Afrika Futbol Konfederasiyası

Afrika Futbol Konfederasiyasının yaranmasına qədər qitəni FİFA-da dörd milli assosiasiya təmsil edirdi. Misir Futbol Federasiyaları Assosiasiyası 1923, Sudan Futbol Federasiyaları Assosiasiyası 1948, Cənubi Afrika Futbol Federasiyaları Assosiasiyası 1952 və Efiopiya Futbol Federasiyaları Assosiasiyası isə 1953-cü ildə beynəlxalq qurumun üzvlüyünü qəbul edib. Əvvəllər bu ölkələr müxtəlif regional qruplar formasında təmsil olunurdular. 1956-cı il, iyunun 6–9-da Lissabonun "Avendia" mehmanxanasında təşkil olunan FİFA-nın 30-cu konqresində əsas müzakirə obyekti Misir, Sudan, CAR və Efiopiya Assosiasiyalarının rəhbərlərinin Afrika Futbol Konfederasiyasının yaradılması barədə irəli sürdükləri təkliflər idi. Fikrin ali futbol təşkilatının rəhbərliyi tərəfindən müsbət qarşılanmasının nəticəsi kimi, 1957-ci ildə Afrika Futbol Konfederasiyaları (AFK) yaradıldı. AFK-nın hazırlıq və ətraflı tanışlıq xarakteri daşıyan ilk iclası 1957-ci il, fevralın 8-də Xartumda təşkil edilib. Müşavirədə adları çəkilən dörd ölkə iştirak edib və əsas məqsəd Afrika Kubokunun təşkili məsələsinin müzakirəsi olub. Quruma keçirilən birinci prezident seçkilərində iddiasını irəli sürən 10 namizəd arasında bütün rəqiblərini səs çoxluğu ilə üstələyən misirli Əbdüləziz Abdulla Səlim AFK-nın ilk rəhbəri kimi tarixə düşüb. Baş katib funksiyası isə həmyerlisi Məhəmməd Yusufa həvalə edilib. İlk Afrika Kubokunun tarixi həmin il fevralın 10-na təsadüf edir. Yavaş-yavaş inkişafdan sonra FİFA-nın "qara qitə" təmsilçilərinin sayı da artmağa başladı. Beləcə, 1957-ci il, iyunun 21-də Suriya əvvəlcə FİFA, ardından AFK-nın üzvü olub. Bundan az sonra AFK-nın fəaliyyəti, iş planını genişləndirmək üçün nizamanamə hazırlandı. Konfederasiyanın qətnaməsinin 5-ci bəndində yer alan qərara əsasən, AFK-nın əsas binası hansı şəhərdə yerləşirdisə, prezident və baş katib də orada yaşamalıdır. Buna görə də AFK yeni qərargahını Misirin paytaxtı Qahirədə istifadəyə verdi. Ancaq Abdulla Səlimin fəaliyyəti uzun sürmədi. 1958-ci ildə FİFA-nın Stokholmda təşkil olunan növbəti konqresində fəaliyyətini layiqincə və inkişafyönlü yürütmədiyi üçün AFK-nın rəhbərliyinin dəyişdirilməsi qərara alındı. Beləliklə, Əbdüləziz Abdulla yerini həmyerlisi Əbdüləziz Mustafaya verdi.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.