Aleksandr Fadeyev

Aleksandr Aleksandroviç Fadeyev (11 (24) dekabr 1901[1][2][…], Kimrı, Tver quberniyası[d][3][4][…]13 may 1956[3][5][…], Peredelkino[d], Moskva vilayəti[6][7]) — rus yazıçısı.

Aleksandr Fadeyev
rus. Алекса́ндр Фаде́ев
Doğum tarixi 11 (24) dekabr 1901[1][2][…]
Doğum yeri
Vəfat tarixi 13 may 1956(1956-05-13)[3][5][…] (54 yaşında)
Vəfat yeri
Vəfat səbəbi güllə yarası[d]
Dəfn yeri
Vətəndaşlığı
Fəaliyyəti yazıçı, siyasətçi, jurnalist, ictimai xadim, hərbi müxbir[d]
Fəaliyyət illəri 1923–1956
Əsərlərinin dili rus dili
İstiqamət sosialist realizmi
Janrlar nəsr, roman, povest[d], hekayə, oçerk, publisistika
Üzvlüyü
Mükafatları "Lenin" ordeni "Qırmızı bayraq" ordeni "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı "Moskvanın 800 illik xatirəsinə" ordeni
Lenin komsomolu mükafatı "Stalin" mükafatı
Vikimənbənin loqosu Aleksandr Fadeyev Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Aleksandr Fadeyev 1901-ci ildə Tver əyalətinin Kirmi kəndində inqilabçı ailəsində doğulmuşdu. Aleksandr uşaqlıqdan ətrafdakıları istedadı ilə heyran etmişdi. Dörd yaşında bacısının əlifba kitabından hərfləri öyrənmişdi. Sevimli yazarları isə Cek London, Fenimor Kuper idi. Gənclik illərindəki macərapərəstliyi də onda bu kitabların təsiri ilə yaranmışdı.

Belə ki, gənc Aleksandr 1918-ci ildə məktəbi yarımçıq buraxaraq inqilabçılara qoşulur, Kommunist Partiyasının sıralarına daxil olur. Partiya təbliğatçısı kimi çıxış edir. Partiyada Bulıqa ləqəbi ilə tanınır. Aleksandr partizan dəstələrinə qoşulur və Uzaq Şərqdə döyüşlərin birində yaralanır.

1920-ci illərdə təhsilin davam etdirmək üçün universitetə daxil olsa da, yenə hərbi əməliyyatlarında iştirak edir. Kronştadt üsyanının yatırılması zamanı ikinci dəfə yaralanır. Sağalandan sonra Aleksandr Moskvada qalmağa qərara alır.

Yazıçılıqdan məmurluğa

Fadeyev hələ döyüşçü olduğu zamanlardan yazırdı. Tərxis olunandan sonra isə ciddi surətdə yaradıcılıqla məşğul olmağa başladı və 1926-cı ildə onun "Darmadağın" romanı çap olundu. Romanın çapından sonra Fadeyev gənc və istedadlı bir yazıçı kimi ədəbi çevrədə şöhrət qazandı.

Ani uğurdan sonra Fadeyev yaradıcılığa daha az vaxt ayırmağa məcbur idi. Bütün məziyyətləri, ailəsinin və özünün inqilabı keçmişi partiya siyasətinin parametrlərinə cavab verirdi. Odur ki, gənc yazıçı tezliklə Rusiya Proletar Yazıçıları İttifaqının rəhbəri təyin edildi.

Sosialist realizminin atası

Fadeyev sosialist realizminin nəzəriyyəçilərindən biri idi. Onu "ədəbiyyat naziri"də adlandırdılar. Fadeyev demək olar ki, 30 il müddətində sovet ədəbiyyatının yol göstərənlərindən biri olmuşdu. Sözsüz ki, əksər hallarda partiyanın sifarişlərini də yerinə yetirirdi. Partiyanın bəyənmədiyi yazıçılar onun əlilə vurulurdu. O, Platonov, Axmatova, Pasternak, Zoşşenko kimi yazıçıları sosialist realizmindən sapmaqda günahlandırır, onları "rus ədəbiyyatının tör-töküntüləri" adlandırırdı.

