Alkiviad

Alkiviad (q.yun. Άλκιβιαδης; e.ə. 450, Afina — e.ə. 404, Frigiya) — Qədim Yunanıstan dövlət xadimi, natiqi, Peloponnes müharibəsi dövrünün sərkərdəsi, Sokratın tələbəsi.

Alkiviad
q.yun. Ἀλκιβιάδης
e.ə. 419 e.ə. 418
e.ə. 415 e.ə. 413
e.ə. 406 e.ə. 405
Şəxsi məlumatlar
Doğum tarixi təq. e.ə. 450[1]
Doğum yeri
Vəfat tarixi e.ə. 404
Vəfat yeri
Vəfat səbəbi bıçaqlama[d]
Fəaliyyəti siyasətçi, hərbi qulluqçu
Hərbi xidmət
Döyüşlər
Rütbəsi strateq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Alkiviad qədim zadəgan nəslinə məxsusdu. Atası Klini beotiyalılarla Xeroneya döyüşündə həlak olmuşdu. O, Periklin də yaxın qohumu idi. Uşaqlıq və gənclik illərində hədsiz yaraşıqlı olan Alkiviad istər-istəməz hamıda rəğbət oyadırdı. Onun saysız himayədarları və tərbiyəçiləri vardı. Sokrat onu bir çox təhlükəli yollardan qorumuş, gənc və qabiliyyətli oğlanın düzgün tərbiyə olunmasında əsas rol oynamışdı. Əvəzində Alkiviad da filosofa öyrəşib onunla birgə özünü sərt həyat tərzinə alışdırmışdı. Hələ yeniyetmə ikən Sokratla bərabər Potideya döyüşündə iştirak etmiş, onunla bir çadırda qalıb çiyin-çiyinə vuruşmuşdu. Döyüşün gərgin vaxtında Sokrat yaralanan Alkiviadı ölümdən qurtarmışdı. Bütün bunların nəticəsində Alkiviad həm də gözəl natiqlik məharəti qazanmışdı. Buna görə hələ erkən yaşlarından siyasi fəaliyyətə başlayanda onun gələcəyinə şübhə edən çox az idi.

Siyasi həyatda onun iki rəqibi vardı. Qoca Niki və gənc Feak. Lakin nə Sokrat, nə də başqaları Alkiviadın təbiətindəki hədsiz şöhrətpərəstliyi, özündən razılığı və həyasızlığı düzəldə bilməmişdilər. Buna görə Plutarxın yazdığı kimi onu heç kim sevmirdi, lakin xalq şöhrətli adamları hörmətdən salmaq və ləkələmək üçün ondan istifadə edirdi. Alkiviad spartalı əsirlərin qayğısına qalmaqla onların rəğbətini qazanmaq istəyirdi. Lakin lakedomlular Nikinin səyləri nəticəsində Afina ilə sülh bağladılar. Nəticədə əsirlər qaytarıldı və Niki Spartada çox böyük nüfuz qazandı. Alkiviad paxıllıqdan nə edəcəyini bilmir, sülhü pozmaq üçün bütün qüvvəsiylə çalışırdı. Bunun üçün əvvəlcə arqosluları spartalılara qarşı müharibəyə qızışdırdı. Sonra isə Afinaya dostluq ittifaqı bağlamaq üçün gəlmiş spartalı elçiləri aldadıb onların guya ən yüksək səviyyədə müqavilə bağlamaq üçün səlahiyyətləri olmadıqlarını xalq yığıncağında dedirtdi. Halbuki, elçilər bu səlahiyyətlə gəlmişdilər. Bu əməliyyatdan sonra Nikiyə və spartalılara qarşı qəzəblənən yığıncaq onu strateq (baş komandan) seçdi. Bundan sonra o çox böyük məharətlə yunan şəhərlərini bir-birinə vurub lakedomlulara qarşı qızışdırdı və şəhərlərdə uzun müdafiə divarları hördürməyə nail oldu. Xüsusilə arqosluları hərəkətə gətirdi. Öz məharətli çıxışları və atmacaları ilə məqsədinə çox yerdə nail oldu. Bütün bunlarla bərabər öz dəbdəbəli həyat tərzindən, içkiyə aludəçiliyindən və eyş-işrətdən də qalmırdı. Lakin xalq əcdadlarının şöhrətinə, payladığı hədiyyələrə, natiqlik qüdrətinə, bədən gözəlliyinə, hərbi təcrübəsinə və nəhayət, cəsurluğuna görə onun bütün nöqsanlarını bağışlayırdı.

