illərində idxalın həcmi azaldığı üçün Almaniyda filmlərin istehsalı 8 dəfə artdı. Ən görkəmli alman rejisorlarından biri E.Lübiç, həmçinin R.Osvald və C.Mayın yaradıcılığı bu dövrlə bağlıdır. Kinematoqraf vətənpərvərliyi təşviq edirdi: Osvaldın “Maks dəmir xaçı necə qazandı”, M.Obalın “Şərəf döyüş meydanında” (hər ikisi 1914) və s. Cəbhədəki bir sıra uğursuzluqlardan sonra populyar janrlara – melodram, komediya, macəra filmləri və s. yenidən maraq artdı: P.Vegener və P.Qlizenin “Rütsembalın toyu”, O.Rippertin “Homunkulus”, Osvaldın “Hofmanın nağılları” və “Dorian Qreyin portreti” (hamısı 1916), P.Lenin “Yatmış gözəl” (1917) və s.

Veymar respublikası yarandıqdan sonra senzura ləğv olunmuş, repertuar genişlənmişdi. Tarixi və “ekzotik” dramlar geniş yayılmışdı: C.Mayın “Hind sərdabəsi”, D.Buxovetskinin “Danton”, P.Osvaldın “Ledi Hamilton” (hamısı 1921), C.Mayın “Dünyanın hökmdar qadını”, P.Osvaldın “Lukresiya Borcia” (hər ikisi 1922) və s. Yeni rejissorlar (F.V.Murnau, F.Lanq, P.Vine, L.Pik, K.Qrüne) və ssenaristlər (T.fon Harbou, K.Mayer və b.) nəsli formalaşdı. Kino sənətində ekspressionizm, neoromantizm, “kamera dramı” cərəyanları meydana gəldi: “Doktor Kaliqarinin kabineti” (1919), “Raskolnikov” (1923, hər ikisinin rejisoru R.Vine), “Mum fiqurlar kabineti” (1924, P.Leni) və b. Naturalizmsimvolizmin sintezindən yaranan filmlərdən L.Pikin “Qəlpələr” (1921) və “Milad axşamı” (1923), K.Qrünenin “Küçə” (1923), V.F. Murnaunun “Sonuncu adam” (1925), neoromantizm cərəyanına məxsus filmlərdən F. Lanqın “Yorğun ölüm” (1921) və “Nibelunqlar” (1924) ekranlara buraxıldı. Murnaunun “Dəhşət simfoniyası – Nosferatu” (1922), G. V. Pabstın “Misgin döngə” (1925), “Qəlb gizlinləri” (1926), “Pandoranın qutu su” (1929) və “Üç qəpiklik opera” (1931, B.Brextin əsəri əsasında), G. Lamprextin “Səfillər” (1925) filmləri bu dövrün əhəmiyyətli kino əsərləridir. Səsli kinonun yaranması ilə dramatik konfliktli filmlər meydana gəldi: “Berlin–Aleksan derplats” (1931, rejisor P. Yutsi), “M” (1931) və “Doktor Mabuzenin vəziyyəti” (1933, rejisor F.Lanq). 1930-cu illərin əvvəllərində yeni kino janrı – musiqili film yarandı: V. Tilenin “Məhəbbət valsı” və s.  

1933-1945-ci illər

HitlerGebbels Ufa studiyasında.

Hakimiyyətə nasional -sosialistlər gəldikdən sonra Almaniyada kino bir başa dövlət nəzarətinə keçdi. De-fakto olaraq kino istehsalına Yozef Gobbels rəhbərlik edirdi.

1933-cü ildən sonra bir çox rejisorlar (F. Lanq, P. Sinner, E. Yanninqs, P. Osvald, B. Uaylder və b.) mühacirət etdilər. Almaniyada qalan rejlardan X. Ştaynhof (“Gənc hitlerçi Kveks”, 1933), V. Harlan (“Yəhudi Züss”, 1940), V. Libenayner (“Mən ittiham edirəm”, 1941) filmlərini çəkdilər. İkinci Dünya müharibəsi illərində yaranan filmlər bəzən hakim rejimlə gizli polemikaya girirdi: “Arvadımı sənə etibar edirəm” (1942, rejisor V.Hoxbaum), “Xəyalımda sən idin” (1944, rejisor V. Ştaudte), “Böyük azadlıq №7” (1944, rej. H. Koynter) və s.[2] 

1945-1980-cı illər: İki Almaniya

“Defa” studiyasının logotipi

İkinci Dünya müharibəsindən sonra ADRAFR ilə Qərbi Berlinin kinematoqrafı müstəqil inkişaf etmişdir. Şərqi Almaniyanın kino sənətində yeni inkişaf mərhələsi başlandı. 1946-cı ildə “Defa” studiyası (Babelsberq, Berlin yaxınlığında) yaradıldı. Bu dövrdə yaranan filmlərin əksəriyyəti antifaşist mövzuda idi: “Kölgədə nikah” (1947, rej. K. Metsiq), “Blyumun işi” (1948, rej. E. Engel) və s. 1950-ci illərdə yeni ifadə vasitələri axtaran cavan rejissorlar nəsli yetişdi: Q. Klyayn (“Qlyayvits əməliyyatı”, 1961), Y. Kunert (“Verner Holtun macəraları”, 1965) və b. Antifaşist mövzu XX əsrin 2-ci yarısında Şərqi Almaniya kinosunda əhəmiyyətli yer tuturdu: K. Volfun “Lissi” (1957), “Ulduzlar” (1959), “Professor Mamlok” (1961), F. Bayerin “Yalançı Yakob” (1975), X.E. Brandtın “Gecə ilə gündüz arasında” (1975) və s. Bu illərdə ədəbi əsərlər ekranlaşdırılır, bioqrafik filmlərdə yaranırdı: E. Günterin “Lotta Veymarda” (1975) və “Gənc Verterin iztirabları” (1976), X. Zemanın “Bethoven ömür günləri” (1976) və “Van Qoqla görüş” (1985) və s.[3]