Dövrün tələblərinə cavab verməyən bir qrup yazarların təqib olunmasında onun rolu az deyildi. Ali kürsüdən onları tənqid edənlərin başında, əlbəttə, Fadeyev dururdu. Onun 1949-cu ildə "Pravda" qəzetində yazdığı "Bir qrup antivətənpərvər teatr tənqidçiləri haqqında"məqalə ilə "Kosmopolitlərlə mübarizə" kampaniyasının əsası qoyuldu. Məqaləni Stalin şəxsən redaktə etmiş, başlığı da özü qoymuşdu.

Xəstə yatağındakı Platonova yardım edirdi

Fadeyev təzadlı həyat sürürdü. Əgər Yazıçılar İttifaqının qurultayında Andrey Platonovu, Bulqakovu, Pasternakı tənqid edirdisə, əvəzində Platonov xəstə olanda tez-tez ona baş çəkir, müalicəsi üçün arvadına maddi yardım edirdi.

Fadeyev Anna Axmatova yaradıclığını tənqid etməklə, onu burjuaziya maraqlarından çıxış etməkdə günahlandırmaqla bərabər Stalin mükafatına da təqdim etmişdi. Oğlu N. Qumilyovun azad edilməsi üçün yuxarılara minnətçi düşmüşdü.

Bulqakov ölüm yatağında olanda Fadeyev onunla son dəfə görüşür. Kim deyə bilər ki, onun Platonovla, Bulqakovla söhbətləri hansı xarakterdə idi, onlardan əfv diləmişdimi? Nə bilmək olar?

Böyük Vətən Müharibəsində hərbi müxbir

Fadeyev ilk romanı "Darmadağın"dan sonra daha çox ədəbi-tənqidi məqalələr yazırdı. O, müharibə illərində hərbi müxbir qismində cəbhə bölgəsinə gedir. Almanlara qarşı mətanətlə vuruşaraq həlak olmuş Qırmızı Don yeniyetmələri haqqında əhvalatı eşidir. Fadeyev bundan sonra iri həcmli "Gənc qvardiyaçılar" romanını yazır.

Sovet ədəbiyyatı ideoloji rəhbərinin romanı gözlənildiyi kimi rəğbətlə qarşılanmır. Hətta Stalin belə Don gənclərinin müqavimət hərəkatında partiyanın rolunun göstərilmədiyi üçün Fadeyevi möhkəm danlayır.

Stalin ona nə dedi?

"Xalqlar atası" Fadeyevi qəbuluna çağırtdırır. Qapını döyüb kabinetə daxil olan Fadeyev Stalini qanıqara görür. Stalinin soyuqluğunu o dəqiqəcə duyan yazıçı irəli gəlməyə cəsarət etmir. Stalin başını qaldırıb: - Siz kimsiz, yoldaş Fadeyevsiz? - Rəng alıb, rəng verən Fadeyev cavab verməkdə çətinlik çəkir, Stalinin bu cür köntöy sual verməsinin bir səbəbi olduğunu anlayır. Amma səssiz dayanmağın da ona bir faydasının olmayacağını dərk edir:

- Mən yazıçıyam, yoldaş Stalin.

Stalin elə bu cavabı gözləyirmiş kimi:

- Siz psixsiz, yoldaş Fadeyev, yazıçı deyilsiz!

Sonra əlini masanın üstündə açıq duran kitaba vuraraq

- Yazıçı bax budur, Anton Pavloviç Çexov. Siz ideoloji cəhətdən zərərli kitab yazmısınız. Siz gənc qvardiyaçıları cinayətkar dəstə kimi, maxnoçular kimi təqdim etmisiniz. Məgər partiyanın rəhbərliyi olmadan faşizmə qarşı effektiv mübarizə aparmaq mümkündürmü? Sizin kitabınıza görə mümkündür.

