Alban əlifbası
Alban əlifbası və ya Alban yazısı (alb. 𐔰𐔾𐔸𐕒̅𐔱𐔴𐔸, transliterasiya: alto͞bet, tərcümə: Alt və Bet) — Qafqaz albanlarının dili üçün istifadə olunan yazı sistemi.
Alban əlifbası | |
---|---|
| |
Yazı tipi | samit-sait |
Dillər |
Qafqaz albanlarının dili Qarqar dili (?) Qədim Udi dili (?) |
Yarandığı yer | Qafqaz Albaniyası |
Ərazi | Qafqaz |
Yaradan | Mesrop Maştots (ənənəvi) |
Yaranma tarixi | V—VII əsrlər |
İşarələri | 52 |
Qədim sənədi |
Mingəçevir yazıları Sinay palimpsesti Matenadaran MS 7117 |
Unikod | U+10530 – U+1056F |
ISO 15924 | Aghb |
Vikianbarda əlaqəli mediafayllar |
Yaranması və istifadəsi
1442-ci ildə qələmə alınmış Matenadaran MS 7117 əlyazmasından bir hissə |
Alban əlifbasının yaradılması haqqında əsasən ermənidilli qaynaqlar məlumat verir. V əsr erməni tarixçisi Koryunun 443–451-ci illər arasında yazılmış Maştotsun həyatı adlı əsərində Benyamin adlı alban bir din adamının Maştotsu ziyarət etməsini göstərir. Zaza Aleksidzenin fikrincə bu hadisə 422-ci ildə baş vermişdir.[1] Hekayəyə görə Maştots Ermənistandan Albaniyaya gələrək hökmdar Yesuagenin sarayına daxil olur, bundan əlavə Alban katolikosu İyeremiya ilə də görüşür. Koryunun yazdıqlarına görə əlifba qısa bir müddətdə Albaniyada yayılıb, əlifbanın öyrədilməsi üçün məktəblər açılıb, Bibliya tərcümə edilib, hətta bu dildə yazılan materiallardan ermənicəyə tərcümə üçün də istifadə olunub.[2] Əlifba daha sonra Balasakan ərazisində də qəbul edilib və buranın yepiskopu Muşeğ əlifbanın təbliği işində iştirak edib.[3] Koryun Maştotsun Yesuagenlə harada görüşdüyünü qeyd etməsə də, Aleksidzenin fikrincə böyük ehtimal bu görüş Kabalakada baş tutmuşdur. Koryun əlifbanın yaradıldığı dilin "Alban dili" olduğunu qeyd etsə də, Movses Xorenli[4] və Moisey Kalankatlı[5] bu əlifbanın "Qarqar dili" (erm. Գարգարացւոց) üçün yaradıldığını yazırlar. Völfqanq Şulzenin fikrincə bunun səbəbi hökmdar Yesuagenin qarqar ləhcəsində danışması olub.[6]
Mesrop Maştotsun alban və gürcü dillərinə əlifba yaratması ilə bağlı nüans ən çox səslənən versiyadır, lakin tədqiqatçı Roman Loluanın fikrincə Yeznik Koğbatsi, Lazar Parpetsi, Yeğişe, Sebeos və Ananiya Şiraklı kimi müəlliflərin əsərlərində bu nüansa yer verməməsi həm erməni, həm də gürcü əlifbalarının daha öncələr başqa şəxslər tərəfindən yaradılması, alban əlifbasının isə bu iki əlifba və yunan əlifbasının bazasında yeni yaradılan bir əlifba olması barədə fikir yürütməyə əsas verir.[7]
Alban əlifbasının aktiv istifadəsinə dair ən son məlumat 1240–1310/20-ci illərdə yaşamış kilikiyalı erməni tarixçi Hetumun əsərində rast gəlinir.[8]
Tapılması
Alban əlifbasının yer aldığı ilk əlyazma 1937-ci ildə filologiya elmləri doktoru, professor İliya Abuladze tərəfindən Matenadaranda XV əsr əlyazmalarını öyrənərkən tapılmışdır. 7117 nömrəli əlyazmanı tədqiq edən Abuladze onun alban əlifbası olduğu nəticəsinə gəlmişdir. Sonra Matenadarandakı bu əlyazmanın iki başqa surəti üzərində T. İ. Ter-Qriqoryan da tədqiqat aparmışdır. Bunlar XV əsrdə ruhani Mkrtıçın göstərişi ilə monastrın şagirdləri üçün dərslik kimi monax Metsoplu Tovma tərəfindən tərtib edilmişdir.[9] Əlyazmada ərəb, suriya, erməni, gürcü əlifbaları ilə yanaşı, 52 hərflik alban əlifbası da vardı. Başqa bir gürcü tədqiqatçı, Akaki Şanidze bu siyahı əsasında Alban dili və Udi dilinin fonetik sistemi arasında bənzərlik tapmışdı.[10]