Afinalılar daim Siciliyaya qoşun dəstələri göndərib onun limanlarından birini almaq istəyirdilər. Nəhayət, Alkiviad xalqı inandırmağa başladı ki, güclü Afina donanması ilə bütün Siciliyanı fəth etmək olar. Niki nə qədər buna etiraz edib afinalıları bu çətin yürüşdən saxlamaq istədisə də Alkiviad xalqı, xüsusilə gəncləri yürüşə çıxmağa elə həvəsləndirdi ki, artıq bunun qarşısını almaq mümkün olmadı. Belə olduqda düşmənləri onu və bəzi tərəfdarlarını allahlara və onların heykəllərinə qarşı hörmətsizlikdə ittiham etdilər. Amma məhkəməni Siciliyaya yürüşdən sonraya saxladılar.

Niki, Lamax, Alkiviad strateq sifətiylə e.ə. 415-ci ildə 140 triyer, beş min qoplit və min üç yüz başqa döyüşçü ilə Siciliyaya gəldilər. Lakin elə bir böyük uğur qazana bilmədilər və bu zaman Alkiviadı Afinaya məhkəməyə çağırdılar. O, məhkum olunacağından qorxub Peloponnesə qaçdı. Döyüşçülərsə Alkiviadsız ruhdan düşdülər və Messinanı düşmənlərə verdilər. Xalq yığıncağı Alkiviadı ölümə məhkum etdi. Bunu eşidən Alkiviad dedi: — Mən onlara göstərərəm ki, hələ sağam.

Əvvəllər bir müddət Arqosda qaldı. Ancaq onun haqqında qərarın dəyişilmədiyini görüb Spartaya gəldi. Onun verə biləcəyi xeyri başa düşən spartalılar ona siyasi sığınacaq verdilər. Alkiviad spartalıların ümidlərini doğrultdu və onlara afinalılar üçün fəlakətli olan üç məsləhət verdi: Əvvələn, məsləhət gördü ki, sirakuzlularla əlbir olub afinalıların donanmasını məhv etmək üçün qəti hərəkət etsinlər. İkincisi, quruda da Afinaya müharibə elan etsinlər. Nəhayət üçüncüsü, Afina yaxınlığındakı Dekeleyanı zəbt edib öz basqınları ilə Afinanı daim qorxu altında saxlasınlar. Qeyd etmək lazımdır ki, Alkiviadın bu ağıllı məsləhətləri vətəninə qarşı mübarizədə doğrudan da çox parlaq bəhrələr verdi.

Spartada Alkiviad xalqın rəğbətini qazanmaq üçün onların həyat tərzini elə məharətlə təqlid etməyə başladı ki, hamı heyran qaldı. Plutarx yazır ki, bu adam öz simasını dəyişməkdə elə usta idi ki, buqələmun da ona həsəd apara bilərdi. Burada uzun saç saxlayır, soyuq suda çimir, arpa çörəyi yeyirdi. Plutarx yazır ki, İoniyada isə kefə qurşanır, Frakiyada at çapıb sərxoşluqla məşğul olur, Satrap Tissafernin sarayında isə eyş-işrətlə parsları belə ötüb keçirdi.