Fadeyev dinməzcə dayanır, heç nə deyə bilmir. Stalin onu qapıdanca qaytarır.

- Gedin və düşünün, yoldaş Fadeyev.

Romanı yenidən yazdı.

Fadeyev əsəri yenidən yazmağa məcbur olur. O zarafatla dostlarına deyirdi: "Gənc qvardiyanı qocasına dəyişməklə məşğulam".

"Gənc qvardiya"nın işlənmiş variantı birinci qədər güclü alınmasa da, onun ölümündən sonra bu əsər sovet dərsliklərinə salındı. Filmi də çəkildi. Bir neçə il öncə aparılan araşdırmalarda isə məlum oldu ki, sən demə, Fadeyev romanda bir çox tarixi faktları təhrif edibmiş.

Fadeyevin "Udegeylərin sonuncusu" və "Qara metallurgiya adlı" iki yarımçıq romanı da var. O, 31 mart 1951-ci ildə Stalinə məktubunda sonuncu romanda "nəhəng kommunizm quruculuğu"ndan yazacağını vəd edirdi.

"O mənim atamdır"

Fadeyev deyirdi: "Mən bir Stalindən, bir də anamdan qorxuram". Fadeyev Stalinə dərindən bağlı adam idi. Əgər bütün ölkədə bir Stalin xofu var idisə, Fadeyevdə qorxudan ziyadə sevgi vardı.

Stalinin vəfatından sonra "Xruşşov qızdırması" zamanında Fadeyev üçün də ağır günlər başlamışdı. Bir zamanlar Stalinin sadiq tərəfdaşlarından biri olan Fadayev Xruşşovun diqqətindən kənarda idi. 20-ci qurultayında Şoloxov onu kəskin tənqid elədi. O, sovet ədiblərinin repressiyaya məruz qalmasında başlıca günahkarlardan biri hesab olunurdu.

Ömrünü müxtəlif tədbirlərdə, rəsmi mərasimlərdə, ictimaiyyət arasında keçirmiş bir adam artıq əvvəlki nüfuza malik deyildi. O özü də bir zamanlar etdiyi səhvləri dərk edir, vicdan əzabı çəkirdi.

Ömrünün sonun iki ay qalmış içkini də tərgitmişdi. Daha əvvəl kimi sərxoş olub küçədə, kanal qırağında yıxılıb qalmırdı. Oğlu Mixailin xatirələrinə görə, ölümündən bir gün əvvəl Peredelkinodakı bağ evindən Moskvaya gedib bir neçə nəfərlə görüşür, bundan sonra bağa qayıdır.

Mayın 13-də isə, çox sevdiyi dostu Səməd Vurğunun 50 illik yubileyinin səhəri günü iş otağında tapança ilə sinəsindən nişan alır. Fadeyev ölümündən qabaq Mərkəzi Komitəyə məktub yollamışdı. Məktub o zaman ictimaiyyətə açıqlanmadı, gizli saxlanıldı. 44 il gizli arxivdə saxlanılan məktub yalnız 1990-cı ildə dərc olundu: "Mənim həyatım bir yazıçı kimi bütün mənasını itirir və mən alçaqlıq, yalan və böhtan kimi üzərimə düşən bu murdar mövcudluqdan böyük sevinclə xilas olaraq, həyatdan gedirəm. Son ümidim bunu heç olmasa, dövləti idarə edən insanlara demək idi, amma 3 il ərzində xahişlərimə baxmayaraq, məni heç kim qəbul edə bilmir.

"Məni anamın yanında dəfn edərsiz."

Fadeyevi Sovetlər İttifaqının böyük yazıçısına layiq bir şəkildə Novodeviçye qəbirstanlığında dəfn elədilər. Ömrünü sədaqətlə partiya yolunda xərcləmiş yazıçının son arzusu yerinə yetirilmədi.

Filmoqrafiya

  1. Gənc qvardiya (film, 1948)

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.