Yazılı nümunələri
Mingəçevir yazıları
1948-ci ildə Mingəçevirdə aşkar olunmuş alban yazıları bu gün də maraq doğurur və öz əhəmiyyətini saxlamaqdadır. Bunlardan biri xaç daşıdır və V–VII əsrlərin Sudağılan adlanan şəhərgahdakı məbədin otaqlarından birində aşkar olunub. Bu barədə ilk məlumatı Saleh Qazıyev məlumat vermişdir.[11] Lövhədə hündürlüyü 5–5,5 sm olan 56 hərf vardır.[12] Bu, ən uzun və rabitəli yazılardan biridir, o, kapitelin karnizi üzrə uzanaraq, onu dörd tərəfdən əhatə edir. Mingəçevirdə aşkar edilmiş alban yazılı kitabəsi 21 işarədən ibarətdir, 4 sətirlidir. Üzərində alban yazısı olan dördkünclü şamdan da tapılmışdır. 1956-cı ildə A. Q. Abramyan həmin yazıları oxumaqla məşğul olmuş, bu yazıları cəmi iki kənddə – Qutqaşen rayonunun Nic, Vartaşen rayonunun Vartaşen kəndində yaşayan udinlərin dili əsasında oxumağa çalışmışdır. Bu yazılar daha sonra Jost Gippert tərəfindən oxunmuşdur.[13]
Sinay palimpsestləri
25 may 1975-ci ildə Sinay dağındakı Müqəddəs Yekaterina monastırında tapılan palimpsestlərdən birinin ikinci qatının 2003-cü ildə gürcü alimi Zaza Aleksidze tərəfindən alban dilində olduğunu müəyyən edilmişdir. Əlyazma İncildən, Həvari Pavelin Korinflilərə ikinci məktubundakı mətnlərdən və başqa xristian müqəddəs mətnlərindən ibarətdir.[14][15]
Əlifba
Sinay palimpsestlərində istifadə edilmiş 49 hərfli alban əlifbası Matenadaran MS 7117 əlyazmasındakı siyahıdan fərqlənir. Belə ki, Matenadaran əlyazmasında Sinay palimpsestlərində qeyd edilməyən 2 əlavə işarə —- 52 hərf mövcuddur.
Alban əlifbası — alb. 𐔰𐔾𐔸𐕒̅𐔱𐔴𐔸 | ||||||||||||||||
Simvol | 𐔰 | 𐔱 | 𐔲 | 𐔳 | 𐔴 | 𐔵 | 𐔶 | 𐔷 | 𐔸 | 𐔹 | 𐔺 | 𐔻 | 𐔼 | 𐔽 | 𐔾 | 𐔿 |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Adı | alt | bet | gim | dat | eb | zarl | eyn | jil | tas | ça | yud | ja | irb | şa | lan | inya |
Tələffüzü | [a] | [b] | [ɡ] | [d] | [e] | [z] | [eː] | [ʒ] | [t] | [t͡ɕʼ] | [j] | [ʑ] | [i] | [ˤ] | [l] | [nʲ] |
Rəqəm dəyəri | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 20 | 30 | 40 | 50 | 60 | 70 |
Simvol | 𐕀 | 𐕁 | 𐕂 | 𐕃 | 𐕄 | 𐕅 | 𐕆 | 𐕇 | 𐕈 | 𐕉 | 𐕊 | 𐕋 | 𐕌 | 𐕍 | 𐕎 | 𐕏 |
Adı | xeyn | dyan | car | djox | k'ar | lyit | heyt | qay | aor | çoy | çi | çyay | maq | q'ar | nuts | cyay |
Tələffüzü | [x] | [dʲ] | [t͡sʼ] | [d͡ʑ] | [kʼ] | [lʲ] | [h] | [q] | [ɒ] | [t͡ɕ] | [t͡ʃʼ] | [t͡sʲ] | [m] | [qʼ] | [n] | [d͡zʲ] |
Rəqəm dəyəri | 80 | 90 | 100 | 200 | 300 | 400 | 500 | 600 | 700 | 800 | 900 | 1000 | 2000 | 3000 | 4000 | 5000 |
Simvol | 𐕐 | 𐕑 | 𐕒 | 𐕓 | 𐕔 | 𐕕 | 𐕖 | 𐕗 | 𐕘 | 𐕙 | 𐕚 | 𐕛 | 𐕜 | 𐕝 | 𐕞 | 𐕟 |
Adı | şak | cayn | on | tyay | fam | cay | çat | pen | ğeys | rat | seyk | veyz | tüyr | şoy | ün | çyau |
Tələffüzü | [ʃ] | [d͡ʒ] | [o] | [tʲʼ] | [f] | [d͡z] | [t͡ʃ] | [pʼ] | [ɣ] | [r] | [s] | [v] | [tʼ] | [ɕ] | [y] | [t͡sʲʼ] |
Rəqəm dəyəri | 6000 | 7000 | 8000 | 9000 | 10000 | 20000 | 30000 | 40000 | 50000 | 60000 | 70000 | 80000 | 90000 | 100000 | 200000 | 300000 |
Simvol | 𐕠 | 𐕡 | 𐕢 | 𐕣 | ||||||||||||
Adı | tsayn | yayd | püyr | küy | ||||||||||||
Tələffüzü | [t͡s] | [w] | [p] | [k] | ||||||||||||
Rəqəm dəyəri | 400000 | 500000 | 600000 | 700000 |
Unicode
Alban əlifbası Unicode 7.0 versiyasında işlənib 2014-cü ilin iyun ayı istifadəyə verilmişdir. Unicode blokunun sıra kodu U+10530–1056F arasıdır.
