Ailə sosiologiyası
Ailə sosiologiyasının meydana gəlməsi və inkişaf mərhələləri
Uzun müddət ailəni müxtəlif aspektlərdən təhlil edən tədqiqatlar aparılsa da bu sahənin sosiologiyanın əsas tədqiqat obyektlərindən birinə çevrilməsi XIX əsrdə baş vermişdir.
Ailə sosiologiyasının inkişafını Thomas və Wilcox 3 mərhələyə bölürlər.
- Sosial problemlərin tədqiq olunduğu mərhələ (1800-1900);
- Amerika düşüncə tərzinə Avropalıların təsiri dövrü (1900-1950);
- Pozitivist və humanist konsepsiyalardan fəlsəfi ayrılıqların başladığı mərhələ (1950-ci illər və sonrası dövr)
Başqa bir tədqiqatda isə, ailə sosiologiyasının inkişaf mərhələləri dörd dövrlə müəyyən olunmuşdur:
- Sosial Darvinizm (1860-1890);
- Sosial islahatçılıq (1890 -1920);
- Elmi tədqiqatlar mərhələsi (1920 -1950);
- Ailə tədqiqatları sahəsində sistematik formalaşdırma mərhələsi (1950-ci illər və sonrakı dövr).
Ailə mövzusunda ilkin sosioloji tədqiqatlar Kont və Proudhon ilə başlamışdır. Lakin bununla belə ailə sosiologiyasının bünövrəsi fransız sosioloqu Fr.Le-Ple və amerikalı sosioloq, ailə məsələləri üzrə Amerika Milli Şurasının ilk prezidenti E. Berdjers tərəfindən qoyulmuşdur.
Fr.Le-Ple cəmiyyəti müşahidə edərkən cəmiyyətin özəyi və sadə modeli kimi ailəni qəbul edirdi. Onun fikirləri Kontun ailə haqqında “kiçik cəmiyyətlər” ideyasının təsiri altında formalaşmışdır. Le-Ple “Cəmiyyəti dərk edə bilmək üçün ailəni dərk etmək lazımdır” tezisindən çıxış edirdi. O, hesab edirdi ki, xarici mühit insanların iqtisadi həyatını müəyyən edir, eyni zamanda ictimai proseslərə təsir edən ailə formasını diktə edir. Le Ple, ailə tədqiqatlarının empirik metodu kimi ailə büdcəsinin təhlilini seçmişdir. O, ailə haqqında qələmə aldığı hər monoqrafiyasında ailənin büdcəsinin təhlilini aparır, ailə dinamikasının sosial-iqtisadi proseslərə təsirini öyrənirdi. Le Ple bununla ailənin quruluşu və funksiyası haqqında daha dəqiq məlumat əldə olunmasını və həmçinin bu metodla ailənin müqayisəsi və tipoloji təsnifatı üçün sağlam bazanın yaranmasını təmin edirdi.
1859-cu ildə Darvinin “Növlərin mənşəyi” (Origin of Species) adlı əsərinin nəşr olunmasının ardından Morqan, Engels, Bachefon dialektik-materialist sosiologiya prinsipləri əsasında, cəmiyyətin iqtisadi inkişafının ailə transformasiyasına təsirini tədqiq etməyə başladılar. (3, 59) Elm adamları antropoloji tədqiqatlarla, ailənin strukturu və funksiyaları daxilində yer aldığı cəmiyyətin inkişaf etmə səviyyəsi ilə əlaqədar olduğunu qeyd etməyə çalışırdılar. Ailə institutunda baş verən sosial dəyişikliklərin tədqiqatının nəzəri əsasları antropoloqlar C.F.Mak-Lennan, I.Y.Baxoven, L.Q.Morqan tərəfindən qoyulmuşdur. Onlar ailəni statik bir təsisat olmaqdan daha çox, uzun təkamül yolu keçərək inkişafda olan sosial bir sistem kimi nəzərdən keçirirdilər. (17, 13)
Təkamülçü nəzəriyyənin mərkəzində yer alan ailə və nikahın dəyişkənliyi ideyası Amerika antropoloqu L.Q.Morqanın tədqiqatlarında özünə geniş yer tapmışdır. O, 1868-ci ildə ilk dəfə ailə haqqında əsərlərini nəşr etdirmiş, 1870-ci ildə isə onun “Qohumluq sistemi və insan ailəsinin xüsusiyyətləri” adlı əsəri işıq üzü görmüşdür. Tədqiqatlarının tam toplusunu isə 1877-ci ildə “Qədim cəmiyyət” əsərində çap etdirmişdir. Morqan aydın şəkildə nəsli ailədən ayırır və göstərir ki, ailə üzvləri arasında nikah münasibətləri mümkün olmayan ekzoqam qrupdur. Demək, ibtidai nəsil ailələrdən ibarət ola bilməz. Buradan çıxış edərək: ilkin nəsil forması kollektiv təsərrüfata, ekzoqam-endoqam nikah münasibətlərinə əsaslanan ana nəslidir. Kollektiv təsərrüfatın dağılması və şəxsi təsərrüfatın yaranması ana nəslindən ata nəslinə keçidin əsasını qoyur və cütlük ailəsini monoqam ailəyə çevirir. Morqan bununla monoqam ailəni nəsli cəmiyyətdə asanlıqla parçalanan nikah cütlüklərindən ayırır, çünki bu cütlüklər təsərrüfat müstəqilliyinə, şəxsi mülkiyyətə və mirasa sahib deyildi.
