Akademik avarçəkmə
Akademik avarçəkmə – avarçəkmə idmanı növü. Akademik avarçəkmə 18-ci əsrdə Böyük Britaniyada yaranmışdır. 1829-cu ildə Temza çayında keçirilən ilk yarışda Oksford və Kembric universitetlərinin avarçəkənləri iştirak etmişlər. Beynəlxalq Avarçəkmə Federasiyası (FİSA) 1892-ci ildə Turində təsis edilmişdir. 1893-cü ildən FİSA hər il Avropa çempionatını keçirir. 1962-ci ildə kişilər arasında, 1974-cü ildə qadınlar arasında dünya çempionatı keçirilmiş, 1900-cü ildə kişilər arasında, 1976-cı ildə isə qadınlar arasında Akademik avarçəkmə Olimpiya oyunlarının tərkibinə salınmışdır. Azərbaycanda Akademik avarçəkmə çempionatı 1964-cü ildən keçirilir. “Kür” İdman Mərkəzinin yaradılması avarçəkmə idmanının inkişaf etməsində mühüm rol oynamışdır. Avarçəkənlərdən Q.Qurbanov, J.Məmmədova, T.Xudyakova, E.Ujuqova, V.Yakuşa, V.Romanişin və başqaları dəfələrlə SSRİ və SSRİ Xalqları Spartakiadasının çempionu olmuşlar. Azərbaycanın avarçəkmə komandası Moskva (1980) və Seul (1988) olimpiadalarında gümüş və bürünc medallara layiq görülmüşdür. Avarçəkmə üçlüyü (V.Romanişin, İ.Vısotski və İ.Zotov) dünya çempionu və “Dostluq–84” (Moskva) oyunlarının qalibi olmuşdur. 24-cü Olimpiya Oyunlarında (1988, Seul) A.Lukyanov gümüş, V.Yakuşa bürünc, 27-ci Yay Olimpiya Oyunlarında (2000, Sidney) V.Yakuşa, V.Pereverzev, G.Kryuçkin, A.Lukyanov gümüş medallar qazanmışlar. 9 idmançı SSRİ əməkdar idman ustası adına layiq görülmüşdür. 2006-cı ildə Azərbaycan Avarçəkmə Federasiyası təsis edilmiş və 2007-ci ildə FİSA-ya üzv olmuşdur.
Bu məqalə Avarçəkmə məqaləsinə çox yaxındır və hər ikisinin eyni başlıq altında birləşdirilməsi mümkündür.
Akademik avarçəkmə | |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |
Həmçinin bax
- Beynəlxalq Kanoe Federasiyası
- Beynəlxalq Avarçəkmə Federasiyası
Mənbə:
Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 230. ISBN 978-9952-441-02-4.