Akvarium
Akvarium — balıqların və müxtəlif dəniz və şirin su hövzələrində yaşayan canlılar və bitkiləri saxlamaq üçün nəzərdə tutulmuş qablar və ya hovuzlar.
Tarixi
Çinlilərin balıqlara münasibəti də maraqlıdır. Şüşə qablarda çay və dəniz balıqlarını saxlamışlar. Birinci dəfə 1500-cü ildə Yaponiyaya akvarium çinlilər tərəfindən gətirilmişdir. Buradan da akvariumun dünya səyahəti başlamışdır. Amerika və başqa ölkələrə birinci dəfə buradan yol almışdır. Əldə olunan məlumata görə, bir amerikalı admiral Yaponiya imperatorunun ona bağışladığı iki cüt şələquyruq qızıl balığı Amerikaya gətirmək üçün hərbi gəmidən istifadə etmişdir. Amerikalı varlılar bu balıqları admiraldan almaq üçün çoxlu pul təklif etsələr də, admiral onları satmamışdı. Balıqların oğurlanmasından ehtiyat edən admiral xüsusi mühafizə dəstəsi düzəltmişdi. O, yalnız bir neçə ildən sonra, nəsil verib artıb çoxaldıqdan sonra balıqların hər birini çox baha qiymətə satmışdı. İndi hər balıq həvəskarının akvariumunda bu balıqlardan var.
Akvarium üçün vacib şərtlər
Su bütün canlılar üçün vacib olsa da, təbii ki, balıqlar üçün daha əhəmiyyətlidir. Suyun kimyəvi tərkibi çox dəyişkəndir. O, şirin və ya duzlu, ağır və ya yüngül, turş, oksigenlə zəngin və ya kasad, təmiz və ya çirkli ola bilər. İnsanlardan fərqli olaraq, balıqlar yerdəyişmədə məhdudiyyətlərlə qarşılaşırlar. Biz harada hava olarsa, ora gedə bilərik. Amma balıqlar istənilən suda yaşaya bilmirlər. Məsələn, dəniz balıqlarının qapalı göldə yaşaması mümkün deyil. Burada onlar üçün lazımı həyat şəraiti olmur. Balıqların yaşadığı, nəfəs aldığı, içdiyi su müəyyən şərtlərə uyğun deyilsə, onların vəziyyəti pisləşə və hətta ölə bilərlər. Siz akvariumunuzdakı suyun kimyəvi tərkibini - oksigen tutumunu, hərəkətini, təmizliyini - dəqiq göstəricilərlə təmin etməlisiniz. Akvarium suyunun kimyəvi tərkibinin və digər parametrlərinin yoxlanılması üçün xüsusi qurğular və reaktiv dəstlər var. Suyun kimyası termini balıq saxlayanlar arasında sudakı duzun, sərtlik və turşuluq balansının səviyyəsini müəyyənləşdirir. Balıqların normal inkişafı üçün onların maddələr mübadiləsi mühitin məhz bu parametrlərinə köklənməlidir. Dəyişikliyə uyğunlaşma, əlbəttə ki, vaxt tələb edir. Tələskənlik balıqların kimyəvi şoka düşməsi ilə nəticələnir. Düzdür, bəzi balıq növləri suyun qeyri-adi tərkibinə uyğunlaşa bilir (nəticəsi gələcəkdə özünü göstərir). Amma duzlu və şirin su arasındakı fərq o qədər əhəmiyyətlidir ki, heç cür dəf edilmir. Bu problemi həll etmək üçün siz ya yalnız su kəmərinizdən gələn suda yaşaya biləcək balıq saxlamalısınız, ya da daha hissiyyatlı növlər üçün suyun tərkibini dəyişməlisiniz.
Suyun tərkibinin dəyişilməsi bahalı və kifayət qədər uzun prosedurdur. İlk növbədə satıcıdan balıqlarınız haqqında maksimum məlumat əldə edin. Əgər onların mənşəyi barədə məlumatınız yoxdursa, onda orta şərait yaratmaq daha məsləhətdir. Yaxşı olar ki, balıqlarınızı zoomağazadakı suyu ilə birgə götürəsiniz. Sonradan onu tədricən dəyişərsiniz. Suyun duzluluğunu müəyyənləşdirmək üçün hidrometrdən istifadə edilir. İndi sahilboyu sular çox çirkli olduğundan dəniz akvariumları üçün su çox vaxt dənizdən götürülmür. Bunun üçün su kəmərindən gələn su və xüsusi dəniz duzundan istifadə edilir. Suyun sərtliyi (ağırlığı) tərkibindəki mineral duzlardan (xlorid, bikarbonat, karbonat və sulfat, kalsium, natrium, maqnium və kalium) asılı olur. Çox duzu olan su daha ağır olur.
Akvariumun tərtibatında istifadə edilən daşlar və digər bərk elementlər (xüsusilə karbonatlı) suyun tərkibini dəyişə bilər. Yürgül suyu ağır suya çevirmək mümkün olsa da, ağırı yüngülə çevirmək çox çətindir. Suyu yüngülləşdirmək üçün müxtəlif üsullardan istifadə edilir:
- 1. Həll olunmuş bəzi duzları çıxara biləcək qaynadılma;
- 2. Yağış suyunun əlavəsi (zəhərlənməyə məruz qalmayan materialda su toplayın. Suyu təmiz yerdən yığın. Sementli dam və sənaye yerlərindən yığılan su məsləhət deyil. Yaxşı olar ki, suyu həm də parça filtrdən keçirəsiniz);
- 3. Süni yolla yügülləşdirilmiş su ilə qatışdırmaq (adətən, distillə edilmiş sudan istifadə edilir. Yığılmış və ya emal edilmiş su təmiz şəkildə istifadə olunur. Amma emal edilmiş suda təkcə duzlar təmizlənmir, həm də nəfəs almaq üçün oksigen də qalmır. Bu problemi havavermə üsulu ilə həll etmək olar). Bir çox balıq növləri akvariuma çox təmiz yerlərdən düşürlər. Buna görə də çirklənməyə qarşı həssas olurlar.