Bu ideya F.Engels tərəfindən inkişaf etdirildi. O, vurğulayırdı ki, monoqam ailə – fərdi məhəbbətin nəticəsi deyil, ərin hökmranlığının iqtisadi şəraitdə ifadəsidir və miras sahib olacaq övladların olması monoqamiyanın əsas məqsədidir. Bu fikri F.Engels özünün “Ailənin, şəxsi mülkiyyətin və dövlətin mənşəyi” (1884) əsərində əks etdirmişdir.(20) Bu kitab L.Morqanın tədqiqatları əsasında yazılmışdır. Burada həmçinin, digər alimlərin ümumi nəticələrinə də rast gəlmək olar. Qeyd etmək lazımdır ki, bu iş, K.Marks tərəfindən L.Morqanın “Qədim cəmiyyət” əsərinə tənqidi qeydlər şəklində yazılmağa başlamışdır.
Bu dövrdə aparılan tədqiqatlarda ailə institutunun təkamül prosesi tədqiq olunurdu. Tarixi faktlar nəzərdən keçirilir, müqayisəli təhlil vasitəsilə ibtidai cəmiyyətlərin ailə quruluşu formalarının təyin olunmasına cəhd edilirdi. Bu dövrdə tədqiqatçılar etnoloji və tarixi məlumatlardan istifadə edərək təkamülçülük prinsipindən çıxış edən birtərəfli tədqiqatlar aparırdılar. Gəldikləri nəticələr (ailənin cəmiyyətin əsas özəyi olduğu, geniş ailədən nuklear ailəyə doğru davam etməsi kimi) ailə sosiologiyası sahəsində təməl əsərlər siyahısına daxil olmuşdur. (3, s.60)
Lakin qeyd etmək lazımdır ki, bu dövrdə ailə institutunun öyrənilməsi istiqamətində başqa yanaşmalar da mövcud olmuşdur. Funksional yanaşma – ailənin sosial institut kimi öyrənilməsini təşkil edən əsas hissə – həmçinin tarixin gedişində müxtəlif ailə tiplərinə məxsus ümumi xüsusiyyətləri axtarmağa yönəlmişdir. Burda diqqəti təkcə ailənin universallığına deyil, həm də ailə-məişət həyatının özünə, sosial fenomen kimi ailənin sosial-mədəni funksiyalarına və nikah, qohumluq və valideynliklə bağlı sosial-mədəni rolların qarşılıqlı münasibətinə yönəlmişdir. E.Durkheim, diqqəti funksionalizmin “atası” kimi ailə həyatında hər bir fərdin roluna, ailəyə şamil edilən həmrəylik və birlik mexanizmlərinin axtarılmasına, qadın və kişinin roluna yönəldir. ( 7, 16)
Təkamülçü konsepsiyanın bir başqa opponenti isə ingilis antropoloq və sosioloqu B.Malinovskidir. Öz konsepsiyasında Malinovski diqqəti, sosial institut kimi ailə elementləri arasında əlaqələrə yönəldirdi. (4, 15) Müasir sosioloqlar hesab edir ki, funksionalist yanaşma ailənin sosial institut kimi təkamülçü tədqiqi ilə uyğunlaşa bilər. Belə ki, ailənin və cəmiyyətin sosial bir institut kimi öyrənilməsi tam olaraq, elmi xarakter daşıyır, elm xatirinə elmin təzahürüdür. Həmçinin, XIX əsrdə ailənin digər tətbiqi və ya təcrübi öyrənilməsi meydana gəlir və açıq şəkildə funksional yanaşmaya zidd mövqedədir. Diqqəti ailə üzvlərinin emosional yaxınlığına, onların tələbatına və maraqlarına yönəldir. Bu da nəticədə ayrı-ayrı ailələrin və ailə institutunun özünün birlik mübahisələrini izah etməyə çalışır. Söhbət ailənin ilkin kiçik qrup kimi öyrənilməsindən gedir. Bu ilkin kiçik qrup isə, özünəməxsus yanaşma, fəaliyyət və dağılma tarixinə malikdir.
