Alman klassisizmi
Alman klassisizminin həm nəzəri, həm də praktik cəhətdən inkişafı çox çətin bir dövrə təsadüf edir. İqtisadi və siyasi cəhətdən geri qalmış Almaniyanın 300-ə qədər mikrofeodal dövlətə, külli miqdarda xırda əyalətlərə bölünməsi mədəniyyətə də təsir göstərir. XVII əsr alman mədəniyyətinin əsas problemi – onun milli zəmində inkişafı idi. Bu dövrdə estetik nəzəriyyənin ilk yaradıcılarından olan M.Ofits Bualonun klassisizmin klassik doktrinası sayılan «Poeziya sənəti» əsərindən hələ 50 il əvvəl, 1624-cü ildə «Alman şeriyyatı haqqında kitab» əsərində nəşr etdirir. Bu əsər alman klassisizminin ilk proqram manifesti olaraq o dövrdə Almaniyada bədii inkişafı nəzəri və praktik cəhətdən müəyyənləşdirdi. Antik ənənələri təqlid etmək, incəsənətə kamil insan idealı, qəhrəman obrazı gətirmək – əsərin əsas ideyasıdır. Almaniyada fəlsəfi fikrin sonrakı inkişafı Leybnisin adı ilə bağlıdır. Alman mədəniyyətinin klassisizmdən maarifçiliyə keçid dövrünün nümayəndələrindən olan Qotşedin estetik baxışları «Almanlar üçün poeziya və tənqidi incəsənət təcrübəsi» (1730) əsərində şərh edilib. Qotşed fransız klassik faciəsinin, ümumiyyətlə, fransız klassisizminin, aristokrat incəsənətinin tərəfdarı idi. Bu dövrün digər nümayəndələri isveçrə yazıçıları Breytinger və Bodmer poeziyanı fəlsəfə və elmdən ayırmağı tələb edir, incəsənətdə təxəyyül və fantiziyadan geniş istifadə etməyə çağırırdılar. Onlar alman mədəniyyətinə sələflərindən fərqli olaraq fransız deyil, ingilis ruhu gətirdilər. Orta əsr alman poetik mədəniyyətini, xalq, kəndli dilini, milli poeziyanın mənbələrini öyrənərək alman mədəniyyətinin müstəqil milli zəmində inkişafı məsələsini qarşıya məqsəd qoydular. Almaniyada klassik komediyanın təşəbbüskarı olan Şlegel də Qotşedin fikirlərinə etiraz edərək klassisist faciənin əsas tələblərinə qarşı çıxır, milli və məhdud (lokal) xarakterli qəhrəman yaratmağı təklif edirdi. Müxtəlif cərəyanların və milli məktəblərin nailiyyətlərini ümumiləşdirən görkəmli sənətkarlar klassisizmə xas metafizikliyi və doqmatizmi dəf edərək, zənginləşdirilmiş, şərtilik və qəddar normalardan azad, yeni tipli klassisizm yaratdılar. Veymar məktəbi (Şiller, Höte), Vyana məktəbi (Haydn, Motsart, Bethoven) buna misaldır.
Mənbə
Mədəniyyət tarixi və nəzəriyyəsi. Ali məktəblər üçün dərslik. Bakı, 2010