Akvarimunuza heç bir kimyəvi məhlulun düşməməsinə diqqət edin. Onun sakinlərinin hazırladığı ərzaqların hərəkətini isə neytrallaşdırmağa çalışın. Akvariumda yerləşdirdiyiniz dekorasiyalar və digər elementlər zəhərlənəməyə məruz qalmayan materialdan olmalıdır. İstifadə etdiyiniz avdanlıqlar isə yalnız akvarium üçün nəzərdə tutulmalıdır. Plastmas əşyalar rəngsiz, yeyinti məqsədi ilə düzəldilməlidir. Korroziyaya uğrayan metallardan istifadə isə məsləhət deyil. Suyun tərkibinə təsir edəcək çınqıldan, zəhərli ola biləcək rəngli daşlardan istifadə etməyin. Həyətdən gətirilmiş daşlar və ya əşyalara da fikir verin. Onlar çirkli və zəhərli ola bilər. Adətən, xlorlu su balıq üçün zəhərlidir. Amma suyu açıq şəkildə 24 saat qoymaqla xlordan asanlıqla xilas olmaq mümkündür. Bununla belə unutmayın ki, lazımı səviyyədə hazırladığınız su akvariumda məskunlaşan sakinləriniz tərəfindən "zibillənəcək". Balıqların maddələr mübadiləsi zamanı suya ərzaq buraxılacaq, bitkilərin isə yarpağı töküləcək. Yeyilməmiş yemlər bakteriyalar yaradacaq, bu isə sudakı azotun dövriyyəsinə mane olacaq. Akvarimunuz zahirən təmiz görünə bilər, amma sudakı azot və nitrinin yığılması yüksək ola bilər. Buna görə də balansı dəyişmək lazımdır. Çox zaman bunun üçün süzgəclərdən istifadə edilir.
Balıq seçimində həlledici faktor akvarimun ölçüsüdür. Sizə sevinc bəxş edəcək balıqlara yaşamaq üçün rahat şərait lazımdır. Balıq seçimində də tələsməyin. Hər şeyi əvvəldən öyrənmək daha yaxşı olar. Səhvə yol versəniz, balıqlara zərər vurar, pulunuz və vaxtınız isə hədər gedər. Əvvəlcə arzusunda olduğunuz balıq haqqında bütün məlumatı əldə edin.
Sonra isə akvariumunuza nə qədər balıq yerləşəcəyini müəyyənləşdirin. Adətən, hesablama oksigenə olan tələbata uyğun aparılır. Böyük balığın uzunluğu ilə (quyruqsuz) akvarium səthinin sahəsinə nisbəti götürülür. 2,5 sm uzunluğu olan şirinsulu balıqlara 192 kvadratsantimetr, soyuqsevənlərə 120 kvadratsantimetr, tropiklər üçün isə 64 kvadratsantimetr akvarium götürülür. Uzunluğu 2,5 sm olan dəniz balıqlarına hər bir fərd üçün həyatının ilk 6 ayında adətən 18 litr su götürülür. Qalan vaxtlarda isə 9 litr su bəs edər. Amma nəzərə alın ki, bəzi balıq növlərində fərdlər hansısa ərazini yalnız özününkü bilir və ora digər balıqları buraxmırlar. Balıq növlərinin biri-birinə uyğunlaşmasına onları akvariuma salmazdan öncə nəzər yetirin. Başlıca meyar balıqların əvvəldən yaşadıqları mühitin oxşarlığıdır. Duzlu və şirinsulu balıqlar bir akvariuma salınmır. Amma duzlu hovuzlardan çıxmış balıqlar şirin suya salınır. Suyun temperaturuna olan tələbat da nəzərə alınmalıdır. Bəzi növ balıqlar akvariuma tez axan çaylardan, bəziləri isə sakit hovuzlardan düşür. Demək, onlar eyni şəraitdə yaşaya bilməzlər. Bəzi balıqlar dibi daşlı əraziyə, bəziləri bitkili və ya açıq məkanlı, bir qism gur işıqlı, digərləri isə alaqaranlığa üstünlük verirlər. Balıqların ölçü və temperamenti ən vacib məqamlardan biridir. Balıqların hamısının yırtıcı olmamasına baxmayaraq, təbiətdə, adətən, böyüklər xırdaları yeyir. Buna görə də akvariumunuzdakı ən xırda balıqların belə başqalarının qurbanı olmayacaq qədər böyük olduğuna əmin olun. Bəzi balıq növləri akvariumun müəyyən hissəsindən istifadə edərək öz ərazilərini anbar və ya yuva kimi qısqanclıqla qoruyurlar. Belə balıqlar həm öz nümayəndələrinə, həm də başqa növlərə qarşı aqressiv olurlar. Böyük acgöz balıqlar həm də özlərindən zəifləri ac qoyurlar. Yaxşı olar ki, ölçü və temperamentinə görə uyğun gəlməyən balıqlar ayrı-ayrı akvariumlarda yaşasınlar.