Rus sosioloqları M.Kovalevski və P.Sorokinin bu sahənin inkişafına əhəmiyyətli təsiri olmuşdur. M.Kovalevski, V.Roberti ilə bərabər Rusiyada ilk sosiologiya kafedrasına rəhbərlik etmişdir. O, cəmiyyətin təhlilinə çoxölçülü yanaşma və genetik sosiologiya prinsiplərindən istifadə edərək cəmiyyətin inkişafını dərk etmək üçün sosial institutların mənşəyini öyrənməyin əhəmiyyətini sübut etməyə çalışırdı. Tarixi müqayisə metodu əsasında M.M.Kovalevski bütün sosial təzahürlərin və ictimai institutların genetik qohumluq nəzəriyyəsini – “genetik sosiologiyasını” formalaşdırmışdır. 1895-ci ildə M.M.Kovalevski “Ailə və mülkiyyətin mənşəyi və inkişafı” oçerkini nəşr etdirir. Müəllif bu əsərində insan cəmiyyətinin qədim dövründə ailə-nikah münasibətlərinin dərin təhlilini vermişdir (10, 282).
P.Sorokin isə nikah institutunu təhlil edərək, onun təkamülündə geniş cinsi azadlığın tədricən normativ məhdudiyyətlər yığımına keçməsi nəticəsinə gəlmişdir (15, 72).
Ailə institutunun müqayisəli tarixi təhlilini apardıqdan və ənənəvi ailənin həyat tərzi ilə XIX əsrin sonu XX əsrin əvvəllərinin ailəsini müqayisə etdikdən sonra o, “ailə böhranı” kateqoriyasını ilk dəfə olaraq elmə gətirdi. Bu abstrakt anlayışın empirik göstəricilərinə görə, artıq o zaman nikah və doğum əmsalının aşağı düşməsi, boşanmaların sayının artması, valideyn nüfuzunun sarsılması tendensiyası müşahidə olunurdu. Alimlər destruktiv xarakter daşıyan ailə dəyişikliklərini sənaye cəmiyyətinin funksional qanunauyğunluqları ilə əlaqələndirirdilər.
Türk sosiologiya məktəbində də ailə problemi əhəmiyyətli yerə sahib idi. Bu baxımdan Türkiyədə sosiologiya elminin banisi hesab olunan Ziya Gökalpın fikirləri əhəmiyyət kəsb edir. O, türk ailəsinin inkişaf xətti ilə cəmiyyətdəki dəyişikliklər arasında paralelliyin olduğunu qeyd edir, türk ailə quruluşunda həm patriarxal, həm matriarxal ailənin izlərinin olduğunu irəli sürürdü (18, 342).
Ailə sosiologiyasında ikinci mərhələ olaraq qəbul edilən sosial islahat mərhələsində isə, müqayisəli müşahidə metodu ilə paralel olaraq obyektiv informasiyanı toplamaq vasitələri tətbiq olunmaya başlandı. Sənaye inqilabı ilə paralel olaraq meydana gələn yoxsulluq, uşaq əməyindən istifadə olunması və boşanma kimi ailə quruluşu üçün təhlükə törədən problemlərdən çıxış edərək “sürətli sosial dəyişikliklər, sənayeləşmə və şəhərləşmənin ailə institutunun zəifləməsinə və ailə birliyinin pozulmasına səbəb olması haqqında” fikirlər irəli sürüldü (6, 88).
