Affekt
Affekt (lat. affectus - ruhi həyəcan) - insanın əhvaldan və ehtirasdan (hissdən) fərqli olaraq güclü, coşqun baş verən və nisbətən qısamüddətli olan emosional həyəcanı, qəzəbi, dəhşəti və s. Affekt kəskin ifadəli hərəkətlərlə (spesifik mimika və əl hərəkətləri) və səs reaksiyaları (ağlama, qışqırıq) ilə müşayiət olunur. Bəzən də, əksinə həyəcandan donub qalma baş verir. Affektin zahiri, xarici ifadə formaları, eləcə də dərinliyi çox cəhətdən insanın fərdi xüsusiyyətlərindən, xüsusilə onun iradəsinin tərbiyə olunmasından, ali sinir fəaliyyətinin tipoloji xüsusiyyətlərindən xeyli dərəcədə asılıdır. Affekt vəziyyətində insan o şeydən mütəəssir olur ki, o, onda həyəcan əmələ gətirmişdir ("şüurun daralması"), nəticədə insanda intellektual proseslərin gedişi pozulur və onun öz davranışı üzərində nəzarəti zəifləyir. Affektin aradan qaldırılması xeyli dərəcədə iradə gücü tələb edir və onun başlanğıc mərhələsində yüngül keçir.
Affekt halının formaları
Affekt halı iki cür - pataloji və normal olur. Normal affekt halında qorxu, narahatlıq, əziyyət, nevroloji çatışmazlıq, ürək sıxıntısı ilə, patoloji affekt halı isə narkotik maddə qəbulu zamanı şizofreniya, depressiya halı şəklində özünü büruzə verir.
Affekt halının fizioloji əlamətləri
- Ürək döyüntüsünün artması
- Təngənəfəslik
- Boğazda qəhər
- Əzələlərdə spazm və gərginlik
- Tez yorulma
- Ağrılar
- Yuxu pozuntusu
- İştahasızlıq
- Ürəkbulanması, qusma
- Cinsi gücsüzlük, tez boşalma
- Qaşınma, soyuq və isti tərləmə
Affekt - ruh pozğunluğu ilkin dönəmdə özünü sadəcə müəyyən kiçik əlamətlərlə büruzə verir. Yəni xəstənin affekt olduğunu bilmək mümkün olmur. Affekt halında olan insanlar anidən və öz başına kəskin reaksiya verməyə, əsəbilik, vurmaq, qırmaq, dağıtmaq istəyində olurlar. Bu hal 10 dəqiqədən 1 saata qədər sürə bilər. Affekt xəstələrin heyvan, yüksəklik, xəstəlik, yaralanma, ölüm qorxusu olduğundan onlar evdən çıxmağa, tək qalmağa qorxurlar. Affekt halı hər yaşda baş verə bilər. Ən çox 45 yaşdan sonra görünən bu xəstəlik, zehni işlərlə məşğul olan, narkotika istifadəçiləri, alkoqol istifadəçilərində özünü daha çox büruzə verir.
Fizioloji affekt
Fizioloji affekt norma çərçivəsindən kənara çıxmayan emosional haldır. Başqa emosional hallardan fizioloji affekt yaranma və cərəyan etmə mexanizminə görə fərqlənir. Fizioloji affekt üç xarakterik xüsusiyyətlə səciyyələnir.
- Fizioloji affekt qəflətən yaranan, olduqca qüvvətli, lakin qısa müddətli emosional haldır.
- Onun əsasını hər bir sağlam adama xas olan təbii neyrodinamik proseslər təşkil edir.
- Fizioloji affektin diaqnostikası və tədqiqi tamamilə məhkəmə-psixoloji ekspertizasının səlahiyyətinə aiddir.
Fizioloji affektin yaranma səbəbi
Fiziolji affekt iki səbəbdən yaranır. Birinci səbəb insana qarşı zorakılıqdır( qanunazid zorakılıqdır). İnsanın həyatı üçün real təhlükə olduqca və bu təhlükə cəhdləri gözlənilmədən yarandıqda bəzi hallarda insan istər-istəməz son dərəcədə həyəcanlanır, yəni affekt vəziyyətinə düşür. Fizioloji affektin ikinci səbəbi ətrafdakı insanların hərəkət və davranışından irəli gəlir: ətrafdakıların insanın şəxsiyyətinə, ləyaqətinə toxunan, onu alçaldan, ağır təhqir edən hərəkət və sözləri fizioloji affektin yaranmasına səbəb olur.
Mənbə
- Şükürov Aydın “Azərbaycan fəlsəfəsi” Bakı 1993
- Əlizadə Əbdül Əli oğlu “Pedaqoji psixologiya” Bakı 2010
- Bayramov Əkbər Salman oğlu “Psixologiya” Bakı 2006
- Əsgərov Şahlar Qaçay oğlu “Düşüncə tərzi” Bakı 2008
- Fərhadoğlu Maqsud “Fəlsəfənin əsasları” Bakı 2002