1940-cı illərin sonu Qərbi Almaniya filmlərinin çoxu İkinci Dünya müharibəsinə həsr olunmuşdur: V. Ştaudtenin “Qatillər aramızdadır” (1946) və “Rotasiya” (1949), X. Koytnerin “Həmin günlərdə” (1947), X.E. Braunun “Dünən ilə sabah arasında” (1947), Q. Fredersdorfun və M. Qoldşteynin “Yol uzundur” (1948) və s. 1960-cı illərin əvvəllərində bir qrup gənc kinematoqrafçı “Oberhauzen manifesti”ni qəbul edərək “yeni alman kinosu”nun inkişafı konsepsiyasını irəli sürdü (A. Kluge, V. Hersoq, F. Şlöndorf, R. V. Fasbinder, V. Venders). “Yeni alman kinosu”nun ənənələri 1970–80-cı il -lərdə M. fon Trott, D. Qraf, P. Brinkman və başqalarının yaradıcılığında davam etdirildi. Kinematoqrafçıların “Gənc münxenlilər” birliyi yarandı. Bu illərin ən dəyərli filmləri sırasında V. Vendersin “Alisa şəhərlərdə” (1974), “Zaman keçdikcə” (1976), “Paris, Texas” (1984), V. Hersoqun “Hər kəs özü üçün və Allah hamıya qarşı” (1974), P. V. Fasbinderin “Veronika Fossun üzüntüsü” (1982), F. Şlöndorfun “Tənəkə təbili” (1979) və s. adlarını çəkmək olar.  

Qərbi Berlində çəkilmiş ən tanınmış filmlərdən X. Koytnerin “Epiloq” (1950), R. Siodmakın “Siçovullar” (1955), V. Ştaudtenin “Top serenadası” (1958) və “Üç qəpiklik opera” (1962), K. Hofmanın “Raynsberq” (1967), O. Runtsenin “Lord fon Barmbek” (1973), U. Şamoninin “Şapoklyak” (1974), V. Qremmin “Qardaşlar” (1977), X. Farokinin “İki müharibə arasında” (1978), B. Zinkelin “Vəzifəsindən kənar edilmişdir” (1982) və s.-dir.

Yeni dövr

Almaniyanın birləşməsindən sonra kinematoqrafçılar 1980-ci illərin böhranını aradan qaldırmaq üçün bir sıra populyar məişət komediyaları çəkdilər. Yeni nəsil rejisorların meydana gəlməsi ilə Almaniya kinematoqrafiyasında növbəti sıçrayış baş verdi; T. Tıkverin “Qaç, Lola, qaç” (1998) filmi geniş beynəlxalq rezonans yaratdı. X.K. Şmidtin “23” (1998), “Kreyzi” (2000) və “Uzaq işıq” (2003), A. Drezenin “Gecə adamları” (1999), K. Petsoldun “Daxili təhlükəsizlik”, V. Yoppun “Amerikanı unut”, E. Qronenbornun “alyaska.de”, L. Bekkerin “Kanak Atak” (hamısı 2000), O. Rölerin “Aqnes və qardaşları” (2004) və “Elementar zərrəciklər” (2006) filmləri XX əsrin sonu – XXI əsrin əvvəllərində yaranan kino əsərləridir. Kinematoqrafüçün kadrları Münhendəki Kino və Televiziya Ali məktəbi, Ulmdakı Kino Təhsili İnistutu, Babelsberqdəki K. Volf adına Kino və Televiziya Ali məktəbi hazırlayır. Berlində (1951–90 illərdə Qərbi Berlində) Beynəlxalq Kino Festivalı, Oberhauzen, ManhaymLeypsiqdə qısametrajlı filmlərin beynəlxalq festivalları keçirilir. 

Mənbə 

  • Geschichte des deutschen Films. 2. Aufl. Stuttg., 2004;
  • Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. ISBN 978-9952-441-00-0.

İstinadlar

  1. Большая Российская энциклопедия: В 30 т. / Председатель науч.-ред. совета Ю. С. Осипов. Отв. ред. С. Л. Кравец. Т. 6. Восьмеричный путь — Германцы. — М.: Большая Российская энциклопедия, 2006. — С. 746—748.
  2. Кракауэр З. От Калигари до Гитлера: Психологическая история немецкого кино. From Caligari to Hitler. A Psychological History of the German Film. — Искусство, 1977. — 320 с
  3. Brockmann, S. A Critical History of German Film Arxivləşdirilib 2022-04-02 at the Wayback Machine. Camden House. 2010. 522. ISBN 9781571134684

Xarici keçidlər  

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.