Bu dövrdə ailənin üz-üzə qaldığı sosial problemlərin artıq təkamülçü nəzəriyyə əsasında həll olunmayacağı fikri get-gedə üstünlük təşkil etməyə başladı. Bu da öz növbəsində ailə institutuna fərqli aspektlərdən yanaşma zərurətini ortaya çıxarırdı. Sosial islahatçılıq prinsiplərini müdafiə edən tədqiqatçılara görə ailə, həssas bir quruluşa malik təsisat kimi, üzləşdiyi sosial problemlərin çoxluğu qarşısında müntəzəm olaraq zəifləyirdi. Sosioloqlar isə, ailənin əsrlərdir davam edən və hər cür şəraitə uyqunlaşa bilən bir təsisat olduğunu, sosial problemlərin ailə rollarının dəyişməsi vacibliyinə işarə etdiyini qeyd ediridilər (16, 83).
Bu iki düşüncə tərzi, ailə tədqiqatlarında, nəzəri baxımdan olduğu kimi metodoloji baxımdan da dəyişiklilərin qaçılmaz olduğu zərurətini ortaya qoyurdu (3, 53). Sosioloqlar Contun pozitivizmi konktekstində metodologiyaları inkişaf etdirmək və pozitivizmin qanuniliyini təmin edə bilmək üçün akademik olaraq sosiologiya kafedraları yaratmağa başlamışdılar. 1892-ci ildə Chicagoda, 1894-cü ildə isə Columbiyada sosiologiya kafedraları qurulmuş, Albion, Small, Giddengs, VVard, Veblən tərəfindən dərsliklər yazılmış və jurnal çapına başlanılmışdı (The American Journal of Sociology) (16, 84). Bu dövrdə cəmiyyətdəki sosial böhranın təsirlərini azaltmaq məqsədi ilə, ailə və cəmiyyət arasında əlaqə qurulması istiqamətində müxtəlif tədbirlər həyata keçirilirdi.
Üçüncü mərhələ “elmi tədqiqat mərhələsi” kimi adlandırlır və bu dövr XX əsrin ilk yarısını əhatə edir. Bu mərhələ çox ciddi sosial antoqonizmlərlə müşayiət olunan qlobal iqtisadi böhran illərinə tasadüf edir. Bu dövrdə müxtəlif statistik informasiyalar toplanmış və təhlil metodları inkişaf etdirilmişdir. Həmçinin mənəvi dəyər ölçülərini arxa plana keçirən və metodoloji prinsiplərə əsaslanan tədqiqatlar aparılmağa başlamışdır. Burgess, ailə tədqiqatlarına, kiçik həcmli sosial-psixoloji nəzəriyyələrin formalaşmasına nail olmuşdur. Burgess ailəni “bir-birinə təsir edən fərdlərin birliyi” kimi tərif etməsindən sonra, ailədaxili münasibətlər, qarşılıqlı əlaqə, həyat yoldaşı seçimi kimi ailə mövzusunda tədqiqatlar aparırdı. Burda məsələlər, cəmiyyətin digər institutları ilə olan münasibətlərindən daha çox ailədaxili münasibətlər müstəvisində tədqiq olunurdu (3, 59).
Chicago məktəbinin nümayəndələri Park, Mead, Cooley kimi sosioloqlar ailəni konkret empirik tədqiqatların əsas predmetinə çevirdilər. (19, 457) Ailə tədqiqatları Amerika Sosiologiya Cəmiyyətinin 1924-cü ildəki konfransında ailə sosiologiyası kafedrası qurulması ilə qanuni forma əldə etdi. Həmən il Groves universitetdə ailə və nikah mövzusunda dərslər tədris olunmağa başlandı.
Bu dövrdə ailə sosiologiyası sahəsində yazılan ən ciddi əsərlərdən biri amerikalı sosioloq Uilyam Oqbornun “Dəyişən ailə” (1929) adlı əsəri idi. Oqborn bu əsərində diqqəti ailənin öz üzvlərinə təqdim etdiyi xidmətlərin ahənginə yönəldirdi. O, ailənin həyata keçirdiyi altı əsas funksiyanı müəyyən edir və qeyd edirdi ki, bu funksiyalardan beşi artıq ailədən kənar həyata keçirilir. Oqborn bu faktı ailənin icra etdiyi funksiyalarını itirməsi kimi qiymətləndirirdi (7, 18). Oqbornun bu yanaşması ailə sosiologiyasında iqtisadi determinizm kimi qəbul olunur. Belə ki, o, ailədə baş verən sosial dəyişikliklərin əsas səbəbi kimi texnologiya sahəsindəki yenilikləri və innovasiyaları qəbul edirdi. Oqbornun amerikan ailəsinin funksional mübadiləsinin dəyişikliyi haqqındakı fikirləri müsbət qarşılanmış və bunun əsasında müxtəlif konsepsiyalar yaranmışdı.
