Akustik sistem

Akustik sistem — səs texnikasında bir ümumi gövdədə quraşdırılmış, yaxud ayrı-ayrı bir neçə gövdədə yerləşdirilmiş bir və ya bir neçə səsucaldandan ibarət səs şüalandırıcısı. Akustik sistemin konstruktiv tərtibatı səsucaldanın mütəhərrik sistemi ilə ətraf mühitin parametrlərinin akustik uzlaşdırılmasını təmin etməlidir. Akustik sistemin əsas göstəriciləri nominal güc, səs tezlikləri diapazonu və tam elektrik müqavimətidir. Nominal güc səsləndirmənin (səscanlandırmanın) ucalıq həddini göstərir (2 Vt-dan 100 Vt- adək). Səsləndirmə zamanı akustik sistemdəki qeyri-xətti və tezlik təhrifləri sistemin qoşulduğu səs siqnalları gücləndiricisi vasitəsilə qismən (passiv akustik sistem), sistemin tərkibində qurulmuş gücləndirici vasitəsilə isə demək olar ki, tam (aktiv akustik sistem) kompensə edilir. Nominal gücü 6Vt-dan çox olan akustik sistemlərdə səsləndirmə keyfiyyətini yüksəltmək üçün tezlik diapazonu akustik süzgəclər vasitəsilə 2–4 zolağa (ayrı-ayrı səsucaldanlarla canlandırılır) ayrılır. Bəzi akustik sistemin tərkibində səsləndirmə səviyyəsini orta (500–5000 Hs) və yüksək (5–20 kHs) səs tezlikləri diapazonunda tənzimləyən qurğu (tənzimləyici) olur. Akustik sistemin konstruksiya xüsusiyyətləri və texniki xarakteristikaları, əsasən, onların istifadə sahəsi və tətbiq şəraiti ilə müəyyən olunur. Konsert zallarında, kinoteatrlarda və s. yerlərdə səsi 140 dB-ə qədər (səsin qavranmasının eşitmə üçün zərərli olan həddədək) ucalıq diapazonunda keyfiyyətli canlandıra bilən akustik sistemdən istifadə edilir. Stadion, küçə və digər açıq yerlərdə səsləndirmə zamanı nitqin aydınlığına və meydanın hər yerində eyni ucalıqla səsləndirilməsinə üstünlük verilir. Məişətdə işlədilən səs texnikası qurğularının (televizor, radioqəbuledici, maqnitofon, lazer diskoxudanları və s.) kafi, yaxşı, yüksək (Hi-Fi) və ən yüksək (Hi-End) səsləndirmə keyfiyyətini təmin edən növləri var. Səsləndirmənin orta ölçülü otaqlar üçün kifayət edən ucalıq həddi gücü 2–4 Vt olan akustik sistem vasitəsilə yaradılır.

Mənbə

  • Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A  Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 261. ISBN 978-9952-441-02-4.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.