Afroamerikalı uşaqların timsah yemi kimi təsvir edilməsi
Afroamerikalı uşaqların timsah yemi kimi təsvir edilməsi (ing. Alligator bait) — XIX əsrin ortalarından XX əsrin əvvələrinə qədər Amerika Birləşmiş Ştatlarında yayılmış şəhər əfsanələrindən biri. Konkret sübutlara söykənməyən motiv haqqında dövrün bir çox qəzet və jurnallarında yazılar yayımlanmışdır. Bəzi vizual sənət nümunələri mövzu haqqında karikaturalar dərc edib. Motivin kim tərəfindən yaradılması məlum deyil.
Qaradərili uşaqların timsahları cəlb etdiyi və bəzi halallarda timsahların insanlar toplaşan yerlərə məhz qaradərili uşaqlar üçün gəldiyi iddia olunmuşdur. Mövzu heç vaxt ciddi araşdırma mövzusu olmamaqla bərabər, bu faktı sübut edən hər hansısa bir fakt aşkarlanmayıb.
Günümüzdə Amerika jarqonunda Afroamerikalı uşaqları timsah yemi kimi təsvir edən (ing. Alligator bait) jarqonu afroamerikalıar tərəfindən irqi zəmində işlədilmiş təhqir olaraq qəbul edilməkdədir. Burada işlədilən və ingilis dilində olan ing. Bait sözünün mənalarından biri də tələdə heyvanları cəlb etmək üçün istifadə olunan yem anlamına gəlməkdədir.
Populyar mədəniyyətdə
Amerikan populyar mədəniyyətində qaradərili uşaqlar pumalar, ayılar və canavarlarla[1] birlikdə ABŞ folklorunun mərkəzi fiqurlarından biri olan timsahları ovlamaq[2] üçün tez-tez istifadə olunurdu. Afroamerikalı uşaqların timsah yemi kimi ilk dəfə harada və necə timsah yemi təsvir olunması məlum deyil. Buradakı əsas və ən güclü ehtimallardan biri missisipi alliqatoru ilə eyni sinifə mənsub olan nil timsahı ilə əlaqəsinin olmasıdır. Nil timsahı bir növ Amerika cəmiyyəti üçün afroamerikalıları simvolizə edirdi və buna görə də, onların qaradərili uşaqları yem gözü ilə görməsi yetərli dərəcədə mümkün bir ehtimal kimi qəbul edilməkdə idi.[3]
Missisipi alliqatoru növü əsasən Amerika Birləşmiş Ştatlarının cənub hissəsində yerləşən bataqlıq ərazilərdə geniş yayılmışdır. XIX əsrin ortalarında ABŞ-ın cənub ştatları quldarlığın əsas hərəkətverici qüvvəsi sayılırdı və ABŞ vətəndaş müharibəsində ABŞ tərəfinin tam qələbə qazanmasına qədər 200 ilə yaxın bu ərazilərdə yaşayan qaradərili insanların iş gücü qul əməyi formasında istismar edilmişdir. Zaman-zaman öz azadlıqlarını əldə etmək üçün tabe olduqları ağalarının əsarətindən qaçan afroamerikalıları qullar Missisipi çayını keçməyə çalışarkən, missisipi alliqatorunun qurbanına çevirilirdilər.[3]
Şəhər əfsanəsinə görə timsahlar afroamerikalı uşaqlara qarşı xüsusi həssaslıq duyurdular və xüsusi maraq və ya həssaslıq zamanla ABŞ-də (ing. Alligator bait) jarqonunun yaranmasına səbəb olmuşdur.[3] Afroamerikalı uşaqların timsah yemi kimi təsvir edilməsi, ABŞ-da quldarlıq tərəfdarı olan bəzi dövrü mətbuat orqanlarına məxsus qəzet və jurnallar tərəfindən tez-tez müraciət edilən bir mövzuya çevirilmişdir.
Sözügedən təsvirlərdə yaşları 2–6 aralığındakı qaradərili uşaqlar adətən qeyri-insani[4], murdar, sevimsiz[5] və səliqəsiz geyimlərlə[6] təsvir edilirdi və XX əsrin əvvələrinə qədər bu tipli təsvirlər ABŞ-ın populyar mədəniyyətində qaradərili uşaqları bir stereotipə çevirmişdir. Bu sürünən canlıların sudan çıxaraq itləri və uşaqları yeməsi kollektiv təhtəlşüurda özünə yer tapmışdır.[7]
Populyar mədəniyyətdə qaradərili uşaqlar bəyaz dişlərini ağardan, gözlərini bərəldən, parlaq-tünd simalı və səliqəsiz buruq saçlı ilə təsvir olunurlar. Bu fikirə dəstək kimi yemiş, pambıq yumağı və yaxud missisipi alliqatoru göstərilir. Daha dəhşətli mənzərə ondan ibarətdir ki, bu fikirin tərəfdarları qaradərili uşaqların həyatlarının əhəmiyyətsiz olduğunu, onların ətlə qidalanan sürünənlər üçün dadlı loxma, havayı qəlyanaltı və ya timsah yemi olduğunu iddia edirlər. Vilma Kinq tərəfindən yazılmış African American Childhoods əsərindən sitat.[5] |
Missisipi alliqatoru cəlb edən, onların iştahasını açan qaradərili körpələrin təsvirləri dövrün tanınmış şirkətlərindən Underwood & Underwood tərəfindən yayımlanmış[8] açıqcalarda, siqar qutuları və qeyd dəftərçələrinin üzlüklərində çap olunmağa başlamışdır.[9]
İstinadlar
- Mechling, (1987). səh. 75
- Dean, (2000). səh. 22
- Dean, (2000). səh. 33
- Fulton, (2006). səh. 127–128
- King, (2005). səh. 123
- Slate, (2009). səh. 93
- Mechling, (1987). səh. 73
- Finley, (2019). səh. 18
- Dean, (2000). səh. 22–23