Albert Popkov
Albert Popkov (26 sentiyabr 1972) — ictimai paylaşma saytı, sosial şəbəkə olan Odnoklassniki-in qurucusu Rusiyalı proqramçı
Albert Popkov | |
---|---|
Albert Popkov | |
Doğum tarixi | |
Doğum yeri | Saxalinsk, Rusiya |
Fəaliyyəti | İş yeri: Odnoklassniki |
Odnoklassniki |
Həyatı
Albert Popkovun 1972-ci il, 26 sentyabrda dünyaya gəldiyi Rusiyanın Cənubi Saxalinsk şəhərindən başlanır. 1975-ci ildə Popkovlar ailəsi Moskvaya köçür, burada Albert texnikumda təhsil alır və eyni zamanda Moskva Hesablama Maşınqayırması Elmi Tədqiqat İnstitutunda proqramçı kimi çalışır. Albert 8 dərəcəli fərdi kompüterlər - "Vektor" və "Korvet" üçün proqram təminatının yaradılması ilə məşğul olurdu. Bu maşınlar Sovet İttifaqının məktəblərində uşaqların informatika təlimi üçün geniş istifadə olunurdu. Təhsil müəssisəsini bitirdikdən sonra gənc oğlan həyatda öz yerini axtarmağa başlayır. 90-cı illərdə proqramçıların maddi durumu elə də ürəkaçan deyildi. Ona görə də Albert bir sıra işlərlə məşğul olur: mağazada satıcı işləyir, karandaş fabrikində çalışır, hətta bazarda batareya satır. 1995-ci ildən Albert Pokov veb dizaynla məşğul olmağa başlayır. O, bir neçə böyük qərb şirkətinin saytını yaradır. 90-cı illərin sonlarında "i-CD Publishing" şirkəti Alberti Böyük Britaniyaya işə dəvət edir. Xaricdə Albert yeddi il yaşayır. İlk illər o, proqramçı işləyir, "192.com" axtarış məlumat xidməti üzərində çalışır, sonra proqram təminatının hazırlanması bölməsinin direktoru vəzifəsinə təyin olunur.
Zamanla Popkov gəlirli və maraqlı internet layihələrlə, o cümlədən "Odnoklassniki.ru"nun ingilis analoqu ilə yaxından tanış olur. Albert təcrübə qazanır, "Facebook", "Classmates" kimi məşhur layihələri təfərrüatı ilə öyrənir. Şirkətdə çalışdığı son aylarda Albert Popkov artıq "Odnoklassniki.ru" layihəsinin üzərində işləməyə başlayır. Sonradan Moskvaya qayıdan Popkov öz unikal layihəsini tam hazırlayaraq ictimaiyyətə təqdim edir. 2006-cı ilin martında sayt rəsmən buraxıldı. Əvvəlcə Albert saytın bu qədər ticari uğur qazanacağını güman etmirdi. O, sadəcə əyləncə portalı kimi öz saytını hazırlayır. Belə ki, sayt vasitəsilə illərlə görüşməyən sinif yoldaşları bir-birini tapa bilərdi. Albert "Odnoklassniki" MMC-ni qeydiyyatdan keçirir. Riqa investoru - "Fortikom" şirkəti ilə əməkdaşlıq haqqında saziş bağlayır. 2007-ci ilin iyuluna qədər sayt artıq 4 milyon istifadəçini ətrafına toplaya bilmişdi. Sonradan Albert bütün vaxtını "Odnoklassniki" sosial şəbəkəsini hazırlamağa həsr edir. Onun sözlərinə görə, layihəyə külli miqdarda pul sərf olunub. 2007-ci ildə "Odnoklassniki"ni təkmilləşdirilmiş proqram platformasına keçirirlər. Bir neçə aydan sonra layihə "Rusiya internet şəbəkəsinin inkişafına töhfə üçün" mükafatının laureatı olur. Bir müddət sonra Albert Popkovun layihəsi barədə informasiyalar MDB ölkələrinin mediasında yer alır; xəbər buraxılışlarında onu xatırlayırlar, internet KİV-də tez-tez işıqlandırılır. Albert 2008-ci ildə ilk "ROTOR" mükafatına layiq görülür. Hal-hazırda sayt hüquq-mühafizə orqanları ilə də işləyir. Həmçinin sayt itmiş insanları tapmağa kömək edir, xeyriyyə təşkilatlarında iştirak edir. İndi "Odnoklassniki.ru" saytından 8 dildə, o cümlədən Azərbaycan dilində istifadə etmək olar. Məlumat üçün bildirək ki, Popkov 2008-ci ildə məhkəmə qalmaqalı yaşayıb. Belə ki, Britaniya şirkəti "i-CD Publishing" bildirib ki, iş zamanı Albert Popkov asudə vaxtı öz layihəsi "Odnoklassniki" ilə məşğul olub. Şirkət iddia edib ki, Popkov əmək müqaviləsinin şərtlərini pozub və buna görə öz biznesini və ondan əldə etdiyi bütün gəliri verməlidir. "Mən pis bir şey etmədim və heç kimdən heç nəyi oğurlamadım. "Odnoklassniki" saytını öz əllərimlə yazdım, təqdim etdim. Mənim öz maraqlarımı müdafiə etmək üçün sonuna kimi getməkdən başqa seçimim yoxdur", - deyə o zaman Popkov bildirmişdi. Nəticədə şirkətin iddiası təmin olunmamışdı.