Afinalıların Siciliyada məğlubiyyətlərindən sonra müttəfiqlərinin çoxu onlardan üz döndərdilər. Alkiviad bütün İoniya şəhərlərini öz vətəninə düşmən etdi. Bu zaman insan təbiətinin dəyişməzliyini sübut edən qəribə bir hadisə baş verdi. Alkiviadın spartalılar arasında artan hədsiz şöhrətini görən çar Aqid və başqa məşhur spartalılar ona paxıllıq etməyə başladılar. Nəticədə onlar İoniya şəhərlərinə əmr göndərdilər ki, Alkiviad harada olsa tutub öldürsünlər. Bu barədə xəbərdar edilən Alkiviad spartalıların əlinə keçməmək üçün pars satrapı Tissafernin yanına getdi. Plutarx yazır ki, xəbislikdə və riyakarlıqda tayı olmayan pars satrapı Alkiviadın istedad və mahirliyindən xoşlanıb onu sarayının ən hörmətli şəxsinə döndərdi. Alkiviad indi buradan hər iki yunan dövlətinə zərər vurmağa başladı. Afinalılar ona qarşı haqsız hərəkət etdiklərindən peşman olub axırda onu vətənə dəvət etdilər və yenidən strateq seçdilər. Beləliklə, Alkiviad yenidən vətəninin xeyrinə çalışmağa başladı. O, məharətlə afinalıların düşmənlərinin əlbir olmasına mane olur, eyni zamanda Tissafernin qüvvə və maddi köməyindən istifadə edirdi. O, eşidəndə peloponneslərin bütün donanması spartalı Mindarın komandanlığı ilə Hellasponta tələsir və afinalılar onları təqib edirlər, öz 18 triyeri ilə elə bir vaxtda gəlib çatdı ki, hər iki tərəf təzəcə Abidos yanında həlledici döyüşə başlamışdılar.

Plutarxın yazdığına görə gələnin Alkiviad olduğunu bilib spartalılar ruhlandılar, afinalılar isə çaşıb qaldılar. Amma Alkiviad işarə verib bütün qüvvəsiylə rəqiblərini qovmaqda olan Sparta gəmilərinə hücum etdi. Və bir anda onları pərən-pərən salıb qovmağa başladı. Burada 30 Sparta gəmisini ələ keçirib Tissafernin yanına gəldi. Lakin pars satrapı namərdlik edərək onu tutub Sard şəhərində həbsxanaya saldı. Vəziyyət əlbəttə ağır idi. Amma o necə Alkiviad idi ki, çıxılmaz vəziyyətdən çıxa bilməsin.

Bir müddət sonra həbsxanada ola-ola haradansa at əldə edib Klazomenə qaça bildi. Burada Farnabazın Mindar ilə birləşdiyini eşidəndə afinalıları inandırdı ki, qəfildən düşmənlərin üstünə həm sudan, həm də qurudan həmlə etmək lazımdır. O, kiçik gəmiləri ortada düzüb özü əsas qüvvələrlə gizləndi. Bu zaman qopan külək və yağan yağış onun taktiki planlarının gizli həyata keçməsinə kömək etdi. Afinalılar hərəkət edib az sonra Gizik limanında peloponneslərin donanmasını gördülər. Alkiviad əsas qüvvələrini arxada saxlayıb özü cəmi 40 gəmi ilə onların üstünə getdi. Onun planından xəbərsiz olan spartalılar belə az qüvvəni görüb dərhal döyüşə girdilər. Elə bu zaman afinalıların bütün donanması göründü. Spartalılar aldandıqlarını görüb qaçmağa başladılar. Amma Alkiviad 20 gəmiylə onları qabaqlayıb sahilə çıxdı və qaçanları qırmağa başladı. MindarFarnabaz isə başını götürüb qaça bildi. Beləliklə, bütün Peloponnes donanması məhv oldu.

Bundan sonra Alkiviad Farnabazın ölkəsini talan etdi və İoniya şəhərlərini təzədən Afina ilə ittifaq bağlamağa məcbur etdi. O, Vizantiya şəhərini aldı və 410-cu ildə Afinaya qəhrəman kimi görünməmiş təntənə ilə daxil oldu. 408-407-ci illərdə Afinada hegemon seçildi. Amma sonra bəxti gətirmədi. 407-ci ildə Notiyada ağır məğlubiyyətə uğrayıb necə deyərlər Afinanın belini sındırdı. Bundan sonra özü hakimiyyətdən əl çəkib Frakiyadakı malikanəsinə getdi. Amma 404-cü ildə spartalıların təqibindən qorxub orada qalmadı, köhnə dostu və düşməni Farnabazın yanına getdi. O da Lisandrın əmri ilə Alkiviadı öldürtdü. Beləliklə, həyatı tufanlarda keçən bu ziddiyyətli qəhrəmanın qeyri-adi həyatı yarımçıq başa çatdı.

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.