Alban əlifbası Rəsmi Unicode Konsorsiumu sıra cədvəli (PDF) | ||||||||||||||||
0 | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | A | B | C | D | E | F | |
U+1053x | 𐔰 | 𐔱 | 𐔲 | 𐔳 | 𐔴 | 𐔵 | 𐔶 | 𐔷 | 𐔸 | 𐔹 | 𐔺 | 𐔻 | 𐔼 | 𐔽 | 𐔾 | 𐔿 |
U+1054x | 𐕀 | 𐕁 | 𐕂 | 𐕃 | 𐕄 | 𐕅 | 𐕆 | 𐕇 | 𐕈 | 𐕉 | 𐕊 | 𐕋 | 𐕌 | 𐕍 | 𐕎 | 𐕏 |
U+1055x | 𐕐 | 𐕑 | 𐕒 | 𐕓 | 𐕔 | 𐕕 | 𐕖 | 𐕗 | 𐕘 | 𐕙 | 𐕚 | 𐕛 | 𐕜 | 𐕝 | 𐕞 | 𐕟 |
U+1056x | 𐕠 | 𐕡 | 𐕢 | 𐕣 | 𐕯 | |||||||||||
Qeydlər
|
İstinadlar
- J. Gippert, W. Schulze, Z. Aleksidze, J.-P. Mahé — The Caucasian Albanian Palimpsests of Mount Sinai, Brepols Publishers, ISBN 978-2-503-53116-8, 2008; 1-ci cild, səh. xvi
- İliya Abuladze, "Qafqaz albanlarının yazılarının mövcudluğu barədə yeni məlumatlar" // SSRİ Elmlər Akademiyasının Gürcüstan bölməsinin xəbərləri. 1940. Cild. 1. sayı 4. səh. 317–319; Abramyan A. Q. Qafqaz albanlarının yazılarını deşifri. səh. 5
- "Koryun, «Maştotsun həyatı», qədim erməni dilindən ruscaya tərcümə: Ş.V.Smbatyan və K.A. Melik-Oqacanyan. M., 1962". 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-22.
- Movses Xorenli, "Ermənistan tarixi" (Պատմություն Հայոց, Patmut'yun Hayots), 3-cü kitab, 54-cü fəsil
- Moisey Kalankatlı, "Albaniyanın tarixi", 2-ci kitab, 3-cü fəsil
- Wolfgang Schulze, Caucasian Albanian and the Question of Language and Ethnicity Arxivləşdirilib 2022-04-30 at the Wayback Machine, Sprachen, Völker und Phantome: Sprach- und kulturwissenschaftliche Studien zur Ethnizität, De Gruyter (2018), səh. 275–312
- R. T. Lolua, "Месроп Маштоц и вопросы генезиса еркатагир и кавказско-албанский письма", Albania Caucasica: Collection of Papers. Vol. I Arxivləşdirilib 2022-07-09 at the Wayback Machine, REA Şərqşünaslıq İnstitutu, Moskva (2015), ISBN 978-5-89282-642-6, səh. 189
- Haithoni Armeni historia Orientalis: quae eadem et de Tartaris inscribitur Arxivləşdirilib 2022-03-25 at the Wayback Machine, Coloniae Brandenburg, 1671, səh 9
- A. S. Matevosyan, XII–XV əsrlərdə Metsopavank skriptoriumu, Eçmiədzin 1997, səh. 111.
- Акаки Шанидзе, И.А Абуладзе — Новооткрытый алфавит кавказских Албанцев и его значение для науки: К открытию алфавита кавказских Албанцев, Издательство грузинского филиала Академии Наук СССР, 1938, cild 4
- Казиев С. М. Албанская надпись в Мингечауре // Доклады АН Азерб. ССР. — 1948. — № 9.
- Голубкина Т.И. Еще одна албанская надпись из Мингечаура. //ДАН АзССР, 1949, № 5
- "Jost Gippert - The Albanian Inscriptions Revisited". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-22.
- "Sinay Monastırı rəsmi saytı - Yeni tapıntılar (ingiliscə)". 2015-09-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-04-01.
- Zaza Aleksidze; Qafqaz Alban dili yazısının tapılması və deşifr olunması http://science.org.ge/moambe/2007-vol1/161-166.pdf%5B%5D