Rusiyanın 10 ən çox maraq göstərilən saytından biri
2008-ci ilin oktyabrından 2010-cu ilin sentyabrınadək ödənişsiz qeydiyyatdan keçməklə hesabın məhdud funksionallığından istifadə mümkün idi. Bu versiyada mesajları göndərmək, yükləmək və şəkillərə qiymət vermək, forumlarda şərhlər qoymaq və başqa istifadəçilərin səhifələrinə baş çəkmək mümkün deyildi. Bu funksiyalardan istifadə imkanını əldə etmək üçün ödənişli qısa mesaj göndərmək lazım gəlirdi. Bundan başqa, sayt bir sıra pullu xidmətlər təqdim edirdi: qiymətlərin silinməsi və öz şəkillərinin yaxşı qiymətləri, istifadəçinin şəbəkədə olması barədə işarənin söndürülməsi və smayliklərin geniş seçiminin verilməsi. 2009-cu ilin 23 yanvarından yeni xidmət çıxdı. Bu, çağırılmamış qonaqları baxış siyahısından uzaqlaşdıraraq səhifəni təmizləməyə icazə verirdi. İndi səhifəni dostlardan başqa, hamı üçün bağlamaq olar. 2010-cu il, 31 avqustda sosial şəbəkənin rəhbərliyi pullu qeydiyyatı ləğv etdi. Rəsmi səbəb "spammerlərlə mübarizənin yeni effektiv üsullarının hazırlanması" göstərilib. Hazırda "Odnoklassniki"nin illik gəliri saytda yerləşdirilən reklamlar sayəsində milyonlarla dollarla ölçülür.
A.Popkovun "Sravni.ru" internet layihəsi də uğur qazanır
Albert Popkov "Odnoklassniki" üzərində işləməyə davam edərək, daha çox vaxtını "Sravni.ru" saytına sərf edir. O, bu saytı 2009-cu ildə hazırlayır. Sayt bank və sığorta xidmətlərinə həsr edilib: istifadəçi onu maraqlandıran kateqoriyasını seçə və müxtəlif müəssisələrin xidmətlərini müqayisə edə bilər. Onun səhifələrində reklam və "məsləhət görülənlər" statusunun alınması üçün şirkətlər tərəfindən ödənmiş pul portalın əsas gəlir mənbəyidir. 2009-cu ilin sonunda sayt X Ümumrusiya internet müsabiqəsində "KİV profili" nominasiyada "Qızıl sayt 2009" mükafatçısı olub. 2010-cu ildə Popkovun bu layihəsi "İqtisadiyyat və biznes" nominasiyası üzrə "Runet" mükafatını alıb. 2011-ci ilin mayında "Sravni.ru"nun kollektivi Runet və İT startaplarının ən perspektivli lider komandalarının reytinqində ilk üçlükdə qərar tutmuşdu. Hazırda Popkov "Odnoklassniki" sosial şəbəkəsinin əhatə dairəsini daha da genişləndirmək, "Sravni.ru"-nun loyal istifadəçilərinin icmasını yaratmaq və inkişaf etdirmək niyyətindədir.