Akif Səlimov
Akif Səlimov (tam adı: Akif İsmayıl oğlu Səlimov; 7 noyabr 1950, Qarıqışlaq, Laçın rayonu – 30 aprel 2021) — Laçın Rayon İcra Hakimiyyətinin başçısı (4 mart 2013[1] – 3 mart 2016).
Akif Səlimov | |
---|---|
Akif İsmayıl oğlu Səlimov | |
| |
4 mart, 2013 – 3 mart, 2016 | |
Əvvəlki | Ramiz Cəbrayılov |
Sonrakı | Aqil Nəzərli |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 7 noyabr 1950 |
Doğum yeri | |
Vəfat tarixi | 30 aprel 2021 (70 yaşında) |
Dəfn yeri |
|
Partiya | |
Fəaliyyəti | siyasətçi |
Atası | İsmayıl Səlimov |
Həyatı
Səlimov Akif İsmayıl oğlu 7 noyabr 1950-ci ildə Azərbaycan Respublikasının Laçın rayonunun Qarıqışlaq kəndində ziyalı ailəsində anadan olmuşdur. 1966-cı ildə Laçın rayonu Qarıqışlaq kənd orta məktəbini, 1972-ci ildə isə Azərbaycan Politexnik İnstitutunu kimyaçı mühəndis-texnoloq ixtisası üzrə bitirmişdir[2].
1972–1974-cü illərdə SSRİ Silahlı qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmət illərində leytenant rütbəsi almışdır.
1974-cü ilin oktyabr ayından 1975-ci ilin avqust ayınadək Qaradağ sement zavodunda usta, 1975-ci ilin avqust ayından 1976-cı ilin avqust ayınadək Laçın rayon Qarıqışlaq daş karxanasında mühəndis, 1976-cı ilin avqust ayından 1980-ci ilin fevral ayınadək Laçın Təmir-tikinti idarəsində mühəndis, 1980-ci ilin fevral ayından 1982-ci ilin fevral ayınadək Laçın Tikinti materialları istehsalat birliyinin direktoru, 1982-ci ilin fevral ayından 1984-cü ilin oktyabr ayınadək Laçın Rayon Partiya Komitəsində təlimatçı, 1984-cü ilin oktyabr ayından 1990-cı ilin noyabr ayınadək Laçın Rayon Milis Şöbəsində siyasi hissə üzrə rəis müavini, 1990-cı ilin noyabr ayından 1994-cü ilin mart ayınadək Laçın Rayon Polis Şöbəsinin rəisi, 1994-cü ilin mart ayından 1996-cı ilin oktyabr ayınadək Goranboy Rayon Polis Şöbəsinin rəisi, 1996-cı ilin oktyabr ayından 2000-ci ilin oktyabr ayınadək Qax Rayon Polis Şöbəsinin rəisi, 2000-ci ilin oktyabr ayından 2006-cı ilin dekabr ayınadək Cəlilabad Rayon Polis şöbəsinin rəisi, 2007-ci ilin yanvar ayından 4 mart 2013-cü il tarixədək isə "Yaqub" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifələrində işləmişdir.
Azərbaycan Respublikası Prezidentinin 4 mart 2013-cü il tarixli Sərəncamı ilə Laçın Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmiş,[3] 3 mart 2016-cı il tarixli Sərəncamı ilə həmin vəzifədən azad edilmişdir.[4]
Yeni Azərbaycan Partiyasının üzvüdür, Qarabağ müharibəsi iştirakçısı, polis polkovnikidir.
Qarabağ müharibəsində iştirakı
1988-ci ildə ermənilərin separatçılıq niyyəti açıq müharibəyə çevrildiyi andan onun xidməti və vətəndaşlıq fəaliyyəti erməni faşistlərinə qarşı mübarizəyə həsr olunmuşdur. Siyasətə qoşulmayan könüllü döyüşçü dəstələrinin təşkili, döyüş məqsədi üçün polis batalyonlarının yaradılması və yüksək döyüş hazırlığına çatdırılması A. Səlimovun rəhbərliyi altında həyata keçirilmişdir. Şuşa, Laçın, Kəlbəcər, Füzuli, Horadiz ərazilərində aparılan qanlı döyüşlərdə qəhrəmanlıq göstərən, əcdadlarımızın adına layiq cəsarətlə, mərdliklə, qorxmazlıqla vuruşan Laçın polis dəstəsi bütün döyüş əməliyyatlarını bilavasitə polis polkovniki A. Səlimovun təşkilatçılığı, rəhbərliyi ilə keçirilmişdir. Azərbaycanın mübariz ənənələrinə sadiq olan laçınlı polislərin 50 nəfərə yaxını döyüşlərdə həlak olmuş, 144 nəfəri döyüşlərdə yaralanmışdır. Göstərilən igidliklərə görə 3 nəfər polis əməkdaşı "Azərbaycanın Milli Qəhrəmanı" adına, 3 nəfər isə "Azərbaycan Bayrağı" ordeninə layiq görülmüşdür. Düşmənin hərtərəfli öyrənilməsi, onun tarixi, mənşəyi, dini, dili, bəşəriyyət tarixində rolu və yeri istiqamətində A. Səlimovun sərbəst şəkildə apardığı araşdırma və tədqiqatların maraqlı nəticələri vardır.
Yaradıcılığı
Akif Səlimov 4-cü sinifdə oxuyandan şeir yazmağa başlamışdır. Lakin heç vaxt çap etdirmək marağında olmamışdır. Laçında baş verən hadisələri yaxşı bildiyindən, Laçında baş verən bütün proseslərin içində olduğundan gördüklərini kitab şəklində yazmışdır. Təqaüddə olarkən arxivlərdə araşdırmalar aparmış, müxtəlif mənbələri öyrənmişdir. Nəticədə "Cığırlar birləşsələr" kitabını yazmışdır. Daha sonra "Ora Vətəndir" kitabını ərsəyə gətirmişdir. Kitablarda elə məlumatlar var ki, bu gün Azərbaycan mətbuatında belə məlumatlara çox az rast gəlinir. Bunların bir hissəsi qondarma erməni soyqırımı ilə bağlı arxivlərdən çıxmış materiallardır.[6]
İstinadlar
- "A.İ.Səlimovun Laçın rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 4 mart 2013-cü il tarixli, 2761 saylı Sərəncamı" (az.). e-qanun.az. 2013. 2021-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-18.
- Arif Məmmədli. "Gərək vəzifədə işləyən adam anlasın ki, nə vaxtsa bu vəzifədən gedəcək". "Laçın yurdu". №2 (13) ("Bəxtiyar-4"). 27.06.2014: səh.21–33. (#accessdate_missing_url)
- "A.İ.Səlimovun Laçın rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-04.
- "A.İ.Səlimovun Laçın Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az (az.). Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. 03 mart 2016. 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 mart 2016.
- İlkin Nadirov. "Laçın rayon İcra Hakimiyyətinin başçısına ağır itki üz verib". İnteraz (az.). interaztv.com. 02 İyul 2014, 14:10. 2014-07-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-03.
- Siyavuş Əmirli, "Laçınlıları Laçına qaytarmaq üçün gəlmişəm" (müsahibə), "Laçın yurdu" jurnalı, № 2(17), Bakı, "Bəxtiyar-4", 2015. səh.15–18