Dördüncü mərhələ ailə tədqiqatları sahəsində sistematik nəzəriyyə formalaşdırma mərhələsidir. Əsas sosioloji yanaşmalar və konsepsiyalar yeni tədqiqat metodları ilə birgə istifadə olunaraq nəzəriyyələr formalaşdırılmağa çalışılmışdır. Bu mərhələ əvvəlki üç mərhələnin (Sosial Darvinizm, sosial islahatçılıq və elmi tədqiqat dövrünün) bir sintezi kimi qiymətləndirilə bilər (3, 60).
Ailə tədqiqatları sahəsində nəzəriyyələrin meydana gəldiyi ən məhsuldar dövr 1950-ci illərdən sonrakı dövr hesab olunur. Bu dövr ərzində ailə tədqiqatlarında, ilk olaraq Hill, Katz və Simpson tərəfindən 1900-1956 illər arasında aparılmış evlilik və ailə mövzusundakı araşdırmaların nəticələri bir araya toplanmışdır. İkinci mərhələdə isə nəzəri aspektlər müəyyə edilməyə çalışılmışdır. Bu dövrdə diqqəti cəlb edən bir başqa vacib məqam isə, ailə sosioloqlarının orta boy nəzəriyyəsini meydana gətirmə cəhdləridir.
1960-cı illərdə Hill və Hansenin birgə hazırladıqları məqalədə Mertonun sosiologiya elmində nəzəriyyə formalaşdırma tədqiqatlarına istinad olunmuş və ailə, evlilik məsələsindəki araşdırmaları sistemləşdirəcək orta həcmli nəzəriyyələrə olan ehtiyac üzərində durmuşdur. Bu çalışmanın ardından, ailə ilə digər sosial təsisatlar arasındakı əlaqələr araşdırılmağa və ortaya qoyulmağa çalışılmışdır.
1980-ci illərdə, bu sahədəki bütün məsələlərə tətbiq oluna bilən ümumi ailə nəzəriyyəsinin olmadığı haqqında fikir formalaşmışdır. Bu illər ərzində, mövcud nəzəriyyələri inkişaf etdirmə cəhdləri ilə paralel olaraq yeni və fərqli nəzəriyyələr irəli sürmək, bu nəzəriyyələri müqayisəli tədqiqatlar aparmaq yolu ilə sınaqdan keçirmək və nəzəriyyə meydana gətirmə metodologiyalarını inkişaf etdirmək sahəsində fəaliyyətlər həyata keçirilirdi (3, 58).
XX əsr ərzində ailə institutunda baş verən dəyişikliklər prosesinə olan elmi maraq zəifləməmişdir. Fransız sosioloqu F.Le-Plenin ardınca amerikan sosioloqu Karl Simmerman ailədəki struktur dəyişikliklərin sosial-tarixi inkişafa şərait yaratdığını qəbul edir. XX əsrin ikinci yarısında (60-80-ci illər) Qərb sosiologiyasında ailə dəyişiklikləri ilə əlaqəli elmi tədiqiatlar sosiologiyanın, tarixin və antropologiyanın birləşməsi fonunda inkişaf edirdi və fənlərarası tədqiqat obyektinə çevrilirdi. Bu problemi müxtəlif aspektlərdən, regional xüsusiyyətlər prizmasından F.Aryes (uşaqlıq konsepsiyası üzərindən ailə münasibətlərinin transformasiyası), P.Laslett, E.Şorter, L.Stoun (ailə strukturunun transformasiyası və ailənin ölçüləri), J.Dübi (orta əsr cəmiyyətində nikahın tədqiqi) inkişaf etdirirdi. Bundan əlavə, Qərb sosial-humanitar elmində tarixi demoqrafiyaya dair geniş elmi ədəbiyyat və sənaye cəmiyyətindən əvvəl qadınların vəziyyətinin tədqiqi ilə əlaqəli feminist yazılar mövcuddur (5, 12). Qərb cəmiyyətində bu problematikanın inkişaf zirvəsi 1975-ci ildən ABŞ-da nəşrə başlayan “History of family” (“Ailə tarixi”) jurnalı oldu.
Müasir dövrdə Qərb sosiologiyasında ailə dəyişiklikləri probleminə maraq azalmamışdır. İngilis sosioloqu P.Tompson hadisələrin iqtisadi, sosial və siyasi inkişafı prosesində ailə strukturunun dinamikasının əhəmiyyət kəsb etdiyi qənaətinə gəlmişdir.