Allerqologiya

Allerologiya (allergiya + yun. logos — elm) — allergiya xəstəliklərinin başvermə səbəblərini, müalicə və profilaktikasını öyrənən elm.

İlk dəfə 1906-cı ildə Avstriya həkimi K. Pirke "allergiya" terminini, rus alimi A. M. Bezredka isə "anafilaktik şok" anlayışını təklif etmişdir. Aparılan tədqiqatlardan məlum olur ki, bir sıra xəstəliklərin mənşəyi orqanizmin reaktiv dəyişikliyi ilə (xarici və daxili təsirlərə göstərdiyi əks-təsirlə) əlaqədardır. Bunlara allergik xəstəliklər deyilir. Allergik xəstəliklərin bəziləri daxili (revmatizm, bronxial astma, revmatoid artriti və s), göz (allergik konyunktivit və s), sinir (allergik radikulit, dalğın skleroz və s.) və dəri xəstəlikləri (peşə dermatozları və s.) olduğu üçün allerologiya istisnasız bütün tibb fənləri ilə sıx bağlıdır.

Azərbaycanda və bir sıra xarici ölkədə allerologiya müstəqil fənn kimi tədris olunur. Allerqologiya kafedraları, kursları açılmışdır. Allerqologiya kurslarında həkimlər allerkiya xəstəliklərinin diaqnostikasının metodlarını, profilaktikasını və terapiyasını öyrənir, 1-2 il bu sahədə işlədikdən sonra allerqoloq adını alırlar.

Azərbaycanda ilk allerqoloji laboratoriya 1964-cü ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun patoloji fiziologiya kafedrası nəzdində təşkil edilmişdir.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.