Alapalazoğlu
Alapalazoğlu, Molla Rza, Molla Qulaməli (Cənubi Azərbaycan) — Qacarlar dövründə sarayda, sonra Qarabağda və Bakıda fəaliyyət göstərmiş xanəndə.
Alapalazoğlu | |
---|---|
Ümumi məlumatlar | |
Doğum yeri | |
Vətəndaşlığı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | incəsənət xadimi |
Həyatı
Əsl adı Molla Rzadır. Bəzi sənədlərdə adı Molla Qulaməli kimi keçir[1]. Alapalazoğlu kimi məşhur idi. Ərdəbil şəhərində anadan olmuşdu.
Ala Palaz oğlu uzun illər Nasirəddin şah Qacarın saray müğənnisi olmuş, sonralar isə Qarabağa gəlib Şuşa şəhərində mərsiyəxanlıq etmişdir. O, hərdənbir toy məclislərində də çıxış edərdi.
Cabbar Qaryağdı oğlunun ilk müəllimlərindən biri də Alapalazoğlu olmuşdur. Alapalazoğlu keçən əsrin axırlarında Bakıya köçmüş və Bibiheybət məscidində minacat verməklə məşğul olmuşdur. Deyilənə görə, Alapalazoğlunun elə qüdrətli və zil səsi var imiş ki, o, minacat verəndə bütün Bakı onun səsini eşidərmiş.[2]
Məmməd Rahim "Alapalazoğlu" şeirində məşhur Azərbaycan xanəndəsinin həyatından kiçik bir epizod təqdim edilir. İranda şahın məclisinə dəvət olunan xanəndə buradakı cah-cəlalı görür, insanların qanı-canı hesabına ucalan bu saray elə bil onun içindəki sənət ehtirasını söndürür, şah və onun ətrafındakı yaltaq əyanlar nə qədər təkid edirsə, ona pul təklif olunursa, Alapalazoğlu oxumur və beləliklə, şahın qəzəbinə düçar olur. Amma elə ki, o, saraydan çıxır, dünyanın gözəlliklərini görür, oxumağa başlayır. Şah bunun səbəbini soruşanda Alapalazoğlu deyir:
Sən əmr eyləyəndə yoxdu həvəsim,
Sandım ki, heç zaman olmayıb səsim.
Qubarlıydım azca, susdum bir qədər.
Yaltaqlar, ilhamı dərk etməyənlər
Qızdırdılar səni, durub yanında,
Demədilər axı, oxuyanın da
Qəlbi var, hissi var, möhnəti də var.
İstinadlar
- "tarikh.nashriyat.ir". 2013-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-06.
- Firudin Şuşinski, Azərbaycan xalq musiqiçiləri, Bakı, "Yazıçı", 1985, səh. 23.
Ədəbiyyat
- Baba Səfəri, Ərdəbil dər qozarqahi tarix, cilide-əvvəl, ikinci çap, intişarate Daneşqahi-azad, 1380, səh.186–187.