Afroditanın qolları (film, 1987)
Afroditanın qolları qısametrajlı bədii filmi rejissor Davud İmanov tərəfindən 1987-ci ildə ekranlaşdırılmışdır. Film "Debüt" Studiyasında istehsal edilmişdir. Filmin qəhrəmanı (Rafiq Əliyev) heykəltaraşdır. O, "Afroditanın qolları"nı düzəltməyə çalışır. Bu iş prosesində o, xəyanətin ağrısını öz üzərində hiss edir, özünün səhvlərini başa düşür. Filmdə rolları Rafiq Əliyev, Olqa Zolotuxina, Muxtar Avşarov, Təvəkkül İsmayılov və Əliqulu Səmədov ifa edirlər.
Afroditanın qolları | |
---|---|
Janr |
qısametrajlı dram |
Rejissor | Davud İmanov |
Ssenari müəllifi | Nüsrət Kəsəmənli |
Baş rollarda |
Rafiq Əliyev Olqa Zolotuxina Muxtar Avşarov Təvəkkül İsmayılov Əliqulu Səmədov |
Operator | Nizami Abbasov |
Bəstəkar | Xəyyam Mirzəzadə |
Rəssam | Şamil Nəcəfzadə |
İstehsalçı | "Debüt" Studiyası |
İlk baxış tarixi | 1987 |
Filmin növü | qısametrajlı bədii film |
Müddət | 25 dəq. |
Ölkələr | Azərbaycan SSR |
Dil | azərbaycanca |
İl | 1987 |
Texniki məlumatlar |
3 hissə 850 metr |
Rəng | rəngli |
Məzmun
Əgər insan münasibətlərindəki səmimiyyət aradan götürülərsə, bu münasibətlər pozularsa onları Afroditanın qolları kimi düzəltmək müşkül məsələdir. Filmin qəhrəmanı heykəltaraşdır. O, "Afroditanın qolları"nı düzəltməyə çalışır. Bu iş prosesində o, xəyanətin ağrısını öz üzərində hiss edir, özünün səhvlərini başa düşür.[1]
Heykəltəraş Cahid (Rafiq Əliyev) qəbirüstü büstlər düzəldir, müqabilində yaxşı qazanc əldə eləyir, amma onun maddi vəziyyəti bir sənətkar kimi mənəvi tənəzzülünün bahasına başa gəlir. Cahid sırf maddiyyat üzərində qurulmuş işindən yorulur, mənəvi zövq ala bilmir. O, getdikcə arvadına da laqeydləşir.[2]
Onun gənc arvadı (Olqa Zolotuxina) isə ərinin bütün gününü emalatxanada keçirməsindən darıxır, monoton həyatından qurtulmaq üçün dostlarını evə çağırır, əyləncələr təşkil eləyir. Sonra isə qadın məhəllədə təlim keçən gənc yanğınsöndürənlə (Əliqulu Səmədov) eşq macərasına başlayır.[2]
Tanışı (Təvəkkül İsmayılov) Cahidə daha sərfəli iş təklif eləsə də, o, razılaşmır. Təsadüfən bir qəzet elanında "Afroditanın qolları" adlı müsabiqəyə rast gəlir. Elanda qolsuz Afroditaya uyğun yaradıcı yanaşma tapan heykəltaraşa mükafat veriləcəyi deyilir.[2]
Cahidin içində yenidən yaratmaq eşqi güclənir. O, bütün günü emalatxanasında heykələ uyğun qol həlli tapmağa çalışır. Gecə evə qayıdanda arvadını məşuqu ilə tutur.[2]
Bu günümüzün gerçəkliklərinə adekvat olan film hər şeydən əvvəl şəxsiyyətin böhranı haqdadır. Sənətlə maddi qazanc arasında qalan və ikincini seçən heykəltaraşın faciəsini anladır. Əslində əhvalatda konflikt — cəmiyyət-sənətkar, şərait –sənətkar və ya ailə — sənətkar arasında yox, onun özünün daxilində baş verir. Bu mənada qəhrəman bütün film boyu ən çox özü özü ilə mübarizədədir. Təsadüfi deyil ki, film boyu o, daha çox susur nəinki danışır. Və onun susqunluğu daxilində baş verənləri, ağrılarını sözlərdən çox anladır.[2]
Hərçənd, Cahid durğun vəziyyətindən çıxmaq üçün nəsə eləmir, ideyasız yaşayır, düşdüyü situasiyaya müticəsinə tabe olur. Sənətdə öz yerini, yolunu müəyyənləşdirə bilməyən qəhrəman təsadüfi bir elanla həyatını dəyişdirmək, peşəkar uğur qazanmaq istəyir.[2]
Amma təsadüf Cahidə sənətdə öz sözünün deməyə nəinki imkan vermir, əksinə, onun böhranını daha da dərinləşdirir.[2]
Emalatxanada Afroditanın qollarının bədii həllinin ipuclarını tapan Cahid sevincindən uçur. Rejissor heykəltaraşın sevincini onu əhatələyən kloun libasında ağ mələklərlə ifadə edir. Mələk kimi klounların seçilməsi yəqin ki, təsadüfi deyil. Çox güman ki, Cahidin vəziyyətinə sarkastik eyhamdır.[2]
Evə qayıdanda arvadının xəyanətinin şahidi olur və mələklər yoxa çıxır.[2]
Film onunla bitir ki, Cahid emalatxanasına qayıdaraq, ümidsizlik içində düzəltdiyi heykəlləri dağıdır. Müştəri gəlir və ona qəbirüstü büst sifariş edir. Cahid razılaşaraq pulu alır. Yəni peşəsinə dərin bağlılığı, sevgisi olmayan adam sənətdə ciddi nəsə yarada bilməz.[2]
Filmin üzərində işləyənlər
Ssenari müəllifi: Nüsrət Kəsəmənli
Rejissor: Davud İmanov
Operator: Nizami Abbasov[3]
Rəssam: Şamil Nəcəfzadə
Bəstəkar: Xəyyam Mirzəzadə
Rollarda
Rafiq Əliyev — Cahid
Olqa Zolotuxina — Cahidin arvadı
Muxtar Avşarov — molla
Təvəkkül İsmayılov — Cahidin tanışı
Əliqulu Səmədov — yanğınsöndürən
Filmi səsləndirənlər :
Rasim Balayev — Cahid (Rafiq Əliyev) (titrlərdə yoxdur)
Nəcibə Hüseynova — Arzu (titrlərdə yoxdur)
Eldəniz Rəsulov — erməni (titrlərdə yoxdur)
İstinadlar
- Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898–2002)). Bakı: 2003, səh.134
- "Qəbir daşı düzəldən heykəltaraşa xəyanət edən arvadı". 2021-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-15.
- "Əməkdar İncəsənət Xadiminin yubileyi qeyd olunub". 2017-04-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-15.
Mənbə
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 319.
Həmçinin bax
Azərbaycan filmlərinin siyahısı
1987-ci ilin Azərbaycan filmləri
1980-ci illər Azərbaycan filmlərinin siyahısı